"...Postmodern ədəbiyyatın
kultu"
Filologiya üzrə fəlsəfə
doktoru Gülnar Yunusovanın
"Haruki Murakami. Postmodern ədəbiyyatın kultu"
monoqrafiyası haqqında qeydlər
Filologiya üzrə fəlsəfə
doktoru Gülnar Yunusovanın AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu tərəfindən nəşr
olunmuş "Haruki Murakami. Postmodern ədəbiyyatın
kultu" monoqrafiyası
(Bakı, "Elm və
Təhsil", 2025, 260 s.) müəllifin
sözləri ilə desək, "dünya ədəbiyyatında da postmodern ədəbiyyatın kultuna
çevrilmiş", "Küləyin nəğməsini
dinlə" romanı
ilə Yaponiyadakı ədəbiyyat səhnəsini
dəyişdirməyi bacarmış
çağdaş yapon yazıçı"sının
zəngin yaradıcılığının
tədqiqinə həsr
olunub.
G.Yunusova
Haruki Murakamiyə həsr
etdiyi kitabında məşhur yazıçının
"Peşəm yazıçılıq"
əsərindən maraqlı
bir nümunə təqdim edir: "İnsanların qəlbinin
divarlarında yeni bir pəncərə açıb
onu təmiz hava ilə doldurmaq
istəyirəm. Roman yazanda
həmişə düşündüyüm
və arzuladığım
budur. Məntiqi bir kənara qoyaraq, ancaq və ancaq ən
saf şəkildə".
Kitab özünə kənardan
baxmağı bacaran orijinal bir yazıçını
Azərbaycan oxucusuna geniş bir çərçivədə təqdim
edir. Bu, görkəmli
postmodernist yazıçının çoxsaylı romanları
ilə yanaşı,
XX əsrin sonları və yeni yüzilliyin əvvəllərindəki yapon ədəbiyyatının öyrənilməsi,
ümumi ədəbi tendensiyanın müəyyənləşdirilməsi
sahəsində də
ədəbiyyatşünaslığımızda
ilk monoqrafiya kimi dəyərli və yolgöstərəndir.
Haruki Murakami fərqli ədəbi görüşləri,
həyatı fəlsəfi
dərki, reallığa
özünəməxsus baxışı,
problemləri orijinal çözümü, yaxud
da çözümsüzlüyü ilə seçilən yazıçılardandır. Ədib,
eyni zamanda, mühitində yeni bir mərhələnin başlanğıcı
və dünyaya ötürücüsü idi.
G.Yunusovanın haqlı olaraq yazdığı kimi,
"Haruki Murakami böyüməkdə olan postmodern yapon cəmiyyətinin
tipik nümayəndəsi
idi və bu cəmiyyətin əsas narahatlıqlarını
böyük məharətlə
qələmə alaraq
dünya arenasına çıxartmışdır".
Gülnar Yunusova Murakami yaradıcılığında
postmodernizmi tədqiq etməklə, eyni zamanda, yazıçının
ədəbi nümunələrinin
başlıca xüsusiyyətlərini
də müəyyən
edir və bu nəticəyə gəlir ki, postmodernizm
Murakami əsərlərinin əsas təzahür forması kimi ön plana çıxır.
Bu baxımdan, G.Yunusova haqlı olaraq, H.Murakaminin ədəbi dünyagörüşünün
ədəbiyyatlar və
daha geniş mənada, mədəniyyətlərarası
ortaq ədəbi-fəlsəfi
konsepsiyalar əsasında
formalaşdığını və bunun yazıçının
bütün yaradıcılığını
izlədiyini elmi şəkildə, bədii
nümunələrə istinad
edərək əsaslandırır.
Burada milli ədəbiyyat,
Qərb mədəniyyətinin
müasir istiqamətləri
və onların ortaq müstəvisində
multikultural ədəbi
dəyərlərin ifadəsi
H.Murakami yaradıcılığının əhəmiyyətli cəhəti
kimi müəyyənləşdirilir.
