Keçmişdən gələcəyə
Esmira FUAD
Türk Dünyası Qadınlarının
İkinci Uluslararası
Qurultayının nümayəndəsi
və məruzəçisi
Türk Dünyası
Qadınlarının İkinci
Uluslararası Qurultayı
öncül və təşəbbüskar iş
qadınlarını Bakıda
bir araya gətirdi. Bu görüş UMAY ANA Türk
Dünyası Qadınlar
Birliyinin təşəbbüsü,
Xəzər Universitetinin
ev sahibliyi ilə gerçəkləşdi.
UMAY ANA Türk dünyası qadınlar birliyi deyəndə, səsləniş qulağa
cazib gəlir. Son dərəcə çəkici bir addır, deyilmi?.. Və...
Haşiyə: Bu cazibədar birliyi 19 noyabr 2021-ci il tarixində Türk dünyasının
öncül, istedadlı,
təşəbbüskar və
işgüzar qadınlarını
bir araya gətirmək, onların birliyinə nail olmaq amacı ilə tarixçi alim, ictimai xadim,
İstanbul Universiteti Ədəbiyyat fakültəsi
Ümumi türk tarixi bölməsinin professoru Mualla Uydu Yücel yaradıb. Onun imza atdığı "Birinci Rus salnamələrinə
görə türklər",
"Türk-İslam tarixi",
"Türk-İslam bütünləşməsi",
"Balkanlarda kalmıklar",
"Qıpçaqlar", "Qazax Türklərinin milli oyunlarında at yarışları",
"Xəzər xanlığı",
"Peçeneqlər", "Uzlar və Kumanlar",
"Türküstandan Dunaya
qədər peçeneqlər",
"Balkanlarda peçeneqlər",
"Kumanlar (Qıpçaqlar)",
"Monqolların tarixi",
"Kuman torpaqlarının
sınırları", "Slavyan/Rusların Xristianlığı qəbul
etməsi və Rus Pravoslav kilsəsinin
təməli", "XX əsrdə
Rus-Bizans-Türkiyə Münasibətləri"
kimi sanballı araşdırmalarının adı
yetər ki, türkün gerçək
tarixinin sorağı ilə Balkanlardan Altaylara, Anadoludan Türküstana və Çinə qədər yol gedən və əski türklərin yaşadığı
geniş coğrafiyanın
xəritəsini cızan
bir elm fədaisinin
türksoylu xalqlar arasında birlik yaratmaq istəyinin qutsallığına inanasan...
Fəaliyyət prinsipi "Türklüğümüz
özümüz, birliyimiz
gücümüz!" formulu
olan Türk Dünyası Qadınlar Birliyinin də UMAY ANA adlandırılması təsadüfi
deyil. UMAY ANA Yer Tanrıçası da sayılır, Orxon-Yenisey yazılarında mələk
Tanrıça mənasını
daşıyır. Qadın
və uşaqları,
xalqı qoruyan, ona xoşbəxtlik, həyat bəxş edən, bərəkət
"verən" simvoldur.
Bu adda da
araşdırdığı və tədqiqatlarında
bir araya gətirdiyi türk qövmünün nəsil
ağacını qorumaq
qutsal missiyası saxlıdır... Oxucular üçün də maraqlı gələn bu Birliyin yaranma
nədənlərini Türk
dünyası qadınlarına
və dünyaya ötürmək istədiyi
mesajlar, sanal dünyaya açılış
səhifələrindəki paylaşımlar bəlirləyir.
Onlardan ən başda gələni UMAY
ANA Türk Dünyası
Qadınlar Birliyinin feysbuk səhifəsində
Gənçlik qollarının
üzvü İlknur Olgunun hazırlayıb paylaşdığı, "Türk
qızı"nın kimliyini
anladan eyniadlı şeirdir:
Qırx qız
ismiylə dünyanı
titrədən Türk
qızı!
Nədir
bu cəsur ürəklinin adı?
Altı
oğlu əl-pənçə
olmuş Vətənimin
tək evladı...
Bir yanın qılınclarla hörülü, bir yanın ipəklərlə
sarılı...
Ey Türk qızı! Sən babanın cəsur komutanı,
Annənin naif sultanı...
Ölkənin qara gözlü, ağ gərdanı...
Torpağımın qoxusu, düşmanımın qorxusu,
əngin
dağların türküsü...
