Qeyri-iş günlərinin
iqtisadiyyata təsirləri
Avtomatik olaraq ticarət zəncirinin
qırılmasına səbəb olur
Həftənin 6 günü gücləndirilmiş
iş rejimində çalışan işçilər
üçün qeyri-iş günlərinin çox olması
göydəndüşmədir. Onların istirahəti,
yaxşı dincəlməsi üçün bir fürsətdir.
Ancaq qeyri-iş günlərinin sayının həddindən
artıq çox olması sahibkarlıq fəaliyyəti
üçün bir sıra çətinliklər yaradır.
Çünki iş günlərində işçilərin
sayəsində müəyyən dövriyyə yaranır və
o dövriyyədən yaranan qazanc əsasında şirkət
öz mənfəətini əldə edir. Bu həm də
şirkətin işçi heyətinin və digər xərclərin
qarşılanması üçün zəruridir.
Bu, böyük maliyyə itkisi deməkdir
İqtisadçı ekspert Razi Abasbəyli deyir ki,
qeyri-iş günlərinin sayının artırılması
avtomatik olaraq ticarət zincirinin qırılmasına səbəb
olur. Qeyri-rəsmi iş günlərində bankların, ədliyyə,
notarial xidmətlərin fəaliyyətini dayandırması,
maliyyə xidmətlərinin həyata keçirilməməsi,
eyni zamanda digər rəsmi satışlar, vergi, gömrük
kimi rəsmi xidmət sektorlarının işləməməsi
nəticə etibarilə, birbaşa olaraq özəl sektorda
ticarət dövriyyəsinin zəifləməsinə gətirib
çıxarır. Vergi bəyannamələrinin verilməməsi,
gömrük idxal-ixrac əməliyyatlarının həyata
keçirilməməsi, banklar üzərindən maliyyə əməliyyatlarının
icrasının dayanması özəl sektorda sahibkarlıq fəaliyyəti
göstərən iş adamlarının işinə mənfi
təsir göstərir. Bu xidmətlərin
elektronlaşdırılması təşkil olunsa da, bəzi
xidmət sahələrində birbaşa fiziki təmaslar tələb
olunur. Bunun üçün isə rəsmi iş günlərinin
olması mütləqdir. Adətən bayramlarda birləşdirilmiş
iş günləri ilə istirahət günlərinin yerlərinin
dəyişdirilməsi qeyri-iş günlərinin
sayının artmasına və nəticə etibarilə ticarət
münasibətlərində ciddi kəsintilərə gətirib
çıxarır. Bu da çox böyük maliyyə itkisi
deməkdir: "Müəssisələr iş fəaliyyətini
dayandırmalı olduqda gündəlik gəlirdən məhrum
olurlar. Xüsusilə kiçik və orta sahibkarlar
üçün bu, ciddi maliyyə itkiləri ilə nəticələnə
bilər. Uzunmüddətli
qeyri-iş dövrləri istehsal və xidmət
planlarının icrasında gecikmələrə səbəb
olur. Bu da sifarişlərin vaxtında yerinə yetirilməməsi,
müştəri etibarının itirilməsi və tərəfdaşlarla
münasibətlərin zəifləməsi ilə nəticələnir.
Qeyri-iş günlərində işçilərin tətilə
çıxmasına görə birbaşa işçi əmək
resursları ilə bağlı layihələrin də
icrası dayandırılır. Ona görə də
qeyri-iş günləri bu xidmət sahəsi
üçün mənfi təsir göstərir. Bu
baxımdan təbii ki, iş günlərinin sayının
çox olması şirkət üçün əlavə
maliyyə itkisi deməkdir. Beynəlxalq ticarətlə məşğul
olan sahibkarlar üçün isə qeyri-iş günləri
digər ölkələrlə zaman fərqliliyi
yaratdığı üçün əlavə çətinliklər
doğurur".
Bəzi sahələr üçün qeyri-iş
günləri gəlir mənbəyinə çevrilə bilər
Ekspertin sözlərinə görə, qeyri-iş
günlərinin çoxluğu ilk növbədə iqtisadi fəaliyyətin
yavaşlamasına, xüsusilə sənaye, istehsal və xidmət
sahələrində fasilələr məhsuldarlığın
azalmasına gətirib çıxarır. Sahibkarlar və
müəssisələr bu günlərdə işin
dayanması səbəbilə gəlirdən məhrum olur, bəzi
hallarda isə əlavə xərclərlə üzləşirlər.
Ancaq qeyri-iş günlərinin düzgün
planlaşdırılması həm sahibkarlar, həm də
işçilər üçün faydalı ola bilər:
"Bəzi sahələr üçün qeyri-iş günləri
gəlir mənbəyinə çevrilə bilər. Məsələn,
turizm, ictimai iaşə, əyləncə və nəqliyyat
sektorları bayram və istirahət günlərində daha
çox aktiv olur. Bu sahələr üçün qeyri-iş
günləri iqtisadi canlanma dövrünə çevrilə
bilər".
Qeyri-iş günlərinin çox olması
çalışanlar üçün fürsətdir
Vətəndaşların Əmək Hüquqları
Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov
hesab edir ki, qeyri-iş günlərinin
çox olması işçilərin istirahət
ehtiyacının təmin olunması baxımından
yaxşıdır: "Bütün günü
çalışan insanlar üçün qeyri-iş günlərinin
çox olması göydəndüşmə bir fürsətdir.
Normal istirahət edən işçi tətildən sonra daha
məhsuldar işləyir. Bu isə dolayı yolla
sahibkarların fəaliyyətinə müsbət təsir
edir. Uzunmüddətli istirahət dövrləri
işçilərə ailə və şəxsi həyatlarına
vaxt ayırır, gündəlik iş yükündən,
stresdən uzaqlaşıb enerji toplamaq imkanı qazanırlar.
