Azərbaycanın tolerantlıq ənənələri
Bu ənənələr keçmişdən
günümüzədək daha da zənginləşərək
özünün ən yüksək mərhələsini
yaşayır
Bütün tarixi dövrlərdə çoxmillətli
və çoxkonfessiyalı bir ölkə olan Azərbaycanın
tolerantlıq ənənələri Azərbaycan
multikulturalizminin səciyyəsidir. Azərbaycan
torpağını özünə məskən seçən
müxtəlif dilli tayfa və xalqlar bu ərazidə
qaynayıb-qarışmış, belə tarixi-siyasi-iqtisadi
proseslər ölkənin mürəkkəb etnik tərkibini və
mədəni simasını müəyyənləşdirib.
Professor Məhəbbət Paşayevanın sözlərinə
görə, tarixi İpək yolunda yerləşən Azərbaycan
ərazisinin coğrafi mövqeyi, onun çox qədim
dövrlərdən müxtəlif karvan yollarının kəsişməsində
yerləşməsi, əsrlərdən bəri tayfaların,
xalqların bu torpaqlara axın etməsinə səbəb olub.
Eyni zamanda bütün qədim dini mərkəzlərin bu ərazidə
formalaşmasına şərait yaradıb. İstər tarixin
ən erkən mərhələlərindən bu torpaqlarda
yaşayan udilər, saxurlar, rutullar, ingiloylar, ləzgilər,
avarlar, talışlar, istərsə də daha sonrakı
dövrlərdə bu torpaqlara sığınan dağ yəhudiləri,
tatlar və lahıclar, kürdlər, ruslar, polyaklar kimi onlarla
xalqların hər bir nümayəndəsinə Azərbaycanda
hər zaman tam hüquqlu vətəndaş münasibəti
göstərilməkdədir. Azərbaycanda yaşayan
bütün xalqlar arasında yüz illərə söykənən
dostluq və birgəyaşayış ənənələri
davam etməkdədir. Bütün tarixi dövrlərdə
etnik-dini tolerantlıq mühiti olmuş Azərbaycana güc
verən, onu yaşadan xalqın tolerantlıq və ondan
doğan multikulturalizm ənənələridir.
Keçmişdən bu günə Azərbaycanda etnokultural
mühitinin mövcudluğunu şərtləndirən isə
bütün tarixi dövrlərdə ölkədə müxtəlif
xalqların, dillərin, dinlərin mövcudluğunun qəbul
və təqdir edilməsidir. Azərbaycanda mövcud olan
müxtəlif mədəniyyətlərin, dillərin, dinlərin
dövlət siyasəti ilə dəstəklənməsi,
xalqların qarşılıqlı dostluq şəraitində
yaşaması kimi davranış tərzinin ölkə
qanunları ilə də tənzimlənməsi kimi amillərdir.
Azərbaycan dövləti hər zaman bütün ölkə
vətəndaşlarına, onların dilinə, dininə,
inanclarına sayğı ilə yanaşıb və dəstək
olub. Dini zorakılıqla bağlı tarixi faktlara nəzər
salsaq görərik ki, tarixin müəyyən mərhələlərində,
məsələn, Rusiya imperiyasının ölkəmizi
işğal etdiyi dövrdə Azərbaycanın udilər,
ingiloylar kimi etnoslarının dini inancları, etnik kimliyi zorla
dəyişdirilməyə sövq edilib, bəzən qismən
də olsa, buna müvəffəq ola biliblər. Bu da
xalqların etnik ənənələrinə təsirsiz
ötüşməyib.
