Tanınmış tarzən Zamiq Əliyevin yubileyi qeyd olunub

 

Beynəlxalq Muğam Mərkəzində tanınmış tarzən, Xalq artisti, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin professoru Zamiq Əliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə yubilyarın 50 illik yaradıcılığına həsr edilmiş videoçarx nümayiş olunub.

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə yubilyarı təbrik edərək bildirib ki, Zamiq Əliyev ömrünün 55 ilini tar ifaçılığına həsr etməklə yanaşı, artıq 30 ilə yaxındır pedaqoq kimi fəaliyyət göstərir sənətini gənc nəslə öyrədir. Onun müəllifi olduğu mahnılar tanınmış sənətkarlar tərəfindən ifa olunur xalq arasında böyük rəğbət qazanır.

ADMİU-nun rektoru Ceyran Mahmudova, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaşzadə, Xalq artisti Niyaməddin Musayev, Əməkdar artist Dilarə Əliyeva tanınmış sənət adamlarının yubilyara təbrikləri səsləndirilib. Çıxışlarda Zamiq Əliyevin mənalı ömür yolundan, istedadlı tarzən kimi Azərbaycan musiqisinin, xüsusilə muğamlarımızın beynəlxalq aləmdə təbliği istiqamətində yorulmaz fəaliyyətindən, bir pedaqoq kimi yeni ifaçılar nəslinin yetişməsi sahəsində xidmətlərindən söhbət açıb, onu əlamətdar yubiley münasibətilə təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıblar.

Gecə tanınmış sənətkarların ifasında geniş konsert proqramı ilə davam edib.

 

525-ci qəzet. - 2025.- 3 oktyabr (№179).- S.9.