Min qılınca bir qələm
Haqlıydı Füzuli!
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var - bəyanı ilə haqlıydı şair; bizsə dərinə getmirik. Yüz illərdi Məcnunun aşiqliyini vəsf edir, Leylini qınamaqdan
qalmır, amma fərqinə
varmırıq ki, Məcnun,
əslində, çox
zəifdi, bir az da... qorxaqdı.
Sübut?
Məcnun - ona inanan, güvənən
qadını xoşbəxt
eləmək qüdrətində
olmayan bu kişi - gücsüzlüyü,
qətiyyətsizliyi ucbatından
təyinatını təsdiq
edə bilmədi və nəticədə qatil oldu. Leylinin
qatili. Leylinin güvəndiyi dağ ovulub töküldü və qadın qaldı o ovuntuların ağırlığı altında.
Məcnun Nofəli də döyüş meydanında
tək qoyub İbn-Səlam tərəfə keçdi, rəqibinə xilaskarı kimi baxdı; İbn-Səlam Məcnunu təyinat məsuliyyətindən qurtarmaqda
bir vasitə kimi göründü ona.
Məcnun etirafdan qorxub, bəhanədən yapışdı.
Çünki...
Hər bir kişi iki
Qadını sevir. Birini öz fantaziyasında yaradıb sevir, o birininsə, yolunu gözləyir və bu ikinci
Qadın hələ dünyaya gəlməyib.
Get, sən o Leyli deyilsən...
Halbuki ürək bir dəfə sevir.
Kişinin təyinatı bu bir dəfəni düzgün tutub, qəlbinin qadınını
xoşbəxt edə bilməsilə mütləqləşir.
Qəlbindəkini Yanındakı
edə bilən Kişi Ən Qüdrətlidir.
Məcnun qüdrətli deyildi!
İbn-Səlamın ölümündən
sonra Leyli dayağına - ailəsinə
qayıdaydı gərək. Leylisə bu dayağı Məcnun bildi və yanıldı. Məcnun dayaq ola bilməzdi. Çünki Məcnun mühakimələrlə
duyğuların savaşında
həqiqətin - duyğuların
tərəfində dura bilmədi.
Füzuli isə, duyğuların gözəlliyini o qədər
ali dildə, elə zərif və dərin, elə əzəmətli və kövrək təqdim etdi ki, insanlıq neçə əsrdir ki, bu sehrdə qərq olur, amma xilas barədə düşünmür.
Ey Füzuli, qılmazam tərki-təriqi-eşq
kim,
Bu fəzilət daxili-əhli-kəmal eylər
məni.
Bu mənada Leyli
güclüdür.
Bu mənada Qadın
ucadır, səmimidir,
fədakardır, bütövdür.
İlyas Əfəndiyev də bu gücü,
bu ucalığı və fədakarlığı
etiraf və təqdir edən şairdi. Bəli, bu məqamda şairdi.
Onun şairliyində
hər birimizin həyatının əsl
gözəlliyi - müdrikliklə
həqiqətin dərk
olunub yanaşı durduğu anın poeziyası yaşayır.
Bu müdriklik həyatımızın
çətinliklərinin, səhvlərimiz
və günahlarımızın,
sarsıntı və mütəəssirliyimizin, peşmanlıq
və məyusluğumuzun,
əlacsızlıq və
əlçatmazlıqların verdiyi dərslərdən
gəlmir. Bu - insanın
özünü dərk
edib, əzəmətini
qiymətləndirdiyi zaman yaşadığı
hisslərin işıqlı
və hərarətli
nəhayətsizliyində, məhz
orada əsl xoşbəxtliyin olduğunu
duyanda keçirdiyi duyğuların qələbəsidir.
İlyas Əfəndiyevin yaradıcı paradiqması
Cibran Xəlil Cibrandan oxuduğum bir alicənablıq nümunəsinin heyranlığını
xatırladır: kimdənsə
balıq istəyəndə
sənə ilan verəni qınamağa tələsmə. Düşün
ki, yəqin olanı buymuş... Elə isə, bunu səxavət kimi qiymətləndirmək gözəl
olmazmı?
Həqiqətin düsturu da buradan çıxır: gözəllik
- insan həyatının
məqsədidir.
İlyas Əfəndiyevin şairliyi insan qəlbini ehtizaza gətirən, heyranlıqla
dolduran müdriklikdir.
