Qaytanlanmış bağlamalarda uyuyan tarix oyadılanda
nə danışır
Rafael
HÜSEYNOV
Akademik
Bunlar hamısı sanki çox quru, hər hansı yazı hərarətindən
məhrum, ənənəvi
dəftərxana sənədləridir.
Əllə doldurulmuş
şəxsi vərəqələr,
ərizələr, müraciət
edənlərin özlərinin
yazdığı, demək,
rəqəmlərinin dəqiqliyi
şübhə doğurmayan
tərcüme-yi hallar,
müxtəlif əmrlər,
ara-sıra gözə
dəyən cəza kağızları - xəbərdarlıqlar,
töhmətlər, işdən
xaricetmə əmrləri.
Ancaq içərisində tarix
daşıyan bu sənədlərin hamısı
vaxt ötməsi ilə keçmişə
şahidlik edə bilməsi baxımından
dəyər qazanıb,
bəziləri isə
lap xüsusi əhəmiyyət
daşımağa başlayıb.
Ancaq bununçün ən azı gərək onları dindirəsən. “Hal-əhval
tutduqca” onların hər biri mühüm
xəbərlər çatdıran,
bilinməli sözlər
deyə bilən şahidlərə çevrilir.
Dilləri açılır,
onlar, elə bil ki, cana gəlirlər,
saralmış vərəqlərin
nəbzi də döyünməyə, hərarəti
də artmağa başlayır.
Bu qovluqlar ki indi 2025-ci ilin oktyabrında açıram, ayrı-ayrı
topalarla bir-birinə qaytanla bağlanıblar və üst-üstə yığılan şəxsi
işləri birləşdirən
bu qaytanlar elə köhnədir ki, daha əllə onun düyününü
açmaq da mümkün
deyil. Onlar bir-birinə belə kip bağlanaraq ona görə illərdir arxiv rəflərində qalır ki, çoxdan kimsəyə gərək
deyillər.
1930-40-50-ci
illərin əvvəllərinə
aid şəxsi işlər.
Onda hələ Azərbaycan televiziyası
yaranmamışdı. Bunlar
üç onildən
artıq bir müddətdə Azərbaycan
radiosunda çalışmış
əməkdaşların şəxsi
işləridir. Bu sənədlərin
aid olduğu insanların
hamısı çoxdan
ömrünü başa
vurub gedib. Ancaq vərəqlədikcə
görürəm ki, bu
qovluqlara nəsil-nəsil
tanınmış və
çoxlarına az məlum olan insanın, bütöv nəsillərin taleyi, həm də Azərbaycan radio-televiziya məkanının indi az adama bəlli
olan macəralı dünəninin naməlum,
amma bilinməsi gərək olan səhifələri sığınıb.
Sənədləri, ayrı-ayrı tərcüme-yi
halları oxuduqca, ümumi mənzərə
daha çox aydınlaşdıqca, bu qənaətimdə daha da
artıq qətiləşirəm
ki, Azərbaycan radiosu
yarandığı vaxtdan
başlayaraq 1920-ci illərin
sonları, 30-40-cı illər,
50-ci illərin əvvəllərində
artıq respublikanın
ən mühüm dövlət qurumlarından
biri imiş ki, burada işləyənlər
əksərən o dövrün
seçmə insanları,
sanballı ailə və nəsillərin təmsilçiləri olublar.
Şəxsi işləri vərəqlədikcə
buna şahid oluram ki,
1930-40-50-ci illərdə Azərbaycanın
tanınmış ailələrinin,
məşhur şəcərələrinin
təmsilçiləri olan
neçə insan Azərbaycan radiosunda çalışıb. Radio o çağlarda
respublikanın əsas
mədəniyyət mərkəzlərindən
biri, bəlkə də birincisi idi. Buradan səsi
gəlmək, buranın
əməkdaşı olmaq
iftixar sayılırdı.
Azərbaycan ədəbiyyatı,
mədəniyyəti, kinosu
tarixində o vaxtlar və sonralar xidmətləri olan bir çox şəxsiyyətlərin sorağı
da məhz bu dövr Azərbaycan radiosundan gəlir. Məşhur soyadların izi ilə şəxsi
işləri vərəqlədikcə
qarşıma çıxan
ilk işlərdən biri
1925-ci ilin martında Naxçıvanda anadan olmuş Təhmasib Abbasqulu qızı Cəmilənin sənədləridir.
Doldurduğu kadr uçotu üzrə şəxsi vərəqədə
yazır ki, atası xırda alverlə məşğul olub, özü tələbədir.
