Azərbaycan diplomatiyasında
Həsən Həsənov
fenomeni
Azərbaycanın istər sovet dövrünün, istərsə
də müstəqillik
dövrünün ən
tanınmış və
etibar qazanmış siyasi simaları arasında Həsən Həsənovun xüsusi yeri vardır. Əvvəla, ona görə ki, o, Gürcüstanda
- tarixən Azərbaycan
türklərinin də
vətəni sayılan
Tiflisdə doğulsa
da, bir azərbaycanlı
olaraq əmək fəaliyyətinə başladığı
ilk gündən ömrünün
bu ahıl çağınadək Azərbaycana
xidmət etmiş, zəhmət çəkməkdən
bir an da olsa, çəkinməmiş, həyatını
tutduğu vəzifələrə
uyğun olaraq təvazökarlıqla qurmuş,
həm dövlət qurumlarında, həm də cəmiyyətdə,
xalq arasında peşəkar rəhbər
işçi və
milli ziyalı kimi ad-san qazanmışdır. Əlbəttə, yüzlərlə
insanın həyatında
olduğu kimi, Həsən Həsənovun
da iş və vəzifə nailiyyətlərində
istedadlı, bacarıqlı,
dövlətinə, xalqına
sədaqətli insanları
irəli çəkmək
və onları böyük missiyalar üçün yetişdirmək
xəttini yeridən
Ulu öndər Heydər
Əliyevin həlledici
rolu olmuşdur.
Sovet Azərbaycanının
kommunist rəhbərliyində
Heydər Əliyevin ən sadiq və
peşəkar köməkçisi
- Azərbaycan Kommunist
Partiyası Mərkəzi
Komitəsinin ideologiya
üzrə katibi vəzifəsini daşıyan,
sonrakı illərdə
Azərbaycan hökumətinə
başçılıq edən
Həsən Həsənov
milli vətənpərvərlik hissləri və konkret fəaliyyəti nəticəsində xalq arasında bir "partokrat" kimi deyil, əsl xalq adamı kimi, yaradıcı ziyalı, yenilikçi rəhbər
işçi kimi haqlı nüfuz qazanmışdı. İxtisasca
inşaatçı-memar olan
Həsən Həsənov
gənc yaşlarından
komsomol və partiya orqanlarında çalışmış, uzun
illər respublikanın
idarəçiliyində yaxından
iştirak edərək
Heydər Əliyevin rəhbərliyi altında
rəhbər vəzifələrdə
böyük və zəngin həyat yolu keçmişdir. Həm partiyanın mərkəzi aparatında,
həm rayonlarda, həm də Sumqayıt və Gəncə (o zaman Kirovabad) şəhərlərində
bacarıqlı partiya
rəhbəri olaraq çalışmış, xalqın
etimadını qazanmışdı.
Həsən Həsənov xalqımızın
taleyində ən təlatümlü və qeyri-sabit dövrdə -
1990-cı ilin 26 yanvar
tarixindən 1992-ci ilin
aprel ayının 4-dək
Azərbaycan Respublikasının
əvvəl Nazirlər
Sovetinin sədri, sonra Baş naziri vəzifəsini daşımışdır. Sovetlər
zamanında bu qurum partiyanın buyruq qulu olmaqdan
başqa bir şey deyildi, yalnız Həsən Həsənovun şəxsi
nüfuzu və xalqın etimadını qazanması belə ümid yaradırdı ki,
yeni müstəqil Azərbaycan
hakimiyyətində o, daha
yüksək vəzifə
tutmağa haqq edir. Burada qeyd
etməliyəm ki, həmin
vaxtlar Naxçıvan
Muxtar Respublikasına rəhbərlik edən Heydər Əliyevin respublika rəhbərliyində
əlaqə saxlayıb
etimad etdiyi yeganə şəxs Həsən Həsənov
idi. Məlum olduğu kimi, sovet dövründə Nazirlər Kabinetinin sərbəst qərarlar qəbul etmək səlahiyyəti yox idi. Həsən Həsənov Baş nazir kimi çalışsaydı
belə, Prezidentin dəst-xəttini dəyişdirməyə
nail ola biməyəcəkdi. Hərbi-siyasi hakimiyyəti
Konstitusiyaya əsasən
öz əlində cəmləşdirən prezident
Ayaz Mütəllibov ölkədə
gündən-günə genişlənən
separatizm və xarici müdaxilə şəraitində laqeydlik
və acizlik göstərir, hələ
də Moskva qarşısında
mütilik nümayiş
etdirirdi.