Bu yöndən yanaşılsa,
onun yaradıcılığını
dramaturgiya, nəsr bölgüsünə salmaq
çətindir, ən
azından, "İlyas Əfəndiyev
teatrı" ifadəsi
dövriyyədə olsa
belə. Onun qələmindən (qəlbindən)
süzülən yazılar
bütövlükdə insan
qəlbinin, duyğularının
və gözəlliyin
şəninə bəstələnmiş
nəğmələrdir.
İlyas Əfəndiyevin yaradıcılığının şairanə ruhu təbiət və insan vəhdətinin əzəmətini, varlığın
mahiyyətini, əzəli-əbədi
duyğuların qiymətini
ifadə edir. Bu yaradıcılıq mahiyyəti
ilə insan qəlbini dinləməyə
- bu ucalığa enib onu dərk
etməyə çağıran
bir Səsdir. Amma bu Səs haray
deyil, pıçıltıdır,
(ən dərin hisslər, yaşanılmış
duyğu - istər sevinc olsun, istər
kədər - yüksək
tonu sevmir), di gəl, bu pıçıltının
təlqin gücü insanın ruhunu oyadır, düşüncəsini
silkələyir.
"Mən bu fikrə gəlmişdim
ki, bizim cəmiyyətimizin
hər bir nöqsanlı üzvünü
öz yerində oturtmaqla, ona həvəsi, qabiliyyəti
olan işi verməklə düz yola salmaq olar.
Bunun üçün adamlarımızın
qəlbinə, ruhuna nüfuz etməyi bacarmalıyıq. Bizim bir-birimizi dərindən tanımağa, bir-birimizin
ürəyinə yol açmağa, ona təsir etməyə imkanımız vardır"
("Söyüdlü arx").
İlyas Əfəndiyevin qəhrəmanı Nuriyyənin
cəmiyyəti yazıçının
keçmişinin ahəngini,
rahatlığını pozmaqla,
sanki bu keçmişdən öc
alırdı və bu hayıfı onun gənc həyatını çətinliklərin,
acıların dözülməzliyindən
keçirməklə çıxırdı.
Bu anlaşılmazlığın səbəbini yazıçı
ömrünün sonunacan
düşünürdü və görünür, cavabı hətta özlüyündə etiraf
etmək çətindi.
Bu etirafdan daha çətin olan bir şey də
vardı: xatirələr.
Bəlkə ona görə deyirmiş:
"Geriyə baxma, qoca"?
"O adam mənim
də heç bir zaman yadımdan çıxmadı. Mən
keçəl Əmrahın
bir zaman dəllək olduğunu bilirdim. Neçə dəfə atam saçlarımı düzəltdirmək üçün
məni onun dükanına aparmışdı.
Dəllək Əmrah
da həmişə atamı
böyük hörmətlə
qarşılayardı.
Mən heç başa düşə bilmirdim ki,
həmin o Dəllək
Əmrah indi şəhər sovetinin üzvü olandan sonra nə üçün
bizimlə düşmən
kimi rəftar edir? Bizdən nəyin qisasını alır? Niyə birdən-birə belə amansız adam olub".
80-ci illərin əvvəllərində
böyük maraqla qarşılanmış "Geriyə
baxma, qoca" romanı, əslində, Zamanın gündəliyi idi və onu
oxuyub başa çatandan sonra, neçə illərdi öz-özümə verdiyim
sualın cavabını
tapdım sanki və məhz bu roman, ildırım qaranlıq gecəni bir anlıq aydınlatdığı kimi,
bəzi mətləblərə
işıq saldı.
İlyas Əfəndiyev gündəlikləri niyə
yandırdı? Axı,
gündəliklər keçmişlə
görüş imkanıdır.
Gündəlikləri məhv
etməklə keçmişlə
görüş imkanından
birmərrə məhrum
olmuruqmu?
Keçmişdə
nə vardı? Xəyallar?!
Bəlkə reallıqlar keçmişin
bu qiymətli saxlancına - xəyallara gülür, onu aşağılayırdı və
mənim kövrək
yazıçımın bu
ədalətsizliyə səssiz-sözsüz
üsyanıydı məhv
olmuş gündəliklər?
Məgər mənim yazıçımın da qənaəti
belə deyildimi ki:
"Biz əsəblərimizi dəmir kimi möhkəmləndirmək
üçün şüşə
qırıntıları üzərində
ayaqyalın gəzirik"?!
