Milli
musiqimizin görkəmli
tədqiqatçısı
Firidun
Şuşinski-100
Mustafa
ÇƏMƏNLİ
Şuşa! Bu ad qəlbimdə o qədər şirinli-acılı
xatirələr oyadır,
hisslər, duyğular
ləpələndirir ki, Şuşalı
günlərimin - Şuşalı
günlərimizin hansı
anını daha çox qabartmaqda çətinlik çəkirəm.
Və bu an Şuşa dahi rəssamın çəkdiyi
böyük əzəli
və əbədi bir tablo kimi
gözlərim önündə
durur.
Mən Şuşanı hələ
lap uşaqkən, kəndimizdə
onu görənlərin
gözləriylə görmüşəm.
Onunla öyünən,
fəxr edən doğmalarımın tez-tez
işlətdikləri "Qalaya
gedirəm", "Qaladan
gəlirəm" kəlmələrinin
şirinliyini, məhrəmliyini
indi də unutmamışam.
Sonralar
- orta məktəbdə
oxuyanda bildim ki, babamın, nənəmin dodaqlarında çiçəkləmiş
o "Qala" deyilən
məkan, sən demə, Şuşa şəhəriymiş.
Ömrümün o çağlarında Şuşa mənim üçün əlçatmaz,
ünyetməz bir qalaydı. Halbuki bizim Çəmənli kəndiylə Şuşanın
arası çox olsa, 45-50 kilometr olardı.
Yaşımın o vaxtında Şuşa
qalasını görmək,
adı dillər əzbəri olan Cıdır düzündə
dayanıb Daşaltı
çayına baxmaq, Bağrıqan dağına
tamaşa etmək, Topxana bülbüllərinin
səsinə qulaq asmaq, İsa bulağının
suyundan içmək mənə nağıl qədər şirin, əlyetməz görsənirdi.
Bax elə o zaman hardansa əlimə Firidun Şuşinskinin "Şuşa"
adlı nazik, yaşıl üzlü kitabçası keçmişdi.
Mən bütün gecəni yatmayıb o kitabı oxumuşdum. O anda da Şuşanı görməyə qəlbimdə
şiddətli bir arzu doğmuşdu. Elə bilirdim ki, Şuşanı görməsəm,
bağrım çatlayacaq.
O zaman mənim on yeddi
yaşım vardı.
Bir gün sonra bir nəfər uşaqlıq dostumla Şuşaya getdim. "Şuşa" kitabçasını
da özümlə götürmüşdüm.
Bu kitab şəhərdə bizim ən yaxşı
bələdçimiz idi.
Kitabda təsvir edilən tarixi abidələri, yerləri
görən kimi tanıyır, bəzilərini
isə soraqlaşıb
tapırdıq. O gün
gün əyilənə
kimi Şuşanı əric-arğac elədik.
Cıdır düzündən
Daşaltı çayına
tamaşa etdiyim o ilk
an, piyada İsa bulağına
getməyimiz mənim üçün unudulmaz xatirədir.
O gündən Firidun Şuşinskinin adı mənə doğma və əziz oldu. Sonralar onun "Seyid Şuşinski", "Cabbar
Qaryağdıoğlu" kitablarını
oxudum. Azərbaycanın
klassik xanəndə və musiqi ifaçılarına həsr
etdiyi radio verilişlərinə
qulaq asdım. Beləliklə, bir oxucu, bir dinləyici
kimi uzaqdan-uzağa Firidun Şuşinskiyə
qəlbimdə böyük
rəğbət yarandı.
İllər keçdi. O uşaqlıq,
yeniyetməlik xatirələrim
arxada qaldı. Artıq mənim də mətbuatda yazılarım dərc olunur, radioda verilişlərim səsləndirilirdi.
1982-ci il idi. "Yazıçı"
nəşriyyatında klassik
ədəbiyyat və
folklor şöbəsində
redaktor işləyirdim.
Bir gün nəşriyyatın
direktoru Əjdər Xanbabayev məni yanına çağırdı.
Direktorun kabinetinə girəndə gördüm
tək deyil. Onun qarşısında iricüssəli, iriəlli
bir kişi oturmuşdu, nə barədəsə söhbətləşirdilər.
Əjdər müəllim
gülümsəyərək mənə müraciət
etdi:
- Firidun bəyi tanıyırsanmı?