Fikrimcə, ölkəmizin müstəqilliyini
əldə etməsi bir çoxlarımız kimi, Həsən Həsənovun da taleyində
müstəsna rol oynadı. Böyük dövlətçilik təcrübəsinə
və milli-mənəvi
dəyərlərimizə bağlılığına
görə Azərbaycan
Respublikasının Baş
naziri Həsən Həsənov yenicə müstəqillik qazanmış,
amma Ermənistanın təcavüzünə
məruz qalmış
ölkəmizin beynəlxalq
aləmdə tanıdılması
və onun haqlı mövqeyinin dünya dövlətlərinə
və beynəlxalq təşkilatlarda qəbul
edilməsi sahəsində
dövlətçiliyimizə töhfə verə bilmək üçün
öz təşəbbüsü
ilə Birləşmiş
Millətlər Təşkilatında
(BMT) Azərbaycan Respublikasının
Daimi Nümayəndəsi
vəzifəsinə təyin
edilməsini istədi
və onun bu arzusu reallaşdı.
Onun bu çox
çətin, məsul
vəzifəyə təyin
edilməsi və Nyu-York şəhərində
Birləşmiş Millətlər
Təşkilatında 1993-cü ilin sentyabrınadək davam edən məqsədyönlü, prinsipial,
inadlı və mübariz fəaliyyəti
gənc Azərbaycan Respublikasının diplomatiyasının
ilk uğurlu və taleyüklü addımlarının
atılması ilə
yadda qaldı.
1992-ci ilin iyununda
xalq hərəkatı
və bu zəmində yaranan Xalq Cəbhəsi üzvlərindən, bir az da xarici ölkələrdəki
təcrübəni yamsılamaqla
formalaşdırılan ayrı-ayrı
partiyaların liderlərindən
təşkil edilən
yeni hakimiyyət keçmiş
partiya-sovet nomenklaturasını
tamamilə inkar edərək, hətta ən bacarıqlı və milli ruhlu idarəçiləri belə
yaxına buraxmasa da, Həsən Həsənovu
yüksək diplomatik
vəzifəsində saxlamaq
məcburiyyətində idi. Əslində, belə bir nüfuzlu
və milli təəssüblü
siyasi liderin BMT təmsilçiliyində olması
yeni milli ruhlu prezident Əbülfəz Elçibəyi
qane edirdi, çünki Həsən
Həsənov sıradan
bir partokrat deyildi, sovet sistemi və kommunist ideologiyası çərçivəsinin imkanları
daxilində olan, bir çox hallarda isə imkansız görünən
fürsətlərdən Azərbaycan
xalqının xeyrinə
istifadə edən böyük Heydər Əliyev məktəbinin yetirməsi və yaranmış vəziyyətdə
davamçısı idi.
Prezident Əbülfəz
Elçibəyin isə,
ətrafındakı məsul
vəzifə sahiblərindən
fərqli olaraq, Heydər Əliyevin şəxsiyyətinə hörməti
və etimadı var idi.