İndi budur, üstündən
neçə onillər
ötəndən sonra
"Geriyə baxma, qoca" təklifinin bir yazıçı priyomu kimi daha
cəlbedici göründüyünün
fərqinə varırsan;
bu, əslində, keçmişi unutmamağa,
onu öyrənməyə
çağırışdı, bağları qırılmağa
qoymamaq vəsiyyətidi.
İncə bir psixoloji priyom: qadağan olunana maraq, sirli görünənə
qarşısıalınmaz meyl, canatma insanın
fikrini səfərbər
edib yönəldir və sən dərinliklərə baş
vurmaq, sonacan getmək həvəsindən
saxlaya bilmirsən özünü...
Bu çağırışın o
biri ucunda isə müdrik bir yolgöstərmə də var - keçmişə
aludə olub qalmaq, daim onunla
yaşamaq olmaz, yollar sabaha aparır,
keçmişin xatirələri nə qədər şirin, gözəl olsa da, gələcəyin naməlumluqlar
arasında sayrışan
işığı daha
cəlbedicidir və bu, həyatın qaçılmazlığıdır.
İlyas Əfəndiyevin yaradıcılığı da, yaradıcılığın kredosu
da dünənlə sabahın
arasında durub, yol göstərən dünyagörmüş ağsaqqalın
xeyirxahlıq dolu nəsihətini xatırladır.
Ötürücüdür, ayrıcıdır, həm
də sintezdir. Gənclik şövqü,
sevgi ilə dolu sintezin lirik,
şairanə ovqatı
insanı yaşamağa
səsləyir.
Koloritli dil, üslub özünəməxsusluğuna sadiqlik hər yazıçıya nəsib
olmur. İlyas Əfəndiyevin
yazıçılığında orijinallığı təmin
edən bir məqam var ki, bu da sözlərin vətəndaşlıq
statusu ilə bağlıdır. Bir də
ovqatın. Onun əsərlərinin hər
hansı birini, adsız-müəllifsiz oxusan,
fərqi yoxdur, bu vətəndaş - sözlər və ovqat, həyatsevərlik, yaşamaq eşqi və gözəlliyə münasibət o saat əsərin müəllifini
nişan verəcək,
deyəcək ki, əlbəttə,
İlyas Əfəndiyevindir. "Deyirlər, mənim atam ağılda, yaraşıqda, qanacaqda iki oğlanın biriymiş..." Hətta
bəzən adama elə gəlir ki, məsələn, "eyzən",
"mərdanə" sözlərini,
"hər ikimiz gənc və gözəldik" cümləsini,
"çiçək kimi
təmiz" ifadəsini,
"sonra" ilə başlayan ilk cümləni
ilk dəfə İlyas Əfəndiyev
yazıb və şairanə üslub, özünəməxsusluğun bu "müəlliflik hüququnu" oğlu Elçinə miras qoyub. Hərdən adama elə gəlir ki, İlyas Əfəndiyevin
mövzuları qərib
düşüb.Onun mövzularında insan qəlbini riqqətə gətirən, duyğulandıran,
gözəlləşdirən nisgili, "təmiz və təravətli olan hər şeyin"
barmaqlarının arasından
tökülən qum kimi axıb getdiyinin amansızlığını
qoyub gedib əvəzində.
İlyas Əfəndiyevin "məişət mövzularından
kənara çıxmayan"
hər hansı bir əsərini xatırlamaq istəyirsən
ki, bugünkü "sevgi
səhnələrinin"oxşar cizgilərini müqayisə
edəsən. Bugünün
hansı əsərində
Fəridə tapacaqsan
ki, ədalətlərin qara
pullarına "yox"
demək gücündə
olsun? Bugünün fəridələri Ədalətlərin
hünərini, kişiliyini,
bacarıq və fərasətini evə gələn bağlamaların
çoxluğu, inomarkaların
ayda dəyişən
adları, dünyanın
o başında dincəlmək
imkanları... ilə ölçürlər.
Yazıçı kimi "adına yazılası" daha ciddi xeyli nüans
var ki, bu barədə
mütləq danışmaq
lazımdır. Bu nüansların
əhəmiyyətini duymaq
üçün İlyas Əfəndiyevin
mənsub olduğu ədəbi dövr, ədəbiyyata gəldiyi
vaxtların mənzərəsi
haqqında, qısa da
olsa, məlumatlı olmaq vacibdir.
