Azərbaycanda strateji geosiyasi hadisə
Türk Dövlətləri Təşkilatı
qlobal gücə doğru inamla addımlayır
XXI əsrin siyasi coğrafiyası yeni güc mərkəzlərinin
formalaşması və
regional ittifaqların qlobal sistemdə çəkisini artırması
ilə xarakterizə olunur. Bu reallıq
fonunda Türk Dövlətləri Təşkilatı
(TDT) yalnız ortaq etnik və mədəni
köklərə əsaslanan
birlik modeli deyil, həm də siyasi suverenliklərin sinxronlaşdırıldığı,
iqtisadi sinerji yaradıldığı və
ortaq təhlükəsizlik
müstəvisində strateji
koordinasiyanın qurulduğu
çoxölçülü platforma kimi ön plana çıxır.
Bu təşkilat artıq yalnız mədəni birliyi deyil, həm də qlobal geosiyasi aktor kimi formalaşmaqda olan strateji müttəfiqlik
modelini ifadə edir.
AZƏRTAC bu məqalədə Türk Dövlətləri
Təşkilatının Zirvə
görüşlərinin geosiyasi
əhəmiyyətini, regional
və qlobal təhlükəsizlik arxitekturasında
tutduğu strateji mövqeyi, Azərbaycanın
təşkilat daxilində
təşəbbüskar və
qurucu lider kimi rolunu, həmçinin
TDT-nin gələcək
inkişaf trayektoriyasını
çoxşaxəli şəkildə
araşdırıb və
analitik müstəvidə
dəyərləndirib.
TDT-nin XII Zirvə Görüşü:
strateji geosiyasi hadisə
Oktyabrın 6-7-də
Azərbaycanın Qəbələ
şəhərində baş
tutacaq Türk Dövlətləri Təşkilatının
(TDT) XII Zirvə Görüşü
“Regional sülh və
təhlükəsizlik” mövzusunda
keçiriləcək. Bu Zirvə
Görüşü yalnız
formal protokol tədbiri
deyil, həm də Türk dünyasının gələcək
konturlarının, ortaq
strateji hədəflərinin
və birgə fəaliyyət mexanizmlərinin
müəyyən ediləcəyi
tarixi hadisə olacaq. Zirvə çərçivəsində TDT-yə üzv və müşahidəçi
statusuna malik ölkələrin
dövlət və hökumət başçıları
bir araya gələrək, sonuncu görüşdən bəri
həyata keçirilmiş
işləri dəyərləndirəcək,
əldə olunmuş
nailiyyətləri müzakirə
edəcək və gələcək əməkdaşlıq
istiqamətlərini müəyyənləşdirəcəklər.
Görüş zamanı
qəbul olunacaq sənədlər, o cümlədən
XII Zirvə Görüşünün
Bəyannaməsi təşkilatın
siyasi və institusional strukturunun yeni mərhələyə keçidini
əks etdirəcək.
Zirvənin sonunda TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana
keçəcək, bu
isə ölkəmizin
təşkilatdakı liderlik
missiyasının rəsmi
təsdiqi olacaq.
Zirvə çərçivəsində, həmçinin Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyevin ikitərəfli
görüşləri nəzərdə
tutulur, rəsmi proqram üzrə isə TDT Xarici İşlər Nazirləri
Şurasının toplantısı
keçiriləcək. Bu, yalnız
protokol xarakterli görüşlər deyil,
eyni zamanda, yeni təşəbbüslərin irəli
sürülməsi, ortaq
qərarların qəbul
edilməsi və Türk dünyasının
gələcək inteqrasiyasına
dair strateji müzakirələrin aparılması
üçün mühüm
imkan olacaq.
TDT-nin inkişaf
dinamikası və artan funksional rolu
TDT 2009-cu ildə Naxçıvanda
imzalanmış tarixi
Naxçıvan Müqaviləsi
ilə rəsmi şəkildə təsis
olunsa da, onun ideyası türkdilli xalqlar arasında əsrlərlə formalaşan
siyasi, mədəni və hərbi həmrəyliyə söykənir.
Bildiyimiz kimi, Azərbaycan, Türkiyə,
Qazaxıstan və Qırğızıstan qurucu
dövlətlər olub,
sonradan Özbəkistan
2019-cu ildə üzv qəbul edilib. Macarıstan (2018), Türkmənistan
(2021) və Şimali Kipr Türk Respublikası (2022) müşahidəçi
üzv qəbul olunublar. 2023-cü ildə
isə İqtisadi Əməkdaşlıq Təşkilatına
TDT-nin müşahidəçi
statusu verilib.
Son illərdə TDT-nin
sürətli genişlənməsi
onu ənənəvi
regional birliklərdən fərqləndirir.