Azərbaycanın BMT-dəki nümayəndəliyinin,
xüsusən Həsən
Həsənovun inadlı
səyləri nəticəsində
30 aprel 1993-cü ildə
Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ Münaqişəsi
ilə əlaqədar
BMT Təhlükəsizlik Şurasının
822 nömrəli ilk Qətnaməsinin
qəbul edilməsinə
nail olundu. Hər nə qədər qüsurlu olsa da, təcavüzkar Ermənistan
dövlətinin işğalçı
olaraq adı çəkilməsə də,
bu Qətnamədə
Azərbaycan torpaqlarının
erməni silahlı qüvvələri tərəfindən
işğal edilməsi
faktı əks olunur və bütün işğalçı
qüvvələrin işğal
edilmiş rayonlardan dərhal çıxarılması
tələb edilirdi. Azərbaycanın Ağdam
rayonunun işğalından
sonra 29 iyul 1993-cü ildə BMT Təhlükəsizlik
Şurasının qəbul
etdiyi 853 nömrəli
Qətnamə də həm əvvəlki Qətnamənin yerinə yetirilməsini, həm də beynəlxalq miqyasda tanınmış sərhədlərin pozulmasının
və ərazi əldə etmək məqsədilə gücdən
istifadə edilməsinin
yolverilməzliyini bir daha təsdiq etmiş oldu. BMT-nin Təhlükəsizlik Şurasının həmin
qətnaməsində Qarabağın
hüquqi olaraq Azərbaycan torpağı
olduğu qeyd-şərtsiz,
qəti şəkildə
qeyd edilirdi. Bu qətnamələrin qəbulu Həsən
Həsənovun başçılığı
ilə Azərbaycan diplomatik heyətinin dünyanın aparıcı
ölkələrinin nümayəndəlikləri
ilə apardığı
gərgin işlərin
nəticəsi idi. Bütün bu proseslərin geniş təfsilatını son onilliklərdə
hərtərəfli elmi
tədqiqatlarla məşğul
olan, tarix elmimizə qiymətli töhfələr verən,
geniş oxucu dairəsinin maraqla qarşıladığı dəyərli
elmi-siyasi əsərlərin
müəllifi olan Həsən Həsənov
"Top gurultusu altında
diplomatiya. BMT TŞ-nin
Qarabağ qətnamələri:
gizlinlər və həqiqətlər" əsərində
(Bakı, TEAS PRESS, 2024, 544 s.) ətraflı əks etdirmişdir.
Yeri gəlmişkən
qeyd etməliyəm
ki, ilk təhsili tarix olmasa da, Həsən Həsənov peşəkar
tarixçiləri heyrətə
gətirəcək elmi
tədqiqatlar aparmış,
dünyanın və regionun qədim və orta əsrlər
tarixinə dair müxtəlif dillərdəki
mənbələri, əsər
və məqalələri,
sənədləri və
xəritələri illər
boyu incələmiş,
Avropanın bir sıra arxiv, kitabxana və muzeylərindəki sənədlərə
əsaslanaraq Azərbaycan
tarixinə dair indiyədək rəsmi tarixçiliyin qəbul etdiyi tarixlərə əsaslı düzəlişlər
edilməsini təklif
etmiş, tarixşünaslığa
bir sıra elmi yeniliklər gətirməyə müvəffəq
olmuşdur. Məsələn,
rus və Azərbaycan dillərində
nəşr edilmiş
"Makedoniyalı İsgəndər
və Atropat. Ölkənin Azərbaycan
adı altında yüksəlişi haqqında"
əsərində (Bakı,
TEAS PRESS, 2017, 300 s.) Atropatena dövlətinin eramızdan
əvvəl 331-ci ildə,
Böyük İsgəndər
tərəfindən Əhəmənilər
dövlətinin varlığına
son qoyulandan sonra yarandığı faktı
tarix dərsliklərində
hakim olsa da, Həsən
Həsənov qədim
Roma və Suriya tarixi mənbələrə əsaslanaraq
Azərbaycan dövlətçiliyinin
sələfi olan Atropatena (Adorbayqan) dövlətinin e. ə. 612-607-ci illərdə, min illik Aşşur imperiyasının
süqutu nəticəsində
Skif çarı Madiy tərəfindən yarandığını irəli
sürmüş və
əsaslandırmışdır. Sonralar, e.ə.
594-cü ildə Midiya
çarı Kiaksar tərəfindən e.ə.
585-ci ildə Atropatenanın
müstəqilliyinə son
qoyulub Midiya imperiyasının tərkibinə
qatıldığını, IV əsrin sonlarına yaxın isə Makedoniyalı İsgəndərin
imperiyası dağılarkən
Atropat adlı Madiyin sülaləsinin nümayəndəsi tərəfindən
Atropatenanın dövlətçiliyinin
yenidən bərpa edildiyini mənbələrə
əsaslanaraq irəli
sürmüşdür.
