Arxitektura, insanın təbiətlə rəqabət
səhnəsidir
Telman ORUCOV
(Əvvəli ötən şənbə sayımızda)
Yeniliyin
bariz nümunəsi olan göydələnlər,
onların tikintisində
texniki tələblərə
ciddi riayət edilməsini irəli sürür. Layihədə,
tikintidə, material seçimində
kiçik bir səhv ağır nəticələrə, hətta
fəlakətə gətirib
çıxara bilər.
Göydələn yaşayış
binası onun mənzillərində daimi
və müvəqqəti
(otellər nəzərdə
tutulur) yaşayan sakinlərə təkcə
rahat deyil, həm də tam təhlükəsiz yaşayış
şəraiti vəd etməlidir. Bu şərtə
əməl edilməməsi
faciələrlə nəticələnə
bilər.
Amerikalıların Hollivudda çəkdikləri
"Cəhənnəm səması"
filmi bir 100 mərtəbəli
binanın timsalında
azacıq səhlənkarlığın,
qənaət xatirinə
vacib texniki şərtlərin pozulmasının
dəhşətli nəticəsinə
həsr olunmuşdur.
Bir varlı adam tikdirdiyi bu binanın
açılışına şəhərin ən nüfuzlu sakinlərinin dəvət etmiş, böyük musiqili ziyafət təşkil etmişdi. Az sonra işıqlar söndü
və binada yanğın başlandı.
Son mərtəbədə keçirilən
mərasimin iştirakçılarını
xilas etmək vəzifəsi meydana çıxdı, binada artıq lift işləmirdi,
pilləkənlər dağılmışdı,
adamlar alov içərisində yana bilərdi. Yalnız helikopterlərin köməyi
ilə mərasim iştirakçılarının bir hissəsini oradan köçürmək
mümkün oldu. İnsan tələfatı
baş verməklə
yanaşı, onu tikdirən adama olduqca ağır maddi ziyan dəydi.
Lakin bu fəlakət onun öz günahı
üzündən baş
vermişdi, nəhəng
binanın elektrik sistemində layihə üzrə daha yoğun kabellərdən istifadə edilməsi əvəzinə, sifarişçi
tikintidə en kəsiyi nisbətən dar olan kabellərdən
istifadə edilməsini
tələb etmiş və podratçı da onunla razılaşmalı
olmuşdu. Binaya elektrik cərəyanı veriləndə, kabellər
gərginliyə davam gətirməyərək partlamış
və yanğın əmələ gəlmişdi.
Qısa müddətdə
onu tikdirənin qürur mənbəyi olan göydələn dağıntılar zonasına
çevrildi.
Film belə tikintinin aparanlara həyəcan təbili çaldırmaqla,
onlarda başlanğıcdan
daha ehtiyatlı davranmağı məsləhət
görür. Binanın
böyük ucalığı
onu cəhənnəm
məkanına çevirməməlidir.
Film həm də yanğın təhlükəsi
ilə mübarizənin
çətinliyini yada salır
və belə qənaəti vurğulayır
ki, yalnız yeddi mərtəbədə yanğını
söndürmək mümkün
olur, ondan hündürlükdə yanğın
insanın mübarizə
tədbirlərinə tabe
olmayıb, özünün
dəhşətli fəlakətini
yaradır.
Romalıların tətbiq etdikləri
innovasiyalara gəldikdə,
betonun icadından sonra şüşədən
istifadə etmələri
də, binaların tikintisində böyük
irəliləyiş hesab
edilməlidir. Görünür,
romalılar yaxşı
inşaatçı olmaqla
yanaşı, həm də fərasətli ixtiraçılar imişlər,
onlar tikinti işini xeyri irəli aparmışdılar.
Şüşə də, metal da geniş
yayılan tikinti materialı kimi böyük rol oynamağa başladı. Şüşə olmasaydı,
ağırlığı xeyli
artan göydələnlər
tikintisi mövcud olmazdı. Şüşə
təkcə Günəş
işığını mənzilin
və ya binanın örtülü
hissəsinə buraxmaqla
kifayətlənməyib, ətrafındakı
tikililəri də güzgü kimi özündə əks etdirir. Yeni arxitekturada şüşədən həm
də gözəllik amili kimi istifadə
olunur.
