Akademik İsa
Həbibbəyli: “AMEA-nın
“Zəngəzurnamə” layihəsi
dövlət başçısının
Zəngəzurla bağlı
həyata keçirdiyi
siyasətə Azərbaycan
elminin dəstəyini
ifadə edir”
İkinci Qarabağ
müharibəsində qazanılan
Zəfərdən sonra
sülh müqaviləsinin
imzalanması və Zəngəzur dəhlizinin
açılması regionda
sülh və sabitliyin möhkəmlənməsinə
mühüm töhfə
verəcək. Dövlət
başçısının uzaqgörən siyasəti
və qətiyyətli
iradəsi nəticəsində
reallaşan Zəngəzur
dəhlizi layihəsi ölkəmizin Avropa ilə Asiya arasında daha səmərəli və etibarlı nəqliyyat əlaqələri qurmasına
imkan yaradacaq. Bu layihə təkcə regional deyil, həm də beynəlxalq miqyasda böyük siyasi və iqtisadi önəm kəsb edir.
Bu sözləri
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli XI Bakı
Beynəlxalq Kitab Sərgisi çərçivəsində
Akademiya tərəfindən
təşkil olunan növbəti “Akademiyanın
Zəngəzurnaməsi: folklor
toplamalarından akademik
tədqiqatlaradək” adlı
tədbirdə çıxışı
zamanı səsləndirib.
O, uzun illər ərzində Zəngəzurun
əsasən tarixi mənbələr əsasında
öyrənildiyini, bu
gün isə Şərqi Zəngəzurda
genişmiqyaslı bərpa
və tədqiqat işlərinin həyata keçirildiyini söyləyib,
AMEA-nın müvafiq qurumlarının bu prosesdə fəal iştirak etdiklərini vurğulayıb.
Akademik İsa
Həbibbəyli bildirib
ki, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu tərəfindən həmin
ərazilərdə geniş
arxeoloji tədqiqatlar aparılıb, Folklor İnstitutu tərəfindən
Qarabağdan toplanmış
folklor örnəkləri
əsasında çoxcildlik
nəşr hazırlanıb,
Tarix İnstitutu mövcud tarixi mənbələr və arxiv sənədləri əsasında müxtəlif
elmi əsərlər
təqdim edib, bir sıra nəşrləri
tərcümə edərək
elmi ictimaiyyətə
çatdırıb. Dilçilik
İnstitutu isə “Azərbaycan
dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nı hazırlayıb.
AMEA-nın digər institutlarında da öz fəaliyyət istiqamətlərinə uyğun
olaraq Zəngəzurla
bağlı elmi tədqiqatların aparıldığını
deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, AMEA “Heydər Əliyevnamə”
və “Qarabağnamə”
layihələri kimi,
“Zəngəzurnamə” layihəsi
çərçivəsində də geniş tədqiqat materiallarını
Azərbaycan cəmiyyətinə
təqdim etməklə
humanitar və ictimai sahədə müstəqil dövlət
ideallarına sədaqətlə
xidmət missiyasını
uğurla həyata keçirir.
O, Zəngəzur mövzusuna
həsr olunmuş nəşrlər haqqında
məlumat verərək,
təqdim edilən hər bir kitabın
elmi baxımdan dəyərli, məzmun baxımından zəngin olduğunu söyləyib.
Qeyd edib ki, “Akademiyanın Zəngəzurnaməsi: folklor
toplamalarından akademik
tədqiqatlaradək” adlı
tədbirdə AMEA tərəfindən
Zəngəzurla bağlı
56 kitab təqdim olunur. Bu nəşrlər
Qarabağ, Qərbi Azərbaycan və Zəngəzurla bağlı
tarixi, folklor və mədəni irsi əks etdirən,
bölgənin həqiqi
tarixini elmi əsaslarla üzə çıxaran mühüm
tədqiqat əsərləridir.
AMEA-nın prezidenti “Qarabağnamə” layihəsindən
sonra, “Zəngəzurnamə”
layihəsinin də Azərbaycan elminin və mədəniyyətinin
inkişafına mühüm
töhfə verəcəyinə
əminliyini ifadə edib. Alimin fikrincə,
bu gün təqdim edilən 56 kitab Prezident İlham Əliyevin Zəngəzurun inkişafı
istiqamətində həyata
keçirdiyi siyasətə
AMEA-nın və ümumilikdə, Azərbaycan
elminin dəstəyini
ifadə edir. O, yaxın zamanlarda Zəngəzur mövzusuna
həsr olunmuş 100 kitabın təqdimatının
keçiriləcəyini qeyd
edib, bu istiqamətdə AMEA-da elmi tədqiqatların ardıcıl şəkildə
davam etdirildiyini və işlərin planlı surətdə həyata keçirildiyini diqqətə çatdırıb.
Akademik İsa
Həbibbəyli XI Bakı
Beynəlxalq Kitab Sərgisi çərçivəsində
AMEA-nın bir sıra elmi müəssisələrinin Mərakeş
Milli Kitabxanası ilə əməkdaşlıq
memorandumu imzaladığını
xatırladaraq, bu təşəbbüsün beynəlxalq
elmi əlaqələrin
genişlənməsinə xidmət etdiyini qeyd edib.
AMEA rəhbəri XI Bakı Beynəlxalq Kitab Sərgisinin elm, ədəbiyyat və ictimai fikir nümayəndələrini
bir araya gətirən mühüm
platforma rolunu oynadığını vurğulayıb,
kitab müəlliflərinə
yeni yaradıcılıq
uğurları arzulayıb.
525-ci qəzet. - 2025.- 7 oktyabr (№181).-
S.10.