Zəfərə aparan yol
Şəhid Ziya Ağayevin ölməz
xatirəsinə...
27 Sentyabr 2020-ci il... Bu, sadəcə bir tarix deyil, Azərbaycan
xalqının taleyində
dönüş nöqtəsi,
millətin qeyrət günü və şəhidlərin qanı
ilə yazılmış
qürur səhifəsidir.
Uzun illər düşmən tapdağı
altında qalan torpaqlarımızı azad
etmək üçün
Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi
ilə başlayan 44 günlük Vətən müharibəsi xalqımızın
qəhrəmanlıq salnaməsini
yazdı. Bu 44 gündə
hər günümüz
zəfər, hər zəfərimiz isə gələcəyə inam
idi.
Məhz həmin günlərdə
- 3 oktyabr 2020-ci ildə
ordumuz Tərtər rayonunun strateji əhəmiyyətə malik Talış
kəndini işğaldan
azad etdi. Talış kəndinin azad olunması sadəcə hərbi əməliyyat deyildi, ilk növbədə, şəhidlərin
ruhunun rahatlığı,
Azərbaycan xalqının
iradəsinin və qəhrəmanlıq əzminin
təntənəsi idi.
***
Talış kəndi Azərbaycan tarixində həm acı, həm də şanlı səhifələrlə yadda qalıb.
1994-cü ilin aprelində
bu kənd uğrunda gedən döyüşlərdə xeyli
sayda igidimiz şəhid oldu. Onlardan biri də
Zirə qəsəbəsinin
qəhrəman oğlu
Ziya Ağayev idi.
Ziya Ağayev
1974-cü il avqustun 25-də Zirə qəsəbəsində
anadan olmuş, 241 nömrəli məktəbdə
təhsil almışdı.
Uşaqlıqdan vətənpərvərliyi,
saflığı, mehribanlığı
ilə seçilən
Ziya 1990-cı ildə
orta təhsilini başa vurdu. 1993-cü ilin sentyabrında hərbi xidmətə çağırıldı, lakin
o, xidmətlə kifayətlənmədi.
1994-cü ilin yanvarında
könüllü ərizə
yazaraq cəbhəyə
yollandı - vətən
sevgisi onun üçün hər şeydən üstün idi.
Vətənini hər şeydən artıq sevən bu məğrur gənc 1994-cü il aprelin
30-da Talış kəndinin
müdafiəsi zamanı
qəhrəmancasına şəhid
oldu. Zirə qəsəbəsində böyük
izdihamla torpağa tapşırıldı. Bu gün
onun oxuduğu 241 nömrəli məktəb
qürurla şəhid
məzununun adını
daşıyır.
***
Şəhidlər təkcə ailələrinin,
doğmalarının deyil,
həm də onları tanımayan, heç zaman onlarla ünsiyyətdə olmayan
böyük bir xalqın ürəyində
əbədi yaşayan
qəhrəmanlardır. Onların
hər xatirəsi canlı, hər sözü müqəddəsdir.
Atası Niyaz Ağayev dərindən kədərlə deyir:
"Ziya bizim gözümüzün nuru,
qəlbimizin fəxridir.
O, kiçik yaşından
vətəninə bağlı
idi. Onun qəhrəmanlığı hər
zaman bizim ürəyimizdə
yaşayacaq".
Anası Gülzar Ağayeva sarsılmış ürəklə
xatırlayır: "Oğlum
Ziya torpaqlarımızın
azadlığı üçün
can verdi. Hər zaman onunla fəxr etmişəm və bu fəxr heç
vaxt solmayacaq. O, mənim üçün yalnız oğul deyil, həm də ölməz qəhrəmandır".
Bacısı Gülnar Ağayeva göz yaşları ilə xatırlayır:
"Ziya ailənin sevimlisi idi. Hər zaman mehriban, qayğıkeş, təmiz
ürəkli idi. Onunla qürur duyuruq. Bizim üçün o, sadəcə
qardaş deyil, həm də qəhrəmandır. İndi Talış
kənddi azaddır, demək ki, Ziyanın ruhu da rahatdır".
Qardaşı Şahin Ağayev fəxrlə deyir: "O, hər zaman vətən sevgisindən danışırdı.
Könüllü cəbhəyə
getdi. Mən indi fəxr edirəm ki, qardaşım
şəhid adını
daşıyır".
Qardaşı Nazim Ağayev Ziyanı belə xatırlayır:
"Ziyanın gəncliyi
arzularla dolu idi. Amma ən böyük arzusu Azərbaycanın bütövlüyü
idi. Onun arzusu 44 günlük müharibədə gerçəkləşdi.
Biz Ziyanı həm qardaş, həm qəhrəman kimi daim yad edəcəyik".
Sinif yoldaşı
Kamilə Cabarova uşaqlıq illərini anaraq deyir: "Ziya müəllimlərinin
sevimlisi idi. Çox səmimi idi. Həmişə deyirdi ki, "Mən Vətən üçün
yaşayıram". O, bu
sözünün ağası
oldu".
Xalası Rəsmiyyə Abdulova bacısının şəhid
balası haqqında gözləri dola-dola danışır: "Ziya
bizim ailənin fəxri idi. Onun gülüşü, mehribanlığı yaddaşımızdan
silinməyəcək. O, bu
torpağa qanıyla möhür vurdu. İndi onun adı hər
evdə hörmətlə
çəkilir".
***
44 günlük Vətən
müharibəsində Talış
kəndinin azadlığı,
Şuşanın geri
alınması və nəhayət, böyük
Zəfər bütün
şəhidlərimizin ruhunu
şad etdi. Prezident İlham Əliyevin
sözləri ilə:
"Biz bu zəfəri
şəhidlərimizin qanı,
əsgər və zabitlərimizin qəhrəmanlığı,
xalqımızın birliyi
ilə qazandıq".
Ziya Ağayevin
də arzusu məhz torpaqlarımızın
azadlığı idi.
Vətən müharibəsində
qazanılan qələbə
onun da qələbəsi
oldu.
***
Bu gün Zirə
qəsəbəsi öz
qəhrəman övladının
xatirəsini daim əziz tutur. Məktəblilər onun adını daşıyan
məktəbdə böyüyür,
həyat yolundan örnək götürürlər.
Nə qədər ki Azərbaycan
var, nə qədər
ki xalqımız var, Ziya
Ağayev kimi şəhidlər xalqın
qəlbində əbədi
heykəl kimi yaşayacaq. Çünki
onlar bir ömürlük tarix yazıb getdilər - qürurla, şərəflə,
vətənpərvərliklə, qəhrəmanlıqla.
Əmim Ziya Ağayevin ölməz qəhrəmanlığı
bizim üçün
əbədidir. Onun qəlbini çuğlayan
vətən sevgisi, göstərdiyi cəsarət
və fədakarlıq
gələcək nəsillər
üçün işıqdır.
Onun yolu bizə göstərdi ki, azadlıq hər birimiz üçün müqəddəsdir və
o, hətta canımız,
qanımız bahasına
qorunmalıdır.
Qalib ölkənin
qalib gənci olaraq fəxr edirəm ki, bu torpaqlarda böyüyürəm
və şəhidlərin
yolunu davam etdirirəm. Ziya Ağayev kimi qəhrəmanlarımızın xatirəsi hər zaman qəlbimizdə yaşayacaq,
vətən sevgisi isə bizim əbədi sevgimiz kimi qalacaq.
Ziyad AĞAYEV
525-ci qəzet. - 2025.-8
oktyabr (№182).- S.13.