"Çox
kiçik dünya"nın incə qəlbli söz adamı
Zemfira Məhərrəmli-70
Zemfira Məhərrəmlinin
yaradıcılığı üzərində
düşüncələr
Yarım əsrə yaxındır ki, iki ilahi söz
aşiqi həqiqi söz mülkünü bezmədən,
yorulmadan, ədəbiyyata, jurnalistikaya xəyanət etmədən
çiyinlərində daşımaqdadır. Hikmətli
söz yüklü bir ömür karvanının iki
sarvanı, aşıq Veysəlin təbirincə desək,
uzun, incə, şərəfli bir yoldadır. Sarvanlar müqəddəs
və sarsılmaz ittifaq yaradıb ailə adlı ocaqda birləşiblər,
artıq bu yolun 70-ci dayanacağına - karvansarayına
yetişiblər. Yol davam edir. Odu-közü qorunan, sönməyə
imkan verilməyən müqəddəs ocaq - dövlətin
Ana Yasası ailə dəyərləri, hörmət, diqqət,
qarşılıqlı anlaşma əsasında
yazılıb.
Onlar üçün söz sənəti,
"jurnalistika təkcə peşə deyil, həyat tərzidi".
Onların ilahi birliynə söz elçilik edib. Səmimi
sözün ərklə qapıdan içəri girdiyi ocaqda
xeyir-bərəkət olar, sülh göyərçinləri
yuva qurar, barış nəğmələri oxunar,
övladlar, nəvələr dünyaya gələr. Ocaq böyüyər,
bütövləşər.
Ömür karvanının cəfakeş sarvanları
Məhərrəmliləri - Qulu müəllimi və Zemfira
xanımı mükəmməl söz sənəti ilə bərabər,
mənəviyyat örnəyi və meyarı kimi də
yaxşı tanıyıram. Sözü ilə özü,
daxili aləmi ilə zahiri dünyası eyni mənəvi
biçimdə olanları indiki boz-bulanıq cəmiyyətimizdə
mənəvi inci kimi tapanda sevinirsən. İnanırsan ki, cəmiyyəti
belə saf insanlar xilas edəcək.
Söz və mənəvi dünyası onları
müdrik və uzaqgörən edib. Bilirdilər ki, nakam, həyat
eşqli Mikayıl Müşfiq demişkən, gözəl
günlər, şən günlər, yerinə düşən
günlər hələ qarşıdadır. Bəli, onlar -
"həyat və peşə yollarında qoşa
addımlayanlar", eyni məslək, əqidə, amal
yolçuları heç vaxt yorula, yanıla bilməzlər.
lll
Uğurlu söz də ana kimidir, işığa hamilədir.
Ana dünyaya insan gətirir, uğulu söz də
işıq. Uğurlu söz və əbədi işıq mənəvi
dünyamızın iki ayrılmaz ruh əkizidir.
"Günahların arındığı gecə"
hekayəsində xalqımızın heç vaxt assimilyasiyaya
uğramayacağına tam əmin olduğum əxlaq və mənəviyyat
meyarlarından qeyrət və namus məziyyətləri
önə çəkilir.
"Neçə il doğma kəndini görməyən"
Qaraş uzunmüddətli məhbus həyatından sonra kəndə
- "küskün xatirələri boylanan yurd yerinə"
qayıdır. "Həsənlə dalaşdığı,
onu bıçaqladığı gün" arxada
qalmışdı. Ancaq milli ruhumuzun önəmli atributu olan
qürur onun qəlbini tərk etməmişdi. Həsən o
vaxt Qaraşın "bacımdan əl çək!"
ultimatumuna məhəl qoymamışdı. Necə əl
çəksin, sevirdi axı?! Özünə, Əsmərə,
qarşılıqlı sevgiyə inanırdı. Sevginin
önündə dayana bilən güc
tanıyırsınızmı? Əsl sevgi ruha bənzəyir,
hamı onun haqqında danışır, amma çox az adam
görür. Qaraş da o qarşılıqlı sevgini
görməyənlərdən idi. Bir etiraf da edim ki, milli ruhumuzun
elə nəsnələri var ki, bəzən yaxşı
şeyləri görüb uğurlamağımıza mane olur.
Milli ruhumuzun ("mentalitet" deməyə dilim
dönmür) yetimə, kasıba qız verməmək kimi eybəcərliyinin
daxilimizdə metastaz verib yayılmasının səbəbi
maddiyyata hərislik çox gəncləri həqiqi sevgiyə
həsrət qoyub. Yetim sevməməlidir? Buna "eybəcərlik"dən
başqa söz tapmadım. Həsənin "anamın bircə
yetimiyəm, məni öldürmə, Əsmər də
razıdır" yalvarışı da Qaraşın qəlbinə
mərhəmət ötürə bilmirsə, hansı
mentallıqdan nümunə götürə bilərik? Nə
yaxşı ki, qanına qəltan edilən Həsəni
ölümdən gözəgörünməz qüvvə
hifz elədi. Babalarımız düz deyiblər: "Yetimin də
Allahı var". Bu da milli ruhumuzdan qaynaqlanan inamdır...
