Təsəvvüf ədəbiyyatının
görkəmli tədqiqatçısı
Filologiya elmləri doktoru Nəzakət Məmmədlinin
xatirəsinə
Nəzakət xanım Məmmədli ilə şəxsi tanışlığım 2003-cü ilə təsadüf edir.
İnstitutun kitabxanasında
kartotekaya baxırdım,
birdən otağa nəcib bir xanım daxil oldu, hamı ilə salamlaşıb hal-əhval tutdu. Sonra nədənsə söz gəlib musiqidən düşdü. Mən qardaşım Natiqin bu günlərdə Rəşid Behbudov adına mahnı teatrında konserti olacağından danışdım.
O, bizim söhbətə
qoşuldu: "Bizim uşaqların atası
Nadir müəllim də
vaxtı ilə gözəl musiqiçi olub, gözəl nağara ifaçısı
idi, indi də qızıl fondda lent yazıları durur. O, xalq artistlərimiz Sara Qədimovanı,
Tükəzban İsmayılovanı...
müşayət edib".
Mən dedim yəqin mənim qardaşım Natiqi tanıyar. Axşam zəngləşdik. Yoldaşından
Natiqi soruşmuşdu.
Nadir müəllim: "Ay Nəzakət,
o, bizim evin uşağı olub, mənim ifama çox qulaq asıb".
O gündən çox yaxın bir ailə kimi dosluğumuz başladı.
Nəzakət Fəttah qızı
Məmmədli "Türdilli
əlyazmaların tədqiqi"
şöbəsində işləyirdi.
Vaxtaşırı görüşürdük,
hər zaman əlindən
gələn köməyi
əsirgəməz, məsləhətlər
verərdi. 2014-cü ildə
müdafiəmlə bağlı
seminarım idi. Nəzakət xanım semnarın üzvlərindən
idi. Dissertasiyamı oxuyub müsbət rəy yazmışdı.
23 yanvar 2015-ci ildə
fəlsəfə üzrə
fəlsəfə doktorluğu
elmi dərəcəsi
almaq üçün
müdafiəm olmalı
idi. Mənim üçün ən önəmli, unudulmaz və yaddaqalan belə bir gündə
məni ilk təbrik edənlərdən biri elə məhz Nəzakət xanım oldu. Həmin gün işə gələndə gördüm
ki, stolumun üzərində
böyük bir çiçək dəstəsi
var. Soruşdum, dedilər
Nəzakət xanım
gətirib. Deyib ki, bəs mən Rübabənin müdafiəsində
burada olmayacağam, dedim onu birinci
mən təbrik edim.
Nəzakət xanım çox
böyük ürək
sahibi idi.
Nəzakət xanım AMEA-nın
Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun Elmi Şurasının üzvü,
"Türk dünyası
əlyazmalarının tədqiqi
şöbəsi"nin baş
elmi işçisi, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, dosent, Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi
Araşdırmalar İnstitutunun
direktoru idi.
Elmi simpoziumların və seminarların təşkili,
Mövlana, Əttar kimi sufi şair
və mütəfəkkirlərin
əsərlərinin Azərbaycan
türkcəsinə tərcüməsi,
təsəvvüf ədəbiyyatının
tədqiqi ilə məşğul olan Nəzakət Məmmədli
Gənc aspirantların
II Ümumrespublika konfransında
I yerə və mükafata layiq gorülmüşdü. 2010-cu ildə
alimin müəllifi olduğu "Mir Həmzə
Seyid Nigari Divan"ının
nəşri ilin kitabı elan olundu. O, müxtəlif illərdə
Türkiyə, Özbəkistan,
Qazaxıstan, Hindistan kimi ölkələrdə
keçirilən beynəlxalq
simpozium və konfranslarda ədəbiyyatşünaslıq
elminin müxtəlif problemləri ilə bağlı məruzələr
etmişdi. Elmi fəaliyyəti ilə təkcə Azərbaycanda
deyil, onun hüdudlarından kənarda
da tanınan Nəzakət
Məmmədli 159 elmi
əsərin, 9 kitabın
və 5 monoqrafiyanın
("Füzulinin "Leyli
və Məcnun" əsərində təsəvvüf
və onun bədii ifadə sistemi", "Füzulinin
Leyli və Məcnun əsəri: Poetikası, fəlsəfəsi,
əlyazmalarının mətnşünaslıq
xüsusiyyətləri", "Seyyid Yəhya Şirvani və xəlvətilik", "Sevdayi
və onun "Leyli və Məcnun"
əsəri", "Şeyx
Fəridəddin Əttar
və Azərbaycan ədəbiyyatı") müəllifi
idi. O, tədqiq etdiyi mətni öncə ruh gözüylə görüb
daha sonra məntiqi ilə dəyərləndirərək təqdim etməyi bacardığından özünün
fərdi və fərqli üslubunu formalaşdıra bilmişdi.