- Şəxsən tanış
deyilik, amma kitablarını oxumuşam,
- dedim.
- Bəy istəyir ki, onun kitabının redaktoru olasan. Sənin verilişindən
xoşu gəlib.
Həmin
ərəfədə radioda
"Yadigar səslər"
adlı verilişim səslənmişdi. Veriliş
yaxşı əks-səda
doğurmuşdu. Firidun
bəy məhz həmin verilişi ünvanlayaraq:
- Yaxşı veriliş idi, - dedi. - Savaba batmısan, neçə müğənninin
səsini bizə qaytardın.
- Təşəkkür edirəm,
- dedim.
Firidun bəy bir qədər
ötkəm səslə
cavab verdi:
- Əmioğlu, mənə
təşəkkür-zad lazım
deyil.
Mən
o anda onun səsindəki ötkəmliyin
- bozluğun səbəbini
anlamadım. Ancaq onu daha yaxından
tanıyandan sonra gördüm ki, sərtlik,
ötkəmlik Firidun bəyin xarakterindədir.
Mən Firidun bəyin 625 səhifədən, 177 şəkildən
ibarət olan "Azərbaycan xalq musiqiçiləri" kitabının
əlyazmasını qoltuğuma
vurub onunla sağollaşaraq otaqdan çıxdım.
Kitabı
çapa hazırlayarkən
biz çox tez-tez görüşürdük. Hətta
o, Hüseynqulu Sarabski
və Aşıq Abbasqulu haqqındakı oçerklərini mənim
təklifimlə yazmışdı.
Başqa müəlliflərdən
fərqli olaraq, hamı ona "Firidun bəy" deyə müraciət edirdi. Ona Firidun adını da ailələrinə
yaxın olan görkəmli ədəbiyyatşünas
Firidun bəy Köçərlinin xatirəsini
əziz tutan atası Məhəmməd
kişi vermişdi. Öz zamanına görə Firidun bəyin söhbətləri,
tarixi keçmişimiz, müasir
dövrümüz, xüsusən
ana dilimizin türk dili olmasıyla bağlı fikirləri çox cəsarətli və sərt idi. Onun mədəniyyətimizlə,
musiqimizlə bağlı
yığıncaqlardakı çıxışı həmişə
irad və tənqid üstündə
köklənərdi. Bu da bir
çoxlarına xoş
gəlməzdi. Lakin Firidun
bəy də öz fikrini dəyişən adam deyildi.
Firidun bəy çox koloritli adamdı. O, baməzə söhbətləri,
adıbəlli adamlara
ayama qoşmağı
sevən, ünvanlı
lətifələr söyləməyə
meyilli, inadkar, bir sözlə, özünəxas qabarıq
fərdi cizgiləri olan şəxsiyyət idi. O, görünən adam idi. Firidun
bəy ixtisasca tarixçiydi, lakin bütün ömrünü
xalq musiqisinin tədqiqinə, onun görkəmli nümayəndələrinin
yaradıcılıqlarını, talelərini araşdırmağa,
sənətlərini təbliğ
etməyə sərf etmişdi. Bütün həyatı boyu heç harda işləməmişdi. Özünü
bütünlüklə yaradıcılığa
həsr etmişdi. Çünki təbiətən
çox azad adam idi və
heç bir çərçivəyə sığışmırdı.
O, uzun illər Sankt-Peterburq, Tbilisi, Bakı, İrəvan arxivlərində
axtarışlar apararaq,
tariximizlə, musiqi mədəniyyətimizlə bağlı
çox zəngin materiallar üzə çıxarmışdı. Klassik xanəndə
və ifaçıların
həyat və fəaliyyətləri haqqında
ilk dəfə əsaslı
tədqiqat aparan, bu sahədə ardıcıl çalışan,
Azərbaycan və rus dillərində kitablar çap etdirən də məhz Firidun Şuşinski olmuşdur.
O, XX əsrin əvvəllərində
intişar tapmış
Şuşa, Şamaxı,
Bakı, Gəncə musiqi məclisləri, ilk
"Şərq konsertləri"
barədə silsilə
məqalələr yazmışdı.