Onun ədəbiyyat
adlı planetə vizit kartı "Kənddən məktublar"
olub. İndi ədəbiyyata
kənddən məktublar
gəlmir. İndi kənd
yerindən durub ədəbiyyata gəlir.
O arzularla bugünkü
iddialar yerlə göy qədər fərqlidir. İlyas Əfəndiyevin
qəhrəmanları dağlarda
qalan mahnının nisgilini məhəbbətin
vida anı bilirdilər. Bu gün dağlarda təkcə mahnılar qalmayıb... dağlarda çox şey qaldı, betəri də budur ki, dağlarda qoyub gəldiyinin heç o mahnı qədər yanğısını
hiss etmək olmur dağları qoyub gələnlərdə.
Azərbaycan repressiya xofundan təzəcə uzaqlaşırdı,
gənc yazıçının
ailəsi isə "səsi alınmışların"
nəsibinə görk
olası günlərin
acı sonluğunu dadmışdı; atanı
bu xof və
əzilmələr "aparmışdı".
Cəmiyyətin, ideologiyanın
"məndən bizə"
götürdüyü səmtin
üzücülüyü narazılıq doğursa
da, "geriyə" cəhdlər
hiss olunmurdu. Nəsrdə
lirik-psixoloji roman ənənəsinin,
insanın mənəvi
dünyasının təqdim
olunması, mənəviyyat
məsələlərinin qoyulması
onun adı ilə bağlıdır.
Bu, göydəndüşmə təqdimat deyildi, yəni iddia etmək doğru deyildir ki, İlyas Əfəndiyevdən
başqa kimsənin adını çəkmək
olmaz. Lakin məhz bircə misal çəkmək kifayətdir
ki, onun cəsarətli
addımının doğurduğu
rezonansı yada salsın.
"Körpüsalanlar" povesti və Səriyyə obrazı.
1960-cı ildir və qadın üçün,
azərbaycanlı ailəsi
üçün ağlasığmaz
hərəkətləri ilə
heyrətamiz qıcıq
doğuran Səriyyəni
tənqidin və ictimaiyyətin qınağından
xilas edən, zənnimizcə, müəllifin
obraza aşkar duyulan rəğbəti və bir də
yazıçı üslubu.
Məhz bu üslub "yeni əxlaq və düşüncə
tərzini" həzm
etməyə kömək
etdi. İlyas Əfəndiyevin
dili və obrazların daxili aləmində sonacan səmimi olması Səriyyəni "qəbul
etməyə" vadar
edirdi. Səriyyənin
"qəbul olunmasında"
iki il əvvəl oxucuları yeni ovqata kökləmiş, oxucu marağını əsir
etmiş "Söyüdlü
arx" romanının
xidməti də danılmazdır. Yarım
əsrdən çox
yaşı olan "Söyüdlü arx" yeniyetməliyin mütaliə
şövqünün hesabına
yazıla bilən
"kövrəlmək adiliyini"
bu gün də təkrarlayırsa, bu, həm də
onun hesabınadır
ki, insanın mənəvi
yüksəlişinə və
ləyaqətinin qorunmasına
səsləyən təmiz,
təravətli duyğular
ahənruba kimi özünə çəkən
bir dillə, xoşhal təmasla insanın yalnız özünə etiraf edə biləcəyi bir hekayəti oyadır, hər kəsin öz hekayətini oxutdururdu özünə.
"Gəncliyimin ilk çağlarından
məndə "Segah"a anlaşılmaz bir bağlılıq var idi. Mənə elə gəlirdi ki, bu muğam, nə isə, qəmli bir hekayə nəql edir. Lap əvvəllər
mən bu hekayətin nədən ibarət olduğunu, "Segah"ın nə söylədiyini anlaya bilməzdim. Mən yalnız axşam qəribliyinə və ya nəyinsə iztirabları ilə pərişan olan bir qızın kədərinə bənzər
duyğular hiss edərdim.
Lakin o gənc leytenant
görüş vəd
edib gəlməyəndən
sonra hər dəfə "Segah"ı
dinləyərkən, qəlbimdə
tamamilə yeni bir aləm yaranırdı və mən bu aləmdə yalnız müztərib insan məhəbbətinin
böyük taleyini görürdüm. Sanki Leyli
bu "Segah"ın
dili ilə İbn Salamdan xahiş edirdi ki, ona arvad olmaq üçün
Məcnunun eşqini unudana qədər möhlət versin.
