Səhnəmizin ilk Leylisi
Vasif QULİYEV
Üzeyir
bəy Hacıbəyov
çoxdan bəri üzərində işlədiyi
“Leyli və Məcnun” operasının
sonuncu pərdəsini
yenicə tamamlamışdı.
Amma əsas məsələ
hələ qalırdı:
rolların ifaçılarını
tapmaq! Bu məsələni
həll eləmək üçün gənc bəstəkar yaxından tanıdığı, ərki
çatdığı dost-tanışlarını “İslamiyyə”
mehmanxanasında kiçik
qardaşı Ceyhun bəylə birlikdə yaşadığı mənzilə
dəfələrlə məsləhət-məşvərətə
çağırmışdı. O, bu nəcib işə,
ilk növbədə, xorda
oxumaq və orkestrdə çalmaq üçün seminariya yoldaşlarını cəlb
eləmişdi. Onlardan
beli bağlı idi, bilirdi ki, keçmiş tələbə
dostları onu heç vaxt darda qoymazlar. Mənzilinə dəvət
elədiyi tanışlarından
bəziləri öz xeyirxah məsləhətlərini
əsirgəməmiş, bəziləri
isə hətta səhnəyə çıxmağa
dərhal razılıq
vermişdilər. Üzeyir
bəyin özü isə skripkada çalacaqdı. Rejissorluğu
Hüseyn Ərəblinski,
dirijorluğu Əbdürrəhim
bəy Haqverdiyev eləyəcəkdi. Baş
rollardan birinin - Məcnunun da ifaçısı
məlum idi: Hüseynqulu Sarabski! O vaxtlar muğam aləminin ən tanınmış bilicisi və ustadı Mirzə Muxtar Məmmədov məsləhətçiliyi
və Məcnunun atası, Cəlil bəy Vəzirov Leylinin anası Ümmüleyli, Ceyhun bəy Hacıbəyov isə İbn-Səlam rollarını oynamağı
öz üzərlərinə
götürmüşdülər. Xoreoqrafik səhnələrin
quruluşu isə Ceyhun bəyin məktəb yoldaşı
Bəhram bəy Vəzirova tapşırılmışdı.
Epizodik rollarda oynayanlar da tapılmışdı.
Üzeyir
bəyin ən yaxın köməkçisi
Ceyhun bəy əsərin tamaşaya hazırlıq dövründə
özünü oda-közə
vurur, əsas işlərin qulpundan yapışaraq qardaşının
tapşırıqlarını və göstərişlərini
canıyananlıqla və
vaxtlı-vaxtında yerinə
yetirirdi. O, müxtəlif
şairlərin, xüsusilə
də, Məhəmməd
Füzulinin əsərlərindən
uyğun lirik parçaları tapıb,
operanın mətninə
əlavə eləyir,
ayrı-ayrı vokal nömrələri üçün
muğam janrları, ya da xalq musiqisindən
və orijinal motivlərdən götürülmüş
təsniflər seçir,
Üzeyir bəy də onları nota köçürürdü.
İşlər öz axarı ilə gedirdi. Dərd bircə Leyli dərdi idi. Müsəlman qızlarının səhnəyə
çıxmadıqları bir vaxtda o rolu
oynayacaq adamı tapmaq müşkül məsələyə çevrilmişdi.
Bakı qoçularının
qorxusundan arvad geyimində camaatın qarşısında çıxmaq
da hər kişinin işi deyildi. Üzeyir bəyi ən çox narahat eləyən də elə bu idi. Səsi
olan neçə tanışının da ağzını
aramışdı. Lakin onlar
daş atıb, başını tutmuş,
hətta biri demişdi ki, sən nə danışırsan,
ay Üzeyir bəy?! Balalarımı yetimmi, ata-anamı gözü yaşlımı qoymaq istəyirsən?! Üzeyir
bəy onların heç birini qınamamışdı da. Çünki
hansı ağılsız
bu avam cəmiyyətdə,
qoçular dünyasında
zənən paltarını
əyninə keçirib,
mütrüb kimi xalqın qarşısına
çıxar?!