Firidun bəy əldə etdiyi nadir fotoşəkillərlə
kitablarını bəzəməyi
sevərdi. Bu fotoşəkillər
onun yazılarını
daha da məzmunlu edir, fikirlərinə güzgü tuturdu. Bütün bunların nəticəsi olaraq o özünün zəngin
şəxsi arxivini yaratmışdı. Onun mənzili, sözün geniş anlamında, musiqi muzeyi idi...
Sağlığında Azərbaycanın
çox görkəmli
şəxsiyyətləri, musiqiçiləri bu muzeyin tamaşaçıları
olmuşdular.
O,
"İlk qrammofon valları"
adlı məqaləsində
Azərbaycan xanəndələrinin
səslərini vallara
yazmış "Konsert-Rekord",
"Sport-Rekord", "Ekstrafon",
"Monarx-Rekord", "Qrammofon-Rekord"
və b. səsyazma şirkətlərindən və
səslərini vallara
yazdırmış xanəndələrdən
də söz açıb. Firidun Şuşinski axtarışlardan
usanmayan böyük musiqi tədqiqatçısı,
arxivşünas idi. Təsadüfi deyildi ki, onun şəxsi muzeyində 300-dən artıq
qrammofon valları, XIX
əsrə aid 100-dən yuxarı
konsert-teatr afişaları,
proqramları, 1000-ə yaxın
fotoşəkillər vardı.
Hətta onun arxivində 1908-ci ildə Almaniyada buraxılmış
trubalı qrammofon belə vardı. Yeri gəlmişkən, hələ 1959-60-cı illərdə
Firidun Şuşinski
radio verilişlərində Azərbaycan xanəndələrinin
qrammofon vallarını
səsləndirmiş, özünün
qeyd etdiyi kimi, 50-dən artıq
nadir qrammofon vallarını
radionun qızıl fonduna vermişdir. Firidun bəyin bu sahədəki xidməti doğrudan da böyük fədakarlıqdır.
Nə gizlədək, Firidun bəyin yazdıqlarının
heç də hamısı birmənalı
qarşılanmayıb. Bəzən
onun yazılarını
qısqanclıqla, əsəbiliklə
qarşılayanlar da olub.
Bu qısqanclıqları doğuran,
məncə, təkcə
müəllifin subyektiv
duyğu və düşüncələri deyildi,
həm də onun əsərlərinin ünvanlı, sənədli
olmasıydı.
Firidun bəy Şərq muğamlarının, onun
klassik ifaçılarının
vurğunuydu. O, səsləri
XX əsrin əvvəllərində
qrammofon vallarında əbədiləşmiş xanəndələrin
səslərini, oxuma yollarını bütün
əlvanlığı, axar-baxarlığı
ilə ruhuna köçürtmüşdü. Saf səslər vurğunuydu və ancaq o cür səs sahiblərini təbliğ edirdi. Buna görə də uzun müddət televiziyada aparıcısı
olduğu "İfaçılıq
sənəti" verilişi
ona çoxsaylı tamaşaçı məhəbbəti
qazandırmışdı.
Bu gün respublika radiosunda, televiziyasında Firidun bəyin əllidən çox musiqili verilişləri saxlanılır. Bu verilişlərdə
nə qədər canlı xatirələr, əsrimizin əvvəllərində
vallara köçürülmüş
büllur kimi saf səslər əbədiləşibdir.
Firidun Şuşinskinin səsə,
sözə bu qədər məhəbbət
bəsləməsi yox
yerdən deyildi. O,
"Qafqazın konservatoriyası"
adlandırılan Şuşada
dünyaya göz açmışdı (20 oktyabr
1925-ci ildə). Və
Şuşanı həyatından
artıq istəyirdi. Vaxtilə doğma şəhərindən yazdığı
kitaba görə başı bəlalar çəkmişdi. O, 1968-ci ildə
rus dilində çap etdirdiyi "Şuşa" kitabında
Azərbaycan xalqının
qəddar düşməni,
daşnak Andronikin törətdiyi vəhşilikləri
tənqid etdiyinə görə erməni millətçilərinin qəzəbinə
gəlmişdi. Daşnak
tör-töküntüləri, hətta Moskvaya şikayət etmişdilər.
Mərkəzi Komitə
işə qarışmışdı.
Kitabın müəllifi
qərəzli tənqidə,
yersiz hücumlara məruz qalmışdı.