Bakı şəhəri
Oktyabr rayonundakı 29
saylı natamam orta məktəbdə oxuyub. Yazır ki, ibtidai sinfi Naxçıvanda
bitirdikdən sonra
1938-ci ildə Bakıya
qardaşının yanına
gəlib və buradakı 29 saylı tam olmayan orta məktəbə
daxil olub. 1938-39-cu tədris ilində oranı bitirib, ardınca orta təhsilini davam etdirmək üçün
44 nömrəli məktəbə
girib. 1941-42-ci tədris
ilində oranı başa vurub. 1943-44-cü tədris ilində isə Azərbaycan Dövlət Darülfünununun
Şərq şöbəsinə
qəbul edilib və tərcüme-yi halını yazdığı
zaman artıq üçüncü
kurs tələbəsidir.
Yazır ki, atam Abbasqulu Təhmasib Naxçıvanda anadan olub. Oktyabr sosialist
inqilabınadək orada
xırda alverlə məşğul olub, inqilabdan sonra bir sıra sovet
idarələrində işləyib.
1943-cü ildə vəfat
edib. Daha sonra tərcüme-yi halında davam edir. “Mən kiçik qardaşım Məmmədhüseyn Təhmasibin
təhti-himayəsində yaşayıram.
O, Elmlər Akademiyasında
və Azərbaycan Dövlət Darülfünununda
işləyir. Böyük
qardaşım Rza Təhmasib rejissor və müəllim vəzifəsində işləyir.
1942-ci ildə Əməkdar
incəsənət xadimi
adını almışdır.
Xaricdə heç kəsim yoxdur, siyasi dustaqlığım
yoxdur.
Bu ərizəni Cəmilə
Təhmasib 1945-ci ilin
14 oktyabrında imzalayıb.
Cəmilə Təhmasib onlardan
biri idi. O həm də diktorluq etsə də, sadəcə diktor işləməmişdi.
Radiofikasiya və Radio
Verilişləri Komitəsinin
sədri Şəmsəddin
Abbasovun 1945-ci il 16 oktyabrda
imzaladığı əmrlə
Təhmasib Siyasi verilişlər şöbəsinə
redaktor vəzifəsinə
qəbul edilmişdi. Ancaq o, həmin dövrdə vaxtaşırı
istər özünün
hazırladığı, istərsə
də başqa müəlliflərin olan bir çox materialları mikrofon qarşısına keçərək
səsləndirmişdi.
Onlar Azərbaycanın səsi idilər. Onları Azərbaycanın dörd bucağında 1930-40-50-ci illərdə
elə səslərindən
tanıyıblar. Hansılarınsa
adlarını bu gün də bilirik. Çünki ayrı-ayrı yazılarda
xatırlanırlar, bəzilərinin
haqqında məqalələr
yazılıb, hansılarınınsa
adı radio ilə bağlı məqalələrdə
keçib. Amma yerli-dibli
unudulanlar da var. Gərək
onlar da yaddan çıxmasın. Müəyyən
illərdə onların
da səsi həmin Azərbaycanın səsi olmaq şərəfinə
yüksəlmişdi axı.
Ardınca daha bir tanınmış familiya ilə rastlaşıram.
Bu, 1917-ci il yanvarın 28-də təvəllüd tapmış
Sara Ələkbər qızı
Topçubaşovadır. Orta
təhsilli Sara Topçubaşova
rus və Azərbaycan dillərindən
savayı gürcü
dilini də bildiyini yazır.
1943-cü ilin 22 oktyabrında
Azərbaycan Radio Verilişləri
Komitəsinin sədrinə
müraciətlə yazır
ki, oxumağa həvəsi
olduğuna görə
xora qəbul edilməsini xahiş edir və elə
həmin gün də onun ərizəsinin
üstünə müsbət
dərkənar qoyulur.
Şəxsi işində
rusca yazdığı
qısa tərcüme-yi
halı da var. Burada göstərir ki, 1917-ci ildə
Tbilisi şəhərində anadan olub. Atası
Əkbər Hüseyn
oğlu fəhlə işləyib. Anası Səkinə İbrahim qızı
evdar qadındır. Atasının vəfatından
sonra ailə həyatı qurub və bu ərizəni
yazdığı vaxt
ərinin cəbhədə
olduğunu göstərir.
Qardaşı Əsgər
Əkbər oğlunun
mühəndis olduğunu,
Moskvada işlədiyini
bildirir. Özünün
isə heç bir yerdə çalışmadığını, evdar qadın olduğunu yazır.
Ya xora bağlı daha bir unudulmuş
ad. 1918-ci ildə İrəvan
şəhərində doğulmuş
Lətifə İsmayılova.
Azərbaycan radiosunun arxivində qalan şəxsi işindəki
tərcüme-yi halında
yazmasına görə,
atası Nağı İsmayılov Oktyabr inqilabından əvvəl
tərcüməçiliklə məşğul imiş, inqilabdan sonra isə müəllimlik edib və 1928-ci ilin mayında vəfat edib. Anası daha fəal bir qadınmış.