Kitabda H.Murakami yaradıcılığı
yeni tipli ədəbiyyatın
nümunəsi kimi qiymətləndirilir. G.Yunusova bu qənaətə gəlir
ki, "mənəvi-psixoloji, ədəbi-fəlsəfi, sosial
xarakter daşıyan
Haruki Murakami yaradıcılığının
tədqiqi, xüsusilə
də keçən əsrin sonları və yeni yüzilliyin əvvəllərindəki yeni tipli
ədəbiyyatın əsas
məziyyətlərini, mahiyyət
və forma özəlliklərini
özündə ehtiva
edən postmodernist nəsrinin
öyrənilməsi"dir.
Monoqrafiya XX əsr yapon ədəbiyyatının
geniş mənzərəsini
təqdim edir. Oka Şyouhey, Noma Hiroşi, Dazay Osamu, İbuse Masucini, Fukanaqa Takehiko kimi yazıçıların
fəaliyyəti fonunda
yapon ədəbiyyatı mənzərəsini
yaradan Gülnar Yunusovaya görə, "Yaponiyada postmodernizm elementləri uzun müddət mövcud olsa da, 1970-1990-cı illərdə
daha qabarıq şəkildə ön
plana çıxmışdır.
1930-1940-cı illərdən önə çıxan
milli kimlik məsələsi
1980-1990-cı illərdə daha da güclənmiş və yapon ədəbiyyatına
ciddi təsir göstərmişdir". Müəllif,
eyni zamanda, yeni məzmunlu və perspektivli çoxsaylı
postmodern ədəbiyyat nümunələrinin
meydana çıxdığını
qeyd e`dir, Ryu Murakami, Ş.Masahiko, Takahaşi Geniçiro, Kobayaşi Kyouci və digər yazıçıların fəaliyyət
göstərdiyi ədəbi
mühitə nəzər
salır.
Haruki Murakamini "XX əsrin
ikinci yarısından
sonra yapon ədəbiyyatında
önə çıxan,
əsərləri ilə
bir çox qlobal və bəşəri problemləri
ortaya qoyan, milli ədəbiyyata özünəməxsus
yanaşma tərzi ilə seçilən yazıçılardan biri"
kimi qiymətləndirən
G.Yunusova yazıçının həyatı
və yaradıcılıq
yolunu öyrənərkən
də sadəcə bioqrafik məlumatları ardıcılıqla yazmır,
dövrün postmodernist xüsusiyyətləri,
ədəbi mühitdəki
spesifik məsələlər
kontekstində yanaşır.
H.Murakamini
əsərlərindəki avtobioqrafik
cəhətlərin bir
müstəvidə və
müəyyən sistem
daxilində əlaqələndirilməsi
həm yazıçının
dünyagörüşünü formalaşdıran amillərin
daha dərindən açılmasına şərait
yaradır, həm də tədqiqat işini zənginləşdirir.