Olduğu ölkələrdə
türk, fars, ingilis və rus dillərində təqdim etdiyi çıxışlarının mətnini hər zəhmətə qatlaşaraq
hazırlayar, gözəl
qiraətlə oxuduğu
şeir haşiyələri
ilə elmi çıxışlarına canlılıq
qatmağı və cazibə verməyi bacarırdı. Nəzakət
xanım illərdən
bəri üzərində
işlədiyi, vaxtsız
yetişən əcəlin
natamam qoyduğu əsərləri də
var: Mir Həmzə Seyid
Nigarinin farsca divanı və "Həşt behiştnamə"sinin
tərcüməsi, Mövlananın
"Məsnəvi"sinin farscadan tərcüməsi,
Fəridəddin Əttarın
farsca "Pəndnamə"sini
eyniadlı əsərlərlə
müqayisə etdiyi monoqrafiya və s.
Nəzakət Məmmədli Azərbaycandan
başqa bir çox ölkələrdə
- Türkiyə, İran, Yaponiya,
Hindistan, Kıbrıs,
Rusiya, Özbəkistan,
Qazaxıstan və s. təşkil olunan konfranslarda elmi hazırlığı, gözəl
nitqi və nəzakəti ilə Azərbaycanı ləyaqətlə
təmsil edirdi, həm özünə, həm də ölkəmizə çoxlu
dostlar qazandırmışdı.
Onlardan biri ilə 26-27 sentyabr 2025-ci
il tarixində Özbəkistan
Respublikasının Daşkənd
şəhərində keçirilən
İslam Sivilizasiyası Mərkəzi
Beynəlxalq ekspertlər
forumunda iştirak edərkən tanış
oldum. Bu mötəbər
tədbirdə 40-dan çox
ölkədən 200-dən çox mütəxəssislər
tanınmış alimlər,
muzey direktorları, kitabxanaçıları və
mədəni irs mütəxəssislər iştirak
edirdi. O cümlədən
IRCICA, İslam Dünyası Liqası, TÜRKSOY, milli kitabxanalar
və arxivlər, Rusiya Elmlər Akademiyasının Şərq
Əlyazmaları İnstitutu,
Oksford Universiteti və digər aparıcı təşkilatların
nümayəndələri də
vardı. Fasilə vaxtı qazaxıstanlı
bir xanım mənə yaxınlaşdı:
- Çıxışınızdan bildim ki, siz Azərbaycandan AMEA Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutundansınız,
sizin bir əməkdaşınız vardı,
Nəzakət xanım
Məmmədli, onu tanıyırdınız? Dedi
və kövrəldi.
Dedim: - bəli. Onun qəfil ölüm xəbəri bizi çox sarsıtdı. Hələ
də inana bilmirik ki, elə səmimi, gözəl, xeyirxah bir insan
qəfildən dünyasını
dəyişə bilər.
Biz onun dəvəti ilə 2024-cü il mayın
23-də Xəzər Universitetinin
Mövlana Ədəbi-Fəlsəfi
Araşdırmalar İnstitutunun
(MƏFAİ) qonağı olumuşduq. Mənimlə
birlikdə Əl-Fərabi
Universitetinin Yazma Əsərlər və Mədəni İrs Elmi Araşdırma Mərkəzinin müdiri
Prof. Zübeydə Şadkam
və həmin mərkəzin elmi işçisi Dr.Nazım
Xayranbayov da gəlmişdi.
Nəzakət xanım
bizi Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar
İnstitutunun (MƏFAİ) fəaliyyəti ilə tanış etdi. Sonra Xəzər Universitetinin təsisçisi, Direktorlar
və Qəyyumlar Şurasının sədri
Prof. Akad. Hamlet İsaxanlı
ilə də görüşdük.
Əl-Fərabi və Xəzər
universitetlərində tədqiqat,
nəşrlər barədə
fikir mübadiləsi apardıq, birgə tədbirlərin təşkili
ilə bağlı razılığa gəldik.
Görüşün sonunda
Hamlet İsaxanlı və Nəzakət
Məmmədli
bizə institutun
nəşri və özlərinin müəllifləri
olduğu kitabları hədiyyə etdilər. Xatirə şəkli çəkdirdik. Onun qonaqpərvərliyini heç
vaxt unuda bilmərik. Deyə, öz xoş xatirələrini mənimlə
bölüşdü. Mən
söhbət əsnasında
bildim ki, bu xanım Qazaxıstan Respublikası Milli Kitabxanasının
Əlyazmaları bölməsinin
müdiri Gülşad
Abikovadır. O, sonra mənə xatırlatdı
ki, 22 may
2024-cü il tarixdə AMEA Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun
"Orta əsr türk təbabəti və yazılı irsi: keçmişi, bu günü və gələcəyi, tədqiqat problemləri"
mövzusunda Beynəlxalq
elmi-praktiki konfransında
olmuşdular. Gülşad
xanım onu da qeyd etdi ki, Əlyazmalar
İnstitutunun Ekspozisiya
zalında "Ən qədim və ən nadir tibb əlyazmaları" adlı
sərgi nümayiş
olundu. "Orta əsr türk təbabəti və yazılı irsi: keçmişi, bu günü və gələcəyi, tədqiqat
problemləri" mövzusunda
Beynəlxalq elmi-praktiki
konfrans çərçivəsində
təqdim olunan sərgini sizin əməkdaşınız, "Əlyazmaların elmi ekspozisiyası və təqdimi" şöbəsinin
müdiri, tarix ü.f.d., dosent Nigar Babaxanova və həmin şöbənin baş mütəxəssisi Əsmər
Hümbətli hazırlamışdılar.