Yaxud fundamental
"Qız qalası"
əsərində bu möhtəşəm tarixi
abidənin tarixinə
tamamilə yeni yanaşma sərgiləmiş,
elmi əsası olmayan yabançı iddiaları tarixi mənbələr əsasında
rədd etmişdir. Həsən Həsənov
bu mövqeyini dəfələrlə ölkənin
elmi ictimaiyyəti qarşısında, o cümlədən
Abbasqulu Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda elmi polemikalarla sübut etməyə çalışmışdır.
Azərbaycan və rus dillərində nəşr edilən bu əsərlər elmi ictimaiyyət arasında birmənalı
qarşılanmamış, təbii olaraq suallar və mübahisələr doğursa
da, eyni zamanda, bu mövzulara
mənbələrə əsaslanan
yeni elmi baxış və yanaşmaların ortaya çıxmasına yol açmışdır.
Həsən Həsənovun
Novruz bayramının
tarixi və ona münasibətlə əlaqədar AMEA Folklor İnstitutunda keçirilən
elmi seminardakı məruzəsində türk
xalqının bu milli bayramının yaranmasının zərdüştlük
və islam dini ilə heç
bir əlaqəsinin olmadığını irəli
sürməsi də geniş elmi maraq doğurmuşdur.
Həsən Həsənov
qədim və orta əsrlərə dair tədqiqatları ilə yanaşı, XX əsrin əvvəllərində
ölkəmizdə fəallaşan
milli-demokratik hərəkatın
və nəticədə
milli dövlətçiliyin
təməl daşlarının
necə qoyulduğunu sənədlər və çıxardığı elmi
nəticələrlə ümumiləşdirib
"Birinci Respublikaya aparan yolda" adlı əsərində
(Bakı, TEAS PRESS, 2018, 448 s.) geniş oxucu dairəsinin mühakiməsinə
vermişdir. Xüsusilə
də, indiyə qədər tədqiqata az cəlb edilmiş
mövzulara özünəməxsus
elmi yanaşması ilə fərqlənən
müəllifin xalqımızın
Rusiya imperiyası hakimiyyəti altında
"mədəni", "mədəni-milli", "milli-ərazi"
muxtariyyəti üçün
mübarizəsinin təkamül
yolunu sistemli və ardıcıllıqla
tədqiq edib müstəqil demokratik dövlət quruculuğuna
necə yetişdiyini tarixi mənbələr və sənədlər əsasında dərindən
tədqiq etməsi diqqətçəkicidir.
Həsən Həsənovun
illər boyu apardığı tədqiqatların
bəhrəsi olan
"Azərbaycan: tarixi-coğrafi
atlas" və "Azərbaycan: tarixi-etnoqrafik
atlas" əsərlərinin
2025-ci ildə BP-şirkətinin
yardımım ilə
TEAS PRESS nəşriyyatında nəşr edilməsi bu sahədə ilk elmi təşəbbüs
kimi olduqca dəyərlidir. 564 səhifədə
iri və nəfis formatda çap edilən bu sanballı əsərlər AMEA Tarix
və Etnologiya İnstitutunun və Bakı Dövlət Universitetinin Tarix və Coğrafiya fakültələrinin elmi
şuraları tərəfindən
nəşrə tövsiyə
edilmişdir. Bu əsərlər Vətən
tarixçiliyində və
coğrafiyaşünaslığında tamamilə yeni elmi hadisə olmaqla yanaşı, böyük bir regionun da qədim
və orta əsrlər tarixinə işıq salması ilə dəyərlidir. Bu kitabların tərtibatı, orada Azərbaycanın coğrafi
hüdudlarını və
dövlət təsisatlarının
yerləşimini əks
etdirən və mövzulara uyğun yerləşdirilən qədim
xəritələr, azərbaycanca
və ingiliscə mətnlər Həsən
Həsənovun məlumatlı
və yetərincə
təcrübəli xəritəşünaslığından
xəbər verir. Xüsusən, "Azərbaycan:
tarixi-coğrafi atlas"
kitabının üz
qabığında böyük
türk alimi Mahmud Kaşğarinin XI əsrdə tərtib etdiyi "Türk dünyası xəritəsi"
və burada Azərbaycan adlı ərazinin də aydın göstərilməsi
olduqca diqqətəlayiqdir
və Azərbaycan tarixinə qara yaxmağa çalışan
bədxahlara tutarlı
cavabdır.