Respublikada Firidun bəyi hücumlardan qoruyan, onu müdafiə
edən dövlət adamları, alimlərlə
yanaşı, yazıqlar
olsun ki, ermənilərin
dəyirmanına su tökənlər də tapıldı. Ən bağışlanmazı, heyrət
doğuranı o idi
ki, erməni daşnakları
kitabdakı acı həqiqətlərə göz
yumaraq vətənpərvər
bir alimi öz yurdunda, öz ocağında incitməyə belə cəsarət etmişdi.
Bu acılı olayları
da Firidun Şuşinski
vətəndaş yanğısıyla
qələmə almışdı.
Onun daha da təkmilləşdirdiyi, o zaman yazılması yasaq edilən bir çox bəlalı dərdlərimizə, tarixin
yaddaşında uyuyan
həqiqətlərə daha
gur işıq tutan "Şuşa" kitabının bu yeni nəşrində düşmənin
hücumları qarşısında
müdafiəsiz qalmış
müəllifin acı
duyğularını ifadə
edən bu sətirləri duyan ürəklər üçün
nə qədər ağır, ibrətli bir xatirədir.
Müəllif yazır: "Yaxşı
yadımdadır. "Şuşa"
kitabının üstündə
mənim başım nələr çəkmədi?!
O zaman ermənilərin əlindən
üç il Şuşaya
gedə bilmədim. Küçədə, hər
yerdə məni daşa basırdılar. Dəfələrlə evimin
küçə qapısını
və pəncərələrini
sındırdılar, telefon
xəttini kəsdilər.
Bir neçə dəfə
mənə sui-qəsd
etdilər. O zaman Ermənistanın
Zəngibasar rayonunda yaşayan azərbaycanlılar
mənə məktub yazaraq xəbərdarlıq
edirdilər ki, "məni
aradan götürmək
üçün mənim
başıma 6 milyon pul qoymuşlar".
Bu işıqlı dünyada
Firidun Şuşinskini
təkcə daşnaklarmı
incitmişdi? Təəssüflə
deməliyik ki, yox! Xalq yazıçısı
Elçin Firidun Şuşinskinin "Musiqişünasın
düşüncələri" kitabına yazdığı
"Şərəfli iş"
adlı ön sözdə çox incə bir məqamı
xatırlamışdır və
bu məqam Firidun Şuşinskinin xarakterini, əqidəsini,
dönməzliyini isbat
edən tutarlı bir dəlildir. Elçin yazır:
"Əllinci illərin lap əvvəlləri (deyəsən,
elə 1950-ci il idi),
yay ayları idi. Şuşada dincəldiyimiz
günlərdən birində
atam unudulmaz Fikrət Əmirovu ailəsi ilə birlikdə İsa bulağında
məclisə dəvət
etmişdi və o
zaman lap cavan bir oğlan olan Firidun Şuşinski də bizimlə birlikdə idi. Bu həmin vaxtlar idi ki, Azərbaycan KP MK-nın birinci katibi, iddiası, hikkəsi və imkanının məhdudsuzluğu
bu böyük vəzifəsinin belə hüdudlarına sığışmayan
Mir Cəfər Bağırov
Mərkəzi Komitənin
plenumlarından birində
Firidun Şuşinskini
"millətçi" Nəriman
Nərimanova aludə olmaqda ittiham edərək demişdi:
"Universitet doşyol
do toqo nekiy student Qasanov obratilsya ko mne neznaya kto
takoy Narimanov, on zarazilsya
"Narimanovşinoy".
Firidun Şuşinskini tələbəlik
illərindən tanıyan
mərhum professor Qulu Xəlilov da onun "Seyid Şuşinski" kitabına yazdığı
"Ölməzlik..." sərlövhəli
ön sözündə
onu mərd və qorxmaz adam kimi xarakterizə
edərək yazır:
"Firidun həm də mərd oğul idi. O, heç nədən çəkinməyən, heç
kəsdən qorxmayan,
yaltaqları, ikiüzlüləri
görməyə gözü
olmayan dönməz, mübariz idi.
Təsadüfi deyildir ki, o, Stalinizmin
ağır dövründə
(1949) Azərbaycan diktatoru
Mir Cəfər Bağırova
ittihamlı və kəskin məktub yazaraq Azərbaycan xalqının böyük
oğlu Nəriman Nərimanovun təmiz adının xalqa qaytarılmasını tələb
etmişdir. O zaman Firidunun
bu qeyri-adi cəsarəti stalinçiləri
lərzəyə gətirmişdi.