Təəccüblü görünsə
də, şüşədən
pəncərəsi olmayan
bina da nadir xarakter daşısa da, arxitekturada
novatorluq timsalı kimi mövcuddur. Mexikonun, şəhərin
kənarındakı Muxtar
Universitet kompleksinin ərazisində uca kitabxana binası pəncərəsizdir, çünki
xalçaya bürünmüş
kimi, onun divarları muallarla bəzənmişdir. Meksikalıların
muallara, Dieqo, Orosko, Sikeyros rəssamlıq sənətinə
vurğunluğu belə
istifadə imkanını
da meydana gətirmişdir.
Romalıların ilk olaraq şüşədən
istifadə etməsi təcrübəsi, vulkanın
püskürməsi nəticəsində
məhv olmuş Herkulanum şəhərinin
yaşayış evlərində
onun geniş tətbiqi, burada aparılan qazıntı işləri vaxtı məlum olmuşdur.
Qədim
yunanların yaratdığı
ənənə arxitekturada
mərmərdən istifadə
olunmasına da böyük
təsir göstərmişdir.
Yunanların və romalıların qədim amfiteatr və teatr binalarında mərmərdən geniş
istifadə edilmişdir.
Təəssüf ki, bəzi
barbar şəhərlilər
tikililərin mərmərini
və daşını
sökərək, öz
şəxsi binalarının
tikintisində istifadə
etmişdilər. Romada
zərb-məsələ çevrilmiş
"Romanı barbarlar
deyil, Barberini ailəsi dağıtmışdır"
kəlməsi öz maraqları naminə bəzi adamların vandallıqla məşğul
olduqlarından xəbər
verir.
Yunan və Roma irsi müasir arxitektura üslubu olan neoklassisizmdə öz əksini tapır. Arxitektorlar bu təcrübədən ustalıqla
istifadə edərək,
onu xeyli inkişaf etdirmişdilər.
Bu, bir daha göstərir ki, qədim
irs heç vaxt unudulmur, yaradıcılıq fəaliyyəti
üçün geniş
üfüqlər açır.
Onlar heç də kor-koranə hərəkət etmir, mexaniki qaydada təkrarlamağa yol verməyib, irsdən əxz etdiklərini bir qədər dəyişdirib, müasirləşdirilmiş
şəkildə, yenidən
həyata gətirirlər.
Diqqət
verilsə, müasir göydələnlər Misirdəki
qədim piramidaları,
stadionlar Romadakı Kolizeyi, Vaşinqtondakı
Ağ Ev binası ilə Parfenonu yada salır. Axırıncının təsir
gücü çox böyük olduğundan,
yeni amerikan milləti dövlətin siyasi quruluşunda Afina demokratiyasından da çox
şeyi əxz etdiyini nəzərə alaraq, dövlət dilinin qəbul edilməsində qədim yunan dilinin tətbiqini
də mümkün hesab etmişdi. Ölkənin çox da olmayan yeni məskunlarının
əsas ünsiyyət
vasitəsi isə, onda danışanların çoxluğuna görə
ingilis dili idi. Səsvermə hansı dilin - qədim yunan və ya ingilis
dilinin seçilməsinə
qərar verməli idi. İngilis dili yalnız 2 səs çoxluğu ilə qalib gəlib, dövlət dilinə çevrildi. Nəticə başqa cür olsaydı, yeni müstəqil dövlətin
vətəndaşları qədim
yunan dilini öyrənib, ondan istifadəyə keçə
bilərdi.
Arxitekturaya gəldikdə, amerikanlar
neoklassisizmə üstünlük
vermək yolunu tutdular. Bu üslub başqa şəhərlərdə
də öz təsirli əksini tapdı. Londondakı Bukingem sarayı da neoklassisizmin nümunəsi
sayıla bilər.
Son 40-50
il ərzində Çində
şəhərlər xeyli
böyümüş, onlarda
saysız-hesabsız göydələnlər
meydana gəlmişdir.
Ölkədə yeni şəhərlər
də salınmışdır.
1981-ci ildə Honkonq yaxınlığındakı dəniz
sahilində iki balıqçı koması
olduğu halda, Den Syao-pinin təşəbbüsü
ilə burada salınmış şəhərdə
10 sil sonra 2 milyon əhali yaşayırdı. Həmin
Şenjen şəhəri
həm də ölkədə ilk yeni iqtisadi
zona olmaqla yanaşı,
öz göydələnləri,
50 mərtəbəli binaları
ilə məşhurlaşdı.
Sonralar Şanxay şəhərində dənizdən
alınan ərazi hesabına böyük göydələnlər rayonu
meydana gəldi. Şenjenin yaxınlığındakı
Quançjou şəhəri
də köhnə libasını dəyişib,
çox uca binalar meqapolisinə çevrildi.