Bu yazımızda
tarix elmləri doktoru Həsən Həsənovun illər öncə müdafiə etdiyi tarixin fəlsəfəsinə dair
dissertasiya işindən
başlanan və bu gün də
fəal surətdə
davam edən çoxsahəli elmi araşdırmalarını, elmi
ictimaiyyəti maraqlandıran
elmi-nəzəri müddəalarını,
müxtəlif dillərdə
və ölkələrdə
nəşr etdirdiyi kitabları incələmək,
ya təqdim etmək niyyətimiz yoxdur. Lakin mənalı
və zəngin ömür yolunun 85-ci payızında da yorulmaq bilmədən araşdıran, elmi konfranslarda və müxtəlif ictimai-siyasi
tədbirlərdə, televiziya
kanallarında çıxışlar
və məruzələr
edən Həsən Həsənovla əlaqədar
bəzi xatirələrimi
və müşahidələrimi
bölüşməyi nəzərdə
tutmuşdum, amma söz-sözü gətirdi
və hekayətimi daha çox elmi məcraya yönəldi. Halbuki Həsən Həsənov
bir fenomen olaraq daha çox
dövlətşünas və
diplomat olmuşdur. Bir sözlə, "ölkəmizin diplomatlarının
böyük bir nəsli məhz Həsən Həsənovun
Azərbaycan Respublikasının
xarici işlər naziri olduğu zaman onun dövlətçilik
və diplomatiya məktəbinin yetirmələridir"
- desəm, əminəm
ki, səhv etmiş olmaram. Onun rəhbərliyi altında çalışmış
yüksək vəzifəli
diplomatların, xüsusən
səfirlərin və
baş konsulların hər birinin müəyyən xatirələrinin
olduğu şübhəsizdir.
Bu sətirlərin müəllifi də istisna deyildir.
Prezident Heydər
Əliyev 1996-cı ilin
fevral ayının 5-də məni Azərbaycan Respublikasının İran İslam
Respublikasının Təbriz
şəhərində Baş
Konsulu vəzifəsinə
təyin etdi. Xarici işlər naziri Həsən Həsənovla ilk tanışlıq da həmin gün baş verdi. Əlbəttə, uzun illər boyu Heydər Əliyevin rəhbərliyi altında
mühüm dövlət
vəzifələri tutmuş,
sonralar da respublika rəhbərliyində
əhəmiyyətli rol
oynamış, qısa
sürsə də, çox vacib dönəmdə BMT-də
Azərbaycan diplomatiyasına
rəhbərlik etmiş,
1993-cü ildən yenidən
Heydər Əliyevin dövlətçilik komandasında
xarici işlər naziri olaraq yer
almış Həsən
Həsənovu ölkədə
tanımayan yox idi. Onun rəhbərliyi
altında diplomatik fəaliyyət göstərmək,
şəxsən görüşmək,
təlimat və məsləhət almaq bu sahədə mənim kimi bu xidmətə yeni cəlb edilmiş şəxslər
üçün xüsusilə
əhəmiyyətli idi.
O zaman Azərbaycan Xarici İşlər Nazirliyinin əsas qurucu heyətini sovet sistemində diplomatik xidmətdə və Azərbaycan SSR Xarici İşlər Nazirliyində çalışmış
bir neçə təcrübəli diplomat
təşkil edirdi. Bu peşəkar diplomatlara nazirlikdə daha çox ehtiyac var idi,
buna görə xarici ölkələrdə
açılan səfirliklərə
və diplomatik nümayəndəliklərə elm və təhsil
sahəsində çalışanlardan
xarici dilləri bilən, aid ölkələrə yaxından
bələd olan mütəxəssislərin səfir,
ya baş konsul vəzifələrinə
təyin edilməsi zərurətdən doğan
hal idi. Belə təyin olunmuşlardan uğurlular
qazananlar da var idi, uğursuzları
da. Ona görə
işlərin çətinliyi
Xarici İşlər
Nazirliyinin üzərinə
düşürdü. Bu
baxımdan da, həm zəngin dövlətçilik və
prinsipial idarəçilik
məharətinə, həm
də diplomatiya qazanın qaynayan yeri olan BMT-də
qazanılmış diplomatiya
təcrübəsinə malik
olan Həsən Həsənovun rəhbərliyi
qısa zamanda Xarici İşlər Nazirliyini Azərbaycan Prezidenti Heydər Əliyevin xarici siyasət kursunu uğurla həyata keçirən nüfuzlu və ən vacib dövlət qurumuna çevirdi. Nazirliyin sıradan olan işçiləri belə, bu qurumun
əməkdaşları olmaqdan
qürur duymağa başladılar.