İndi mən də yalnız o xoşbəxt gecədə mənə görüş vəd edərək gedən, bir də qayıtmayan
o gənc leytenant haqqında düşünürdüm".
İlyas Əfəndiyevin bir yazıçı kimi qadın hisslərini, bu hisslərin bütövlüyünü
və qadın fədakarlığını duyub
qiymətləndirməsi, öz
həmcinsinə məhz
qadının tərəfində
durub, onun gözü ilə "dəyər verməsi",
insan münasibətlərində
şablonları yox, duyğuların azadlığını,
demokratik prinsipi əsas tutması onu həmkarlarından fərqləndirirdi. Onun Həsənzadəsi, Kamranı,
Valehi, lap elə Ərşadı, Muradı...
Sanki ayrı-ayrı dövrlərdə,
ayrı-ayrı qanun-qaydaların
hökm sürdüyü
məmləkətlərdə yaşayan eyni adamdır və bu eynilik məhz
kişilik, ləyaqət,
babalardan gəlmə adət-ənənələrə, davranış, düşüncə
əxlaqına sadiqlik
hissindən su içir, xalqın, millətin təfəkküründə,
yaddaşında "əsl
kişi" obrazına
yeni çalar qatır.
Onun qadınları da
məhz belə kişilərə görə
dünyanın ən ağır, ən dözülməz peşimanlığını
yaşaya bilərlər.
"Axı, Borçalı
dünyanın o başı
deyildi ki..." ("Unuda
bilmirəm").
"Bu, mənim üçün
təsəvvür eləməyəcəyim
bir səadət idi. Lakin xeyli fikirdən sonra belə qərara gəldim ki, nazirliyə teleqram vurub, gəlmək istəmədiyimi
bildirim. Çünki
buradan çıxıb
getmək, üz-gözümün
öyrəşdiyi adamlardan
ayrılmaq... mənə
xəyanət kimi görünürdü... axı,
buradan Quzey qışlağa cəmi altı-yeddi kilometrdir..."
Söyüdlü arxın
"sükuta dalmış
çöl ilə xoş bir xəyal,
bir ömür kimi uzandığı"
Quzey qışlaq Nuriyyənin gənc leytenantının - Muradın
kəndi idi.
İlyas Əfəndiyevin "Tufandan sonra" kinonovellasında Leylanın
cəsarətli jesti həyat yoldaşı Laçının danışmaq,
etiraz etmək, "kişilənmək" haqqını
əlindən alır.
Çünki bu cəsarət həqiqətdən
gəlirdi.
"Ovçu gedir...
qız baxırdı...
- Məndən xanımınıza
salam yetirin... - deyə qız təkrar arxadan qışqırdı, - deyin,
mən ona həsəd aparıram, eşidirsinizmi, həsəd!
...Laçın hələ
də ovçunun ardınca baxan qıza yaxınlaşıb
soruşdu:
- Nə üçün
onun arvadına həsəd aparırsan? Gözəl oğlan olduğuna görə?
- Yox, - deyə qız sakit ifadə ilə cavab verdi - Həqiqi
kişi olduğuna görə.
Və çevrilib ağır addımlarla Laçından
uzaqlaşdı..."
İlyas Əfəndiyevin mütaliəsi haqqında
çox dınışıblar
və ilk baxışda
adama elə gəlir ki, bu zənginlik onun yazıçılığına iz qoymamış olmaz. Onunsa yaradıcılığı
milli koloritlə o qədər
doludur ki, yad havaya yer qalmayıb. Çünki o, dünyanı,
həyatı öyrəndikcə,
mənsub olduğu mədəniyyətin, milli ruhun
yerini, çəkisini
görüb. Bu isə,
ona müasirliyi, inkişafı qiymətləndirməkdə
qətiyyən mane olmayıb. Yeniliyə, sabaha, gələcəyə
münasibət, yeni yanaşma
onun əsərlərinə
gəncliyin çağlayan
enerjisini, nikbinlik və hərarət gətirib. Amma... bütün
bu təravətli, gümrah nəşənin
dağlarda qalmış
nəğmələrin xiffətinə
büründüyünü sezmək çətin deyil. Sarıköynək Qədirxan babadan xeyir-dua alıb ayrılanda da, büllur sarayın xəfəsində
tıncıxan Bayandurun
Aynur üçün
bir yeni, əfsunlu dünya olan söhbətlərində də,
Ələsgər dayının
sazından Nuriyyənin
nisgilli qəlbində
qalan uşaqlıq xatirələrinin unudulmazlığına
çilənən kövrəklikdə
də bir yanıqlı sual, qeybdən səslənirmiş
kimi sızlayır:
Üzü bəri baxan dağlar,
Mənim sizdə nəyim qaldı?
