"Bahar"
"Bir rəsmin dedikləri"
rubrikasının budəfəki
qonağı sənətşünas
Nuray Mahmudzadədir. Onunla
məşhur italyan rəssamı Sandro Botiçellinin
"Bahar" əsərindən danışmışıq.
XV əsrin Florensiyası...
Dar küçələr, incə daşlı yollar, hər küncündə bir sənət... Burada yalnız siyasətçilər
və tacirlər yox, həm də
gələcək nəsillərin
yaddaşında qalacaq
sənətkarlar yetişirdi.
Bu şəhərdə bir
gün balaca bir oğlan doğuldu. Onun adı Alessandro di Mariano di Vanni
Filipepi idi. Lakin dünya onu daha sadə bir adla tanıyacaqdı:
Sandro Botiçelli. Uşaqlıqdan
o, əlləri ilə
möcüzə yarada
biləcəyinə inanırdı.
İlk addımlarını isə fırça ilə deyil, qızıl ustasının
emalatxanasında atdı.
Qızılın parlaqlığı,
daşların incəliyi,
hər xırda detalın dəyəri onda diqqət, dəqiqlik və mükəmməllik hissini
formalaşdırdı. Qızıl
onun üçün kifayət deyildi. O, rənglərin sehrinə vurulmuşdu. Bu səbəbdən
Botiçelli sənətini
daha da dərinləşdirmək
üçün Florensiyanın
ən məşhur iki ustasının emalatxanasına üz tutdu. Əvvəlcə o,
Filippo Lippinin yanında
üç il çalışdı.
Elə bu dövrdə gənc rəssam "Madonna və
Uşaq" (1467) əsərini
yaratdı. Bu rəsmdə
Lippinin ruhu, amma Botiçellinin sənətinin
öz sehri hiss olunurdu.
Sanki ustadın yolunu davam etdirən bir gənc deyil,
öz dünyasını
qurmağa başlayan bir sənətkar idi. Lippidən sonra yol onu
Andrea del Verrokkyonun emalatxanasına
apardı. Burada Botiçelli bədii azadlığın nə olduğunu anladı. O, insan ruhunun dərinliklərini,
hisslərin incəliyini,
təbiətin zərif
harmoniyasını ifadə
etməyi öyrəndi.
Nəhayət, 1470-ci illər
gəldi. Artıq o, başqasının kölgəsində
qalmaq istəmirdi. Öz qanadlarını açdı və emalatxanasını qurdu. Gənc şagirdlər onun ətrafında toplanır, Botiçellinin
hər hərəkətini
izləyirdilər. Artıq
Florensiyanın sənət
mənzərəsində yeni bir ulduz parlayırdı.
Fırçasının hər
toxunuşunda zəriflik,
dərin düşüncə
və ruhun səsi duyulurdu.
- Bu əsər Botiçelli yaradıcılığının
hansı dövrünə
təsadüf edir?
- "Bahar" (La Primavera) əsəri
Sandro Botiçelli tərəfindən
təxminən 1482-ci ildə
Florensiyada çəkilib.
Bu dövr Erkən İntibahın ən parlaq mərhələsi sayılırdı və Florensiya şəhəri sənət və mədəniyyətin mərkəzinə
çevrilmişdi. Ehtimal
olunur ki, sözügedən
əsər məhz
Lorenzo di Pierfrançeskonun (qüdrətli Lorenzo Mediçinin
əmisi oğlu) toy məclisi üçün
yaradılıb. Əsərin
sifarişçisi Lorenzo di Pierfrançesko Mediçidir.
Mediçi ailəsi İntibah dövrü Florensiyasının ən
nüfuzlu ailəsi idi. Onlar siyasət,
mədəniyyət, elm və
incəsənətin əsas
himayədarları olub.
- "Bahar"ın rəng həlli necədir?
- Botiçelli bu
əsərdə İntibah
dövrü rəng harmoniyasını incə
və poetik bir şəkildə təqdim edir. Əsərin ümumi rəng palitrası isti və yumşaq
tonlardan ibarətdir. Açıq qəhvəyi,
qızılı, yaşıl
və çəhrayı
rənglər üstünlük
təşkil edir. Bu rənglər yaz fəslinin canlanmasını,
təbiətin oyanışını
simvolizə edir. Ən diqqətçəkən
cəhət isə işığın simvolik
istifadəsidir. Botiçelli
burada real işıq mənbəyi göstərmir,
lakin fiqurların üzərindəki yumşaq
parıltı onları
sanki ilahi nur içində göstərir. Bu, əsərin
mistik və zərif ovqatını yaradır. Rəssam fiqurları çox açıq tonlarla boyayıb, fonu isə tünd və yaşıl-qəhvəyi
çalarlarla işləyib.