Qaraş həbsdə olarkən Əsmərin Həsənə
qoşulub qaçması bu ötkəm qardaşı
yandırıb-yaxır, hikkəsindən dönməsinə
imkan vermirdi. "Qaçmaq" məsələsi də milli
ruhumuzun sarı siminə toxunan incə məqamlardandı.
Xülasə, Qaraş həbsxanadan qayıdıb yenə
qəzəblə Həsəngilə tələsir.
Axşamın qaranlığında Həsən və Əsmərin
birgə yandırdığı ocağın xoşbəxtlik
işığı qaranlığın bağrını
yaran vaxt əli bıçaqlı Qaraş pəncərinin
küncündə dayanıb içəri boylanır. Həsənin
dizlərini yerə qoyub evdəki məsum körpələri
belində gəzdirdiyini, balacaların Həsəni "minmək"
üçün hay-küy saldığını
görür. O biri otaqdan Əsmərin səsini eşidəndə
Qaraşı qarmaqarışıq hisslər qoynuna alır.
Üzündə, gözündə xoşbəxtlik
çiçək açan Əsmər körpələri
qucağına alıb yatmağa aparır.
"Bacısıgil işıqları
söndürdü, ətraf zil qaranlıq oldu. Kaman da nalə
çəkməkdən usanmışdı, səsi gəlmirdi
daha. Güclü yağış isə hələ də ara
vermir, sanki hirsini-hikkəsini sonacan boşaltmaq istəyirdi.
Qaraşın bədəni keyimişdi, bircə onu
anlayırdı ki, kaman indi onun içində odlanıb nalə
çəkir. Bir də bacısının günahsız
balalarının məsum çöhrəsi gözü
qarşısından çəkilmir, onların şaqraq
gülüşlərini eşidirdi. Nə qədər
çalışsa da, canını bu səslərdən
qurtara bilmirdi. Peşmançılıq, utanc hissi onu
üzürdü.
... Qaraş tiyəsində adı yazılmış zəhmli
bıçağı - həbsxana yadigarını cibindən
çıxarıb zərblə pəncərənin taxta
çərçivəsinə sancdı və gəldiyi yolla
geri qayıtdı".
Göylər də sanki xeyirxahlıq, mərhəmət
yağışı ilə qəlblərdəki kinləri
yumaq üçün bətnindəki suyun hamısını
yerə axıdırdı.
Zemfira xanımın zəngin təxəyyülünə,
təhkiyəsinə görə, "gecənin sükutunu
pozan güclü yağış Qaraşın qurşaqdan
yuxarı çılpaq bədəninə (O,
yağışdan islanmış paltarını yolboyu
çıxarıb atmışdı, yəqin ki,
islanmış paltarlar onun bacısının evindən
sürətlə uzaqlaşmasına mane olurdu. Həm də
istəyirdi ki, leysan yağışı onun içindəki
hirs-hikkəni, kini tamamilə yuyub aparsın - V.O.) çiləndikcə
canında bir rahatlıq duyur, suyun aydınlığından
sanki arınıb-durulurdu"...
Bəli, dünya sevənlərindir...
"Körpə qığıltısından təntənəli
himn yoxdur" (V.Hüqo).
Kaş içimizdəki kini, hisi-pası, yuyan belə
gürşad yağışlar tez-tez yağaydı, ürəklər
arınaydı...
lll
Heç kim qollarında bir uşaq tutan ana qədər
cazibədar və bir neçə uşaq arasındakı ana
qədər hörmətli deyil (İ.V.Höte). Yaradan
anaları başqa canlılardan, şüurlu varlıqlardan
daha mükəmməl və uca xəlq edib - Zemfira
xanımın qəhrəmanı Ayşə Aykut kimi. Hər
qadına qismət olmayan ana titulu insanlığın zirvəsidir.
"Nöqtə boyda həyat
işığı" hekayəsini yazmaq, on dörd
günlük Ahu balası ilə zəlzələ
dağıntıları arasında darısqal yerdə qalan
Ayşə obrazını yaratmaq üçün mütləq
qadın söz adamı olmaq gərək. Subyektiv düşüncəmi
əsaslandırmağa çalışacağam. Təsəvvür
edək ki, Ayşənin düşdüyü situasiyada Ahunun
atası qalıb. Görəsən, o, necə edərdi ki,
körpə sağ qalsın? Mən bu suala cavab verməkdə
acizəm. Bu suala cavablandırmaq üçün mütləq
cəfakeş, körpəsini özündən çox sevən
qadın olmalısan. Həmin hekayəni kişi yazar qələmə
alsaydı, inanıram ki, analıq hisslərini belə təbii
anlada bilməzdi. Qadın həssasdır, yaradandır.