Pekin də novatorluq yarışında paytaxt kimi öz nüfuzunu
qoruyub saxlayır.
2008-ci ildəki Yay Olimpiya
Oyunlarının keçirilməsi
üçün əsas
stadion kimi "Quş yuvası" adlanan müasir tikinti meydana gəldi. Onun tikinti materiallarının
ağırlığı binanı
torpağa çökdürsə,
bu yenilik dağılıb, məhv
ola bilərdi. Sınağın
nəticəsi hesablamalara
uyğun gəldi və yerə batma müəyyən həddə dayanmaqla, stadionun tikintisini uğurlu etdi. Ona görə də Olimpiya Oyunlarının açılış və
bağlanış mərasimləri
həmin yeni stadionda keçirildi.
Yeni şəhərlər dünyanın
digər ölkələrində
də meydana gəldi. ABŞ-ın
Nevada ştatında, səhra
ərazisində təkcə
kazinoları ilə deyil, həm də keçmişin arxitektura incilərini yenidən həyata gətirməklə məşhurlaşan
gözəl Las Veqas şəhəri yarandı.
Braziliyada XX əsrin ikinci yarısında ölkənin paytaxtını
Rio de Janeyrodan köçürmək,
yeni paytaxt şəhəri
tikmək qərara alındı. Məşhur
arxitektor Oskar Nimeyerin başçılığı ilə bu Brazilia
şəhərinin layihəsi,
orada gələcəkdən
xəbər verən ictimai binaların yaranması ilə nəticələndi. Bu binalar
elə bil ki, kosmik məkanın təzahürlərini təqlid
edirdi. Buna təəccüblənmək
də düzgün deyildir, axı yunan mədəniyyəti də yeni olmaqla, həm də kosmopolit xarakter daşımışdı.
Müasir
arxitekturada bəzi üslub cərəyanları
yaradıcılıq nümunəsi
kimi futuristik xarakter daşıyır.
Bir sıra tikililər
öz formatına və quruluşuna görə gələcəyə
istiqamətlənmiş baxışın
nəticəsi hesab oluna bilər. Brüsseldəki "Atomium"
adlı iri metal şarların oxlarla birləşdiyi qəribə
tikilidə molekulun quruluşu əks etdirilmişdir. Yaxud Sidneydəki Opera teatrının
binası okeanda üzən qədim gəminin yelkənlərinə
bənzəyir. Futurustik
tikililər öz sələflərindən əsaslı
sürətdə fərqlənməklə,
arxitekturada tətbiq edilən yeni formalardan xəbər verir.
İdman
sarayları böyük
həcmlərlə yiyələnməklə,
daha böyük tamaşaçı titumu ilə seçilir. Burada tək idman tədbirləri deyil, digər kütləvi mərasimlər
də keçirilir. Bakının Olimpiya stadionu istifadəyə verildikdə, Avropa Oyunlarının açılışı
və bağlanışına
həsr olunmuş tədbirlər əsl nəhəng əsrarəngiz
tamaşa xarakteri daşıdı və mərasim öz bədii həllinə görə əsl incəsənət əsəri
nümayişinə çevrilmişdi.
Bəzi
stadionlar öz bəzək imkanlarına görə, tikintidəki
yeni qaydaların tətbiqi
ilə əsl sənət əsəri kimi özünü göstərir. Mançesterdəki
"Old Trafford" stadionunun içərisindəki tamaşaçı
bölmələri olduqca
rəngarəngdir, həm
də bahalı müşahidə kabinetləri
rahatlığı ilə
saray xarakteri daşıyır. Pekinin
"Quş yuvası"
stadionu isə fasadının kənardan
görünüşü ilə
adının dəqiq
seçildiyini xatırladır.
Məkan
seçimi və landşaft arxitekturası
Yaradıcı arxitektor memarlığı
dərindən anlaması
ilə də fərqlənməlidir. İstedadlı
rəssam portret yaratmaq üçün insan bədəninin anatomiyasına yaxşı
bələd olması
ilə seçildiyi kimi, arxitektor da layihəsini verdiyi tikintinin ətraf mühitə yaxşı qaydada uyğun olmasını nəzərə
almalıdır. Ona görə
də hər bir bina üçün
məkan da mühüm
əhəmiyyət kəsb
edir. Heykəl də məkanın hesabına öz bədii qiymətini təsdiq etməyə müvəffəq olur, çünki onun hansı fonda yerləşməsi heç
də sadə məsələ deyildir. Geniş ərazidə təklikdə ucalan bina məkanda yaxşı görünmək
üçün düzgün
həll yolunun seçilməsinə borcludur.