Mir Cəfər Bağırov
çıxışlarının birində Firidunu "millətçi" adlandıraraq
onu "Nərimanovçuluqda"
ittiham etmişdi".
Daşnakların Firidun bəyi üç il öz doğma Şuşasına
getməyə qoymamağa
cəsarətləndirən də, yəqin ki, bizim özümüzün
öz cəsarətlilərimizə
bu cür münasibətlərimizdən qaynaqlanmışdı.
Ulu öndər Heydər Əliyev "Qətiyyətin
təntənəsi" kitabında
Firidun Şuşinskinin
1968-ci ildə nəşr
olunmuş "Şuşa"
kitabından da söz
açmışdır: "...Hesab edirəm ki, respublikaya rəhbərlik elədiyim müddətdə
də Qarabağın
inkişafı üçün
az iş görməmişəm. Xüsusilə
Şuşaya çox
fikir verirdim. 70-ci illərin əvvəllərində
biz Şuşanın daha
da inkişaf etdirilməsi
haqqında xüsusi qərar qəbul elədik. Xatirimdədir, mən hələ MK-nın birinci katibi seçildiyim ərəfədə Şuşa
haqqında bir kitab çıxmışdı. Səhv
eləmirəmsə, müəllifi
Firidun Şuşinski idi. Bu kitabı çox gözümçıxdıya
salmışdılar. Xüsusən
ermənilər. Təəssüflər
ki, Bakıda olan ziyalılar da bu kitabın qəti əleyhinə çıxmışdılar.
Mənə həmən
kitabı çatdırdılar.
Oxudum, gördüm
ki, kitab yaxşı kitabdır.
Düzdür, müəlliflə
tanış deyildim, ancaq kitab yaxşı yazılmışdı... Nə
isə, mən o zaman ermənilərin hücumunun
qabağını aldım.
Beləliklə də,
həmən kitabın
taleyi müsbət həll edildi və Azərbaycanda bu kitaba qarşı
olan qeyri-sağlam əhvali-ruhiyyə tamamilə
dağıldı" ("Qətiyyətin təntənəsi".
Tərtibçi Şakir
Yaqubov. "Səhər"
qəzetinin nəşri,
1995, səh. 219).
Firidun bəy
Şuşasızlığa dözə bilmirdi. Şuşadan danışanda
qəzəblənirdi, kövrəlirdi.
O, həmin dövrdə
xəstə və gərginlik içində
olsa da, "Şuşa" kitabı üzərində həvəslə
işləyirdi. Əvvəlki
nəşrlərdən fərqli
olaraq, Firidun bəy "Şuşa"
kitabını çox-çox
dəyərli faktlarla
zənginləşdirib, yeni
fəsillər əlavə
etmişdi. Kitabda Şuşanın tarixi keçmişi, etnoqrafiyası,
oradan çıxmış
sənətkarlar barədə
çox dəyərli
səhifələr vardır.
Kitabın "Dağlarda
mübarizə" bölməsini
həyəcansız oxumaq
mümkün deyildir. Çünki o zaman da daşnaklar "Qarabağ bizimdir" deyib Şuşanın üstünə hücum çəkmişdilər. Lakin
o dövrdə təzəcə
formalaşan Azərbaycan
Ordusu düşməni
ağır məğlubiyyətə
uğratmışdı.
O zaman mən
"Gənclik" nəşriyyatının
baş redaktoru kimi hörmətli bir alimdən "Şuşa" kitabını
redaktə etməsini xahiş etmişdim. Etiraz etməmişdi, ancaq kitabı altı aya redaktə
edəcəyini söyləmişdi.
Mən onunla razılaşmadım. Çünki
Firidun bəy xəstə idi. Tamam əldən düşmüşdü. Buna
görə də kitabın tez nəşr olunmasını
istəyirdim. Kitabı
nəşriyyatın redaktoru
Zülfüqar Şahsevənli
ilə birgə redaktə etdik. Mən kitaba "Qarabağın tacı"
adlı ön söz də yazmışdım.
Firidun bəy
"Şuşa" kitabının
nəşrini necə
həsrətlə gözləyirdi.
O, kitabın ikinci hissəsini yazmaq istəyirdi. Lakin amansız əcəl ona aman vermədi.