İlmək-ilmək işlənən
bu Vətənin ən gözəli sənsən,
Cahanın ilk xaqanı, altı
oğullu babanın tək sultanı da sən...
Mervelinin
atası... Sarkopun qoruyucusu da sənsən!..
Söylə, Türk qızı,
sən kimsən?
- Mən qırgız qızı... Qırx qızıyla cəng edən Gülayam!..
Mən Allahyardan olma, Aksuluvdan doğma Gülayam...
Mən sənin bildiyin həm Tomris, həm də Qara Fatmayam...
Aktamkər yoldaşam, Sərvinaz
sirdaşam,
Qırx
qızımla cəng
edən cahan hökmdarı mənəm...
Uca Arslan Bəyin eşi də Mən...
Mənim
nəslim, necə ola
ki...
Qadın
hökmdar təkrar doğa!..
Qadın
bu cahanda təkrar var ola!..
Göründüyü kimi, "Türk qızı" adlı bu şeir
bütün türk dünyasında qadınların
gücünü, cəsarətini,
liderlik missiyasını
poetik biçimdə anlatmaq amacı ilə qələmə alınıb... Şeirdə
Qırğızıstanı və Türküstanı
təmsil edən cəsur qırğız qızını müəllif
Gülay adı ilə tanıdır, onu Tomris və
Qara Fatma kimi əfsanəvi qadın obrazları ilə qiyaslayır. Cəsarətli,
qüdrətli qadın
lider kimi təsvir edir, "qırx qızla düşmənlərlə döyüşən",
"dünyanın hökmdarı",
"Böyük Arslan bəyin
xanımı" kimi
tərənnüm edir.
Türk qadınının
"Umay Ananın şəfqət və mərhəmətinin, Tomris
Xatunun cəsarətinin,
Nənə Xatunun müdrikliyinin" daşıyıcısı
olduğu önə çəkilir. Böyük
Səlcuqlu dövlətinin
qurucularından olan Xorasan valisi Çağrı bəyin
oğlu, Səlcuqlu Sultanı Tuğrul bəyin qardaşı oğlu Alp Arslan bəyin həyat yoldaşı-Akca-Aka Xatun", "Aktemker (qədim)" və "Sərvinaz"
kimi sunulan sirdaşlarının olması
onun həm ailə həyatında, həm də savaşlarda öncül mövqeyini nümayiş etdirir. Türk qadının sadəcə
"sadəlövh, saf
və ilk sultan" deyil,
eyni zamanda "atasının igid sərkərdəsi", yerin
ətri, sal qayalı dağların türküsü, düşmənin
qorxusu kimi güclü və mərd şəxsiyyət
olduğu vurğulanır,
qadın hökmdarların
yenidən doğulması
və dünyada qadın gücünün
dirçəlməsi arzulanır,
güclənmiş qadınlar
tərənnüm edilir.
Bu günümüzün Tomrisləri,
Qara Fatmaları, Gülayları - aslan ürəkli türk qadınları, elm-sənət
xadimləri 01 oktyabr
2025-ci il tarixində Qarabağımızın
erməni tapdağından
azad olunmasının
- möhtəşəm Zəfərimizin
beş ilinin tamamında odlar-alovlar yurdu Azərbaycana, baş şəhərimiz
Bakıya gəldilər.
Xəzər Universitetində
qızıl payızın
ilk iki günündə
(2-3 oktyabr) "Türk
dünyasında qadın"
- "Türk dünyasının
qabaqcıl və təşəbbüskar-işgüzar qadınları" mövzusunda
Türk dünyası
qadınlarını birləşdirən
və Turana doğru bir addım olan II Uluslararası qurultay (çalıştay) xəyal
deyildi, böyük reallıq, bir gerçək idi.