Bu da nəticə etibarilə onların işə daha
motivasiyalı və məhsuldar şəkildə
qayıtmalarına səbəb olur".
Sahibkarlar qanunsuz olaraq işçiləri işə cəlb
edirlər
Sahib Məmmədov bildirib ki, bayram günləri
bütün dünya ölkələrində var. Bu,
işçilərin iş əmsalının
aşağı düşməsi demək deyil: "Məsələ
burasındadır ki, dövlət sektorunun işçiləri
qeyri-iş günlərində tam istirahət edir. Amma özəl
sektorların əksəriyyətində iş psosesi davam edir.
Sahibkarlar qanunsuz olaraq işçiləri işə cəlb
edirlər. Bu, bir çox yerlərdə belədir. Əgər
bayram günlərində
sahibkarlar işçiləri işə cəlb edirlərsə,
onlara ikiqat maaş ödənilməlidir. Bəzi özəl
strukturlar bunu edir. Amma onlar arasında bunu etməyənlər
də var. Bu da işçi hüquqlarının
pozulmasıdır".
Onlar 7/24 rejimində işləməlidirlər
Sahib Məmmədov əlavə edib ki, elə
strukturlar var ki, onların qeyri-iş günlərində
işçiləri işlətməyin obyektiv səbəbləri
də var. İstənilən istirahət vaxtında, bayram
günlərində elə strukturlar var ki, onlar 7/24 rejimində
işləməlidirlər. Bunların işləməməsi
həyatın, iqtisadiyyatın dayanması deməkdir. Məsələn,
nəqliyyat, kommunal təsərrüfat, ərzaqla
bağlı sahələr, asayişi təmin edən orqanlar və
s. bunlar üçün istirahət yoxdur. Qeyri-iş günlərinin
də onlara aidiyyəti yoxdur. Məlum olduğu kimi, ölkə
iqtisadiyyatının əsas xəttini enerji sektoru, xüsusən
də neft-qaz sahəsi təşkil edir. Həmin sahələrdə
istirahət günləri anlayışı yoxdur. Orada
növbəli iş rejimi tətbiq edilir. İnsanlar dənizdə
qoyulan müddətə işləyib, sonra bir neçə
gün istirahət edirlər".
Əksəriyyət bu istirahət günlərindən
tam istifadə edir
İqtisadçı ekspert Natiq Cəfərlinin dediyinə
görə, bu gün ölkədə dövlət sektorunda
çalışanların sayı kifayət qədər
çoxdur. Təxminən 900 min nəfərə yaxın
insan büdcə hesabına maliyyələşir. Onların əksəriyyəti
bu istirahət günlərindən tam istifadə edir. Lakin
müəllim, həkim, polis və digər sahələr əlavə
dəyər yaratmayan, əsasən xidmət yönümlü
peşələrdir. Bu səbəbdən onların iş
günlərinin olmaması iqtisadi göstəricilərə
birbaşa təsir göstərmir.
İqtisadçı vurğulayıb ki, qeyri-iş
günlərinin çox olması iqtisadiyyatı çox
ağır durumda olan ölkəyə ciddi təsir göstərməlidir.
Amma Azərbaycanda iqtisadi model çox primitiv olduğundan,
güc neft sektorunun üzərinə düşür. Bu
sektorda da bayram günləri iş dayanmır: "Məlum
olduğu kimi, Azərbaycana əsas gəliri neft sənayesi gətirir.
Digər sahələrin işləməməsi,
görünür, hökumətə o qədər də
narahatçılıq yaratmır. Ona görə də bu
şəraitin olması da bir nonsensdir. Böhranlı vəziyyətdə,
əksinə, iqtisadiyyatın bütün sahələrini
çalışdırmalıyıq. Bunun təşviqinə
yönəlik addımlar atmaqdansa, bu qədər uzun tətillərin
olması özü iqtisadiyyatının vəziyyətini
göstərir. İqtisadiyyatın bayram günlərində
itirdiyini isə hesablamaq mümkün deyil. Normal statistik rəqəmlər
tapmaq çox çətindir".
Bu qayda daha çox dövlət sektorunu əhatə
edir
İqtisadçı Rəşad Həsənovun
fikrincə, qeyri-iş günlərinin sayının çox
olması iqtisadiyyata heç bir ciddi təsir göstərmir.
Qeyri-iş günlərinin sayının artırılması
daha çox dövlət sektorunda keçərlidir. Bu qayda
daha çox dövlət sektorunu əhatə edir. Özəl
sektorda çalışanların isə bir qisminə aid olur
qeyri-iş günləri: "Bildirim ki, işçilərin
bayram günlərində işə
çıxmamasının müəyyən təsirləri
ola bilər. Misal üçün, bu müddət ərzində
insanların nəqliyyat vasitələrindən və ya ictimai
nəqliyyatdan istifadə azalda bilmir. Eyni amanda iş ərazilərində
yerləşən iaşə müəssisələrndə
xidmətə tələbin aşağı düşməsi
hiss oluna bilər. Bu kimi nüansların olması normaldır".
R.Həsənovun söylədiyinə görə,
qeyri-iş günlərinin çoxluğu ilk növbədə
iqtisadi fəaliyyətin yavaşlamasına səbəb olur.
Xüsusilə sənaye, istehsal və xidmət sahələrində
fasilələr məhsuldarlığın azalmasına gətirib
çıxarır: "Sahibkarlar və müəssisələr
bu günlərdə işin dayanması səbəbilə gəlirdən
məhrum olur, bəzi hallarda isə əlavə xərclərlə
üzləşirlər".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 9 oktyabr (№ 183).- S.7.