Firidun bəyin Qarabağın dərdiylə
yüklənmiş nəğməli
qəlbi 25 oktyabr
1997-ci il tarixdə əbədi susdu. O bu dünyadan doğma Şuşanın
həsrəti ilə getdi. Biz "Şuşa" kitabında
tək-tək də olsa, sual doğuran
bəzi məqamları,
mətləbləri onun
özündən soruşub
düzəltməyə macal
tapmadıq. Daha doğrusu, bir gün bəzi sual doğuran mətləblərə aydınlıq
gətirmək üçün
Zülfüqar Şahsevənli
ilə Firidun Şuşinskigilə getdik.
Heyhat! Gecikmişdik.
O, bizi gülərüzlə
qarşılasa da, elə bir haldaydı
ki, onu narahat
etmək olmazdı. Çünki suallarımıza
cavab verəcək halda deyildi.
Bu görüşdən
çox keçməmiş
Firidun Şuşinski dünyasını dəyişdi.
Öz vəsiyyəti
ilə Bərdənin
Şəhidlər qəbiristanlığında
dəfn olundu.
"Şuşa" kitabının ilk nüsxəsi onun ili tamam olanda
işıq üzü
gördü. Mən sevinc və təəssüf içində
kitabı onun yas mərasiminə aparıb oğlu Məhəmmədə təqdim
edib bir daha başsağlığı
verdim.
15 sentyabr 1998-ci il tarixdə onun "Şuşa" kitabına yazdığım
ön sözdəki bir fikri burada
təkrar etmək istəyirəm: "Mən
inanıram ki, Firidun bəyin "Şuşa" kitabı xalqımızın stolüstü
kitabı olacaq, çünki o kitabda onun yadlar əlində
çırpınan füsunkar
bir şəhərindən
danışılır.
Firidun bəy!
Bir gün gələcək biz adına saysız öygülər qoşulmuş,
bayatılar deyilmiş
qədim vətənimizin
bir parçası olan Qarabağa qayıdacağıq! Qayıtmasaq,
evinə düşmən
ayağı dəymiş
Bülbül küsər,
Xan ağlayar! Utanardıq Pənah xanın, Xan qızı Natəvanın
ruhundan. Qayıtmasaq, Üzeyir bəyin heykəlinə belə baxmağa haqqımız olmaz. Yox, biz
qayıdacağıq. Və
yeddi milyonluq Azərbaycan xalqının
həsrətlə gözlədiyi
o gün - Qarabağın
azad olacağı gün sənin "Şuşa" kitabını
Cıdır düzündə
başım üstə
qaldırıb var səsimlə hayqıracağam:
Allah sənə rəhmət eləsin, Firidun bəy! Sənin "Şuşa"
kitabını doğma
Şuşana gətirmişəm".
Allahıma minnətdaram
ki, 44 günlük Vətən müharibəsi
qələbə ilə
başa çatdı.
Qarabağın tacı
Şuşa qalası düşmən pəncəsindən
azad edildi. 1 sentyabr 2021-ci ildə Şuşada keçirilən
Vaqif Poeziya Günlərində mən
də iştirak etdim. Cıdır düzünə gedərək
Firidun bəyi rəhmətlə yad etdim.
Firidun Şuşinskinin
kitablarından bəhrələnənlər
həmişə olub,
bu gün də var, gələcəkdə
də olacaqdır. Klassik xanəndələrdən
söz açan elə bir müəllif
yoxdur ki, onun portret-oçerklərindən,
monoqrafiyalarından bəhrələnməsin.
Hətta onun kölgəsini qılınclayıb,
fürsət düşəndə
əməyini, xidmətlərini
inkar edənlər belə.
Firidun bəyin
yazıları bəlağətdən,
süni heyranlıqdan
çox uzaqdır. Onun yaradıcılığı
fakta və təhlilə söykənir.
Arzu edərdik ki, onun sovetlər
dövründə böyük
tirajlarla çap olunmuş "Azərbaycan
xalq musiqiçiləri"
və "Şuşa"
kimi dəyərli kitabları (oğlu Məhəmmədin təşəbbüsü
ilə onun "Sadıqcan", "Şərq
musiqisinin peyğəmbəri"
əsərləri çap
olunub) latın qrafikası ilə təkrar nəşr edilsin.
525-ci qəzet 2025.- 18 oktyabr
(№190).- S.16;17