Leyli məsələsi Üzeyir
bəyi lap dalana dirəmişdi. Bu rolun ifaçısını tapmaqda
ona kömək eləyə biləcək
ən çox güvəndiyi və etibar elədiyi yeganə adam Ceyhun bəy idi. Gecə-gündüz Leyli axtarışında olan və bu
sarıdan çox çətinliklərlə üzləşən
sevimli qardaşını
ağır və çıxılmaz vəziyyətdən
qurtarmaq üçün
Ceyhun bəy dəridən-qabıqdan çıxır,
nəyin bahasına və hardan olursa-olsun, “Məcnunun Leylisi”ni tapmalı idi. O, Bakıdakı dost-tanışlarını bir-bir
gözləri önünə
gətirir, lakin bu rolu oynaya
biləcək münasib
adam tapa bilmirdi. Bu dəfə isə Ceyhun bəy xəyal atını Şuşaya səyirtdi, məktəb yoldaşlarını,
məhəllə uşaqlarını
bir-bir gözləri önündə canlandırdı.
İlk növbədə, qonşuları,
uşaqlıq yoldaşı
Əbdürrəhim yadına
düşdü. Sanki qiymətli
bir xəzinə tapmış kimi sevinə-sevinə Üzeyir
bəyin yanına yollandı...
Ceyhun bəylə Əbdürrəhim
demək olar ki, tay-tuş idilər. Cəmi bircə il yaş fərqləri var idi. Ceyhun bəy
bir neçə bayram ondan böyükdü.
Hər ikisi bir məhəllədə
doğulmuş, bir yerdə böyümüş,
uşaqlıqlarını bir
yerdə keçirmişdilər.
Əbdürrəhimə Allah-Təala gözəl səs, bir az
da artistlik qabiliyyəti
vermişdi. İncəsənət
həvəskarları olan
bu dostlar şəhərdə tez-tez
keçirilən el şənliklərində, bayramlarda,
məktəb tədbirlərində
iştirak edir, bəzən də səhnəyə çıxıb,
tamaşaların xorlarında
oxuyurdular. Lakin bir ildən çox idi ki, Ceyhun bəy təhsilini Bakıda davam etdirir, Əbdürrəhim
isə Şuşada qalıb, Xan qızının
bağındakı çayxanada
çayçı şəyirdi
işləyirdi...
Ceyhun bəy evə gələndə Üzeyir
bəyin başını
əlləri arasına
alıb, dərin fikrə daldığını
gördü. Gülə-gülə:
- Yenə nə fikrə getmisən, qaqa?! Yüz fikir bir borcu
ödəməz deyib
atalar! Axtardığımızı
tapmışam. Sən
də tanıyırsan
onu. Şuşada qonşumuz Mürsəl əminin oğludur, mənim uşaqlıq yoldaşımdır. Yaxşı
da səsi var, lazımdırsa...
- Üzeyir bəy qardaşının sözünü
ağzında qoyub, sevincək halda:
- Nə danışırsan,
Ceyhun?! Lazımdırsa
nədir?! Lap hava, su kimi lazımdır.
Elə indi, bu dəqiqə, bu saat dur tərpən
Qalaya, dostunu da götür, təcili gətir bura! - deyərək qardaşını
qucaqlayıb bağrına
basdı...
Ceyhun bəy səfər hazırlığı görüb,
dəmiryol vağzalına
tələsdi. Qatarla Yevlaxa, ordan da faytonla Şuşaya yollandı. Uşaqlıq dostunun xasiyyətinə dərindən bələd
olan və onun şıltaq, vasvası və tərs olduğunu yaxşı bilən Ceyhun bəyi qəflətən fikir götürdü: “Birdən
Əbdürrəhim mənim
sözümü yerə
salar, Bakıya getməyə razılıq
verməz. Amma işdi-şayət,
sözümdən çıxsa,
nə çoxdur Şuşada səsi olan, səhnəyə həvəs göstərən
gənclər! Bakıya
əliboş qayıtmayacağam
ki?!” - deyə, bu bəd fikirləri özündən uzaqlaşdırmağa
çalışdı.