"Küləyin nəğməsini
dinlə", "Norveç
meşəsi", "Sərhəddən
cənubda, Günəşdən
qərbdə" romanları
və digər əsərlərə istinad,
yapon cəmiyyətinin milli həyatı və ona təsir göstərən Qərb
amillərinin əsərlərdən
gətirilən örnəklərlə
paralel şəkildə
təqdim edərək
qoyulan məsələnin
daxilinə nüfuz etmək G.Yunusovanın
səriştəsindən və
geniş araşdırma
planından xəbər
verir. O, yazıçının
yaradıcılığına geniş aspektdə yanaşır, ədibin sırf postmodernist romanlarına
qədərki keçid
mərhələsində qələmə
aldığı, özündə
həm postmodernizmin, həm də realizm, surrealizm və kosmopolitizmin cəhətlərini daşıyan
əsərlərinin tədqiqinə
də yer ayırır. Məlumdur
ki, postmodernizm, müəyyən
mənada, sinkretik sənətdir, o, özündən
əvvəlki bir sıra ədəbi cərəyanlardan fərqlənsə
də, onların bəzi xüsusiyyətlərindən
də kənarda deyil. Bu baxımdan da, H.Murakaminin yaradıcılığında
postmodernizmin xüsusiyyətlərini
müəyyən etmək
üçün digər
məsələləri, yazıçını
postmodernizə aparan yolu izləmək çox önəmlidir. Müəllif "yazıçının
yaradıcılığını konkret olaraq hansısa bir kateqoriyaya daxil etmək, romanlarının
janrını, formasını
müyyən etmək
bir qədər çətindir. H.Murakaminin
postmodern ədəbiyyatda önəmli
nümunə hesab olunan yaradıcılığı
kosmopolitzm, realizm, sürrealizm, magik realizm, dedektiv, elmi fantastika, şamanizm, ekzistensializm elementlərinin mövcudluğu
ilə də səciyyələnir", - deyə
yazır. Həmin kontekstdən yanaşdıqda
H.Murakaminin "Küləyin nəğməsini
dinlə" romanında
kosmopolitizmi, "Norveç
meşəsi" əsərində
yapon gerçəkliklərini, fərqli əsərlərində,
eyni zamanda, Murakaminin ən yaxşı postmodern əsərlərindən
biri kimi dəyərləndirilən "Kafka sahildə" romanında
sürrealist yanaşmaları
tədqiq etmək monoqrafiyada diqqəti cəlb edir. G.Yunusova belə
qərara gəlir ki,
"H.Murakaminin yaradıcılığında
müxtəlif ədəbi
istiqamətlərin izlənilməsi
postmodernizmin plüralist
mahiyyətini ehtiva etməkdədir. Müxtəlifyönlülüyü,
çoxistiqamətliliyi ilə
seçilən postmodernizm
özündən əvvəlki
mədəniyyətlər, ədəbi istiqamətlər,
düşüncə və
ifadə tərzləri
üzərində qurulur"
və bu qənaət yazıçının
əsərlərinin tədqiqi
zamanı özünü
doğruldur.
Kitabda görkəmli yazıçının
"həm beynəlxalq
miqyasda, həm də çağdaş Yaponiyanın təmsilçisi
olmaqla dünya
postmodernist ədəbiyyatına mühüm töhfələr
verən" romanlarından
"Qoyun ətrafında
macərə", "Mexaniki
quşun xronikası",
"Qaranlıqdan sonra",
"Küləyin nəğməsini
dinlə", "Pinbol
1973", "Dünyanın sonu və Qızğın
möcüzələr diyarı"
və digər əsərlərinin araşdırılması
Azərbaycan ədəbiyyatşünaslığı
və oxucularına mühüm töhfədir.
G.Yunusova
"Qoyun ətrafında
macəra" romanını
metaqurğu nümunəsi
kimi geniş şəkildə təhlil
edir, burada postmodernist romana xas olan
intertekstuallıq, metatekstuallıq,
metafiksiya kimi ünsürləri özündə
cəmləşdirən çoxluluq
anlayışını, təhkiyəçi
məsələsi, keçmiş
tarixi hadisələr və bugünün vəhdətini nəzərdən
keçirir. Müəllif
haqlı olaraq belə qərara gəlir ki, "Qoyun ətrafında macəra"
romanında postmodernizmin
mətnlə oyun, semiotika, dəyərlərin
yenidən qiymətləndirilməsi,
poststrukturalist estetika,
rizomatik təfəkkür,
metonimiyalılıq kimi
nəzəri məsələləri
bədii şəkildə
təsvir olunmuşdur".
Romanda əsas mövzu olan fərdi şəxsiyyət
uğrunda mübarizə,
cəmiyyətin mövcud
quruluşu və
hegemon bir kimlik tətbiq etməsi arasındakı döyüş,
eyni zamanda, şəxsiyyət axtarışı
və həqiqət, valideynlərlə problemli
münasibətlər, tarixi
hadisələr və
indiki zaman, kapitalizm tələsi, marjinal xarakterlərin qeyd olunan postmodernist ünsürlərlə
öz bədii həllini tapması nəzəri fikirlərə
istinad edərək və bədii nümunələr əsasında
ortaya çıxarılır.