Qeyd etməliyəm
ki, Təbriz Baş Konsulluğunun əməkdaşlarının təyinatında
nazir Həsən Həsənov mənim təqdimatım üçün
tam şərait yaratmışdı, lakin mən hər bir əməkdaşı onun məsləhəti ilə müəyyənləşdirdikdən
sonra müvafiq sənədi hazırladım.
Azərbaycanla İran arasında
qarşılıqlı olaraq
Naxçıvanda və
Təbrizdə Baş
Konsulluqların açılmasına
dair 1992-ci il avqustun 19-da imzalanmış
protokola görə
İran tərəfinin elə
həmin ildə Azərbaycanda Baş Konsulluq açdığına
baxmayaraq, təəssüf
ki, o zaman Azərbaycan Respublikası
rəhbərliyində vahid
namizəd üstündə
razılıq əldə
edilmədiyinə görə
Təbriz Baş Konsulluğu təşkil edilməmiş, necə deyərlər, bu fürsət əldən verilmişdi. 1996-cı ilin
fevralında mən
Azərbaycan Baş Konsulu təyin ediləndə isə
İran İslam Respublikası
rəhbərliyi Təbrizdə
Azərbaycan missiyasının
fəaliyyətə başlamasına
müvafiq icazəni vermədi, gülünc şəkildə, təhlükəsizlik
və sair qurama problemlərlə əlaqələndirib bu dipmissiyanın Məşhəddə
açılmasını təklif
etdi. Təbii ki, Azərbaycan dövləti belə absurd təklifi qəbul edə bilməzdi. O zaman Ermənistanın işğalçı
fəaliyyəti və
Naxçıvan Muxtar
Respublikasını blokadaya
alması ilə elə
şərait yaranmışdı
ki, Azərbaycan tərəfi də qarşılıqlılıq prinsipinə
əsaslanaraq İranın
Naxçıvan Baş
Konsulluğunun fəaliyyətini
əngəlləyə bilməzdi,
çünki Naxçıvanla
əlaqələr, Muxtar
Respublikanın enerji, nəqliyyat ehtiyacları ilə əlaqədar işlər İranın Naxçıvan Baş Konsulluğun iştirakı
ilə İran ərazisindən
həyata keçirilirdi.
Belə olduğu şəraitdə nazir Həsən Həsənov
Prezident Heydər Əliyevin razılığı
ilə Baş Konsul vəzifəsinə təyin edilmiş bu sətirlərin müəllifini eyni zamanda, müvəqqəti
olaraq Azərbaycan Səfirliyinin müşaviri
vəzifəsinə təyin
etdi və Baş Konsulluğun əməkdaşları da
Səfirlikdə müvafiq
vəzifələrə yerləşdirildi.
Lakin illər ərzində Təbriz Baş Konsulluğunun fəaliyyəti üçün
müvafiq şəraitin
yaradılması üçün
Azərbaycan tərəfinin
müxtəlif səviyyələrdə
ardıcıl tələblərinə
baxmayaraq, bu məsələ həllini
tapmadı, nə hə, nə də yox deyən
İran tərəfi Naxçıvanın
təchizatı və
İran ərazisinin bir
hissəsindən gediş-gəlişlə
əlaqədar çətinliklərimizdən
sui-istifadə edərək
"inşallah" ibarəsi
ilə Təbrizdə
Baş Konsulluğumuzun
işə başlamasını
illərlə ləngitdi.
Bu minvalla bu sətirlərin müəllifi 2002-ci il aprelin 18-də Prezidentin fərmanı ilə geri çağırılaraq
Azərbaycan Respublikasının
Pakistan İslam Respublikasında Fövqəladə
və səlahiyyətli
səfiri vəzifəsinə
təyin olundu. Təbriz Baş Konsulluğu uzun səylərdən sonra yalnız 2004-cü ildə
fəaliyyətə başlaya
bildi.