Lakin hər şey Ceyhun bəyin fikirləşdiyinin əksinə
oldu. Əbdürrəhim
tərəddüdsüz-filansız dostunun təklifini qəbul elədi. Və yubanmadan elə həmin gün axşam Bakıya çıxdılar...
Üzeyir
bəy Əbdürrəhimin
səsini yoxladı, çox razı qaldığını bildirdi,
üzünü tamaşanın
məsləhətçisi Mirzə Muxtara tutdu:
- Necədir, Mirzə, Əbdürrəhimin səsi
xoşuna gəldimi? Leylinin öhdəsindən
gələ biləcəkmi?!
Mirzə
Muxtar:
- Çox gözəl avazı var, səsini bir az tarazlasa,
inanıram ki, rol əla alınacaq. Bir də ki, qardaşın onu tapıb gətirməkdə heç
də səhv eləməyib! - deyə Ceyhun bəyə də təşəkkürünü
bildirdi.
Mirzə
Muxtar Məmmədovun
xeyir-duası ilə tamaşaya hazırlıq başlandı. Məşqlər
bir aya yaxın
davam elədi və nəhayət, o uğurlu əlamətdar gün gəlib-çatdı...
1908-ci il yanvarın 25-i axşamı.
Azərbaycanın bütün
güşələrindən axın-axın insanlar tamaşaya baxmağa gəliblər. Tağıyev
teatrının qarşısında
iynə atsan, yerə düşməz. Səs-küydən qulaq tutulur. O qədər adam var ki, içəri keçmək mümkün
deyil. Saat 4-ə qədər biletlər satılıb qurtardığından,
bilet tapa bilməyənlər
də biletsiz içəri doluşurlar.
Tamaşanın başlanmasına dəqiqələr
qalırdı. Əbdürrəhim
hələ qrim otağında idi. Ceyhun bəy isə səbirsizliklə onun səhnəyə çıxmasını gözləyirdi.
Elə bu vaxt içəridən Əbdürrəhimin gur səsi eşidildi. “Bu, nə rəngdir?! Dünya dağıla, mən onu üzümə
sürtmərəm!” Bu sözləri
eşidən Ceyhun bəy: “Paho, deyəsən, şıltaqlığı
yenə tutdu. Biabır olduq!”- deyə tez qrim
otağına qaçdı.
Əbdürrəhim qrimlənməkdən
imtina edirdi. Bu vəziyyəti görən
və tamaşa pozulmasın deyə, Ceyhun bəy yalvar-yaxarla onu birtəhər sakitləşdirib
yola gətirdi. Qrim otağından çıxandan sonra Əbdürrəhim pərdə
arxasından tamaşa
salonunu diqqətlə
gözdən keçirməyə
başladı. Tamaşaçılar
arasında çoxlu şuşalı da var idi.
Həmyerlilərinə də
çox yaxşı bələddi. Bilirdi ki, əgər qalalılar onu tanısalar, Şuşaya qayıdan kimi barmaqlarına dolayacaq, ələ salacaq, şəbədə
dalınca şəbədə
qoşacaqlar. Ona görə
də müdriyyətlə
belə bir şərt kəsdi ki, Leylini - qadın rolunu oynadığını
heç kəs bilməməlidir!.. Amma gec idi!
Ad-familiyası da, oynadığı
rolun adı da artıq tamaşaçılara
bəlli idi.
Pərdə aram-aram qalxmağa
başladı. Bayaqkı
səs-küydən əsər-əlamət
qalmamışdı, elə
bil qurbağa gölünə daş atmışdılar. Ağzınacan
dolu zal həyəcanla, gərgin maraqla tamaşanı izləməyə başladı.