"Kişi yer üzünün dahisi olsa belə, onun
dahiliyinin hər damlası qadından yoğrulub" (Uolt
Uitmen).
Gənc, təcrübəsiz Ayşə ən çətin
məqamda belə ayıq düşünməyə qadirdir.
Ahusunu yaşatmaq üçün südünün son
damlasını verəndən sonra özünü ələ
alır, tüpürcəyi ilə körpəsini yedizdirməyə
başlayır. Bu, analıq instiktidirmi, duyğusumu, mərhəmətimi,
cəfakeşliyimi, çətin vəziyyətdən ayıq
başla fikirləşib xilas olmaq bacarığımı? Nə
ad qoyursunuz qoyun, analar insanlığın seçilmişləridir.
"Susuzluqdan yanan qızcığaz bu
"qida"dan azca duruxdu. Ağzına düşən
damcıların ana südü olmadığının fərqində
idi, deyəsən. Ən təhlükəlisi o idi ki, bəzən
xırda daşlar aşağı yuvarlanırdı. Ayşə
göz gözü görməyən zülmətdə əllərinin
yüngül təması ilə körpəsini yoxlayır,
onun zədələnmədiyindən arxayın olmaq istəyirdi.
Cocuğu aramla yedizdirir, başına sığal çəkir,
soyuqdan buz kimi olan yumru ayaqlarını ehmalca ovuşdurur, titrək
əllərini ovcuna alıb dodaqlarına
yaxınlaşdırır, nəfəsi ilə isidirdi".
Ənvər Məmmədxanlının "Buz heykəl"
hekayəsini, yəqin ki, yaşı 50-ni keçənlərin
çoxu xatırlayır. Ana qışın oğlan
çağında körpəsini "müharibə"
adlı əzrayılın pəncəsindən xilas etmək
üçün əynindəki paltarlarını
çıxarıb körpəsini bükür, özü buz
heykələ dönsə də, körpə sağ qalır.
Çağdaş dövrümüzün gənc analarına
bu hekayəni diqqətlə oxumağı məsləhət
görürəm.
Ayşə isə dağıntılar arasında, tərpənmək
mümkün olmayan boşluqda (sözün hər mənasında
boşluqda!) canlı daş heykələ bənzəyirdi.
Zemfira xanım yazıçı təxəyyülünün
incəliyi ilə anladır ki, bəzən itlərin
hürüşməsi da nicat yoludu, xilaskar işıqdı.
Bizə nağıllarımızda babalarımız it hürən
tərəfə yox, işıq gələn tərəfə
getməyi məsləhət bilsələr də. Unutmayaq ki,
it hürən tərəfdə də işıq var.
Ən ekstremal şəraitdə, həyatla
ölümün arasında sərhədin daraldığı
anda Zemfira xanımın milli qüruru, milli təəssübkeşliyi,
"iki dövlət, bir millətin"ın - Oğuz
türklərinin zəkasını, qardaşlarına köməyini
fəxrlə vurğulaması ədəbi sözün təntənəsidir.
Ayşənin doğma ana dilimizdə xilaskarlardan eşitdiyi
"Ceyhunun gətirdiyi cihaz çox işimizə yaradı.
Yoxsa bu ana-balanın vəziyyəti görən necə
olardı", sözlərində önə çəkilən
xeyirxahlıq duyğuları ali mənəvi dəyər kimi
hər bir xalq üçün örnəkdir.
"Ayşə başlarındakı qoruyucu
kaskalarında və xüsusi geyimlərində məmləkətlərinin
bayrağı əks olunan bu gənclərin dost Azərbaycandan
gəldiklərini, bəlaya düşmüş türk
qardaş və bacılarına yardım əli uzatdıqlarını
anlamış, məmnunluq hissi keçirmişdi".
Ədəbi düşüncələrim zamanı
müraciət etdiyim bədii nümunələrdə həmişə
işıq axtarmışam - ilahi işıq. Tapanda
"Evrika!" hayqırıb sevinmişəm. Müəllifin
"Nöqtə boyda həyat işığı" kiçik hekayəsində zəlzələnin
dağıntıları arasından boylanan, insan həyatını
xilas edən nöqtə boyda yox, nəhəng
işığı görəndə yazıçıya təşəkkür
borcu kimi ən doğru yolu bu mülahizələrimi qələmə
almaqda gördüm.
O işıq Ahunun, Ayşə ananın nicat yolunu
aydınladan müqəddəs xilaskar kimi məni də əmin
etdi ki, bəşəriyyəti, yaşadığımız,
nədənsə "fani" bildiyimiz bu dünyanı,
insanlığı ilahi işıq xilas edəcək.
İşıq istər fiziki, istərsə də mənəvi
ömrümüzün yaşam stimuludur.
İşığımız sönməsin!..
Vaqif OSMANLI
525-ci qəzet .- 2025.- 9 oktyabr (№ 183).- S.14.