Görkəmli ədib və pedaqoq haqqında dəyərli mənbə
Süleyman
Sani Axundov – 150
Aygün BAĞIRLI
Filologiya üzrə fəlsəfə
doktoru, dosent
Azərbaycan ədəbiyyatı, mədəniyyəti və
təhsilinin, xüsusilə
uşaq ədəbiyyatının
inkişafında xüsusi
xidmətləri olan görkəmli ədib, dramaturq, ictimai xadim, pedaqoq Süleyman Sani Axundovun bu il 150 illik yubileyidir. Qarabağda - Şuşada bəy ailəsində dünyaya göz açan, ancaq ikiaylıq olarkən atası Rzaqulu bəy dünyasını dəyişdiyindən
anası Dürnisə
xanımın himayəsində
böyüyən, dayısı
- görkəmli maarif
xadimi Səfərəli
bəy Vəlibəyovun
dəstəyi və qayğıkeşliyi ilə
Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında
təhsil alan Süleyman Sani Azərbaycan
təhsilinin, teatrının
və ədəbiyyatının
inkişafında əvəzsiz
xidmətlər göstərib.
1894-cü ildə Qori
Seminariyasını bitirib
Bakıda müəllim
kimi fəaliyyətə
başlayan S.S.Axundov
ilk tədris proqramlarının,
dərsliklərin yazılmasında
yaxından iştirak edib, məhz ana dilində mətnlərin çatışmadığını görəndə uşaqlar
üçün silsilə
nağıllar - "Qaraca
qız", "Nurəddin",
"Abbas və Zeynəb",
"Əhməd və
Məleykə", "Əşrəf"
- yazmış, təhsil
təşkilatçısı kimi mühüm işlərə imza atıb. 1920-21-ci ildə Qarabağ maarif şöbəsində müdir
işləyərkən dəstəyi
və təşəbbüsü
ilə Şuşa və Zəngəzur ətrafında uşaq baxçaları, qiraətxanalar,
qadınlar üçün
savad kursları açılıb. Məhz
onun Azərbaycan Xalq Maarif Komissarlığına
ünvanladığı məktub
əsasında Şuşada
Müəllimlər Seminariyası
fəaliyyətə başlayıb.
Teatrlar üçün,
məktəb dərnəkləri
üçün pyes və ssenarilər yazan ədib həmin əsərlərin
səhnələşdirilməsində də iştirak edib, bəzən aktyor çatmayanda müxtəlif rolları ifa da edib. Əqidədaşları
ilə təhsil, maarif cəbhəsində avamlığa, cəhalətə
və savadsızlığa
qarşı mübarizə
aparan, cəmiyyətin
işıqlı sabahı
üçün çalışan
Süleyman Sani bütün
icmai, pedaqoji və ədəbi-bədii
fəaliyyəti boyu qaranlıqları aydınlatmağa
çalışıb. Ədibin
"Ümid çırağı",
"Cəhalət qurbanı",
"Təbrik", "Namus",
"Kövkəbi-hüriyyət",
"Yuxu" hekayələri
də cəhalət və avamlığın tənqidinə, işıqlı
ideyaların təbliğinə
həsr olunub.
"Şərq tarixi: Baharlılar",
"Ağdamın adlı-sanlı
pedaqoqları, alimləri",
"Seyidli oymağının
bəzi tarixi şəxsiyyətləri", "Qaraqoyunlular", "Qarabağın
Çəmənli oylağı",
"Əlişəkər bəy nəslinin görkəmli şəxsiyyətləri",
"Murtuza bəy ocağı" və başqa kitabların müəllifi Orxan Zakiroğlunun (Baharlının)
növbəti kitabı
"Axundovlar nəslinin
görkəmli şəxsiyyəti
- Süleyman Sani Axundov" adlanır. Müəllif kitabda qədirşünaslıqla S.S.Axundovun
nəsil şəcərəsini,
həyatına dair əhəmiyyətli faktları
araşdırıb, maarifçilik
fəaliyyətini və
yaradıcılığının maraqlı məqamlarını
işıqlandırıb. Arxiv
sənədləri, müxtəlif
xarakterli tədqiqatlar,
müasirlərinin xatirələri
əsasında ədibin
həm şəxsiyyəti,
həm çoxşaxəli
fəaliyyəti ilə
oxucunu tanış edib. Orxan Zakiroğlu
kitabında kameral təsvirlər əsasında
Axundovun həm ata, həm ana
tərəfdən soykökünü
araşdırıb, onun
mənsub olduğu şəcərənin məşhur
üzvləri haqqında
məlumatlar verib, nəslin Azərbaycanın
elm, təhsil, hüquq və hərb sahəsində xidmətləri olan çoxsaylı nümayəndələri
ilə ictimaiyyəti tanış edib. Müasirlərinin xatirələrindən
müəyyən parçaları
təqdim edən müəllif Süleyman Sani Axundovun həm pedaqoq, həm ictimai xadim, həm yazıçı kimi müfəssəl portretini
yarada bilib.
