Göydən gələn
ruhun səsi
Şair Həsən
Meracın unudulmaz xatirəsinə
Kövrək ruhların sığınacaq yeri. Həsən Merac adı çəkiləndə
ilk xatırlanan budur: sözə sədaqət, Vətənə
məhəbbət, millətə can yandıran həssas bir
ürək. O, hər şeydən əvvəl söz
adamı idi, milli ruhlu və kövrək şair.
Ruhum göylər ilə, yer arasında,
Didərgin-didərgin dolaşır elə,
Göylər ruhumla da barışa bilmir
...mən göy adamıyam,
Yerlərə nə var ki, göydən gəlmişəm...
Bu misralar Həsən Meraca aiddir. O Həsən Meraca
ki, özü də, sözü də Vətən idi. Həyatı
vətən sevgisindən ibarət, qəlbi Bütöv Azərbaycan
ilə döyünürdü. Yalnız ədəbi
yaradıcılığı ilə deyil, həm də
xarakteri, insanlara olan münasibəti ilə yadda qalan bir şəxsiyyət
idi. Onu yaxından tanıyanlar, onun sadəliyini, səmimiliyini,
təvazökarlığını tez-tez vurğulayır. Həsən
Merac 1953-cü il oktyabrın 10-da Naxçıvan Muxtar
Respublikasında anadan olub. Bakı Dövlət Universitetini və
Moskva Kinematoqrafiya İnstitutunu bitirib. 1978-ci ildən Cəfər
Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında
və "Azkinovideo" Birliyində redaktor kimi
çalışıb. Sözün mətbəxini də, səhnəsini
də gözəl bilirdi; həm yazının
ağrısını, həm ekranın məsuliyyətini
daşıyırdı.
O, Milli Azadlıq Hərəkatının fəal
iştirakçılarından idi. 1990-cı illərin əvvəllərindən
"Qobustan", "Ulduz", "Azərbaycan" kimi
nüfuzlu ədəbi jurnallar onun şeirlərini çap
edirdi. 1993-cü ildə işıq üzü görən
"Şairlər qərib olur bu yer üzündə"
adlı ilk şeir kitabı həm duyğusal səmimiyyəti,
həm də milli düşüncə çalarları ilə
oxucular tərəfindən rəğbətlə
qarşılandı. Sonrakı illərdə də poeziya və
publisistika sahəsində fəallığı ilə
seçildi. Onun misralarında millətin taleyi, torpağın
qoxusu, türk kimliyinin izzəti vardı; o,
azadlığın səsini poeziyanın nəfəsinə
çevirdi.
Həyatı boyu bütün fəaliyyətini milli
mübarizəyə həsr edib. O, yazılarında,
çıxışlarında və təşkilatçısı
olduğu tədbirlərdə Azərbaycan xalqının milli
birliyini, azadlıq arzusunu və tarixi haqqını daim ön
plana çəkib. Ölkəmizin üstünü qara
buludlar alanda, həm 20 Yanvar qətliamında, həm
Qarabağ savaşında H.Meracın öz zəif, xəstə
canı ilə ön cəbhədə irəlidə getdiyinin
şahidi olmuşuq. Meydan Hərəkatındakı fəaliyyəti
onun həyatında silinməz izlər qoymuşdu. Həsən
Merac bir ömrün deyil, bir xalqın ağrısını
çiyinlərində daşıyan vicdan idi.
Müstəqillik illərində azad Vətənin əsgəri
olmağı ilə fəxr edirdi. Həsən Merac
Bütöv Azərbaycan Birliyinin əsas ideoloqlarından biri
kimi tanınıb. Onun baş redaktoru olduğu
"Tanıtım" qəzeti milli mövzuların,
Bütöv Azərbaycan ideyasının və millətçi
platformanın əsas tribunalarından biri olub. Həsən bəy
"Tanıtım" qəzeti ilə latın qrafikalı
ilk mətbu nəşrin baş redaktoru kimi yadda qalıb. O,
ömrünün son illərində fəaliyyətini Sabir
Rüstəmxanlı ilə birgə Vətəndaş Həmrəyliyi
Partiyasında davam etdirib. 2000-ci ildə Həsən Merac ədəbi
mühitin birliyini və yaradıcı insanların ünsiyyətini
gücləndirmək məqsədilə "Sabir" Yazarlar
Ocağını yaratdı və ömrünün sonuna qədər
bu quruma rəhbərlik etdi. Ocaq, gənc qələm sahiblərinin
üzə çıxarılması və Azərbaycan ədəbiyyatının
klassik ənənələrinin qorunub saxlanması istiqamətində
mühüm fəaliyyət göstərirdi. "Sabir"
Ocağı onun üçün bir məktəb, gənclər
üçünsə kövrək ruhların
sığınacağı idi.