Professor bildirib ki, Çar Rusiyası Qafqazda möhkəmlənmək
üçün ingiloyların, udilərin etnik kimliyini məhv
etmək cəhdləri, alban xristian ənənələrinin
və alban kilsəsinin ləgv edilməsi, udilərin
qriqoryanlığa məcbur edilməsi kimi hallar bu
etnosların tarixi taleyində dərin izlər buraxıb. Lakin
bütün bunlar xalqın etnik yaddaşını bir qədər
zəiflətsə də, dəyişə bilmədi. Birgə
yaşam tərzi Azərbaycan etnoslarının ortaq
inanclarını və mədəniyyətini də
formalaşdırmışdır. Bu ortaq dəyərlər
vahid Azərbaycan xalqının etnik ənənələrini
daha da zənginləşdirib: "Bu gün müasir Azərbaycan
ərazisində yaşayan çoxsaylı etnik və dini
qruplar arasında möhkəm dostluq və qardaşlıq əlaqələrinin
kökündə onların tarixən ortaq mədəni dəyərlərə
sahib olmaları da mühüm rol oynayıb. Tarix boyu bu
torpaqlarda məskunlaşmış müxtəlif xalqların
və dinlərin nümayəndələrinin fərqliliklərinə
baxmayaraq, bir-birinə tolerant münasibəti onları daha da
yaxınlaşdırıb, doğmalaşdırıb. Bununla
da Azərbaycanda multikulturallığın nümunəvi
modeli formalaşıb. Hazırda Azərbaycanda tolerantlıq ənənələri
keçmişdən günümüzədək daha da zənginləşərək
günümüzdə özünün ən yüksək mərhələsini
yaşayır. Tarixən müxtəlif xalqlara və dinlərə
mənsub insanların Azərbaycana pənah gətirməsi, bu
torpaqlarda müxtəlif mədəniyyətlərin bu günədək
bir arada yaşaya bilməsi Azərbaycan xalqının tolerant ənənələrinin
nəticəsi olsa da, bu ənənələrin qorunub
saxlanılması dövlət başçısının
şəxsi iradəsi və təşəbbüsündən
asılıdır. Azərbaycanda əsrlər boyu
formalaşan dini və etnik rəngarəngıik müstəqillik
illərində Ümummilli lider Heydər Əliyevin müdrik
siyasəti nəticəsində keyfiyyətcə daha yüksək
mərhələyə qədəm qoyub. Məhz Ulu öndər
Heydər Əliyev Azərbaycanda tolerantlığı və
multikulturalizmi dövlət siyasəti səviyyəsinə
qaldırmışdır. 1999-cu ildən etibarən,
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü
ilə UNESCO-nun 1995-ci ildən dünyada hamının bir-birinə
dözümlülük nümayiş etdirərək mehriban
qonşular kimi yaşamağa çağırış məqsədilə
təsis etdiyi 16 noyabr Beynəlxalq Tolerantlıq günü Azərbaycanda
da rəsmi olaraq qeyd edilir. Ulu öndər Heydər Əliyevin
əsasını qoyduğu azərbaycançılıq siyasəti
Azərbaycanda yaşayan bütün xalqları Azərbaycan
adı altında birləşdirir. Ulu öndərin etnik və
dini azlıqlarla bağlı siyasəti Prezident İlham
Əliyevin dövründə daha yüksək səviyyəyə
çatıb. Ölkəmizdə yaşayan xalqların mədəniyyəti,
tarixi, dili, folkloru, dini və adət-ənənələrinin
qorunub saxlanılması, inkişaf etdirilməsi birmənalı
olaraq Ümummilli lider Heydər Əliyevin ardıcılı
olaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə
dövlət siyasətinin prioritet istiqamətinə
çevrilib. Bu gün Azərbaycanda fərqli mədəniyyətlərin
qorunması, zənginləşdirilməsi dövlət siyasəti
ilə tənzimlənir. Azərbaycanın tarixən, sahib
olduğu tolerantlıq və multikulturalizm ənənələrinin
hüquqi və siyasi əsasları bərpa edilib. Çoxmillətli
və çoxdinli Azərbaycanın milli siyasəti müxtəlif
millət, etnik qrup və dini azlıqların mehriban dostluq
şəraitində birgə yanaşı yaşaması
prinsipləri əsasında müəyyənləşdirilib.