UMAY ANA Türk dünyası qadınlar birliyinin təşkil etdiyi çalıştay Xəzər
Universiteti, Türkiyə
Respublikası Mədəniyyət
və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və
Koordinasiya Agentliyi, Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqlar Təşkilatı, Türk
Dünyası və Qohum Toplumlar Təşkilatı, Türk
Dünyası Birliyinin
təşkilati tərəfdaşlığı
və koordinasiyası
ilə təşkil olunan və Axıska Türkləri Dərnəyi, Kipr Türk Qadın Sahibkarlar Dərnəyi, Türk Qadın Akademiklər Dərnəyi,
İstanbul Gedik Universiteti,
İstanbul Gedik Universiteti
Qadın Sahibkarlıq
Tətbiqi və Araşdırma Mərkəzi
və İstanbul-Azərbaycan
Dostluq Dərnəyinin
iş birliyi ilə gerçəkləşdi
və Ahıska türkləri, Azərbaycan,
Bolqarıstan, Şərqi
Türküstan, Qaqauziya
Muxtar Bölgəsi,
İraq türkmanları, Qazaxıstan,
Krım, Kosova, Şimali Kipr Türk Cümhuriyyəti,
Özbəkistan, Türkmənistan
və Türkiyə Cümhuriyyətini təmsil
edən tanınmış
qadın alimlər, yazıçılar, ictimai
fəallar, QHT və dövlət qurumlarının
nümayəndələrinin (60 nəfərdən çox)
qatılımçılığı ilə böyük uğurla keçirildi.
Qurultay öz işinə dərin məna qapsayan yüksək səviyyəli açılış
çıxışları ilə başlayıb. Tədbirdə Türkiyə
Cümhuriyyətinin Azərbaycandakı
Fövqəladə və
səlahiyyətli səfiri,
prof. dr. Birol Akgün, Umay
Ana TDKB, TÜRKKAB və Qurultay
Təşkilat Komitəsinin
sədri, prof. dr. Mualla
Uydu Yücel, Xəzər Universitetinin rektoru dr. Raziyə
İsayeva, Dünya Alpaqut
Federasiyasının prezidenti
və Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müşaviri Jalə Əhmədova, DATÜB baş
katibi Fuad Uçar, Bolqarıstan Dulova şəhərinin meri Nevhis
Lütfi Mustafa, Kosovo millət
vəkili Fidan Brina Jilta, Azərbaycan
millət vəkilləri
Sevil Mikayılova, Səbinə Salmanova,
TÜRKPA sədri dr. Tamam
Cəfərova, Qaqauziya
mədəniyyət naziri
Marina Semyonova və
KKTC-nin Azərbaycandakı
nümayəndəsi, səfir
Ufuk Turganer çıxış ediblər.
Umay Ana Türk Dünyası Qadınlar Birliyinin,
TÜRKKAB və Qurultayın
Təşkilat Komitəsinin
sədri, prof. dr. Mualla
Uydu Yücel açılış nitqində
tarixdə türk qadınının önəmli
rolundan bəhs edərək vurğuladı
ki, tarix boyu müxtəlif coğrafiyalarda
yaşayan türk qadınları bütün
zamanlarda öz ərlərinin, ata və babalarının, qardaşlarının, sevdiyi
igidin yanında və arxasında olublar. Biz öz fəaliyyətimizlə, yayımladığımız
kitab və dərgilərlə
türk birliyini möhkəmləndirəyə, qırılmış bağlarımızı
bərpa etmək uğruna çaba veririk...
İki gün davam edən elmi proqram çərçivəsində
ümumilikdə beş
sessiya təşkil olunub:
"Tarixi prosesdə
Azərbaycan" adlı
açılış sessiyasına
Xəzər Universitetinin
Təbiət elmləri
və mühəndislik
fakültəsinin dekanı
dr. Fəxrəndə
Əfəndiyeva sədrlik
edib. Sessiyada "Azərbaycanın dövlətçilik
tarixi", "Əsrin
soyqırımı: Xocalı",
"Xocalı soyqırımının
Azərbaycan qadınları
üzərində təsiri",
"İkinci Qarabağ
müharibəsinin nəticələri"
və "Türkiyə-Azərbaycan
münasibətləri" mövzularında məruzələr
dinlənilib.
Prof. dr.
İradə Hüseynovanın
sədrliyi ilə keçən "Türk
dünyasının ədəbiyyat
və mətbuatda öncül qadınları"
sessiyasında "Şəfiqə
Qaspıralı", "Azadə
Musayeva", "Zeynə
Qəniyeva", "Sürəyya
Ağaoğlu" və
"Türkmən ədəbiyyatında
öncü qadınlar"
kimi mövzular müzakirə edilib.