İstər həmkarları, istər tələbələri Süleyman
Sani ilə bağlı xatirələrində
ondan maraqlı yazıçı, sədaqətli
dost, qayğıkeş
və tələbkar müəllim kimi danışırlar. Abdulla
Şaiqin, Mir Cəlalın, Süleyman Rüstəmin, Cəmo Cəbrayılbəylinin, Əli
Vəliyevin ədib haqqındakı xatirələrindən
nümunələr verilməsi
kitabı maraqlı etməklə yanaşı,
onun bir şəxsiyyət kimi bütün rakurslardan oxucuya təqdiminə kömək edir: "...O,
bizi ata kimi sevirdi. Onun
nurani, mənalı simasından həmişə
bir qayğı və məlahət yağardı. Biz bir günah işlədikdə onun üzünə baxmaqdan utanardıq. Onun mənalı baxışları
sanki bizimlə danışırdı. Onun
dərsində sinifdə
həmişə dərin
bir sükut vardı" (Süleyman Rüstəm); "Süleyman
Sani Axundov Qarabağ vilayət maarif şöbəsinin müdiri vəzifəsində
çalışdığı ildə 150 nəfər uşaqdan ibarət böyük uşaq bağçası, Minkənddə,
Qubadlıda və Şuşada uşaq evləri açılmışdır.
O, Şuşa şəhərində
maarif və mədəniyyət məsələlərinə
dair mühazirələr
keçmiş, savad kursları təşkil etmişdir" (Nadir Vəlixanov); "Otuzuncu illərin başlanğıcında
Dövlət Nəşriyyatı
mənə hörmətli
ədibimiz Nəriman Nərimanovun külliyyatını
hazırlamağı tapşırmışdı.
Bu kitabı toplayıb çapa hazırlamaq üçün
çox mənbələrə
və simalara müraciət etdim. Onlardan biri də
mərhum Süleyman Sani idi. Ancaq
onda bildim ki, onun ailəsi,
övladı yoxdur. Məktəblərin birində
tənha bir otaqda yaşayır. Mən ədibin otağına getdim. Nəriman Nərimanov haqqında danışacağımı
eşidəndə çox
maraqla qarşıladı.
Ondan öyrəndim ki, "Şamdan bəy" komediyasının
ilk adı "Dilin bəlası" imiş. Sonradan yoldaşların məsləhəti
ilə əsər qəhrəmanın adı
ilə adlandırılmışdır.
Seyid Hüseyn də, Süleyman Sani də, Nəriman
Nərimanov da müəllim-ədib, yaxud
ədib-müəllim olmuşlar.
Xüsusilə məktəbi,
tərbiyə, təlim
işini çox sevmiş, ömürlərinin
mühüm hissəsini
buna sərf etmiş, bədii əsərlərdə də
bu aləmi məhəbbət, məharətlə
təsvir etmişlər"
(Mir Cəlal).
"Həqiqi müəllim olmaq böyük xoşbəxtlikdir.
Müəllim sənətindən
yüksək sənət
yoxdur. Bütün peşələrin bünövrəsini
müəllim qoyur. Sənətinizlə fəxr
edin. Müəllim olmağınızla hər
yerdə öyünün.
Çalışın ki,
şagird və tələbələrinizin qabağında
gözü kölgəli
olmayasınız. Müəllim
həmişə atlı
olmalıdır. Piyadalıq
müəllimə yaraşmayan
hərəkətdir. Piyada
gedən tez yorular. Atlı heç vaxt yorulmaz. Atlı - bilikli, piyada - bilikdən kasad deməkdir. Müəllim elmli sözündəndir.