İlyas Əfəndiyevin "Üçatılan", "Geriyə
baxma, qoca" "Xan
qızı Gülsənubərlə
tarzən Sadıqcanın
nağılı" əsərlərini
çəkinmədən Qarabağ
həyatının, tərəkəmə
elatının yaşayış
tərzinin, məişətinin
etnoqrafik tablosu, Qarabağnamələrdən biri
adlandırmaq istəyirəm.
Elə bil tərəddüdümün ifrat
- həqiqət sərhədindəyəm
və yadıma yazı mədəniyyətindəki
kübarlığı ilə
seçilən Yaşar
Qarayevin bənzətməsi
düşür: "Bu gün
Qarabağlı şairlər
və nasirlər arasında Xarıbülbül
öz mahnısını
hamıdan çox
İlyas Əfəndiyevin dili
ilə oxuyur".
Bu qəmli nəğmənin
nə olduğunu isə, "susmaqdan ürəyi daş olan bilər".
İlyas Əfəndiyevin əsərlərinin təhkiyəsindən
süzülən bir ümid işığı,
həyat eşqi onları nağıllarımızın
ruhuna yaxınlaşdırır.
Xeyirxah nağılların
igid qəhrəmanları,
müdrik qocaları bizi qorxulu divlərin,
zalımların əsarətindən
qurtardığı kimi,
Muradzadə, Ərşad,
Şahmar, Ovçu, Həsənzadə, Atayev də davranışları,
alicənablıqları, "mərdanə tövrləri"
ilə oxucunu haqqın, ədalətin, nəcibliyin, təmiz sevginin, dürüstlüyün
varlığına, gözəlliyinə
inandırır.
***
Hər bir yaradıcılıq sualdır, həyat, insan, yaradılış haqqında, insan münasibətlərinin çeşidləri,
ömrün mənası
ilə bağlı düşüncələrdir. Bu müxtəlif, rəngarəng
yanaşmalar "gəlimli-gedimli
dünyanın" faniliyinə
qarşı gücsüzlüyümüzü
dərk etməyimizin,
bununla belə, bu gücsüzlük qarşısında insan iradəsinin, xəyallarının
möhtəşəmliyinə inamımızın yolu yaş, həyat təcrübəsi, dünyagörüşümüz
və xarakterimizdən
asılı olaraq dəyişə bilir. Amma
istedadın dərəcəsi,
hamının baxdığında
hər kəsin görmədiyi zərrədə
bütövü görə
bilmək, duymaq həssaslığı yaşın,
həyat təcrübəsinin
qabağına keçə
bilir.
İlyas Əfəndiyevin "Qırçı və qırmızı çiçək"
hekayəsi bu düşüncələrin havasına
kökləyir oxucunu.
Hekayə həm də yazıçının
fərdi üslubunu, detalla işləmək, onu mənalandırmaq səriştəsini ifadə
edirdi. İnsan kiminçünsə yaşayanda,
gərəkli və gözlənilən olduğunu
biləndə ömür
də, bu ömrün ötüb keçən hər günü də mənalı olur, məzmunlu olur.
"Onun günəşdən,
ayazdan yanıb qaralmış geniş alnındakı qırışlar
kotan şumu kimi dərin idi...
Qoca yazda
və payızda asfaltı deşib çıxan bu xırda çiçəkləri
çox görmüşdü
və hər dəfə də qocaya elə gəlmişdi ki, bu kiçik çiçək
sevinclə ona baxıb nə isə deyir... Lakin nə deyir? Qoca bu barədə
fikirləşməmişdi, sadəcə olaraq, çiçəyin zühuru
ilə onun dərin qırışları
olan çöhrəsindəki
sərt ifa-də bir qədər yumşalmış, bu qədər balaca, bu qədər zərif bir varlığın qüdrəti
onda riqqətli, mehriban duyğular oyatmışdı".
Onun heç
kəsi yoxdu - xatirələrindən və
köməkçisi qırçıdan
başqa. Bu sakit növrağı ləpələndirən
qırmızı bantlı
qızın gəlişinəcən
beləydi. Qoca yenə də öz aləmində idi, amma indi onun bu aləminin
qayğıları bu
cütlüyün ailə
sevincinə səmtlənmişdi,
onlara öz övladları kimi toy edəcəyini düşünürdü.