Adətən, teatrda
hay-küy salan tamaşaçılar bu gün cınqırıqlarını
belə, çıxarmırdılar.
Alqış sədaları
yalnız pərdələr
başa çatanda və bir də
tamaşanın sonunda
- aktyorlar səhnəni
tərk edəndə eşidildi.
Ceyhun bəyin
bütün fikri-zikri,
bir gözü elə dostunda qalmışdı. Deyəsən,
Əbdürrəhimin “dəliliyi”
yenə tutmuşdu. Həmin anları Məcnun rolunun ifaçısı Hüseynqulu
Sarabski sonralar belə xatırlayırdı:
“Bir qışqırıq
səsi eşitdim: “Bəs mən üzümdən rəngi
necə silim?!” səsindən Leyli rolunu oynayan Fərəcovun qışqırdığını
anladım. Gedib gördüm su kranının qabağında
durub, üzünü
su ilə yuyur. Qaydadır, laka su dəyəndə
daha da bərk
olar. Biz onun bığlarını
görünməmək üçün
lak ilə yapışdırmışdıq. O da üzünə su vurduqca lak
bərkiyib, qrim getmirdi və lap quruduqca onu
incidirdi. İşi belə gördükdə
qolundan yapışıb
apardım, qrimi vazelin ilə təmizləmək istədim.
İyrənə-iyrənə mənim üzümə baxıb dedi: “O donuz yağını qoymaram mənim üzümə sürtəsən!”
Çox müsibətlə
bunun üzünü təmizlədik və şad-xürrəm hamı
öz evinə getdi” (Hüseynqulu Sarabski. “Köhnə Bakı”, “Yazıçı”
nəşriyyatı, 1982-ci il, səhifə 47).
İpə-sapa yatmayan Əbdürrəhim
isə:
- Birinci-axırıncı dəfə olsun, qələt elərəm dədə-babamla, bir də arvad paltarı
geyinib çıxaram
səhnəyə! Sizinki
sizdə, mənimki də məndə!
Ceyhun bəy
isə dostunu səbir və təmkinlə dinləyib,
növbəti tamaşalarda
çıxış etmək
xatirinə onun nazıyla oynamağa başladı. Amma Əbdürrəhim yenə
də tərsliyinə
salıb, belə bir şərt kəsdi ki, o rəngi-yağı bir də üzünə sürtməyəcək, yəni
səhnəyə çıxmayacaq!
Vəssalam!
Və beləliklə
də, Ceyhun bəylə dostunun arasında inciklik yarandı. Əbdürrəhim
Bakıdan o çıxan
çıxdı. Gecəykən
Şuşaya yola düşdü, daha burda yaşamaq istəmədiyini evlərində
bildirdi. Yır-yığış
eləyərək Gəncəyə
üz tutdu. Yaxından tanıdığı
Məşədi Cəmil
Əmirovu, Malıbəyli
Həmidi, Əsgər
Qurbanovu və digər həmyerlilərini
tapıb görüşdü.
Başına gələn
hal-qəziyyəni onlara
danışdı, Şuşaya
qayıtmayacağını və həmişəlik Gəncədə bənd alacağını bildirdi.
Onların vasitəsiylə
şəhərdəki çayxanaların
birində iş tapdı, özünə gün-güzaran düzəltdi.
Amma Bakıdakı o hadisə onu səhnədən, teatrdan
ayrı sala bilmədi. Gələcək
sənət dostlarının
təkidi ilə tamaşalara getdi, arabir epizodik rollarda oynadı, bir sözlə, yavaş-yavaş professional
səhnəyə qədəm
qoydu...
Yay aylarında
Gəncədə mədəni
həyat aşıb-daşırdı.
Bakıdan vaxtaşırı
qastrola gələn tanınmış aktyor və rejissorlar yerli həvəskarlarla birlikdə müxtəlif səpkili tamaşalar hazırlayır, şəhər
klubunda göstərirdilər.