"Türk dünyasının elmdə
və akademiyada öncül qadınları"
sessiyasına Xəzər
Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı
dr. Milana Abbasova rəhbərlik edib. Burada Türkiyə,
Qazaxıstan, Qırğızıstan
və Şərqi Türküstandan olan elmi lider qadınlar
haqqında məruzələr
təqdim olunub.
"Türk dünyasının ictimai
həyatda öncül
qadınları" sessiyasının
yönətimini prof. dr. Meşkure Yılmaz edib və sessiyada "Ailə birliyinin qorunmasında qadınların
rolu", "Sürgün
dövründə qadınların
taleyi", "Bəxtiyar
Vahabzadənin yaradıcılığında
Ana qonusu", "Mücahid qadınlar" kimi mövzular yer alıb.
"Nəzihe Muhiddin və Qadınlar Xalq Firqəsi", "Süni
intellekt dövründə
qadın liderliyi",
"Nailə xanım
İsayevanın uğur
hekayəsi", "Türkiyədə
qadın sahibkarlığı"
və "Özbəkistanda
qadınların biznesdə
rolu" mövzularında
çıxışları isə çalıştayın
qatılımçıları Xəzər Universitetinin Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin
dekanı dr. Günel Bahəddinovanın
sədrlik etdiyi "Türk dünyasının
idarəçilik və
sahibkarlıqda öncül
qadınları" adlı
son sessiyada dinləyiblər.
Dostluq, qardaşlıq
və ortaq dəyərlər çərçivəsində
türk birliyinin və həmrəyliyinin güclənməsinə mühüm
töhfə verəcək
və böyük məna kəsb edən çıxışlarla
gerçəkləşən qurultay Türk dünyasında qadınların
tarixi, mədəni və sosial sahələrdəki rolu elmi əsaslarla araşdırılıb, onların
ictimai həyatda, elm və sahibkarlıq
sahəsində oynadığı
mühüm rollar geniş müzakirə edilib, həmçinin gələcək nəsillər
üçün güclü
və təsirli türk qadını modelinin formalaşdırılması
istiqamətində əhəmiyyətli
nəticələr əldə
olunmasına yönəlik
fikirlər yürüdülüb...
Çalıştayın elmi
proqramına uyğun şəkildə məruzələrin
dinlənildiyi beş sessiyada Türk dünyasında qadınların
sahibkarlıq potensialı
və liderlik rollarına dair elmi müzakirələr aparıldı və müxtəlif elm sahələrini və peşəkar səviyyələri
təmsil edən qadınların da böyük marağına
səbəb oldu. Türk dünyası qadınları üçün
daha güclü gələcək üçün
strateji gələcəyə
baxış yaratmaq, regionlararası kommunikasiya
şəbəkələrini gücləndirmək məqsədi
daşıyan bu önəmli çalıştay
yüksək səviyyəli
institusional əməkdaşlığı
ilə də diqqət çəkib.
Kökümüz Altayda, qanımız Bozqırda,
Atalarımızın səsi eşidilir hər bir sırda.
İgidlik dastanı,
tariximizin işığı,
Türk milləti
bir bütündür,
sonsuz bir işıq...
Birlikdə olduğumuz
üç gün boyunca Türk millətinin böyük bir millət, bir bütün, sonsuz bir işıq
olduğuna bir daha əmin olan qonaqların və digər qatılımçıların ürəyi qürur, fərəh duyğularından
vəcdə gəlirdi...
Bakı küçə
və xiyabanlarının
təmizliyindən, insanların
isti münasibətindən
və mehribanlığından,
əski və müasir tipli binaların yüksək zövqlə inşa edilməsindən və Qarabağda igid əsgərlərimizin şücaətindən,
sessiyalardan sonra ifa edilən möhtəşəm musiqimizdən
sevgi ilə bəhs edən Türksoylu qonaqlarımız
sanki Uluyurdumuzu yenidən tanıyıb kəşf edir, onlara hədiyyə olaraq bağışladığım
Xarıbülbül döş
nişanını da fərəhlə yaxalarında
gəzdirir, yeri gəldikcə xorla mahnılar, ən çox da Nurlan
Naxçıvanlının "Yaşa, Azərbaycan" şərqisini bir ağızdan oxuyur, "Türk birliyimiz davamlı, əbədi olsun!.. - deyirdilər...
525-ci qəzet 2025.- 21 oktyabr(№191).-
S.13.