Amma qırmızı çiçəkdən
fərqli olaraq, qırmızı bantlı
qız qocanın qüruba əyilən ömrünə qəmli bir iz saldı:
"...Gözləri xeyli
müddət otağın
zülmətinə zillənib
qaldı. Elə bil ki, bu zülmət
bir əbədiyyət
idi və o, bu əbədiyyətə
qovuşmuşdu. Lakin onun
şüuru işləyirdi.
Bu şüur isə,
işıq və ümidlər silsiləsindən
ibarət idi".
Bu silsilənin sonunda
"həyatın - böyük
və qüdrətli həyatın qanunu"
son hökmünü verəcəkdi...
İlyas Əfəndiyev nəsrinin səciyyəsi
kimi, iyirminci yüzil Azərbaycanının,
azərbaycanlısının həyatının mənəvi-psixoloji
barometri" ifadəsinin
qüvvətli və kəsərli olmasının
kökündə onun
yazıçı üslubunun
lirizmi, "köhnə
ilə yeninin", mühafizəkarlıqla qabaqcıl
düşüncənin "dil tapıb yola getməsi" və bir də,
fonosemantikanın tədqiqi
üçün geniş
imkanlar verən sözlərin, səslərin
musiqi ahəngi, rəngli sözlərin və rəngli fikirlərin mozaik zənginliyi mühüm rol oynayıb.
Azərbaycan ədəbiyyatının zəngin
irsinə qiymətli əsərlər vermiş
XX əsrdə insanın
bədii-estetik dərkinə
xidmət edən yaradıcılıq nümunələri
içərisində nəsr
poetikası ilə seçilən İlyas Əfəndiyevin
milli komedioqrafiya ənənələrinə
söykənən dramaturgiyasının
da mədəniyyətimizin inkişafında özünəməxsus
yeri vardır. Bu, əslində, çox məsuliyyətli bir addım idi; Hüseyn Cavid, Cəfər Cabbarlı dramaturgiyası milli mədəniyyətin
qızıl fondunda idi. Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov, klassik dramaturgiya ənənələri
vardı, Cəlil Məmmədquluzadənin elə
bircə "Ölülər"
pyesinin Tofiq Kazımov (rejissor), Elçin Aslanov (rəssam) yozumunda parlaq səhnə uğuru fonunda dramaturgiyaya gəlmək cəsarət tələb
edirdi. İlyas Əfəndiyev
bu yolu - öz yolunu tapa bildi və sanki
Azərbaycan teatr səhnəsinin dili ilə qiymətini aldı: "Sən həmişə mənimləsən".
İlyas Əfəndiyevin və
Tofiq Kazımovun birgə işi çox yüksək qiymətləndirildi. İlyas Əfəndiyev
bir nasir kimi "bizdən mənə" qayıdışını
səhnə dili ilə gerçəkləşdirdi.
"Məhv olmuş gündəliklər", "Unuda
bilmirəm" - 1954-cü ildə yazdığı
"Atayevlər ailəsi"
pyesindən sonra -
60-cı illərdə İlyas Əfəndiyev dramaturgiyasının
bu maraqlı nümunələri teatrımızın
səhnəsində hadisə
kimi qiymətləndirildi
və bu gün də qiymətini itirməyib.
70-ci illərin sonuna
doğru ictimai-siyasi həyatımızın dərinliklərində
hiss olunan təbəddülatları
ədəbiyyatımızın tarixi mövzulara müraciətinə rəvac
verirdi. Azərbaycan teatrı İlyas Əfəndiyevin
tarixi pyesləri ilə milli-mənəvi dirçəlişə, tarixi
yaddaşın qatlarına
üz tutdu. "Xurşidbanu Natəvan"
(1978), "Sevgililərin cəhənnəmdə
vüsalı" (1989), "Hökmdar və qızı" (1991) pyesləri
azadlıq, milli istiqlal
yoluna çağırışdı
və bu mərhələ 30-40-cı illərin
pafos teatrının davamı kimi görünürdü, amma bu
pafosun mübariz ruhu insanı yormurdu, zəncirin həlqələri kimi bir-birinə bənd olur, birliyə səsləyirdi.