İrəvanda 7 il qadınlar
klubu nəzdində olan azərbaycanlı uşaq bağçasında
təsərrüfat müdiri
işləyibmiş. 1932-ci ildən partiyanın üzvü imiş. Onun haqqında məlumatını Lətifə
İsmayılova belə
tamamlayırdı ki, “anam
hazırda Bakıya gələrək çox
qoca olduğundan oğlunun himayəsində
yaşamaqdadır”. Lətifə
İsmayılova 1925-ci ildə
İrəvandakı Əzizbəyov
adına natamam orta məktəbin birinci sinfinə qəbul olunmuş, 1930-cu ildə həmin məktəbin 6-cı sinfini
bitirərək İrəvandakı
Azərbaycan Pedaqoji Texnikumunun birinci sinfinə girmişdi. Maddi
vəziyyəti ağır
olduğundan gündüzlər
işləməyi qət
edir. O zamanlar İrəvan Pedaqoji İşçi fakültəsinin
dərsləri axşam
aparıldığından bu, Lətifə İsmayılovaya daha münasib gəlir. Həmin fakültəyə
daxil olur və gündüzlər
“Şəfəq” qəzeti
redaksiyasında texniki
katibə vəzifəsində
çalışmağa başlayır.
1934-cü ildə İrəvan
Pedaqoji İşçi
fakültəsini müvəffəqiyyətlə
bitirərək Vedi rayonunda işləməyə
gedir. Oradakı Tədarük şöbəsində
bir il məsul katib vəzifəsində çalışır. 1935-ci ildə
İrəvan Radio Komitəsinin
Azərbaycan bölməsinin
məsul katibliyi vəzifəsinə işə
götürülür, 1935-ci ildən 1937-ci ilin 16 oktyabrına qədər orada işləyir. Həyat yoldaşı iş yerini Bakıya dəyişməsi
səbəbindən 1937-ci ilin
23 oktyabrında o da Bakıya
köçür. Bu ərizəni
yazdığı günəcən
- 1937-ci il noyabrın 29-na qədər
işsiz qalır. Lətifə İsmayılova
tərcüme-yi hal qeydlərinə bunu da əlavə edir ki, İrəvan Radio Komitəsinin
komsomol təşkilatı
onu yaxşı işinə görə
1936-cı ildə komsomol
sıralarına qəbul
edibmiş.
1944-cü
il fevralın 1-də verilən
əmrlə onu Azərbaycan radiosunun xorunda işə götürürlər. Bu səs
də 1940-cı illərdə
gah xordakı başqa
səslərə qovuşaraq,
gah da o səslərdən ayrılaraq
hər gün, günaşırı ruh oxşayarmış. Ancaq bəlkə elə o vaxtlar da çoxları bu səsin sahibinin
kim olmasından xəbərsizmiş.
Radionun xorunda oxumuş (amma yaxşı ki, bir yığın solo ifaları da yadigar qalmış), 1970-ci illərin
sonlarında görüşdüyüm,
qızı Solmaz Məmmədbəyli də
bir müddət Nizami muzeyində mənim rəhbərlik etdiyim şöbədə
çalışmış Leyla Hüseynova hərdən gileylənərdi ki, xor yaxşıdır, lazımdır,
xalqa birlik ruhu aşılayandır, ancaq elə səslər də var ki, gərək xorda itməsin axı!
Radiomuzun
köhnə diktorlarından
olmuş Soltan Nəcəfov 1970-ci illərin
sonlarında mənə
söyləyirdi ki, 1930-ların əvvəllərində Azərbaycan
radiosunda günortalar sifariş konsertləri səslənərdi və
bu konsertlər adətən efirə canlı yayınlanardı.
Müğənnilər, ayrı-ayrı
musiqi alətlərinin
ifaçıları irəlicədən
gəlib radiostudiyada əyləşər, diktor
müxtəlif rayonlardan,
Bakı şəhərindəki
ayrı-ayrı müəssisələrdə
çalışanların göndərdiyi və artıq musiqi nömrələri üzrə
qruplaşdırılmış sifariş məktublarını
oxuyar, ardınca da həmin sifarişlərə
əsasən ifa ediləcək musiqi əsəri və ifaçı elan olunardı.
Soltan müəllim
yada salırdı ki, tutalım,
Bakının hansısa
bir zavodundan, fabrikindən, ya Azərbaycanın hansısa
bir rayonundakı kolxozdan, sovxozdan hər hansı dinləyicinin məktubu daxil olurdusa, həmin müəssisəyə
radio adından məktub
göndərilirdi ki, həmin
şəxsi səciyyələndirən,
müəyyən mənada
onun xasiyyətnaməsi
hesab ediləcək bir cavab məktubu
göndərsinlər. 1970-1980-ci illərdə Azərbaycan
radiosunda “Arzu musiqi poçtu” adlı konsert proqramı vardı. Burada da eyni cür dinləyici adları çəkilər,
sevilən musiqi əsərləri səslənərdi.
