"Zəngəzur
mahnısı" Ermənistanda ajiotaj yaratdı
ERMƏNİ MEDİASI MAHNININ SÖZLƏRİNİ
TƏHRİF ETDİ
Ötən ay mədəni sferada xüsusi rezonans
doğuran hadisələrdən biri də "Zəngəzur
mahnısı"nın təqdimatı oldu. "Bizi Birləşdirən
Mədəniyyət" İctimai Birliyi tərəfindən
Qərbi Azərbaycan mövzusunda hazırlanmış yeni
musiqi əsərinin ideya müəllifi, tanınmış
vokal ifaçısı, Əməkdar artist Ramil Qasımov təqdimat
mərasimində qeyd etmişdi ki, "Zəngəzur
mahnısı" sadəcə bir musiqi əsəri deyil, o, həm
də mədəni və siyasi əhəmiyyət kəsb
edir.
Sonrakı hadisələr R.Qasımovun sözlərində
nə qədər həqiqət olduğunu təsdiqlədi.
"Zəngəzur mahnısı" və klipi təqdim
olunar-olunmaz Ermənistanda böyük səs-küy və
ajiotajla qarşılandı. Erməni mətbuatı bu xəbəri
"Azərbaycanda "Zəngəzur mahnısı" yaradılıb
- Ararat və Sünik "qələbə yolu" kimi təqdim
olunur" başlığı ilə tirajlamağa
başladılar.
Xəbərlərdə, xüsusən,
iranşünas Vardan Voskanyanın fikirləri ön plana
çəkilir. O, iddia edir ki, sözügedən klipdə Ermənistan
ərazisindən - o cümlədən Noravank yolundan
görüntülərdən istifadə olunub: "Mahnı
pan-turançı, ekspansionist ideyalarla yazılıb". Eyni
zamanda V.Voskanyan öz iddialarını əsaslandırmaq
üçün mahnının mətnini tərcümə edərkən
bilərəkdən, ya da bilməyərəkdən
"kiçik" dəyişikliklərə yol verib. O, şeirdə
"Ağrı dağı" ifadəsinin işləndiyini
və bunun da Ararat dağına iddia olduğunu deyib. Həmçinin,
mahnıda Zəngəzurun "qələbə yolunun son
nöqtəsi" kimi təqdim olunduğunu, türklərin
Nuhun nəslindən gəldiyinin, Göy Tanrıdan güc
aldığının, Oğuz soyu ilə bağlı
olduğunun vurğulandığını əlavə edib.
Voskanyan xüsusilə qeyd edir ki, "Zəngəzur"
adlı bu mahnı mədəni təbliğat vasitəsi kimi
Azərbaycanın ərazi iddialarına xidmət edir və erməni
tarixi-mədəni dəyərlərinə qarşı
ideoloji hücumdur.
Məsələ ilə bağlı "525"ə
açıqlama verən "Zəngəzur
mahnısı"nın sözlərinin müəllifi,
tanınmış şair və bəstəkar Şahin
Musaoğlu isə qarşı tərəfdən səsləndirilən
iddiaları absurd və həqiqətdən uzaq hesab edir:
"Bu, artıq ikinci şeirimdir ki, ermənilər həm
erməni, həm də digər dillərə tərcümə
edərək tirajlayırlar. İlk mahnım Birinci Qarabağ
müharibəsində yazdığım, söz və musiqisi
mənə aid olan "Cənab leytenant" mahnısı idi
ki, təxminən 2-3 il bundan öncə onlar həmin
mahnını tərcümə edərək "Hay ver mənə,
cənab leytenant" cümləsindəki "hay" kəlməsini
öz təbirlərincə "erməni" kəlməsi
kimi qələmə verdilər. Təbii ki, bu, çox absurd
iddia idi və bir müddət lətifə kimi dildən-dilə
dolaşdı.
İndi isə "Zəngəzur
mahnısı"nın mətnini tirajlayıblar və etiraf
edim ki, mətnin rus dilinə tərcüməsi qüsursuzdur,
mənim fikirlərim olduğu kimi çatdırılıb.
