Nyu-Yorkda Üzeyir
Hacıbəylinin 140 illiyi konsert proqramı ilə qeyd olunub
ABŞ-ın Nyu-York şəhərində görkəmli
Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140
illik yubileyinə həsr olunmuş “Firuzə: Musiqi
Mozaikası” adlı konsert proqramı keçirilib.
AZƏRTAC-ın məlumatına görə, tədbir
Azərbaycan Respublikası Diasporla İş üzrə
Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Konserti Azərbaycan, Türkmənistan, Türkiyə və
Qazaxıstanın BMT yanında daimi nümayəndəliklərinin
rəhbərləri, diplomatlar, eləcə də Azərbaycan
icmasının üzvləri izləyiblər.
Gecədə tanınmış pianoçu, Azərbaycanın
Əməkdar artisti, Milli Musiqi və Qlobal Mədəniyyət
Cəmiyyətinin prezidenti Nərgiz Əliyarova və məşhur
skripkaçı Karen Bentli Pollik çıxış ediblər.
Onlar Üzeyir Hacıbəyli, Qara Qarayev, Firəngiz Əlizadə,
Lala Cəfərova, Türkmənistandan Nuri Halmammedov, Özbəkistandan
Dilorom Amanullayeva, Qırğızıstandan Nurlan Moldobasanov,
İrandan Aria Torkanbouri və Türkiyədən Fazıl Say
kimi bəstəkarların əsərlərini ifa ediblər.
Proqramda səsləndirilən qazax xalq mahnısı
“Yapıray” tamaşaçılar tərəfindən
böyük maraqla qarşılanıb.
Konsertin sonunda Nərgiz Əliyarova Diasporla İş
üzrə Dövlət Komitəsinə göstərilən
dəstəyə görə minnətdarlığını
bildirib.
Tədbir Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyəti
tərəfindən müxtəlif mədəniyyətləri
musiqi vasitəsilə birləşdirmək məqsədilə
təşkil olunub. Gecə ərzində bir çox əsərlər
Nyu-Yorkda ilk dəfə səsləndirilib.
525-ci qəzet .- 2025.- 9 oktyabr (¹ 183).- S.9.