Bu kontrast sayəsində
insan fiqurları sanki təbiətin içindən işıq
kimi doğulur. Əsərdə rəng və xətt bir-birini tamamlayır. Botiçellinin incə, axıcı xətləri
ilə rənglərin
yumşaqlığı birləşərək
sanki musiqi kimi bir ritm
yaradır. O tempera (yəni
yumurta sarısı və az miqdarda
yağ ilə qarışdırılmış piqment) texnikasından istifadə etmişdir, bu üsul ona
xas xətt dəqiqliyini verirdi. Saçın hər bir konturu, paltarın
qatları və çiçək ləçəklərinin
kənarları əhəmiyyətli
dəqiqliklə təsvir
olunub. Zamanla rənglər yumşalmış
olsa da, işin yaradıldığı dövrdə
onlar yəqin daha parlaq idi.. Əsərin
ölçüsü 207x319 sm-dir.
- Kompozisiya haqqında nə deyə bilərsiniz?
- "Bahar"da həm
insani, həm də ilahi fiqurlardan
ibarət qrup yaşıl, həyat dolu bir mənzərədə
toplanıb. Əsərdə
9 obraz mövcuddur. Kompozisiyanın mərkəzində
məhəbbət və
gözəllik ilahəsi
Venera dayanır. O, təvazökar
şəkildə geyinmiş,
digərlərindən bir
qədər arxada təsvir olunub. Venera zərifliyi və sakitliyi ilə səhnəyə ahəng
gətirir. O, digər
Botiçelli şah əsərində olduğu
kimi, burada da əsl qəhrəmandır.
Onun üstündə
isə gözləri bağlı Amor (Kupidon), sevgi oxunu atmaq
üzrə göstərilib.
Əlindəki oxlarla eşqin həm sehrli, həm də gözlənilməz
olduğunu xatırladır.
Bu fiqur vasitəsilə
rəssam eşqin ilahi və insani
aləmlər arasında
körpü yaradan bir qüvvə olduğunu vurğulayır.
Veneranın ətrafında
toplanan alleqorik fiqurlar rəsmin mənəvi qatını
dərinləşdirir. Üç
Qrasiya - mehribanlıq,
gözəllik və yaradıcılığın təcəssümü
olaraq, əl-ələ
tutub zərif bir rəqs edirlər.
Onlar harmoniya və birliyin rəmzidir, intibah dövrünün bütöv,
balanslı insan idealını ifadə edir. Həmçinin taxdıqları mirvarilər
iffət və paklıq rəmzidir.
Sağ tərəfdəki səhnədə
Zefir Xlorisi qucaqlayır və onun danışdıqca dodaqlarından incə qızılgüllər tökülür.
Bu sehrli vaxtda Xloris tədricən çiçəklərin gözəl
tanrıçası olan
Floraya çevrilir. Yanında isə Flora sakit şəkildə addımlayır. Onun üzərində qırxdan
çox çiçək
növü ilə bəzədilmiş möcüzəvi
libas parlayır. Bu çevrilmə gənc qızın həyatının
yeni mərhələsinə təravətli və məhsuldar bir gələcəyə keçidini
nağılvari şəkildə
göstərir. Kompozisiyanın
sol tərəfində isə
Merkuri (rabitə və ticarət tanrısı) təsvir olunub. Əlində Hermesin asasını tutaraq sanki buludları
aralayır. O, hərəkət
və keçiciliyin rəmzidir, eyni zamanda vaxtın axıcılığını və gözəlliyin müvəqqəti təbiətini
xatırladır. Merkuri
həm də ilahlar və insanlar arasında vasitəçi rolunda çıxış edir və bu da əsərin
ümumi simvolikasını
birləşdirir. Rəssamın
bu mürəkkəb kompozisiyası alleqoriyanın
xəzinəsidir. Möhtəşəm
olan bu əsər
çox vaxt baharın gəlişi, təbiətin yenilənməsi
və məhsuldarlığın
tərənnümü kimi
yozulur. Onun botanika dəqiqliyi ilə işlədiyi çiçəklər və
bitkilər, təzələnmə
və doğuluş ideyasını əks etdirir. Lakin bu gözəl təbiət təsvirinin arxasında, müqəddəs və fəlsəfi bir simvolizm qatı gizlənir. Bu qat təbiətin
fəsil dəyişikliklərini
aşaraq ilahi harmoniyanı və mənəvi oyanışı
ifadə edir. Rəssam burada antik mifologiya ilə xristian mənəviliyini birləşdirir.
Üç Qrasiyanın
zərif jestlərindən
tutmuş, Merkurinin başı üzərindəki
oynaq hərəkətlərinə
qədər, hər detal bu mənalar
simfoniyasına öz töhfəsini verir.