Bəzən bir konsertdə 100-200 ad sadalanardı
və adlarının
radioda çəkilməsi
həvəsinə məktub
yazanlar lap çox idi. Di gəl kimsənin ağlına gəlmirdi ki, radio adından
rəsmi məktub göndərərək həmin
musiqi sifariş edən şəxslərin
kimliyi, bir cəmiyyət adamı olaraq necəliyi ilə maraqlansın. Ancaq 1930-cu illərdə bunu hər nəfərlə
bağlı edirlərmiş.
Çünki efir çox uca mərtəbə hesab edilirmiş. Radioda bir adın çəkilməsinin
məsuliyyəti, o adın
bu səviyyədə
dilə gətirilmə
layiqliyi o qədər
yüksək tutulurmuş
ki, həmin şəxs
haqqında əlavə
məlumat istənilməsini
zəruri sayırmışlar.
Vaxtilə unudulmaz Soltan Nəcəfovun söylədiyi bu əhvalat indi Azərbaycan Radio Verilişləri
Komitəsində onun başlanğıc onillərində
çalışmış, eləcə də sonrakı illərdə fəaliyyət göstərmiş
insanların sənədlərini
vərəqlədikcə bir
daha yadıma düşür və həmin tarixçə ilə bu qovluqları
hafizəmdə yanaşı
sıralayaraq düşünürəm
ki, sadəcə adın
efirdə çəkilməsi
üçün bu qədər vasvası, götür-qoylu yanaşma
varmışsa, görün
həmin dövrdə
Radio Verilişləri Şirkətində
kimisə işə götürməkdən ötrü
nə qədər çək-çevir edir,
onun tərcüme-yi halını, radioya gəlib çatana qədərki iş fəaliyyətini necə dəqiqliklə araşdırırlarmış.
İnsan
qatarı kimi təsəvvür etdiyim bu 28 bağlamada yüzlərlə şəxsi
iş birləşib.
Onlardan eləsi var ki,
Radio Verilişləri Komitəsində
qısa müddətdə
hansısa texniki işlərdə çalışıb
gedib. Bəziləri ilə radio özü xudahafizləşib, kimlərisə
buradan irəli çəkiblər.
Azərbaycan radiosunun uzun illər boyu yerinə yetirdiyi başlıca vəzifələrdən
biri Azərbaycan insanının musiqi zövqünü tərbiyə
etmək, həmişə
kökdə saxlamaq olub. Buradan ən
yaxşı ifaçıların
sədası gəlib,
ən bəyənimli
əsərlər eşidilib,
bu səviyyə bütün səhnələrə
də, hətta XX yüzilin ortalarında
kino-teatrlarda, restoranlarda
fəaliyyət göstərən
ansambl və orkestrlərə də,
lap məişətə, musiqiyə,
toy-düyünə də
təsir göstərib.
Azərbaycan radiosu lap
yarandığı ilk illərdən
musiqi ilə qol-boyun olub, burada daimi ştatda
musiqi birlikləri də, ifaçılar da çalışıb. Həm
də onların hər biri yetərincə
tanınan sənətkarmış,
radiodan başqa da Bakının, Azərbaycanın
musiqi həyatında hərəsinin özünə
görə yeri varmış.
Yarım
əsrdən artıq
bir müddətdə
Azərbaycan radiosunda musiqi verilişləri hazırladığımdan musiqimizin
müxtəlif istiqamətlərinin
və müxtəlif də nəsillərinin çox simaları ilə görüşmüşəm,
şəxsən tanımadıqlarıma
da xatirələrdən, arxivlərdən
bələdəm. Ancaq
indi qarşımda düzülən bu qovluqları bir-bir açdıqca onlarla ada rast gəlirəm
ki, bir çoxunu ən yaxşı halda sadəcə eşitmişəm, bəzilərini
isə heç tanımıram. Digər tərəfdən, az-çox
tanıdıqlarımla da bağlı
bu qovluqlarda onları daha yaxından görməyə
yardımçı olacaq
xeyli sənədləri
tapıram.
Ancaq bu anlarda ürək
sıyıran xiffətlə
bir daha itirdiyimiz canlı klassiklər haqda fikrə dalıram, yenə əvəzedilməz
şahidləri düşünürəm.
O böyük musiqiçilər
və gəzəri ensiklopediyalar, mənə simsar - tez-tez söz soruşduğum görkəmli sənətkarlarımız
həyatda olaydı - Tofiq Quliyev, Cahangir Cahangirov, Zakir Bağırov, Azər Rzayev, Bəhram Mansurov... və bir çox
başqaları ki, onlar
Azərbaycan efiri ilə sıx bağlı olmuşdular və təbii ki,
1930-40-50-ci illər Azərbaycan
musiqi mühitinə yaxşı bələd idilər. Şübhəsiz
ki, indi sadəcə adlarına rast gəldiyim, adları və soyadları mənə heç nə deməyən, tərcüme-yi hallarını
oxuduqca yalnız onların radionun tərkibində fəaliyyət
göstərmiş hansısa
orkestrdə, ansamblda çalışdığını öyrəndiyim bu ifaçılar bir zamanlar, yəqin ki, Azərbaycanın musiqi mühitində yetərincə
tanınmış adlarmış.