"Zəngəzur mahnısı" "Bizi Birləşdirən
Mədəniyyət" İctimai Birliyinin layihəsi idi. Təəssüf
ki, qarşı tərəf yenə də məqsədli şəkildə
absurd iddialarla çıxış edir.
Əvvəla, qeyd edim ki, mən şeirdə
onların iddia etdikləri kimi "Ağrı
dağı" yox, "Tanrı dağı" ifadəsini
işlətmişəm ki, bu da Tengri dağının dilimizdəki
tərcüməsidir. Tanrı dağı bir ucu Orta Asiyadan
tutmuş Çinin ərazisini də əhatə edən, təxminən
3 min kilometrlik gözəl təbiəti ilə seçilən
dağ silsiləsidir. O, YUNESKO-nun Dünya irs siyahısına
daxil olmuş bir bölgədir. Mahnıya bircə dəfə
qulaq asan hər kəs o adı aydın şəkildə
duyacaq. Hörmətli Xalq artistimiz Mübariz Tağıyev
öz ifasında həmin adı xüsusi və aydın
vurğu ilə çatdırıb.
Mənim şeirimdə söhbət konkret olaraq
türklərdən, türklərin tarix səhnəsinə
çıxışına şahidlik edən müqəddəs
ulu yurd Zəngəzurdan gedir. Biz tarixi torpaqlarımız
haqqında mahnı qoşa bilmərik?! Canımız,
qanımız hesabına azad etdiyimiz Zəngilan, Qubadlı, Cəbrayıl,
Laçın Zəngəzur deyil? Biz məhz
şanımızla, şöhrətimizlə,
gücümüzlə azad etdiyimiz əzəli
torpaqlarımıza şeir yazıb, mahnı qoşmuşuq. Bəli,
bu yol Zəfər yoludur!
Təbii ki, bu iddialar qonşu xalqın rəsmi
mövqeyi deyil, öz xalqına, dövlətinə qənim kəsilən
bir qrup avaturistin mövqeyidir. Mən onları mahnını
bir daha, amma bu dəfə diqqətlə, qərəzsiz dinləməyə
dəvət edirəm!"
Qeyd edək ki, əsərin sözləri Şahin
Musaoğluya, musiqisi tanınmış bəstəkar, Əməkdar
artist Vüqar Camalzadəyə aiddir.
Mahnını Xalq artistləri Mübariz
Tağıyev, Tünzalə Ağayeva, Əməkdar artistlər
Ramil Qasımov, Aybəniz Haşımova, Samirə Əliyeva,
Ehtiram Hüseynov və gənc ifaçı İlkin Dövlətov
ifa ediblər. Balaban zurnanı Fəqan Rəhmanoğlu dilləndirib.
Layihənin səs rejissoru Əməkdar incəsənət
xadimi Faiq Babayev, prodüser Riad Quliyevdir. Layihənin koordinatoru
Fərqanə Cabbarovadır.
Klipin çəkilişləri Şərqi Zəngəzurun
füsunkar təbiətinə malik Laçın, Qubadlı və
Zəngilan rayonlarında aparılıb.
P.S. Etirazlara səbəb olan mahnının mətninin
orijinal variantını (necə ki mahnıda da məhz bu
cür ifa olunub!) təqdim edirik:
Tanrı dağdan əsən yel
Min illərdir yol gəlir.
Gəlir, Turan elləri
Birləşdirən qol gəlir.
Həniri Göy Tanrıdan,
Səmiri Nuhdan gəlir.
Hopub nəfəsdən cana
Coşaraq ruhdan gəlir.
Bir sinədə bir vuran
Ürəkdən, qandan gəlir.
Canda ruh, ruhda candan
Əhdə-vəfadan gəlir.
Çıx yoluna qarşıla
Üfüqdə dan eşqinə,
Ay-ulduzu parlayan
Azərbaycan eşqinə.
Nəqarət:
Boyu oğuz boyudur,
Ər oğlu ər soyudur,
Yolu zəfər yoludur
Zəngəzur!
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 9 oktyabr (№ 183).- S.9.