Qeyd etməliyəm
ki, nazir Həsən Həsənovun
icra və sənəd işinə çox ciddi tələbkarlığı var
idi. Xarici İşlər Nazirliyi İndiki Konstitusiya Məhkəməsinin binasında
yerləşirdi. Bina böyük görünsə
də, az sayda, amma böyük
otaqlardan ibarət idi. Mən Təbriz
təyinatından sonra
bir neçə ay İslam Konfransı
Təşkilatı idarəsində
əməkdaşlarla bərabər
bir otaqda otururdum, İranla əlaqədar sənədlərin,
arayışların və
s. hazırlanmasında iştirak
edirdim. Nazir Həsən Həsənovun
iş otağı ikinci mərtəbədə
idi. Hərdən əməkdaşları hansınısa
yanlış sənədinə,
ya səhlənkarlığına
görə elə uca səslə tənbeh edirdi ki, səsi dördüncü
mərtəbədə bizə
də gəlib çatırdı. Mən
düşünürdüm ki, bu əsəbi
əhvaldan sonra o, uzun müddət özünə gələ
bilməz. Bu qayğımı dilə gətirəndə idarə
rəisi, sovetlər zamanında İranda və Türkiyədə diplomatik xidmətdə olmuş Vəhdət Sultanzadə (rəhmətlik)
əlindəki kağızları
göstərərək dedi
ki, əksinə, indi nazirə hazırlanmış bu sənədə qol çəkdirməyin ən
yaxşı vaxtıdır.
Mən təəccüblənsəm
də, sonra şahid oldum ki, nazir kiməsə
haqlı olaraq əsəbi davransa da, bir an
sonra xoş əhvalla digər əməkdaşı diqqətlə
dinləmək, müvafiq
tapşırığı verərək onun həlli yolunu da göstərmək qabiliyyətinə sahib rəhbərdir və ən gərgin vəziyyəti yumşaltmaq,
lazımi məcraya salmaq bacarığına malikdir. Yadımdadır, ilk dəfə hazırladığım bir
sənədlə yanına
gedəndə o, sənədə
baxır, mən isə onu maraqla
müşahidə edirdim.
Sənədin əvvəl
sonuna baxdı, başdan yox, axırdan əvvələ
süzdü (sonra bildim ki, sürətli
oxu qabiliyyətinə
malikdir) və çox mülayim şəkildə müvafiq
düzəlişlər etməyi
tapşırdı. Müşahidə
etdim ki, müxtəlif məsələlərə
dair sual verməyi və dinləməyi xoşlayır.
Yeri gəlmişkən,
indi, 85 yaşında da həmin xasiyyətini
tərk etməmişdir,
sadəcə indi müsahibindən daha çox özü danışır. Bu da, görünür, uzun illər ərzində toplanmış
bilik, məlumat, təhlil və təcrübələrin təbii
püsgürməsidir.
Nazirlikdə çalışdığım
zaman, bir gün nazirə ərizə ilə müraciət etdim ki, soyadımda dəyişiklik edib "Mədətov" əvəzinə
"Mədətli" yazdırmalıyam,
bunun üçün
Naxçıvana - doğum
şəhadətnaməsinin verildiyi idarəyə getməliyəm. İcazə
verdi, amma mən çıxmaq istərkən dedi ki, "məni indiyədək hamı Həsən Həsənov
olaraq tanıyır, mən familyamda hansısa dəyişiklik
etməzdim". Dedim:
cənab nazir, məni isə heç kim tanımır, necə dəyişsəm, bundan sonra tanımalı olsalar, elə də tanıyarlar. Mənalı şəkildə
gülümsədi.
1997-ci ilin dekabrında xarici işlər naziri Həsən Həsənov İslam Konfransı Təşkilatının
(indi İslam Əməkdaşlıq Təşkilatı)
Zirvə görüşündə
Prezident Heydər Əliyevi müşayiət
edirdi. Prezident Heydər Əliyevin İrana səfərində
rəsmi tədbirlərdən
əlavə, bir sıra görüşlər
də keçirilirdi.