Yalnız radioda da deyil, təbii ki, ayrı-ayrı konsert salonlarında mütəmadi
çıxış edirlərmiş,
musiqi məktəblərindəmi,
konservatoriyadamı, Asəf
Zeynallı adına Orta İxtisas Musiqi məktəbindəmi
dərs də deyirlərmiş. Lakin vaxt
keçib, nəsillər
köçünü çəkib
gedib və əməkləri olan çox insanları da təqvimin bivəfa gərdişi unutdurub. Amma
gərəkdir ki, o adlar
yenidən ədəbi-mədəni
dövriyyəyə qayıda,
izi olanlar xatırlana, Azərbaycan musiqisinin sonrakı yüksəlişlərini təmin
etmək yolunda zəhmətlər çəkmiş
bu insanlar bir daha minnətdarlıqla
yad edilə.
Amma
köhnə illərin bu şəxsi işlərini vərəqlədikcə
daha çox tanış soyadlarla rastlaşıram. O mənada
tanış ki, bu adların əksəri sonradan Azərbaycan ədəbiyyatında,
mədəniyyətində özünü təsdiqləmiş
sanballı şəxsiyyətlərə çevrilib. Lakin həmin
tanış adların böyük qismi də gözə dəyincə
diqqəti Azərbaycanın köklü-köməcli nəsillərinə
yönəldir.
Və
radiomuzun dünənindən keçən məşhur nəsillərin
qovluq-qovluq ötdükcə daha da genişlənən silsiləsi
istər-istəməz bu nəticəyə gətirib
çıxarır ki, XX yüzilliyin ortalarında Azərbaycandakı
adıbəlli şəcərələrin, qollu-budaqlı ailələrin
xeylisinin övladları bu məkanda
çalışmışlar, nəsillərinə yaraşan
izlərini qoymuşlar. Elə bunun özü də radionun,
ardınca isə televiziyanın XX yüzil boyunca Azərbaycanın
ictimai-siyasi, elmi-mədəni və ədəbi həyatında
nə qədər önəmli bir yer almasına əlavə
tutarlı sübutdur.
...1937-ci
ilin dəhşətli 4 iyun gecəsindən sonra Cavidlər
ailəsinin bəxt kitabında uzun sürəcək nəhs vərəqələr
başlandı. Hüseyn Cavid yadigarı Turan xanım söyləyirdi
ki, gecə evimizdə axtarış aparılanda anamla
qardaşım Ərtoğrol oyaq olmuşdular, bütün
gedişatı izləmişdilər. Mən isə
yatmışammış və məni oyatmırlar ki, qorxaram.
Yalnız səhər üzü bu əhvalatdan xəbər
tutdum.
İş
elə gətirir ki, o gün məktəbdə elə birinci dərs
Hüseyn Cavid yaradıcılığı ilə
bağlı mövzu imiş və ədəbiyyat müəllimi
həmin dərsi danışmaq üçün lövhəyə
Turanı dəvət edir. Turan xanım yada salırdı ki,
müəllimin davranışından belə anladım ki,
onların hələ gecə baş verən hadisədən xəbərləri
yoxdur. Lakin bir neçə saat sonra artıq söhbət
yayılmışdı. Məktəbdə də Hüseyn
Cavidin həbs edilməsindən xəbərdar idilər və
digər dərsliklərdə adı keçən, şəkli
verilən və “xalq düşməni”
“çıxmış” müəlliflər kimi, Cavidlə
bağlı səhifələr də elə həmin gün təxirə
salınmadan kitablardan cırılır.
Çox
keçmir ki, Cavidin ailəsini də yaşadıqları İstiqlaliyyət
küçəsindəki mənzildən ovaxtkı Sovet
küçəsində olan dar bir komaya
köçürürlər və ailənin həyatındakı
əzablı, qaramat günlər başlanır. Müharibə
gedirdi, konservatoriyada təhsil alan Ərtoğrol Cavidi də
oxumağını yarımçıq qoyaraq əsgər
aparırlar, Gürcüstanda qulluq etməyə
başlayır və məhz “xalq düşməni”nin
oğlu olduğuna görə onu ən ağır işlərə
- tunel tikintisinə yönəldirlər, onsuz da zəif olan səhhəti
burada tamamilə laxlayır, Ərtoğrol vərəmə
düçar olur və artıq ölüm ayağında
olduğunu görüncə onu ordudan buraxırlar. Ancaq diqqət
mərkəzinə gəlməməsindən ötrü
Bakıya gətirilməsinin qarşısı alınır,
Naxçıvana, nənəsinin yanına getməsinə
rüsxət verirlər. Elə Naxçıvanda ikən də
Ərtoğrol 1943-cü ilin noyabrında vəfat edir. Onun dəfn
mərasimində iştirak etmək nə anasına, nə
bacısına qismət olur.