"Mexaniki quşun
xronikası" romanında
postmodernizm məsələlərinin
şərhi, postmodernist nəsrin
nəzəri və tarixi istiqamətdə dəyərləndirilməsi, məzmun,
forma və struktur baxımından təhlili
də monoqrafiyanın
önəmli hissələrindəndir.
G.Yunusova romanın əsas səciyyəsini açmağa
nail olur, müxtəlif
hekayətlər - üz-üzə
hekayələr, məktublar,
qəzet məqalələri,
kompüterdə saxlanılan
yazılar və röya kimi vasitələrlə təqdim
olunan əsərin,
"həm tarixi həqiqətləri, həm
də uydurmanı bir-biri ilə birləşdirən hekayə
mozaikası" kimi dəyərləndirdiyi romanın
səciyyəvi keyfiyyətlərini
şərh edir. H.Murakaminin postmodernist romanları arasında müqayisə də aparan G.Yunusova haqlı olaraq belə bir qənaətə
gəlir ki, "Qoyun ətrafında macəra"
romanında öz kimliyini axtaran Bokunun səyahətinin Yaponiyanın tarixi hadisələrindən süzülərək
keçməsinə baxmayaraq,
"Mexaniki quşun xronikası" romanı H.Murakaminin tarixə yönəlməsini və
fərdin postinsana çevrilməsinin birbaşa
təmsil etdiyi cəmiyyətin tarixində
yaşananlarla bağlı
olmasını ən qabarıq şəkildə
nümayiş etdirən
əsərdir".
"Qaranlıqdan sonra"
romanında yazıçı
postmodern cəmiyyətin təşviq
duyğularını bədiiləşdirməyə
davam etmişdir" düşüncəsindən yola
çıxan G.Yunusova müəyyən
mənada ssenari şəklində yazılmış
romanda yazıçının
coğrafiya, bədən
və kinematik vizuallaşdırma ilə
təcrübələr apardığını
qeyd edir. Orijinal quruluşa malik romanın bir-biri ilə kəsişən hekayətləri əhatə
etdiyi və bütün bunların oxucuya hadisələri görünməz şəkildə,
sanki bir müşahidə kamerası
kimi izləyən üçüncü naməlum
şəxs tərəfindən
çatdırıldığı müəllif tərəfindən
doğru şəkildə
təsbit edilir.
Kitabın tərtibatı, elmi strukturu, bir sıra ingilisdilli və yapondilli elmi əsərləri, ilk
dəfə olaraq, elmi dövriyyəmizə daxil etməsi, H.Murakaminin tədqiqata
cəlb olunan bütün əsərlərinin
orijinallarına müraciət
olunması da çox
əhəmiyyətli cəhətlərdəndir.
Haruki Murakaminin "mənim,
"bəli, mən
roman yazım", - deyə
ilk dəfə ağlımdan
keçirdiyim andı
bu. Açıq səma,
yaşıl tər çəmənlərin toxunuşu,
beyzbol çomağının
həzz verən səsini hələ də xatırlayıram. O
an göylərdən bir
şey səssizcə
süzülərək aşağı
enmiş və mən də onu uğurlu şəkildə yaxalamışdım
sanki" sözləri
ilə başlayan kitabını Gülnar Yunusova da belə uğurlu şəkildə
yazaraq nəşr etdirmişdir. Bu kitabın
da Azərbaycan elmi mühiti və oxucuları üçün
yapon ədəbiyyatına yeni bir pəncərə açacağına inanıram.
Haruki Murakami "dərin çaylar səssizcə axır" deyirdi. Yazıçının yaradıcılığı
səssiz axan çaylara bənzəyir,
dərinliyindəki təlatümləri
görmək üçün
dinləməyi bacarmaq
lazımdır.
Bəsirə
ƏZİZƏLİ
Filologiya elmləri doktoru
525-ci qəzet.- 2025.- 7 oktyabr (№181).- S.14.