Bir dəfə mənə dedilər ki, cənab Prezidentin yanına getməliyəm. Prezident Heydər Əliyev Həsən Həsənovla
oturub nəyisə müzakirə edirdi və mənə də yer göstərdi.
Həsən Həsənov
mənə işarə
ilə dedi: "Cənab Prezident, Əmənullah deyir ki, İranın..." Heydər Əliyev gülümsəyərək onun
sözünü kəsib
dedi: "Həsən,
Əmənullah Əfqanıstanın
kralı olub, bəlkə Eynulla demək istəyirsən".
Gülüşdük və
mənə verilən
sualları cavablandırıb
ayrıldım. Sonra fürsət olmadı cənab nazirdən soruşum ki, Əmənullah hardan ağlına gəlib.
(2005-2010-cu illərdə ölkəmizi
Əfqanıstanda da təmsil etdiyimə görə Kabula səfərlərimdə Əmənullah
söhbətini hərdən
xatırlayırdım).
Həsən Həsənov
Macarıstanda, ardınca
Polşada Azərbaycan
Respublikasının səfiri
olduğu zaman həmişə gənc səfirlərə faydalı
məsləhətləri ilə
köməyini əsirgəmirdi.
2009-cu ildə Prezident
İlham Əliyevin tapşırığı ilə
Pakistanın paytaxtı
İslamabadın Diplomatik
şəhərciyində tikdirib
istifadəyə verdiyimiz
səfirlik kompleksində
Azərbaycan memarlığına
aid elementlərin və atributların səfirlik divarı üzərində yerləşdirilməsi
qərarına gələndə
ilk ağlıma gələn səfir Həsən Həsənovla
məsləhətləşmək oldu. Həsən müəllimin tövsiyəsi
ilə Xalq rəssamı Səlhab Məmmədovla Bakıda görüşüb məsələni
müzakirə etdik, nəticədə bu gün Azərbaycan memarlığının, xüsusən
Möminə Xatın
məqbərəsinin naxışlarını
təmsil edən iri, uzun döymə
mis lövhələr
xalq rəssamının
iştirakı ilə
Səfirliyin binasının
fasadlarına bənd edildi və binaya çox yaraşdı. Təbii ki, məsləhət üçün Həsən
müəllimə müraciət
edən tək mən deyildim. Həsən müəllim
Budapeştə və
Varşavaya səfər
edən səfir həmkarlarına qarşı
həmişə diqqətli
idi və həyat yoldaşı hörmətli Aybəniz xanımla bərabər hər zaman səmimi münasibət göstərirdi. Mənə
və xanımım Nailəyə də bu gözəl və hər bir diplomata nümunə
ola biləcək ailənin səmimi qonaqsevərliyindən pay düşmüşdü.
Həsən Həsənovun
həyat yolu bütün dövrlərdə
dövlətə və
xalqa sədaqətlə
xidmət nümunəsi
olmuşdur. Bu gün şərəfli təqaüdçü ömrü
yaşayan Həsən
müəllim geniş
elmi fəaliyyətlə
məşğul olmaqla
yenə parlaq nümunə göstərir.
Düşünürəm ki, kaş ki,
Həsən müəllim
öz zəngin həyat və xidmət təcrübəsinin
gələcək nəsillər
üçün faydalı
olacağını nəzərə
alaraq öz xatirələrini qələmə
alardı. Əminəm
ki, vaxtilə bədii yaradıcılıqla
da məşğul olan, pyesləri tamaşaya qoyulan Həsən müəllimdə
memuar janrı da maraqlı alınar, çox ilginc və cəlbedici təsirə malik olardı. Sonda dövlətçiliyimizin,
xüsusən də diplomatiyamızın ustad fədaisi, Fövqəladə
və səlahiyyətli
səfir, tariximizin və ictimai-siyasi mübarizəmizin yorulmaz tədqiqatçısı, tarix
elmləri doktoru Həsən Həsənova
bundan sonra da sağlıqlı, məhsuldar uzun ömür arzulayıram.
Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun elmi
işlər üzrə direktor müavini,
tarix elmləri doktoru, fövqəladə
və səlahiyyətli səfir
525-ci qəzet. - 2025.- 8 oktyabr (№182).-
S.10-11.