Cavid həbs
edildikdən sonra ailənin maddi baxımdan da çox
sıxıntılı günləri
başlanmışdı. Bir müddət Ərtoğrol
Bülbülün rəhbərlik etdiyi xalq musiqisini tədqiq
edən kabinetdə işləyərək cüzi məvacib
alırdı və bununla da ailəni dolandırırdı.
Mişkinaz xanım isə Volodarski adına tikiş fabrikindən
başqalarına fərdi sifarişlə verilən işlərin
bir hissəsini həmin adamlardan daha ucuz qiymətə yerinə
yetirib onlara qaytarmaq şərti ilə götürür,
görülən işin müqabilində əlinə
çatan qəpik-quruşla ailənin gündəlik güzəranını
təmin edirdi. Mişkinaz Cavidin məhz Cavidin həyat
yoldaşı olduğuna görə birbaşa Volodarski
fabrikindən sifarişlər götürmək imkanı isə
yox idi. Kim idi “xalq düşməni”nin
zövcəsinə belə iltifatı göstərən! Ona
görə də başqalarının
götürdüyü sifarişləri ikiqat, bəzən
üçqat ucuzuna yerinə yetirməkdən başqa
çarəsi yox idi. Belə çətin günlərdə
ailənin dolanışığını təmin etmək
üçün daha bir məvacibə ehtiyac vardı və
Turan həmin dövrdə işə düzəlir. Həm də
o çağ üçün çox gözlənilməz
olan bir yerə. Çünki hətta tikiş fabrikində belə
“xalq düşməni”nin həyat
yoldaşı olduğuna, Cavid familiyası
daşıdığı səbəbi ilə sifarişlər
ala bilməyən Mişkinaz xanımın qızına Azərbaycan
Radiofikasiya və Radio Verilişləri Komitəsində iş
verilməsi həmin dövr üçün möcüzə
sayılmalı idi.
Turan
xanımdan bunun səbəbini soruşmuşdum. Çünki
həmin dövrdə ideoloji sahə ilə bağlı hər
hansı bir idarə və müəssisədə, xüsusən
radio kimi çox vacib bir sahədə “xalq düşməni”nin
övladının işləməsi ağlabatan deyildi. Sən
demə, Üzeyir bəy kömək olubmuş. O, həmin
dövrdə komitəyə sədrlik edən Hüseyn Şərifovdan
xahiş edibmiş, nə qədər riskli olsa da, sözü
yerə salınmayıbmış.
Qısa
müddətdə - 3 il ərzində Radiofikasiya və Radio
Verilişləri Komitəsinə sədrlik etmiş Hüseyn
Şərifovun bu mərdanə
yaxşılığını Turan xanım unutmurdu.
Lakin indi
Azərbaycan Televiziyası və Radio Verilişləri Komitəsinin
arxivindəki köhnə sənədləri qaldırarkən
Turan Cavidlə bağlı iki müxtəlif vaxtlarda tərtib
edilmiş iki şəxsi işdəki bəzi sənədlər
onun buradakı fəaliyyətinin heç də rəvan getmədiyini
aydınladır.
Sənədlərin
arasında Turan xanımın yazdığı iki avtobioqrafiya
var. İki tərcüme-yi halının, iki sənədlər
dəstinin, iki ayrı “şəxsi iş” qovluğunun
açılması bununla əlaqədardır ki, Turan
xanımı Hüseyn Şərifov 1942-ci ilin 22 martında
işə götürsə də, o, burada yalnız
1944-cü ilin 1 oktyabrına kimi çalışa bilmişdi.
Sonra işdən kənarlaşdırılmışdı və
Radio Verilişləri Komitəsinə bir də yenə
Üzeyir bəyin köməyi ilə 1945-ci ildə təzədən
qayıda bilmişdi. Aralıqdakı müddətdə isə
o, Nizami muzeyində çalışmışdı.
Turan
xanım 1942-ci il aprelin 19-da imzaladığı
avtobioqrafiyasında belə yazır: “Mən, Turan Cavid
Hüseyn Cavid qızı 1923-cü ildə Bakıda anadan
olmuşam. Ev tərbiyəsi görəndən sonra 1929-30-cu tədris
ilində Voroşilov rayonunun 48 nömrəli məktəbinə
daxil olmuşam. 1940-cı ildə oranı bitirmişəm.
Atam şair və müəllimliklə, anam isə ev işləri
ilə məşğul olurdu. 1937-ci ildə atam həbs
olunmuşdur. Qardaşım hal-hazırda ordu
sıralarındadır. Mən 1942-ci ilin oktyabrında
maşinistkalıq kursuna daxil oldum və 1943-cü ilin
fevralında oranı bitirdim. Ailəmiz anam və məndən
ibarətdir”.
İşə
götürüləndən az sonra, 1943-cü il iyunun 24-də
Azərbaycan Radio Komitəsinin sədri Şərifovun əmri
ilə Turan Cavid 500 manat aylıq əməkhaqqı ilə
müvəqqəti olaraq Dram verilişləri redaksiyasına
redaktor vəzifəsinə keçirilmişdi.
