Azərbaycan ürəyimdə
bir şah damardır
Tanınmış türk yazarı Yavuz
Bülənt Bakilərin xatirəsinə
"Azərbaycan ürəyimdə bir
şah damardır" - bu fikir Yavuz Bülənt Bakilərin
yalnız poeziyasında deyil, nəsrində,
publisistikasında, ümumiyyətlə, bütün
yaradıcılığında ana xətt kimi keçirdi. Onun qəlbi
həmişə Azərbaycan
eşqi, Azərbaycan sevgisiylə döyünürdü.
Məhz bu sevginin nəticəsi idi ki, Yavuz bəy xalqımızın tarixini,
mədəniyyətini tanıdan
neçə-neçə maraqlı
əsərlər qələmə
almış, ən çətin günlərdə
sözüylə, qələmiylə
bizim yanımızda olmuşdur.
Onunla tanışlığımın
maraqlı bir tarixçəsi vardı.
1982-ci ilin yayı idi. Daşkənd Beynəlxalq Kinofestivalına
gəlmiş Türkiyə
nümayəndə heyətinə
Mədəniyyət Nazirliyinin
müstəşar yardımçısı
Yavuz Bülənt Bakilər
başçılıq edirdi.
Təzəcə tanış
olsaq da, sözümüz-söhbətimiz
tutdu. Həlim, rəvan danışığı
vardı, dinlədikcə,
dinləmək istəyirdin.
Səsin öz sehri
var, Yavuz bəyin danışığını
dinləyəndə istər-istəməz
səsinin sehrinə düşürdün. Dedim,
Yavuz abi, məncə,
poeziya sizin yaradıcılığınızda üstünlük təşkil
edir... Gülümsədi,
soruşdu ki, nədən
bildin? Dedim nitqinizdəki bəlağət,
rəvanlıq və şeiriyyət bunu deyir. Mənə kitabını bağışladı.
İri bir kitab bağlamasını
da Məmməd Aslana çatdırmağı məndən
xahiş elədi.
Söhbətimiz yaradıcılıq üstünə
gəldi. Gileyləndi
ki, uzun illərdir iki qardaş xalq bir-birindən ayrı düşüb, sərhədləri, qapıları
üzümüzə bağlayıblar
ki, ortaq mədəniyətimizdən,
ortaq tariximizdən, adət-ənənələrimizdən, ədəbiyyatımızdan ayrılaq,
yadlaşaq. O vaxt mən "Türkün türkdən başqa dostu yoxdur" ifadəsini də ilk dəfə Yavuz bəyin dilindən eşitdim. Bir şeirində yazır:
Türkü türkdən başqa indi kim anlar,
Yaram dərin,
məlhəmim yox, vaxtım dar.
Dedi qapıları üzümüzə
bağlasalar da, hər
birimiz türk övladı olaraq, o bağlı qapılardan keçməyə, yaxınlaşmağa
səy göstərməliyik,
dostluğumuzu-qardaşlığımızı
yaşatmaq naminə mücadilə eləməliyik.
Görürdüm ki, bu
insanın qəlbində
sonsuz Azərbaycan sevgisi var, özü də tariximizə, ədəbiyyatımıza yaxşı
bələddir. Bəxtiyar
Vahabzadənin, Məmməd
Arazın, Nəbi Xəzrinin, Anarın yaradıcılığı ilə
tanışdır. Dedi, maləsəf,
bu böyük sənətkarları, Azərbaycan
şerini, nəsrini, ədəbiyyatını Türkiyədə
çox az adam tanıyır. Azərbaycan yazıçı
və şairləri yalnız Türkiyədə
yox, Yaxın Orta Şərqdə, dünyada tanınmağa layiqdirlər. Yavuz bəyin
içində bir fırtına tüğyan
eləyirdi, o, uzaqdan-uzağa
bizim hələ duymadığımız və
bəlkə də duya bilmədiyimiz dərdimizə yanırdı.
Deyirdi siz özünüz özünüzü
o qədər də görmürsünüz, sizin
qayğılarınız Türkiyədən
daha aydın görünür. Hər bir xalqın səadəti hürriyyətdən
başlayır, azadlıq,
müstəqillik olmayan
yerdə hər şey aldadıcıdır,
aralıdan işaran boş bir parıltıdır.
Amma o gün gələcək,
Azərbaycan tezliklə
öz müstəqilliyinə
qovuşacaq!..
Bu gün Yavuz Bülənt
Bakilər haqqında söhbət açanda onun uzaqgörənliklə
söylədiyi o sözləri
bir daha xatırlayıram.
Yavuz Bülənt Bakilər
1936-cı ildə Sivasda
Azərbaycan əsilli
ailədə doğulub.
Əsli-nəsli Qarabağdandır.
Ankara hüquq fakültəsini
bitirib, bir müddət Türkiyə
Radio-Televiziyasında, sonra
Mədəniyyət Nazirliyində
çalışıb. Yaradıcılığa
şeirlə başlayıb.
Bir neçə kitabın
müəllifidir. Kitablarından
biri belə adlanır - "Azərbaycan
ürəyimdə bir
şah damardır".
Publisistik yazılar toplusu olan bu
kitabı oxuduqca oxuyur, doymaq bilmirsən və hiss eləyirsən ki, şairin
qəlbi daim Azərbaycan eşqiylə
döyünüb və
o böyük ürəyin
şah damarı Azərbaycan olub.