Həmişə biliyin,
elmin yüksəkliyində
durun. Mədəni rəftarınız, xüsusi
qayğınız, dərin
biliyiniz sayəsində
şagird və tələbələrin nəzərində
uca görünün",
- deyən Süleyman Sani Axundov hər
dəfə gənc müəllimlərlə görüşündə
onlara tövsiyələr
verirdi.
Kitabda yazıçının
"Uşaqlıq həyatımdan
xatirələr" adlı
memuarından da müəyyən hissələrin
verilməsi onun uşaqlıq illərini keçirdiyi Seyidli kəndinin (indiki Ağdam rayonunun ərazisinə daxildir) təbiəti, etnoqrafiyası
haqqında müasir oxucuda müəyyən təəssüratlar yaratmış
olur. Hansı ki, yazıçının
xatirələrində bağlı-bağatlı,
barlı-bərəkətli, əsrarəngiz təbiət
gözəlliyi ilə
təsvir olunan Seyidli kəndi erməni işğalı
nəticəsində vəhşicəsinə
dağıdılıb. Yazıçının
uşaqlığının keçdiyi ev 100 illik yubileyi ərəfəsində (1975) abadlaşdırılmış,
ev-muzeyi və kitabxana kimi fəaliyyət göstərmiş,
qarşısında büstü
qoyulmuşdu. Bu gün o muzey və kitabxanadan əsər əlamət qalmayıb. Həmçinin
Ağdam şəhərinin
mərkəzi küçələrindən
biri işğaldan əvvəl Süleyman Sani Axundovun adını daşıyırdı.
Həmin küçə
də şəhərin
başqa küçələri
kimi düşmən vəhşiliyinin qurbanı
olub, tamamilə məhv edilib. Bütün bunlar haqqında kitabında ətraflı məlumat verən Orxan Zakiroğlu vaxtı ilə ədiblə görüşən insanlarla
da həmsöhbət
olub, onların S.S.Axundovun həyatı ilə bağlı söylədikləri maraqlı
məqamları da oxucularla bölüşüb.
Əsərdə yazıçının
Seyidli kəndində keçən uşaqlığından,
Zaqafqaziya Seminariyasındakı
təhsil illərindən,
Sani təxəllüsünün
tarixçəsindən tutmuş
həyatının bütün
mərhələləri haqqında
müfəssəl məlumat
əldə etmək mümkündür. Süleyman
Sani Axundovun həyatında baş verən, haqqında çox danışılan
məşhur bir hadisənin tarixçəsinin
də kitabda yer alması onun bir şəxsiyyət
kimi portetinin tam təqdim olunmasına xidmət edir.
Adından da
göründüyü kimi,
kitabda təkcə Süleyman Saninin özü deyil, Axundovlar nəslinin ayrı-ayrı nümayəndələri
də yad edilib, onların şəxsiyyətləri və
fəaliyyətləri haqqında
da bilgilər verilib. İlk dəfə olaraq Şuşa şəhərinin,
Ağdam rayonu Seyidli kəndinin Axundovlar nəslinin Azərbaycan Respublikası
Dövlət Tarixi Arxivində saxlanılan kameral təsvirlərinin fotoları da kitabda öz əksini tapıb ki, bunlar gələcək
tədqiqat əsərlərində
də mənbə kimi istifadə oluna bilər.
Süleyman Saninin
xatirəsinin əbədiləşdirilməsi
ilə bağlı görülən işlər,
müxtəlif illərdə
keçirilən yubiley
tədbirləri, elmi toplantılar, təşkil
edilən sərgilər,
radio və televiziya verilişləri,
səhnələşdirilən əsərləri haqqında
kitabda müfəssəl
məlumatlar verən müəllif bütün
bunları bir tədqiqatçı təmkini
ilə araşdırıb,
diqqətçəkən səliqə
və təfərrüatla
təqdim edib.
Yazıçının vəfatı vaxtı dövri mətbuatda yazılan nekroloqlar, vida sözləri, həmçinin dəfn mərasimində Səməd Vurğunun, Abdulla Şaiqin, Süleyman Rəhimovun, Sidqi Ruhullanın və Məmməd Arifin çıxışları barədə məlumatlar verilib. Orxan Zakiroğlu Baharlının böyük zəhmətinin nəticəsi olan "Axundovlar nəslinin görkəmli şəxsiyyəti - Süleyman Sani Axundov" kitabı ədibin 150 illik yubileyinə bir töhfə kimi dəyərlidir.
525-ci qəzet 2025.- 21 oktyabr(№191).- S.14.