Paytaxtımızda 1990-cı illərdə geniş açıq məkanda tikilmiş uca mərtəbəli otelin pəncərələri kiçik
olduğundan, quş yuvası təsəvvürünü
yaradır.
Arxitektor,
memar öz yaradıcılığı ilə
xalqın zövqünü
tərbiyə etməyə
çalışmalıdır. Ənənəyə sadiqlik
heç də onun köləsi olmaq mənasını verməməlidir. Şərq
arxitektura elementlərinə
seçim qaydasında
müraciət edilməlidir,
hər binada onu tətbiq etmək mühafizəkarlıq
nümunəsi olmaqla,
zövqü daşlaşdırmaq
istəyindən xəbər
verir. Yalnız həqiqi istedadın bəhrəsi olan binalar, məbədlər zamanın mənəvi eroziyasına da məhəl
qoymayaraq, öz həqiqi sənət əsəri mənsubluğuna
aid edildiyini qoruyub saxlamalıdır. Axı dövrlər dəyişdikcə,
zövqlər də düzəlişlərə uğrayır.
Arxitektor, dahilərdən
ibrət götürərək
özünə hakim kəsilən
ideyanı ustalıqla
reallaşdırmağı bacarmalıdır, primitiv zövqə malik olanların
inkarından, tənqidindən
qorxmamalıdır. Qorxaq
təbiətli, özünə
güvənməyən adam
arxitektura kimi yeniliyə, novatorluğa
can atan sahədə işləməməlidir. Bu həm
də o deməkdir ki,
üslublar kor-koranə
seçilməməlidir, əcnəbi
təsirlərin qəbulu
musiqidə olan kimi kakafoniyaya gəlib çıxmamalıdır.
Müstəmləkə Anqolasının
paytaxtı Luanda şəhərini
yenidən salarkən Portuqaliya hakim dairələri
Avropa paytaxtlarının
məşhur küçələrini
burada yaratmaqla, şəhərə gözəllik
vermişdilər. Yaxud
Amsterdamın bol saydakı kanallarına görə Şimalın Venetsiyası sayılması,
heç də onun nüfuzuna xələl gətirmir.
XXI əsrdə böyüyən
arxitektura, öz incilərindən bəhrələnməklə, cazibədarlıq
xüsusiyyətlərini xeyli
artıra bilmişdir.
Qız qalasından sonra doğma şəhərimizin ikinci
və yeni simvoluna çevrilən Alov qüllələri, Heydər
Əliyev memorialı şəhərə əlavə
gözəllik vermişdir.
Parklar, bağlar landşaft arxitekturasına daxil olmaqla, şəhərin mənzərəsinə harmonik
xarakter verir. Park arxitekturası İngiltərədə,
Fransada və Yaponiyada daha çox inkişaf etmişdir və onlar həmin ölkədəki şəhərlərə
gözəllik verməklə
yanaşı, sakinlərin
istirahətinə şərait
yaradır.
Yapon bağı avropalılarınkından
tam fərqlidir. Onlar özləri də bağ sənətini Orta əsrlər Çinindən götürmüşdülər.
Belə bağın gözəlliyi dörd
element hesabına əldə
edilir, bunlar su, yerin relyefi,
yaşıl bitki və
arxitektura qaydasındakı
tərtibatdır. Su gölməçəsi oval şəklində
olmalıdır. Suyun özü elə şəffaf olmalıdır
ki, onda gölməçənin
sahili ilə yanaşı, adacıq da aydın əks olunsun. Sahili isə salxım söyüd ağacları
bəzəyir. Adacıq
isə süni qaydada üst-üstə yığılmış daşlardan
ibarət olan tökmə təpəcikdir.
Bitkilərə ağaclar
daxildir, burada yalnız həmişəyaşıl
ağaclar olmalıdır,
ona görə də bağın rəng cazibədarlığı
olduqca kasad görünür. Şam ağacının tünd
yaşıllığı, sarı rəngə çalan qum, şəffaf su, mamırla örtülmüş
boz daşların mənzərəsi bağı
harmoniya simvoluna çevirir. Çin bağlarındakı göllərdə
çiçək açan
lotos gülü suyun səthini örtür. Avropa bağları isə paytaxtımızda
da tətbiq edildiyindən,
onlar haqqında geniş danışmağa
ehtiyac yoxdur.
(Ardı var)
525-ci qəzet .- 2025.- 18 oktyabr (№190).- S.24.