Bunu da
bilin ki, həmin dövrdə Turan Cavid həm də Azərbaycan
radiosunda diktorlardan biri olmuşdu.
Lakin az
sonra Hüseyn Şərif həmin vəzifədən gedir və
Radiofikasiya və Radio Verilişləri Komitəsinin sədrliyinə
Şəmsəddin Abbasov gəlir.
Şəmsəddin
Abbasovun komitəyə rəhbərlik etdiyi dövrə aid də
Turan Cavidin bioqrafiyasında izi qalan iki sənəd var. Onlardan
biri 1944-cü il martın 22-də imzalanmış əmrdir. Həmin
əmrdə göstərilir ki, daha əvvəl verilmiş bir
əmr yeni aşkar olunmuş faktlarla əlaqədar ləğv
edilir. Nədən ibarət idi bu yeni aşkarlanmış
faktlar və ləğv olunan əmr?
İş
ondadır ki, komitə sədrinin 1944-cü il martın 17-də
imzaladığı 44 saylı əmrin 10-cu bəndində
göstərilirdi ki, martın 16-da Uşaq-gənclər
şöbəsinin böyük redaktoru Turan Cavid işdən
30 dəqiqə tez getdiyinə görə məhkəmə məsuliyyətinə
cəlb edilsin.
Əsas
olaraq sədr vəzifəsini icra edən Şəmsəddin
Abbasovun dərkənar qoyduğu raport götürülür.
Lakin sonrakı araşdırmadan məlum olur ki, Turan Cavid
işdən heç də özbaşına getməyibmiş.
Redaksiya müdirinin verdiyi tapşırıqla əlaqədar
iş saatının başa çatmasından yarım saat əvvəl
Radio Verilişləri Komitəsini tərk edibmiş. Ona
görə də əmr ləğv edilir.
Ancaq təsəvvür
edin ki, belə bir əmrin olması haqda xəbər Turana,
ardınca da Mişkinaz xanıma çatanda hansı həyəcanlar
yaşayıbmışlar. Hüseyn Cavid həbsdə,
Ərtoğrol artıq həyatda yox, bu tərəfdən də
qız məhkəmə məsuliyyətinə cəlb edilir.
Əgər “xalq düşməni”nin
qızı məhkəmə məsuliyyətinə cəlb
edilərsə, onun aqibətinin necə olacağını təsəvvür
etmək o qədər də çətin deyildi.
Fəqət
yenə də Üzeyir bəyin işə qarışması
bu anlaşılmazlığın aradan götürülməsinə
və Turan haqqındakı əmrin ləğv edilməsinə
gətirib çıxarır. Ancaq bu da uzun çəkmir.
Artıq tam səlahiyyətlə komitə sədrliyi vəzifəsini
yerinə yetirən Abbasovun imzası ilə 1945-ci ildə bir sənəd
də imzalanır.
1945-ci il
iyun ayının 17-də “Son xəbərlər
redaksiyasının redaktoru Turan Cavid işinin öhdəsindən
gələ bilmədiyinə görə” vəzifəsindən
azad edilir.
Əsas
olaraq Son xəbərlər redaksiyasının baş redaktoru
Qulam Zeynalovun komitə sədrinin dərkənar qoyduğu
raportu götürülür.
Turanın
Radio Komitəsində birinci dönəm iş fəaliyyəti
1942-ci il martın 22-dən 1944-cü il oktyabrın 1-dək
olmuşdu. Aralıqdakı müddətdə, yəni
1944-cü il noyabrın 1-dən 1945-ci il iyunun 1-nə qədər
Nizami muzeyində elmi işçi vəzifəsində
çalışdığı əyyamları xatırlayanda
Turan xanım söyləyirdi ki, sanki həmin yarım illik
dövr gələcək yolum üçün bir tale məşqi
imiş (Doğrudan da, sonralar Turan xanımın taleyi
ömrünün sonunadək muzey işi ilə
bağlandı. Uzun illər Teatr muzeyində
çalışdı, axırda da atasının ev muzeyinin
yaradıcısı və ilk direktoru oldu).
1945-ci il
iyunun 15-də bir aylıq sınaq müddəti ilə yenidən
radio komitəsində işə götürüldüyü
çağları xatırlayarkən deyirdi ki, ilk mətnləri
oxuduğum vaxtlarda hamı, ilk növbədə peşəkar
radio diktorları məni bəyənib çox tərifləsələr
də, az sonra Mərkəzi Komitədən gələn bir nəfərin
ciddi iradtutmasından sonra mənim mikrofon qarşısında
dayanmağıma birdəfəlik son qoyuldu. Radio rəhbərliyinin
üstünə çımxırıblarmış ki,
sayıqlığınızı tam itiribsiniz, birbaşa efirdə
“xalq düşməni” qızına mikrofon ixtiyarı verməkmi
olar?!