"Bahar" bizi öz
qatlarını açmağa
dəvət edir - burada alleqoriya, harmoniya və gözəllik birləşərək
əsrlər boyu sənətsevərləri və
alimləri valeh edən bir simfoniya
yaradır. Bottiçellinin
xətti perspektivdən
ustalıqla istifadə
etməsi və parlaq rənglərdən məharətlə yararlanması,
onun texniki bacarığını və
yenilikçiliyini bir daha nümayiş etdirir. İntibah dövründə riyaziyyat,
optika və anatomiya sahəsindəki irəliləyişlərin təsiri,
rəssamın bədən
quruluşunun dəqiqliyinə
və məkan dərinliyinə göstərdiyi
diqqətdə aydın
şəkildə hiss olunur.
Bu bədii üsulları
birləşdirərək, rəssam tamaşaçını
mifoloji hekayənin içinə çəkən
canlı və təsirli bir dünya yaradır. Əsərdəki fiqurlar insan gözəlliyi, zərifliyi və mənəvi kamillik ideallarını təcəssüm
etdirir; bu isə bədənin və ruhun ahəngdar
birliyinə inanan Renessans düşüncəsini
əks etdirir. Üç Qrasiya öz zərif rəqsləri və bir-biri ilə əlaqəli hərəkətləri
ilə müxtəlif
insani keyfiyyətlərin
tarazlığını simvolizə
edir və humanist idealların bədii ifadəsinə çevrilir.
- Tablo hazırda harada qorunur?
- "Bahar"tablosu İtaliyanın
Florensiya şəhərində
yerləşən Uffizi Qalereyasında
sərgilənir. Bu əsər,
qalereyanın 2-ci mərtəbəsindəki
10-cu və 14-cü salonlarda
nümayiş olunur.
- "Bahar" rəssamın
digər əsərləri
ilə hansı ortaq və fərqli
xüsusiyyətlərə malikdir?
- Bottiçellinin əsərlərinin
ümumi xüsusiyyətlərinə
zərif, axıcı
xətlər, ifadəli
emosional təsvir və dini və
fəlsəfi mövzuların
unikal qarışığı
daxildir. Onun rəsmləri yüksək
intibah ustalarının
dərinlik mərkəzli
realizmi ilə ziddiyyət təşkil edən poetik, xəyalpərəst ab-hava
yaradaraq, ciddi perspektiv və realizmdən daha çox təxəyyüllü
povestə üstünlük
verən fərqli
antirealist, ikiölçülü estetikası ilə fərqlənir. Xüsusilə
"Veneranın doğulması",
"Bahar" və "Müjdə"
əsərləri rəng,
kompozisiya və işləmə texnikası
baxımından fərqli
və ortaq cəhətləri ilə
sənət dünyasında
unikal yer tutur. Botiçelli hər əsərində rəngin emosional təsirini böyük ustalıqla istifadə edib. "Veneranın doğulması" əsərində
açıq pastel tonlar,
alabaster tozu ilə hazırlanmış boyalar
Veneranın dərisinin
parıltısını vurğulayır
və klassik heykəllərin estetikasını
xatırladır. Rəssam
Veneranı elə təsvir edib ki, sanki rəsm müstəvisində dayanmış
bir obraz deyil, canlı bir heykəldir.
"Bahar" isə zəngin,
təbiətə uyğun
rəng palitrası ilə seçilir; çiçəklər, ağaclar
və göy tonlardan istifadə fiqurların canlı və dinamik görünməsinə şərait
yaradır. "Müjdə"də
isə sakit və təmkinli palitra, mavi və
ağ tonların üstünlüyü ilə
dini və ruhani atmosfer bizləri qarşılayır.
Həmçinin bu əsər digər əsərlərdən fərqli
olaraq memarlıq elementi fonunda təsvir edilib. Hər üç əsərdə də Bottiçelli incə xətt və şəffaf qatlarla rəngin harmoniya və təsirini artırır.
- Sizcə,
"Bahar" bizə nə
deyir?
- "Bahar" sadəcə bir tablo deyil
mif, simvol və bəşəri dəyərlərin poetik vəhdətidir. O, bizi təbiətin oyanışı
ilə bərabər ruhun və düşüncənin
yenilənməsinə də
səsləyir. Həyat
təzələnir, sevgi
və gözəllik hər yerdədir. İnsan təbiətlə
və ruhani dəyərlərlə daim
əlaqədə olmalıdır.
Bu həm vizual bir zövq, həm də mənəvi bir mesajdır. Əsər əsrlər keçsə
də, sevginin, gözəlliyin və harmoniya axtarışının
əbədi simvolu olaraq qalır.
Aytac SAHƏD
525-ci qəzet. - 2025.- 8 oktyabr (№182).-
S.12.