Kitablar dövrünün salnaməsidir
Kitablar bizi
ötən əsrlərin
mənəvi varisi edir.
Nəcəf bəy
Vəzirov
Oktyabrın 1-də Bakı
Ekspo Mərkəzində
Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin
təşkilatçılığı ilə 11-ci Beynəlxalq
Kitab Sərgisi açıldı.
Ölkədə baş
tutan mühüm tədbirlər, o cümlədən
kitab sərgiləri günün
reallığı ilə,
cəmiyyətin qarşıya
qoyulduğu hədəflərlə
bağlı olur. İndiki zamanda ölkəmiz üçün
prioritet məsələlərdən
biri ən müasir texnologiyaların
respublikamıza gətirilməsidir.
Prezident cənab
İlham Əliyevin də
söylədiyi kimi,
"XXI əsr texnoloji
mübarizə əsridir
və bizim kadr potensialımız, texniki imkanlarımız
buna hazır olmalıdır".
7 oktyabra qədər davam edəcək sərginin mövzusu bu sahə ilə
səsləşir: "TEXNO-İNSAN - dünənin əfsanəsi,
bu günün hadisəsi".
Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin
hər il təşkil
etdiyi Beynəlxalq
Kitab Sərgisi ölkəmizin
kitab mədəniyyəti üçün
mühüm hadisədir.
Bu sərgilər mütaliəni
təbliğ etməkdən
başqa, ziyarətçilərin
dünyagörüşünü genişləndirir, onlara
yeni və nadir nəşrlərlə
tanış olmağa
imkan verir, oxucular, müəlliflər
və nəşriyyatlar
arasında ünsiyyət
platforması yaradır.
İnformasiya texnologiyalarının
sürətlə inkişaf
etdiyi rəqəmsal dövrə kimi kitab hamı üçün ən etibarlı bilik mənbəyi olub. XV əsrin ortalarında Almaniyanın
Frankfurt şəhərində dünyada ilk dəfə keçirilən kitab sərgisindən
başlayaraq XXI əsrə
qədər kitab yarmarkaları
mədəniyyət sahəsinin
ən möhtəşəm
hadisələrindən sayılırdı.
Kitaba bu gün də maraq var. Təsadüfi deyil ki, Frankfurt kitab yarmarkası
500 ildən çox tarixi olan ənənəni
indi də uğurla davam etdirir.
Respublikanın qabaqcıl
nəşriyyatlarından biri
olaraq, demək olar ki, bütün yerli və beynəlxalq
sərgilərdə iştirak
etmişik. Mükafatlarımız
da çoxdur. Azərbaycan
reallığını əks
etdirən kitablarımız
həmişə maraqla
qarşılanıb. Çalışmışıq
ki, sərgilərə yaxşı
kitablarla gedək.
"Yaxşı kitab" deyəndə
həyatını kitab nəşrinə
həsr edən mərhum atam Bəhruz Axundovun sözlərini xatırlayıram.
O, həmişə deyirdi
ki, "pis kitab yoxdur,
pis naşir var". Əslində, doğrudan
da, naşir həyata vəsiqə verdiyi hər bir kitaba
görə məsuliyyət
daşıyır.
Yaxın zamanlara
qədər ölkəmizdə
çap məhsullarının,
o cümlədən kitabların
böyük bir hissəsinin mövzusu daha çox torpaqlarımızın işğaldan
azad olması, haqq səsimizi dünyaya çatdırmaq,
tarixi ədalətin bərpası üçün
səylərimizi ifadə
edirdi. O zaman nəşriyyatımızda
işıq üzü
görən "Qarabağ:
real tarix, faktlar, sənədlər" kitabı
da elə bu zərurətdən yaranmışdı.
"Qarabağ: real tarix,
faktlar, sənədlər"
kitabı 2005-ci ildə
Moskvada keçirilən
MDB ölkələrinin II Beynəlxalq
"Kitab sənəti" müsabiqəsində ən
yüksək balla 1-ci
yerə layiq görüləndə sevincimizin
həddi-hüdudu yox idi. Bu uğur bizi sanki Qarabağın
işğaldan azad olunmasına bir addım yaxınlaşdırmışdı.
Arzularımızın gerçək
olacağına ümidimiz
daha da artmışdı.
O zaman bu məzmunlu kitablar çox idi. Alimlər, publisistlər, naşirlər,
bir sözlə, hər kəs torpaqlarımızın qurtuluşu
naminə əlindən
gələni etmək
istəyirdi.
