Rəhim Əliyevin
“Qızıl səhifələr”
kitabının təqdimatı
keçirildi
Vətəndaş Həmrəyliyi
Partiyasının mərkəzi qərargahında filologiya elmləri
doktoru Rəhim Əliyevin “Qızıl səhifələr”
kitabının təqdimat mərasimi keçirilib. Güney Azərbaycan
milli azadlıq hərəkatının liderlərindən biri
Seyid Cəfər Pişəvəri və həmin
dövrün siyasi xadimlərinin mübarizəsinə həsr
olunan bu nəşr, həm elmi ictimaiyyət, həm də
ictimai-siyasi çevrələr tərəfindən
böyük maraqla qarşılanıb.
Tədbirdə ölkənin tanınmış
alimləri, siyasətçiləri
və ictimai xadimlərinin iştirakı
da bu marağın göstəricisidir. Təqdimatı
giriş sözü ilə açan VHP sədri, Xalq şairi Sabir Rüstəmxanlı
kitab haqqında geniş
məlumat verərək,
Pişəvəri dövrünün
araşdırılmasının vacibliyini vurğulayıb.
O bildirib ki, Rəhim Əliyevin “Qızıl Səhifələr” kitabı
yalnız sənədlər
toplusu deyil, həm də
1945-1946-cı illərdə Güney Azərbaycanda qurulmuş Milli Hökumətin
tarixini əks etdirən sanballı ensiklopedik mənbədir:
“1945-46-cı illərdə Güney Azərbaycanda qurulan Milli Hökumətin
ideoloji dayaqları fonunda yazılmış mətnlər həm tarixi sənəd, həm də siyasi manifest rolunu oynamışdır. Seyid Cəfər Pişəvərinin
1946-cı ilin fevralından
qələmə aldığı
bu əlyazma da həmin dövrün milli
mübarizə ruhunu, dil, kimlik və
dövlətçilik uğrunda
aparılan mübarizənin
konseptual təsvirini özündə əks etdirir”.
Daha sonra
çıxış edən
kitabın müəllifi
Rəhim Əliyev
Milli Hökumət dövrünün
xüsusiyyətlərindən bəhs edib və əsərdə toplanan sənədlərin
əhəmiyyətini qeyd
edib. O bildirib ki, kitabın əsası
1946-cı ildə Təbrizin
“Elmiyyə” mətbəəsində
çap olunmuş ilk
nəşrə söykənir.
Təxminən 80 ildən
sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Cənubi Azərbaycan
ədəbiyyatı şöbəsi
bu tarixi toplunu yenidən nəşr edib.
Tarixçi professor Cəmil Həsənli çıxışında bu
nəşri Milli Hökumətin
80 illiyinə ən dəyərli töhfə
kimi qiymətləndirib.
Təqdimatda həmçinin AMEA Şərqşünaslıq
İnstitutunun Güney
Azərbaycan şöbəsinin
müdiri Səməd
Bayramzadə, Demokratik
Firqənin rəhbəri
Firudin İbrahimli, Bakı Slavyan Universitetinin kafedra müdiri, professor İbrahim Quliyev,
Ədəbiyyat İnstitutunun
əməkdaşı, elmlər
doktoru Pərvanə Məmmədli, Borçalı
cəmiyyətinin rəhbəri
Zəlimxan Məmmədli,
Vəhdət Partiyasının
lideri Tahir Kərimli,
Ana Vətən Partiyasının
sədri Fəzail Ağamalı, profesor Sakit Hüseynov və professor Qulu Məhərrəmli çıxış
ediblər.
Tədbirin sonunda Seyid Cəfər
Pişəvərinin rəhbərliyi
altında qurulmuş
Milli Hökumətin 80 illiyinin
rəsmi şəkildə
qeyd olunması qərara alınıb.
525-ci qəzet. - 2025.-
3 oktyabr (№179).- S.9.