Odur ki,
Turan xanım 1945-ci ilin 27 iyununda növbəti əmrlə
diktor vəzifəsindən Son xəbərlər
redaksiyasında 600 manat maaşla redaktor vəzifəsinə
keçirilmişdi.
İkinci
şəxsi işi üçün tərcüme-yi
halını Turan Cavid 1945-ci il iyun ayının 13-də
yazır. Ötən tərcüme-yi halında olan təfərrüatları
xatırlayandan sonra 1942-ci ilin 22 martından 1944-cü ilin 1
oktyabrına kimi Azərbaycan Radio Komitəsində
çalışdığını bildirir, yenə
atasının Daxili İşlər Xalq Komissarlığı
tərəfindən tutulduğunu, həbsdə olduğunu
bildirir və dövrün sənəd ənənəsinə
uyğun olaraq, amma özünəməxsus tərzdə əlavə
edir ki, “xaricdə kimsəmiz yoxdur”.
Zavallının
xəbəri yoxdu ki, atasını hələ həbsdə zənn
etdiyi o günlərdə çoxdan idi ki, Cavid həyatda yox
idi. Sibir cəhənnəmində 1941-ci il dekabrın 5-də
son saatı çatmışdı.
Turan
Cavidin Radio Komitəsində qısa fasilələrlə
işlədiyi iki dönəmlə əlaqədar o əmrləri
bu səbəbdən yada salırıq ki, onun hər iki mərhələdə
radio fəaliyyətinin ciddi nəzarətsiz və təqiblərsiz,
həm də cəzalarsız ötüşmədiyi bilinsin.
Son olaraq da onu, adətən edildiyi kimi, “öz xahişi ilə
yox”, “vəzifəsinin öhdəsindən gələ bilməyən”
kimi işdən xaric etmişdilər.
Ümumilikdə
isə Turanın hətta bu qısa müddətdə belə
Radio Verilişləri Komitəsində işləməsinin
özü, həmin dövrün şərtləri nəzərə
alınarsa, ağlasığmaz bir hadisə idi. Çünki
digər şəxsi işləri araşdırarkən onu
görürük ki, bioqrafiyasında bu cür damğa olan
heç bir şəxs nə əvvəlki, nə də
sonrakı illərdə Radio Verilişləri Komitəsində
çalışmayıb. Turan xanımın həmin dövrdə
hətta iki dəfə Radio Verilişləri Komitəsinə
işə götürülməsi isə yalnız və
yalnız birbaşa Üzeyir bəyin səyləri,
xeyirxahlığı və oçağkı yüksək
nüfuzu sayəsində mümkünləşmişdi.
Qısa
bir müddət işləsə də, radio Turan Cavidin
ömründə həmişəlik qaldı. İllər
boyu Azərbaycan Teleradiosunun həftəlik proqram qəzeti nəşr
edilirdi. Həmin qəzetlə bağlı vaxtilə
yazdığım kiçik bir yazıda belə bir cümlə
də vardı ki, “bu nəşr Azərbaycanın
çoxsaylı qəzetləri arasında yeganəsidir ki, sadəcə
oxunub kənara qoyulmur, düz 1 həftə göz
qabağında qalır və hər gün də
baxılır”. Söz yox, bu dönə-dönə
açılıb baxılmanın əsas səbəbi orada dərc
edilən radio və televiziya proqramları, qəzetin hansı
verilişi hansı saatda izləmək üçün
etibarlı bələdçi olması idi. Amma həmin qəzet
müəyyən illərdə yalnız efir cədvəlinin
quruca nişanvericisi qalmayaraq həm də ayrı-ayrı
verilişlər barədə cəlbedici yazılar dərc edən
oxunaqlı nəşr idi. Mən o qəzetlə Turan xanım
kimi səliqəli davranan adam görməmişəm. Həftənin
son günündə gələn həftənin proqram qəzetini
açar, həm radioda, həm televiziyada, daha çoxsa hər
halda radioda gedəcək verilişlərin efir vaxtını
seçilən xətlə işarələyər,
hamısını da izləyərdi. Turan xanım tək
yaşayırdı, televiziya, radio onun əsas hayanı idi, evi
daim get-gəlli olsa da, yaxınlar, dostlar onu tənha qoymasa da,
hər halda radio-televiziyanın ona daha sadiq olmasını bir dəfə
özü mənə etiraf etdi: “Hamı gəlir, gedir, amma
radio ilə televiziya həmişə mənimlədir”.
Bu
sözün tək Turan Cavid üçün deyil, əksər
Azərbaycan vətəndaşlarından ötrü həqiqiliyini
təsdiq və sübut edən əsas cəhət ondan ibarət
idi ki, efirimiz, xüsusən də radio xalqa məhrəmliyini,
xalq ruhunun ifadəçisi olmasını hər gün
sübuta yetirməkçün səfərbər idi.
14 oktyabr 2025
525-ci qəzet 2025.- 18 oktyabr (¹190).- S.18-19.