İndi reallıq başqadır.
Bu gün biz qalib xalqıq. Artıq dünya ölkələrinə
haqq səsimizi eşitdirmək, onları
ədalətli yanaşma
sərgiləməyə təşviq
etmək kimi cəhdlərimiz tarixə
dönüb. Biz müstəqilliyimizin,
suverenliyimizin təntənəsini
qurub-yaratmaqla, regionumuzda
sülhü bərqərar
etməyə çalışmaqla nümayiş
etdiririk. Kitablarımızın
mövzusu da günümüzün
reallığını əks
etdirir.
Bir xalq olaraq bu
yerə addım-addım
gəldik. Atdığımız
hər addımın bizi böyük Zəfərə yaxınlaşdırdığı
enişli-yoxuşlu uzun
bir yol keçdik.
Adi vətəndaşlar olaraq
Böyük Zəfərə
nə qədər yolumuz qaldığını
biz bilmirdik, amma dövlət
başçımız bilirdi!
Möhtərəm Prezidentimiz
hər dəfə
"Biz torpaqlarımızı işğaldan qurtaracaq, suverenliyimizi bərpa edəcəyik!" deyəndə
bunun nə zaman olacağını da düzgün
təxmin edirdi və bu sözləri
qətiyyətlə söyləyirdi.
Siyasi iradə, səbirlilik, diplomatik hünər! Bu keyfiyyətləri
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin
tarixi missiyasına bələdçilik etdi.
İndi biz qürurla "Qarabağ
Azərbaycandır!" deyəndə
iddiamız qeydsiz-şərtsiz
qəbul olunur. Artıq bu iddiaya
qarşı gələn,
onu yalanlamağa çalışan dillər
susub. Onları Prezident İlham Əliyevin
diplomatik bacarığı
və Azərbaycan Ordusunun döyüş əzmi susdurub.
Bir zamanlar Ulu öndər Heydər Əliyev necə gözəl demişdir: "Gün gələcək Azərbaycan
dünyaya günəş
kimi doğacaq!" O gün gəlib! Heydər Əliyev güclü dövlət yaratmaqdan başqa, özündən sonra onu qoruyub uğurla
irəli apara biləcək lider də yetişdirib. Ulu öndər İlham Əliyev
haqqında danışanda
"Mən ona özüm qədər inanıram və gələcəyinə böyük
ümidlər bəsləyirəm"
deyirdi. Zaman onun nə qədər uzaqgörən olduğunu
göstərdi. Qısa
zamanda yüksək erudisiya və idarəetmə bacarığına
malik lider olduğunu bütün dünyaya sübut edən Prezident İlham Əliyev
Ulu öndərin müəyyən
etdiyi strategiyanı
yeni dövrün ruhuna
uyğun uğurla həyata keçirərək
müdrik qərarları
ilə ölkəmizin
həyatında yeni səhifə
açdı. Prezidentimiz
xalqın güclü
dəstəyini əldə
etdi və bu birlik nəticəsində
ata vəsiyyətini, onun ən böyük
arzusunu gerçəkləşdirdi.
Azərbaycan Ordusunun gücü, Müzəffər
Ali Baş Komandan
İlham Əliyevin diplomatik
məharəti ilə
44 günlük Vətən
müharibəsi Azərbaycanın
qələbəsilə başa
çatdı. Müharibənin
gedişində siyasi partiyalar, QHT-lər, media qurumları Prezident
İlham Əliyevin siyasətini
dəstəklədiyini bəyan
etdi. Dünyanın gözü qarşısında
əsl vətəndaş
həmrəyliyi, Xalq-Ordu-Prezident
birliyi yarandı. Bu birlik dövlətçiliyimizin
təməllərinin möhkəm
olmasının, Prezident
İlham Əliyevin illərlə
həyata keçirdiyi
uğurlu siyasətin bariz nümunəsi idi. Vətən müharibəsindəki Zəfərdən
danışarkən Prezident
xalqına verdiyi dəyəri belə ifadə etmişdir.
"Bu, bizim hamımızın
Qələbəsidir. Azərbaycan
xalqı bu Qələbəni əldə
etməklə öz tarixi böyüklüyünü
bütün dünyaya
nümayiş etdirdi. Təsadüfi deyil ki, Azərbaycana dünyada olan münasibət, - hətta bizə düşmənçilik edən
dairələr, qüvvələr,
ölkələr bilirlər
ki, biz ləyaqətli xalqıq,
hörmətə layiq
olan xalqıq və bizimlə hesablaşmaq lazımdır.