70-ci illərin sonunda,
inkişaf etmiş sosializmin yüksək mərhələsini yaşayan
Sovetlər Birliyində,
onun bir respublikası olan Azərbaycanda bu inqilabi çağırışın
bir adı meydan oxumaqdı, etirazdı həm də. "Deyin ki, mən Xurşidbanu Natəvan bu əzablı yolları onlarla birlikdə gedəcəm! Onu da deyin
ki, bu uçurumlu yolların sonunda bizi öz milli birliyini, azadlığını
tapmış azad Azərbaycan gözləyir!"
90-cı illərdə Azərbaycan tarixi faciələrinin, böyük
səhvlərinin acısını
yenidən yaşayanda
İlyas Əfəndiyev Ağabəyim
Ağanın dili ilə xalqına səsləndi.
"Qoy böyük
Yaradan sizin kimi Azərbaycan igidlərinin qılıncını
əlindən salmasın.
Bu, yalnız bizim faciəmiz deyil. İbrahim
xanın rus padşahının sözlərinə
inanıb, ona tabe olması bizim gələcək nəsillərimizin də faciəsidir. Mənim əziz həmvətənlərim,
Azərbaycan türkləri
heç bir zaman yadelli padşahın zülmünə tabe olmayacaq. Həmişə vətənin azadlığı
uğrunda vuruşacaq".
Və mən, İlyas Əfəndiyevin
dramaturgiyasının, dramaturgiya
dilinin nasir İlyas Əfəndiyevin dili arasında çox, həddən artıq oxşarlığını qeyd
etməyə bilmirəm.
Mən bunun pismi, yaxşımı, doğrumu-yanlışmı olmasını
düşünmək istəmirəm.
Mən onu fikirləşirəm ki, məhz
bu dil, məhz
bu üslub - İlyas Əfəndiyevin şairanə
üslubu onun pyeslərini Azərbaycan səhnə sənətində
hələ neçə
nəsil yaşadacaq. Və bu üslubda
mən İlyas Əfəndiyev
adında bir şair görmüşəm.
İlyas Əfəndiyevin "fərdi üslubunun" mühüm cizgisini qeyd etmək lazım gəlir. O, sənətkar ömrünü
ictimai fəaliyyət,
dövlət qulluğu,
məmur meşşanlığından
feyziyablığına bölməyib,
özünü Sözə,
Yazıçılığa bütöv verib. Halbuki ədəbiyyata gətirdiyi obrazların yeniliyinə qarşı hücumlardan, tənqiddən
sığortalanmağın ən sərfəli yolu olan "kreslo zəhminə" güvənmək üçün
onun imkanları çox olub. Bəlkə quruluşla sonacan barışa bilməyib, bəlkə xarakterindəki "çətinlik"
qoymayıb, demək çətindir. Hər halda, hər iki səbəb özünü hiss etdirib.
Ünsiyyətdə olduqlarının
müşahidəsidir ki, ilıq,
romantik, xeyirxah adamlara qarşı munis münasibətdə olan İlyas müəllim
xudbin, bədxah, simasız adamlara münasibətdə barışmaz
idi. Real həyatdakı
mövqeyi onun əsərlərində müxtəlif
obrazların səciyyəvi
mənəvi keyfiyyətinə
dönərdi.
Görünür,
İlyas Əfəndiyev özünü
daha yaxşı görüb, daha düzgün qiymətləndirib.
Özünə, istedadına, həyata, insana böyük və güclü inamı olan yaradıcı insan hər fürsətdən
barınmaq, "harda aş, orda baş"
olmaq şakərindən
o qədər uzaqdır
ki...
İlyas Əfəndiyevin sənətkar amalı
"yalnız bir dəfə sevən ürək" timsalındadır
- yamaq götürməyib,
Yazıçılığı bütün qəlbilə
sevib.
"Hər təfsilatda
lirik dramatizm və poetik nikbinlik arayan" bu yazıçı haqqında yazını, onunla ünsiyyətini kövrək - əziz xatirə kimi qoruyan İmamverdi Əbilovdan dəqiq, dolu və layiqincə
bitirə bilməyəcəyimi
düşündüm:
"İlyas Əfəndiyev yalnız üslub əlvanlığı, fərdi
intellektual zənginliyi
ilə deyil, şəxsi ləyaqəti,
davranış və münasibətləri həddində
də romantik, şairanə və lirik bir insan
ömrü yaşadı".
Südabə
AĞABALAYEVA
525-ci qəzet. - 2025.-
7 oktyabr (№181).- S.12-13.