Sərgini AMEA Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun
direktoru, akademik Teymur Kərimli, Əl-Fərabi adına Qazax Milli Universitetinin
"Yazılı Abidələr
və Mənəvi İrs" Araşdırmalar
Mərkəzinin direktoru,
professor Zibeydə Şadkam
və Qazaxıstan Respublikası Elm və Təhsil Nazirliyinin Elm Komitəsinin "Qılım
Ordası" Dövlət
Agentliyinin elmi və beynəlxalq əməkdaşlıq üzrə
direktor müavini, tarix elmləri namizədi Nurlan Seydin açdılar. Açılış mərasimində
ölkəmizin və
Qazaxıstan Respublikasının
aparıcı elmi-tədqiqat
müəssisələrinin görkəmli alim və mütəxəssisləri iştirak
edirdilər. Burada nümayiş olunan ümumilikdə 60-a yaxın
eksponatla tanış oldular. Dosent Nigar Babaxanovanın təqdim etdiyi sərgidə UNESCO-nun "Dünya
yaddaşı" beynəlxalq
reystrinə daxil edilmiş tibbə dair 3 əlyazma abidəsi - Rüstəm Cürcaninin "Zəxireyi-Nizamşahi",
Əbu Əli İbn Sinanın "Əl qanun fit tibb", Əbülqasim Zəhrəvinin
"Əl-məqələtus-səlasin"
əsərləri, adı
qeyd olunan müəlliflərin rəsmləri,
onların əsərlərinə
çəkilmiş illüstrasiyalar,
Orta əsrlər tibb və farmakologiya
tarixinə dair əsərlərin, o cümlədən
Məhəmməd Yusif
Şirvani, Nəsirəddin
Tusi, Nüsrət Əfəndi, Məhəmməd
Füzuli və digər İslam Şərqi
intibahının görkəmli
nümayəndələrinin tibb elminə dair əsərlərinin
nadir nüsxələri, o cümlədən
XVI əsrdə Qazax hakimi Kuçkunci xanın şəxsi həkimi olmuş Sultan Əli əl-Xorasani tərəfindən qələmə
alınmış "Dəstur
əl-ilac" (Şəfa
ənənələri) adlı
traktatının əlyazması
ilk dəfə geniş
elmi ictimaiyyətə
təqdim olundu. Sərgidə həmçinin
görkəmli maarifçi
yazıçı, həkim
və dövlət xadimi Nəriman Nərimanovun tibb elminin müxtəlif sahələrinə dair əsərləri: "Tibb
və İslam", "İnsan
bədəni və onun yemi", "Təbabətə aid risalə" adlı kitablarının ilk çap
nüsxələri, Azərbaycan-türk
ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri - həkim, rəssam, şair, tənqidçi, tərcüməçi
Əli bəy Hüseynzadənin Balkan müharibəsində
Qızıl Hilal cəmiyyətinin üzvü
kimi həkimlik fəaliyyətini əks etdirən foto-sənəd
və Əlyazmalar İnstitutunun əməkdaşlarının
tibbə dair əlyazmalar əsasında
apardığı tədqiqatlar,
institutun fondunda mühafizə olunan tibb və farmakologiyaya
aid əlyazmaların toplu
kataloqu və mövzuya dair digər kitablar nümayiş olundu. Sərgi qonaqların çox xoşuna gəldi və böyük maraqla qarşılandı.
Bakı
Dövlət Universitetinin,
şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının
müdiri Rüfət
Rüstəmovun vida mərasimində söylədiyi
kimi: "O, öz dəsti-xətti ilə məktəb yaratmış
mütəxəssisi idi.
Görkəmli tədqiqatçımızın
aramızdan getməsi
Azərbaycan elminə
çox böyük itki oldu".
Nəzakət xanım mehriban
rəftarı, mədəni
davranışı və
güclü xarakteri ilə başqalarından çox seçilirdi, O,
milli dəyərlərə, adət-ənənələrimizə bağlı olmaqla yanaşı, həm də gözəl ana idi. Ən böyük
arzusu övladlarının
xoş gözəl günlərini görmək,
onlara toy etmək, onları ev-eşik sahibi görmək idi. Amansız ölüm imkan vermədi.
Əzizimiz Nəzakət xanım!
Xeyirxah insan, istedadlı alim, əziz
ana kimi əziz xatirəninz daima yaxınlarınızın və
Sizi tanıyanların
qəlbində daim yaşayacaqdır. Allah sizə
rəhmət eləsin!
Məzarınız nurla
dolsun!
Rübabə ŞİRİNOVA
AMEA Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun aparıcı
elmi işçisi, fəlsəfə üzrə
fəlsəfə doktoru
525-ci qəzet 2025.- 21 oktyabr(№191).- S.13.