Əbdürrəhim Fərəcovun
da adı teatr proqramlarının afişalarında və qəzet elanlarında tez-tez görünürdü
(qızı Sona xanımın dediyinə görə, atası özünə “Şuşinski”
təxəllüsü götürmüşdü
- V.Q.).
1913-cü ilin yayında məşhur aktyor və rejissor Sidqi Ruhullanın Gəncə qastrolları başlandı
(S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivi,
Sidqi Ruhullanın fondu, 519.1.56).
Əsasən, Üzeyir Hacıbəyovun
əsərlərini tamaşaya
hazırlayan görkəmli
rejissor sorağını
çoxdan aldığı
Əbdürrəhimi də
yaddan çıxarmadı,
dəfələrlə tamaşalarında
çıxışa dəvət
elədi. Bir-birinin ardınca səhnəyə
qoyduğu əsərlərdə
Əbdürrəhim Fərəcov
da özünə yer aldı. Həmin il iyun
ayının 20-də Gəncə
şəhər klubunda
göstərilən “O olmasın,
bu olsun” musiqili komediyasının tamaşasında o, Məşədi
Cəmil Əmirov, Azad bəy Əmirov,
Abdulla Bağırov, İsrafil Babaxanov, Məhəmməd İbrahimov,
Ağalar bəy Qaraşarov, Rza bəy Qaraşarov, Yaqub Cəfərov kimi həvəskarlarla birlikdə səhnəyə
çıxdı. Bu tamaşa iki dəfə çox böyük uğur qazandı və Gəncənin ziyalı qadınları da əsərə baxmaq üçün yerli həvəskarlardan təvəqqi
elədilər. Onlar da müsəlman qadınlarının istəklərini
nəzərə alaraq
Sidqi Ruhulladan xahiş elədilər ki, qadınlar üçün “O olmasın,
bu olsun”u
ayrıca göstərsinlər.
Üçüncü dəfə
şəhərin küçələrinə
afişalar vuruldu, biletlər satıldı. Lakin mövhumatçılar
həvəskar aktyorları
ölümlə hədələdiklərindən
tamaşa baş tutmadı. Bir neçə gündən
sonra - iyunun 29-da “Qaranlıqda işıqlar”da
epizodik rolda iştirak edən Əbdürrəhim Fərəcov
bir həftə sonra “Leyli və
Məcnun”da yenə də Məşədi Cəmil Əmirov, Əsgər Qurbanov, Cəmil Əmirov, Nağı Şeyxzamanov, Ağabala İbrahimov, Nəsib bəy Yusifbəyov kimi həvəskarlarla birlikdə
səhnəyə çıxdı.
Bu tamaşa da çox yüksək
səviyyədə oynanıldı.
Əbdürrəhim Fərəcov (1892-1952) Gəncədə
aktyorluqla yanaşı,
həm də gözəl səsli müğənni, istedadlı
tarzən kimi məşhurlaşmışdı. O, ömrünün sonunadək
şəhərin mədəni
həyatında yaxından
iştirak etmiş, muğam, xalq mahnısı və təsniflərin gözəl
ifaçısı kimi
də tanınmışdı.
Əbdürrəhim Fərəcov
Sovet hakimiyyətinin ilk illərində Gəncə musiqi məktəbinin tar sinfini bitirmiş, bir müddət tarzən Məşədi
Cəmil Əmirovun dram kollektivində, xalq çalğı alətləri ansamlında,
Gəncə Dövlət
Filarmoniyasında və
Gəncədə Dövlət
Dram Teatrının Orkestrində müğənni
və tarzən kimi fəaliyyət göstərmiş, adı
Azərbaycan opera tarixinə Leyli rolunun ilk ifaçısı
kimi yazılmışdır.
525-ci qəzet 2025.- 21 oktyabr(¹191).-
S.10.