Mənim həyatım

 

Yaşamışam həyatımı yaxşı, pis,

Ürəyimdə sevinc olub, qəm olub.

Çatmamışam arzuların çoxuna,

Neçə arzum, istəyim kəm olub.

 

Bağça-bağım saralıbdır, solubdur,

Payız gəlib yarpağımı yolubdur,

Mənə olan əzəlindən olubdur,

Ağrı-acı saçlarımda dən olub.

 

Çox getmişəm mən fələyin badına,

Alışmışam ocağına, oduna,

Düşməmişəm bu taleyin yadına,

Qəlbim dərdli, gözlərim nəm olub.

 

Başım üstə külək əsmiş, yel əsmiş,

Ömrüm-günüm son anına tələsmiş,

Anar, həyat bir ötəri həvəsmiş,

Bu həvəs bir an olub, dəm olub.

 

Atılan daş

 

Ruhumu qırmaq üçün

Çoxları daş atdılar.

Atdıqları daş ilə

Başdaşı ucaltdılar.

 

Tanrı verən bu ömrü,

Mən yaşaya bilmədim.

Daşı atan adamlar

Adımı yaşatdılar.

 

Bəlkə ölməmişdim,

Bəlkə yuxuda idim,

Daşı atan adamlar

Yuxudan oyatdılar.

 

Sən mənim ən böyük arzum

 

Sənin taleyini yazan Allahım,

Mənim taleyimlə qoşa yazaydı.

Sevgini, sevinci bahara, yaza,

Hicranı, həsrəti qışa yazaydı.

 

Çəkəydim hər zaman nazını sənin,

qüssəm, dərdim, qəmim olaydı.

Heç istəməzdim Tanrıdan daha,

Yetər ki, gülüşün mənim olaydı.

 

Arzular çoxdur, ucsuz-bucaqsız,

Sən mənim ən böyük arzum olmusan.

Elə bir çiçəksən sevgi bağında,

bir saralmısan, bir solmusan.

 

Ömür uçub gedən bir quşa bənzər,

O ötən ömür dönəsi deyil.

Sən olan eşqim - saf məhəbbətim,

Yüz illər ötsə , sönəsi deyil.

 

Sənin taleyini yazan Allahım,

Mənim taleyimlə qoşa yazaydı.

Sevgini, sevinci bahara, yaza,

Hicranı, həsrəti qışa yazaydı.

 

Səni unutmadım

 

Bir gözümdə sevinc var,

Bir gözümdə qəm-kədər.

Məndən nigaran olma,

Yaşayaram bir təhər.

 

Özündən muğayat ol,

Özünü qoru, barı.

Əzəlindən yox imiş

Dünyanın etibarı.

 

Düşünmə, unutmuşam,

Baxışın yadımdadır.

Özün uzaqlardasan,

Xəyalın yanımdadır.

 

Hər gün səni düşünüb,

Hər gün səni anıram.

Od-ocağa gərək?

Mən hicrana yanıram.

 

Bir gözümdə sevinc var,

Bir gözümdə qəm-kədər.

Məndən nigaran olma,

Yaşayaram bir təhər.

 

İstəyirəm uşaq olum

 

Ömür gedir axarıyla,

Qocalıram yavaş-yavaş.

Mən yenidən uşaq olub,

Ötən günə dönəydim kaş.

 

Görəydim ki, uşağam mən,

Həyatımda həmin çağdır.

Bu dünyadan köçənlərsə

Ölməyiblər, hamı sağdır.

 

Yaş üstünə yaş da gəlir,

Ötür günlər, ötür zaman.

Solur üzdə gülüşlərim,

Xatirələr vermir aman.

 

İstəmirəm dünya malın,

xan olum, şah olum.

İstəyirəm, a dostlar, mən -

Kaş yenidən uşaq olum.

 

Anar MƏCİDZADƏ

 

525-ci qəzet. - 2025.- 3 oktyabr (№179).-S.15.