Yavuz bəy belə
bir kitab yazmaq istəyində olduğunu
dəfələrlə dilə
gətirmişdi. Onu tanıyanlar,
dostları kitabın çapını səbirsizliklə
gözləyirdilər, çünki
müəllifin sanballı
bir əsər ərsəyə gətirəcəyinə
hər kəs inanırdı. Özü
kitab azarlısıydı, mütaliədən
qalmırdı. "Mən
dayanacaqlarda avtobus gözlədiyim anlarda belə vaxtımı kitab
oxumağa sərf etmişəm..." - deyirdi.
Ustadın fikrincə,
kitabsız, kitabxanasız
evlərin mağara qaranlığından heç
bir fərqi yoxdur.
Bir dəfə Yavuz bəydən
bir bağlama aldım. Bağlamanı açdım, "Azərbaycan
ürəyimdə bir
şah damardır"
kitabı idi. Türk Ədəbiyyatı
Vəqfi nəşr etmişdi. Bir nəfəsə
oxudum, Yavuz Bülənd
Bakilər yaradıcılığının
daha bir yönüylə tanış
oldum. Bu kitabda Qarabağ dərdi, Müşfiq, Hüseyn Cavid fəryadı, hayqırtısı vardı.
Yavuz bəyin publisistik
dili də şeiriyyəti kimi zəngin və koloritliydi. Sözün canı olsun gərək, onun hər sözünün canı vardı. Yaradıcılıq da elə
burdan başlayır -
canlı sözdən,
mənalı fikirdən.
Yavuz Bülənt Baklər
yaradıcılığıdan söhbət salanda onun axıcı, məftunedici yazı dilindən də danışmaq lazım gəlir. Özünə xas üslubu vardı və bədii dili leksik zənginliyi
ilə diqqəti çəkirdi. Ədəbiyyat
isə dil, üslub cazibədarlığından
başlayır. Yavuz bəyin publisistik dilinin estetik gözəlliyi, şeiriyyəti,
axıcılığı insanı ovsunlayır, onu öz toruna
salırdı. Poeziyası
da özünəməxsusluğuyla
seçilirdi, şairin
poeziyası xalqı üçün, vətəni
üçün döyünən
böyük bir ürəyin çırpıntısı,
səsi-sədası idi.
Romantik səpkili lirik şeirlərində bəşəri düşüncələr,
ülvi hisslər öz parlaq əksini tapırdı.
Yavuz Bülənt
Bakilərin yaradıcılığı
Türkiyədə yüksək
qiymətləndirilib. O, otuzdan
çox müxtəlif
ödüllərə layiq
görülüb. Onun
çoxsaylı kitabları,
o cümlədən "Yalnızlıq",
"Duvaq", "Səninlə",
"Türkistan-Türkistan", "Aşıq Veysəl",
"Sözün doğusu"
və digər kitabları yalnız Türkiyə oxucularına
deyil, ümumilikdə
bütün türk dünyasına, ədəbiyyatına
dəyərli töhfədir.
Yavuz bəyin yaradıcılığı Azərbaycanda
da yüksək qiymətləndirilib. O, Nizami
adına Gəncə Universitetinin, Bakı Avrasiya Universitetinin fəxri doktoru seçilmiş, Azərbaycan
Ziyalılar Cəmiyyətinin
fəxri üzvü adına layiq görülmüşdür.
Qarabağ mövzusu,
Qarabağ ağrısı
Yavuz Bakilərin yaradıcılığında önəmli yer tuturdu. O hər zaman Azərbaycan xalqının yanında olub. Qarabağ həqiqətlərinin dünyaya
yayılmasında zəhməti
əvəzsizdir. Qəzet
və jurnallardakı yazılarıyla, müxtəlif
beynəlxalq toplantılardakı
çıxışlarıyla bizim haqq səsimizi
yaymış, ölkəmizi
tərənnüm etmişdir.
"Qarabağ yarası
hər birimizin yarası idi və o yara sağalmayınca biz silahdan əl götürməməliyik, haqq
səsimizi ucaltmalıyıq"
- deyirdi Yavuz bəy. Nə yaxşı ki, doğma Qarabağımızın
azad olunması xəbərini eşitdi, dünyadan niskilli köçmədi.
Yavuz Bülənt
Bakilər ömrünün
sonunadək qələmi
yerə qoymadı, yazdı-yaratdı. Qəzet
və dərgilərdə
köşə yazıları
ilə çıxış
etdi, Azərbaycan-Türkiyə
ədəbi əlaqələrinin
inkişafına öz
töhfələrini verdi.
Azərbaycan ədəbiyyatının
qardaş Türkiyədə
yayılmasında, nəşrində
əlindən gələn
köməyi əsirgəmədi.
Ürəyi doluydu. Yazacağı hələ
çox əsərlər
vardı, amansız ölüm aman vermədi. O, Azərbaycan-Türkiyə
dostluğunda əbədiyyən
izini qoymuş, daim yeri görünən
və görünəcək
bir ustaddır. İllər, əsrlər
ötəcək, xalqlarımızın
dostluğunu, qardaşlığını
tərənnüm edən
səslər içərisindən
bir səs daim duyulacaq, eşidiləcək: "Azərbaycan
ürəyimdə bir
şah damardır".
Kamil ƏFSƏROĞLU
525-ci qəzet. - 2025.-8
oktyabr (№182).- S.14.