Qəhrəmanlıqdan vətəndaşlığa
Esse
Qələbədən sonrakı sükut bəzən
müharibənin özündən daha dərin olur.
Çünki hər bir xalq üçün savaşdan sonra
başlayan dövr təkcə bərpa yox, həm də
düşüncə mərhələsidir. Qalib olmaq qəhrəmanlıq
tələb edirdi, amma qalib qalmaq vətəndaşlıq istəyir.
Biz indi məhz bu keçidin astanasındayıq: qəhrəmanlıqdan
vətəndaşlığa doğru bir dövr
yaşayırıq.
Müharibə zamanı bütün fərqlər
unudulmuşdu. Şəhərli və kəndli, gənc və
yaşlı, qadın və kişi - hamı eyni məqsədlə,
eyni duyğuyla yaşayır, eyni hədəfə yönəlmişdi.
O günlərdə vətən sevgisi təbii idi, kiminsə
ağlına məxsusi olaraq onu nümayiş etdirmək gəlmirdi,
zatən özlüyündən nümayişli idi. Amma indi,
sülhün sakitliyində bu sevgi bəzən formal, bəzən
də unudulmuş görünür. Halbuki qəhrəmanlıq
bir anın alovudur, vətəndaşlıq isə hər
günün sükunətində sınağa çəkilir.
Bugün bizdən tələb olunan savaş cəsarəti
deyil, sosial məsuliyyətdir. Axı qalib xalq olmaq fəxrlə
yanaşı, həm də böyük borcdur - dövlətinə,
dilinə, təbiətinə, gələcəyinə qarşı
borc. Əgər qəhrəmanlıq torpağı
qorumaqdırsa, vətəndaşlıq o torpaqda ədalətli,
təmiz və düşüncəli yaşamaqdır.
Bir çoxları "vətənpərvərlik"
deyəndə hələ də pafoslu
çıxışlar, bayraq fonlu şəkillər, vətənpərvər
musiqi təsəvvür edir. Amma əsl vətənpərvərlik
səs-küydə deyil, sükutdadır. O, səhər
işinə vicdanla gedən müəllimin
davranışındadır, döyüş
yoldaşının şəklini hər gün stolunun
üstünə qoyan həkimin sadəliyindədir, ağac kəsilməsin
deyə bir kəndin qarşısını alan gəncin cəsarətindədir.
Qəhrəmanlıq görünmək
üçündür, ya da gec-tez mütləq
görünür, vətəndaşlıq isə
görünmədən yaşanır.
Bu keçidin ən çətin tərəfi
ondadır ki, qəhrəmanlıq emosiya, vətəndaşlıq
isə düşüncə tələb edir. Bizim nəsil
müharibənin emosionallığını yaşadı,
indi isə düşüncənin məsuliyyətini daşıyır.
Hər bir küçədə, idarədə, sosial mediada, məktəbdə,
ailədə bu keçidin sınaqları var. "Bu, mənim
işim deyil" demək daha qəhrəman millətə
yaraşmır. Qalib xalqın hər bir fərdi artıq
"vətəndaşlıq növbəsində"
dayanmalıdır.
Bu növbə bəzən çox sadə şeylərdə
özünü göstərir: zibili küçəyə
atmamaq, dövlət əmlakına hörmətlə
yanaşmaq, internetdə nifrət dili yaymamaq, ədalətsizliyə
səs çıxarmaq, ya da sadəcə düzgün
yaşamaq. Bəli, qəhrəmanlıq döyüş
meydanında ölməyi bacarmaqdır, vətəndaşlıq
isə gündəlik həyatda doğru-dürüst
qalmağı bacarmaq.
Bu gün gənclik üçün yeni bir "səngər"
yaranıb - informasiya məkanı. Əgər dünən
güllə ilə savaşırdıqsa, bu gün informasiya,
dil və düşüncə ilə
döyüşürük. Sosial şəbəkələrdə,
təhsildə, mediada hər yanlış fikir, hər saxta xəbər
milli şüura yönəlmiş hücumdur. Qəhrəmanlıq
indi paylaşdığımız bir cümlədə,
yazdığımız bir statusda belə
ölçülür. Çünki fikir də silahdır,
söz də vətən torpağı qədər məsuliyyətlidir.
Bu keçiddə önəmli rol oynayan amillərdən
biri də mədəniyyətdir. Ədəbiyyatın,
musiqinin, teatrın, jurnalistikanın vəzifəsi artıq təkcə
hiss oyatmaq deyil, düşüncə
formalaşdırmaqdır. Əgər bir vaxtlar sənət
"ayağa qalxmaq" çağırışı idisə,
indi "ayaqda qalmaq"
çağırışıdır. Bundan belə qalib
ölkənin sənəti təkcə ağrıdan yox,
sabitlikdən, ümid və məsuliyyətdən
danışmalıdır. Vətənpərvərlik daha
çox şüurlu davranış, etik prinsip, iç
sakitliyi kimi təqdim edilməlidir.
Vətəndaşlıq həm də
dürüstlüyün sınağıdır. Müharibə
zamanı yalanın, intriqanın yeri olmur, hamı bir məqsəddə
birləşir. Amma sülh dövründə kiçik
yalanlar, şəxsi maraqlar, susqunluqlar milli
bütövlüyü yavaş-yavaş
aşındırır. Biz bu aşınmanın fərqində
olmalıyıq. Vətən üçün can verənlərin
ruhu, bu torpaqda yaşayanların doğru yaşaması ilə
rahatlıq tapar. Qəhrəmanlıq ölümü gözə
almaqdır, vətəndaşlıq isə vicdanla yaşamaq.
Bəlkə də biz hələ bu keçidi tam
başa vura bilməmişik. Çünki illərlə vətən
sevgisini yalnız fədakarlıqla, qurban verməklə
ölçməyə öyrəşmişdik. İndi isə
anlmalıyıq ki, vətən üçün sadəcə
yaxşı işləmək, övladını doğru tərbiyə
etmək, ağac əkmək, sözünə sahib çıxmaq
da qəhrəmanlıq qədər vacibdir. Vətən sevgisi
artıq "nə etdik" yox, "necə
yaşadıq" sualında ölçülməlidir.
Əgər biz bu mərhələdə
düşüncəmizi dəyişə bilsək, o zaman qəhrəmanlıq
hekayəmiz yarımçıq qalmayacaq. Çünki vətəndaşlıq
qəhrəmanlığın davamıdır.
Silahı yerə qoyduq, indi söz, əxlaq, əmək
silahına sarılmalıyıq.
Qələbəni qazanmaq üçün
döyüşdük, indi onu qorumaq üçün
yaşamalıyıq.
Şahanə Müşfiq
525-ci qəzet .- 2025.- 9 oktyabr (№ 183).- S.10.