Ölkə tolerantlıq, dini dözümlülük kimi ali dəyərləri
möhkəmləndirmək məqsədilə insan hüquq və
azadlıqları, o cümlədən vicdan, dini etiqad
azadlığı ilə bağlı qanunvericilik
bazasını gücləndirməsi Azərbaycan Dövlətinin
milli siyasətin ana xəttini təşkil edir. Prezidentin
apardığı dövlət siyasəti nəticəsində
xalqımızın multikultural ənənələrinin
qorunması sahəsində əsrlərdən bəri toplanan
böyük tarixi təcrübə xüsusi qayğı ilə
əhatə olunub. Ölkəmizin zəngin mənəvi irsini
qorumaq, onun bəşəriyyətin ortaq mirası kimi dəyərləndirilməsinə
nail olması üçün Azərbaycanda mədəni
müxtəlifliyin zəngin ənənələrinin
qorunması sahəsində ardıcıl və məqsədyönlü
siyasət aparılır. Xüsusilə də son illər ərzində
Azərbaycan dini, milli və etnik tolerantlıq sahəsində əhəmiyyətli
uğurlara imza atıb. Azərbaycanda fəaliyyət göstərən
dini konfessiyalar arasında da tarixən formalaşmış
tolerant münasibət mövcuddur. Bu münasibət
qarşılıqlı hörmətə, əməkdaşlığa
və zərurət yarandıqda bir-birini dəstəkləmək
prinsipinə əsaslanır. Bunun əsas səbəblərindən
biri Azərbaycanda əhalinin böyük əksəriyyətinin
müsəlmanlardan ibarət olmasına baxmayaraq, dövlətimizin
ölkə ərazisində yaşayan bütün dinlərin
nümayəndələrinə eyni diqqət və
qayğı göstərməsi, onlara müsəlmanlarla bərabər
hüquqlar verilməsidir. Azərbaycanda dinlər və mədəniyyətlərarası
dialoqa hər zaman dəstək verilməsindədir. Tarixən
Azərbaycanda dini icmalar - müsəlman məscidləri,
xristian Alban kilsəsi, pravoslav, katolik, yəhudi sinaqoqları fəaliyyət
göstərib və bu gün də bu dini icmalar dini ayinlərini
sərbəst şəkildə yerinə yetirməkdədirlər.
Azərbaycan əhalisinin əksəriyyəti İslam dininə
etiqad etsə də, ölkə ərazisində islam dininə
məxsus icmalarla yanaşı, Bakı, Sumqayıt və Gəncə
şəhərlərində, Qax, Zaqatala, Balakən, Oğuz,
Qəbələ, Quba və s. rayonlarda müxtəlif dinlərə
məxsus 20-dən artıq dini qurum, birlik və icma fəaliyyət
göstərir. Azərbaycanda bütün dini konfessiyaların
nümayəndələri dövlət tədbirlərində,
dini mərasimlərdə birgə iştirak edirlər, birlikdə
müxtəlif dini bayramları və mərasimləri qeyd
edirlər. Bu, tarixən mövcud olan tolerantlıq mühitinin
bariz nümunələridir".
Məhəbbət Paşayevanın dediyinə görə,
Prezident İlham Əliyev ölkədə fəaliyyət
göstərən konfessiyaların dini bayramlarında və əlamətdar
günlərində müsəlmanlara, xristianlara və yəhudilərə
heç bir ayrı-seçkilik etmir, tolerantlıq mühitinin
daha da möhkəmləndirilməsi yolunda mühüm tədbirlər
görür. Hər il xristianların bütün dini
bayramlarında, xüsusilə də Milad bayramı münasibətilə
Prezident İlham Əliyev xristian icmalarına ənənəvi
bayram təbriki ünvanlandırır. Ölkə rəhbərliyi
mütəmadi olaraq dini icmaların liderləri ilə
görüşür, onların ehtiyac və problemlərinə
maraq göstərir. Ölkənin xristian və yəhudi
icmalarını əsas dini bayramlar münasibətilə təbrik
edir. Azərbaycan hökuməti tolerantlıq, multikulturalizm,
dinlər və mədəniyyətlərarası dialoq sahəsində
müxtəlif tərəflərin bir araya gəlməsi
istiqamətində geniş tədbirlər həyata
keçirməkdədir.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 9 oktyabr (№ 183).- S.15