Ən azı yaşadığımız bölgədə
bizimlə bu gün hesablaşmayan sabah peşman olur".
Müharibədən sonra keçirilən antiterror əməliyyatı
suverenliyimizin bütün
ölkə ərazisində
tam bərpa olunması
ilə nəticələndi.
Hazırda işğaldan
azad olunmuş ərazilərimizdə sürətli
yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir.
Ölkənin digər
bölgələrində də
yeni obyektlər açılır,
infrastruktur layihələri
icra olunur. Dövlət başçısı
hər bir sahə ilə şəxsən maraqlanır,
problemlərin həlli
üçün qətiyyətli
addımlar atır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları qəbul olunur. Azərbaycan başdan-başa qazlaşdırılır.
Kəndlərə içməli
su xətləri çəkilir, yeni yollar salınır və ya əsaslı təmir edilir. İlham Əliyevin təşəbbüsü
ilə yaradılan
"ASAN xidmət" mərkəzlərində
vətəndaşlara şəffaf
və daha keyfiyyətli rahat elektron xidmətlər göstərilir. Azərbaycan
brendi olan "ASAN xidmət" dünyada
böyük maraqla izlənilir və bu təcrübə bir sıra ölkələr
tərəfindən öyrənilir.
Azərbaycanın iştirakçısı
olduğu qlobal layihələr Avropanın
enerji xəritəsini
dəyişib. Azərbaycan
Prezidentinin enerji siyasəti ilə bağlı reallaşan layihələr regional çərçivələri
çoxdan aşıb.
Xəzər və Aralıq dənizlərini
birləşdirən Bakı-Tbilisi-Ceyhan
əsas ixrac neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP boru kəməri, TAP layihəsinin
icrası ... bütün
bunlar Azərbaycanın
perspektiv inkişafının
və iqtisadi maraqlarının təmin
edilməsində böyük
rol oynayacaq qlobal layihələrdir. Avropa və Asiyanı birləşdirən
Şərq-Qərb və
Şimal-Cənub beynəlxalq
nəqliyyat dəhlizlərinin
yaradılması da Azərbaycanı
Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən
birinə çevirib.
Hələ qarşıda
iki qitəni birləşdirəcək Zəngəzur
dəhlizinin açılması
var! Prezident
İlham Əliyev yorulmaz
fəaliyyəti ilə
yeni reallıq yaradıb.
Yeni reallıqda vaxtilə
başqalarının diqtəsi
ilə hərəkət
edən Azərbaycan bərabərhüquqlu münasibətlər
quran bir ölkə kimi çıxış edir.
Prezidentimizin apardığı
xarici siyasət Azərbaycanın dünyada
etibarlı tərəfdaş
kimi tanınmasına səbəb olub. Ölkəmizin beynəlxalq
aləmdə nüfuzu
artıb. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar.
Diplomatik səriştəsi,
liderlik qabiliyyəti sayəsində böyük
nüfuz qazanan
İlham Əliyev İslam Əməkdaşlıq
Təşkilatı vasitəsilə
İslam ölkələrinin inteqrasiyası, Türk Dövlətləri Təşkilatının
qlobal güc mərkəzinə çevrilməsi
üçün sanballı
təklifləri ilə
beynəlxalq siyasətə
də töhfə verir.
Ermənistan Respublikası
ilə sülh müqaviləsinin bağlanmasına
çox yaxın olduğumuz bu günlərdə Azərbaycan
xalqı regionda stabilliyin, əmin-amanlığın
yaranması üçün
səy göstərən
Prezidentinin liderlik bacarığını yüksək
qiymətləndirir və
belə bir lideri olduğu üçün böyük
iftixar hissi keçirir. Azərbaycan xalqı Prezidentinə güvənir, çünki dövlətimizin
onun başçılığı
ilə daim güclənəcəyinə inanır.
Azərbaycanı qarşıda
daha möhtəşəm
uğurlar gözləyir.
Bizim yazdığımız,
nəşr etdiyimiz kitablar isə dövrümüzün şanlı
tarixinin salnaməsini yaradır.
Tural AXUNDOV
"Təhsil
Nəşriyyat-Poliqrafiya" MMC-nin baş direktoru,
"Azərbaycan
Kitab, Maarif və Poliqrafçılar" İctimai Birliyinin sədri
525-ci qəzet.
- 2025.- 7 oktyabr (№181).- S.11.