Artıq gündəlikdə
təkcə mədəni
və humanitar məsələlər deyil,
strateji təhlükəsizlik,
enerji siyasəti, texnologiya, nəqliyyat-logistika,
kənd təsərrüfatı,
kosmik tədqiqatlar və qlobal ticarət yolları üzərində nəzarət
kimi məsələlər
də yer alır.
Türk birliyinin strateji arxitektoru və lokomotiv gücü - Azərbaycan
Azərbaycan TDT-nin ən fəal
və strateji cəhətdən əhəmiyyətli
üzvü olaraq həm təşkilatın
yaradılmasında, həm
də onun inkişafında aparıcı
rol oynayıb. Prezident İlham Əliyevin
“Bizim üçün
TDT əsas beynəlxalq
təşkilatdır, çünki
bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz
Türk dünyasıdır”
fikirləri Azərbaycanın
bu birliyə verdiyi mənəvi və strateji dəyərin ən bariz ifadəsidir. Prezident bu sözləri
2024-cü il fevralın 14-də andiçmə mərasimində
səsləndirərək, Azərbaycanın Türk dünyası ilə bağlı mövqeyini bütün dünyaya göstərmiş oldu.
Təşkilatın
digər üzvləri
də təsdiq edirlər ki, Azərbaycan bu birlikdə lokomotiv funksiyasını yerinə yetirir. Ölkəmiz təşkilat
çərçivəsində siyasi təşəbbüslərlə
çıxış edir,
yeni əməkdaşlıq sahələri yaradır və ortaq layihələrin
maliyyələşdirilməsində, idarə olunmasında fəal iştirak edir. Prezident İlham Əliyevin təşəbbüsləri
TDT-nin inkişaf strategiyasının əsas
istiqamətlərini müəyyənləşdirib.
Məhz bu təşəbbüslər nəticəsində
TDT formal birlikdən real təsir
gücünə malik beynəlxalq
təşkilata çevrilib.
Ötən ilin iyulunda Şuşada
keçirilmiş qeyri-rəsmi
Zirvə Görüşü
və qəbul edilmiş Qarabağ Bəyannaməsi Azərbaycanın
ideoloji liderlik missiyasını və
TDT-nin vahid siyasət mexanizminə ehtiyac duyduğunu bir daha göstərdi.
Prezident həmin Zirvə zamanı bəyan etmişdi ki, Türk Dövlətləri
Təşkilatı dünya
miqyasında güc mərkəzlərinin birinə
çevrilməli, XXI əsr
Türk dünyasının
inkişafı əsri
olmalıdır. Bu bəyanat
türk dövlətlərinin
qarşısında yalnız
regional deyil, qlobal miqyasda tarixi hədəf qoydu.
Həmçinin
2024-cü ilin noyabrında
Bişkekdə keçirilən
XI Zirvə Görüşü
və 2025-ci ilin mayında Budapeştdə
baş tutan qeyri-rəsmi Zirvə də təşkilatın
dinamik inkişafına
mühüm töhfə
verib. Budapeşt görüşü əməkdaşlığın
dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb
edib.
Azərbaycan, həmçinin 30 illik işğaldan azad olunmuş ərazilərində
qardaş ölkələrlə
birgə həyata keçirdiyi infrastruktur və sosial layihələr vasitəsilə
bu həmrəyliyi konkret fəaliyyətə
çevirir. Qardaş
dövlətlərin dəstəyi
ilə həmin ərazilərdə məktəblər,
yaradıcılıq mərkəzləri
inşa olunub, yeni təhsil və mədəniyyət ocaqları
yaradılıb. Prezident
İlham Əliyev Bişkek
Zirvəsində bu töhfələrə görə
Özbəkistan, Qazaxıstan,
Qırğızıstan və
Macarıstana təşəkkürünü
bildirib.
TDT-nin strukturunun
güclənməsi və
təhlükəsizlik perspektivləri
TDT artıq təkcə
mədəni inteqrasiyanın
deyil, həm də siyasi koordinasiyanın və təhlükəsizlik əməkdaşlığının
önəmli platformasına
çevrilib. Avrasiya enerji yolları, Şimal-Cənub və Şərq-Qərb dəhlizləri,
Böyük İpək
Yolunun bərpası kimi layihələrdə Türk dövlətlərinin
strateji mövqeyi təşkilatın qlobal güc balansında əhəmiyyətini artırır.
Bu Zirvə Görüşünün
əsas mövzusu olan “Regional sülh və təhlükəsizlik”
istiqaməti də məhz bu zərurətdən
qaynaqlanır. Bu, Türk
Dövlətləri Təşkilatının
müstəqil təhlükəsizlik
gündəliyi formalaşdırmaq
niyyətində olduğunu
göstərir.
Gələcəkdə
isə təşkilat
çərçivəsində birgə hərbi təlimlər, müdafiə
sənayesi əməkdaşlığı,
kibertəhlükəsizlik, strateji informasiya mübadiləsi mexanizmlərinin
yaradılması reallığa
çevrilə bilər.
Türk sivilizasiyası və TDT –
tarixi irsdən müasir güc platformasına
Türk Dövlətləri Təşkilatı
yalnız siyasi və iqtisadi əməkdaşlıq üçün
yaradılmış qurum
deyil, eyni zamanda, türk sivilizasiyasının mədəni
kodlarının müasir
dövrün çağırışlarına
uyğunlaşdırıldığı siyasi formadır. Türk sivilizasiyası tarix boyu bəşəriyyətə
elm, dövlətçilik, hərb, hüquq, incəsənət və mədəniyyət sahələrində
böyük töhfələr
verib. Tarixin bütün dönəmlərində
türklər zəngin
dövlətçilik ənənələri,
hərbi gücü,
elm və incəsənətə
verdiyi töhfələri
ilə seçilib, bəşər sivilizasiyasının
inkişafında özünəməxsus
iz qoyublar. Bu sivilizasiya zəngin dövlətçilik ənənələri,
elm və mədəniyyətə
verdiyi nailiyyətlərlə
bəşəriyyətin inkişafında
mühüm rol oynayıb. Azərbaycan xalqı da bu böyük sivilizasiyanın
önəmli parçası
olaraq həm ondan faydalanıb, həm də öz töhfələrini
verib.
Bu baxımdan, TDT-yə
üzv ölkələrin
mədəniyyət, təhsil
və informasiya sahələrində əməkdaşlığı
prioritet istiqamətlərdəndir.
Paytaxt Bakıda yerləşən Türk
Dövlətləri Parlament
Assambleyası (TÜRKPA) və
Türk Mədəniyyəti
və İrsi Fondu
(TMİF) bu sahədə
Azərbaycanın mədəni
liderliyini və Türk dünyası ilə əlaqələri
yüksək səviyyədə
inkişaf etdirmək istəyini əks etdirir.
TDT gələcəyin
güc platforması kimi
Bu gün Türk
Dövlətləri Təşkilatı
strukturlaşmış, siyasi
iradə ilə yönlənən və qlobal sistemə inteqrasiya olunmuş bir güc platforması
kimi formalaşır. Məqsəd yalnız əməkdaşlıq formatlarını
optimallaşdırmaq deyil,
həm də Türk dövlətlərinin
beynəlxalq münasibətlərdə
vahid strateji mövqedən çıxış
etməsini təmin etməkdir. Əməkdaşlıq
sahələri təkcə
siyasət və təhlükəsizliklə məhdudlaşmır.
TDT çərçivəsində iqtisadiyyat, ticarət, enerji, nəqliyyat-logistika,
kənd təsərrüfatı,
mədəniyyət, turizm,
informasiya texnologiyaları,
kosmik tədqiqatlar və digər istiqamətlər üzrə
çoxtərəfli əməkdaşlıq
inkişaf etdirilir.
Türk dövlətləri arasında
həmrəylik, inteqrasiya
və qarşılıqlı
etimadın dərinləşməsi
TDT-ni getdikcə mötəbər beynəlxalq
təşkilat səviyyəsinə
yüksəldir. Artıq
dünya ölkələri
bu birliyi regionda sabitlik və əməkdaşlıq
üçün etibarlı
tərəfdaş kimi
qəbul edir.
Gələcəkdə
TDT-nin siyasi, iqtisadi və təhlükəsizlik baxımından
daha sıx inteqrasiya olunmuş müttəfiqlik modelinə
çevrilməsi, onu
yalnız türkdilli ölkələr üçün
deyil, həm də Avrasiya və Yaxın Şərq regionlarında
alternativ sabitlik mərkəzinə çevirəcək.
Türk Dövlətləri
Təşkilatı bu
gün üçün
siyasi həmrəylik platforması, sabah üçün isə qlobal güc mərkəzi ola bilər.
Bu yolda liderlik, iradə və strateji baxış artıq formalaşıb, indi isə həmin
baxışı ortaq
siyasi və iqtisadi reallığa çevirmək dövrüdür.
Bu yol həm də türk xalqlarının əsrlərlə
arzuladığı birlik
ideyasının reallaşması
deməkdir.
Türk Dövlətləri Təşkilatının
inkişaf xətti göstərir ki, bu birlik yalnız tarixi-mədəni bağlılıqlara
əsaslanmır, həm
də gələcəyin
siyasi, iqtisadi və təhlükəsizlik
arxitekturasında real güc
mərkəzi formalaşdırır
və XXI əsr türk dövlətlərinin
qlobal miqyasda söz sahibinə çevrildiyi əsr olacaq.
AZƏRTAC
525-ci qəzet.- 2025.- 7 oktyabr (№ 181).- S.5.