Həsən Merac öz yaradıcılığı barədə
yazırdı: "İçimdən o yana duya bilmədiyim
ağrıları yaşaya bilmirəm. Elə ona görə
də həmişə şeir yazanda içimə
boylana-boylana qalıram. Mənim üçün şeir həmişə
ağrıdan yaranır. İçimdə misra-misra göynəyən
nə varsa, şeirə çevrilir. Hansı fikri, hansı hissi
adi sözlə ifadə edə bilmirəmsə, o zaman şeir
yazıram. Çünki şeir mənim üçün adi
sözlə başqalarına çatdırıla bilməyən
ruhani bir hissdir. Mən bir türk sevdalısıyam. Türk
dünyasının harasında olmuşamsa, bu sevdanın
işığında yaşamışam. Tanrı
dağlarında türkün müqəddəsliyi, Anadoluda
türkün möhtəşəmliyi, Türküstanda
türkün yenilməzliyi, Qafqazlarda türkün sevgisi həmişə
bələdçim olub. Ən böyük ləzzət
aldığım şey tənhalığım, ruhumla
baş-başa qalmağımdır. O zaman heca-heca, misra-misra
şeirə çevrilirəm. Mənə elə gəlir ki, ən
böyük ağrıların içindən keçib ən
böyük olana çatıram. Bax, o zaman ruhumun Tanrı dərgahına
gedib çatdığına, Tanrı imanına
qovuşduğuna zərrə qədər şübhəm
qalmır..." Bu sətirlərdə onun həm
yaradıcılıq etirafı, həm də mənəvi vətəndaşlıq
andı gizlənmişdir.
Həsən bəy yaşca məndən böyük
idi. Onu tələbəlik illərində tanıdım və
biz dörd il müntəzəm olaraq bir yerdə
çalışdıq. O "Sabir" Yazarlar
Ocağının sədri idi, mən isə VHP Gənclər
Təşkilatına rəhbərlik edirdim. Bu dörd il ərzində
saysız-hesabsız mövzularda söhbətimiz oldu. Bəzən
poeziyadan danışardıq, bəzən siyasi prosesləri təhlil
edərdik, bəzən də sadəcə gündəlik həyatın
xırda, amma dəyərli hadisələrindən söz
açardıq. Hər mövzuda o qədər təmkinli və
müdrik idi ki, gənclər üçün həm dost, həm
də müəllimdi. Təkcə bir şair və redaktor
deyildi, o, milli düşüncənin təməl daşı
olan mədəni mühitin formalaşması üçün
çalışan, gənclərə öz sözünü
deməyi, tarixini tanımağı, Vətən məsələlərinə
biganə qalmamağı öyrədən bir ziyalı idi. O,
gənclərin qəlbinə yol tapan müəllim,
sözün yükünü çəkən vətəndaş
idi.
Onun şeirlərində millətin
ağrısını daşıyan bir dərinlik var idi.
Bir yağışlı havalarda,
Bir yalqız olanda,
Bir də gecələr göy üzündə ulduz
axanda
Yaman kövrək oluram.
Sevdiyim, sevmədiyim adamlar düşür yadıma.
Tanıdığım, tanımadığım
çaylar,
Gəzdiyim, gəzmədiyim şəhərlər,
Bir də dünyanın ən kimsəsiz körpəsi
düşür yadıma.
Yağışlı havalarda -
tək-tənha qalmaq istəyirəm.
Gecələr göy üzündə ulduz axanda -
baş götürüb getmək istəyirəm
anamın yanına.
Yalqız olanda -
Kəsib maşın karvanının
qabağını
doyunca gülmək istəyirəm.
Bir də dünyanın ən qərib körpəsinin
Gözlərindən öpmək istəyirəm.
...Yağışlı havalarda,
Yalqız olanda,
Bir də gecələr göy üzündə ulduz
axanda
Yaman kövrək oluram.
Böyük şairimiz Məmməd Araz deyirdi: "Həsənin
şeirlərində xoşuma gələn nədir? - Səmimiyyət,
öz sözü, öz nəfəsi, vətənpərvərlik,
heç kəsə oxşamamağa çalışması,
hər kəsin dərdini öz dərdi eləməyi
bacarması". Bu qiymət onun poeziyasının şəhadətnaməsi,
söz ömrünün möhürüdür.
Həsən Merac Azərbaycan ədəbiyyatında
söz və mətbuat sahəsində həm redaktor, həm
müəllif, həm də ədəbi təşkilat rəhbəri
kimi iz qoymuş şəxsiyyətdir. O,
yaradıcılığında İnsan və Vətən
sevgisi, Tarixi yaddaş və milli kimlik, Həyatın fəlsəfi
təhlili kimi mövzulara geniş yer verib. Həsən Merac
poeziyada səmimiyyət, daxili ağrı və ümid dolu
üslubu ilə seçilirdi. Onun şeirləri insanın
ruhuna toxunan o təmənnasız səmimiyyəti ilə
ümidin işığını daşıyırdı.
Gözü görə-görə ölən
torpağım,
Gözün görə-görə necə
ölmüsən?!
Gözləri göylərdə qalan şəhidim.
Döşənib bir parça yaşıl çəmənə,
Sol əli çəməni yolan şəhidim -
Gözün görə-görə necə
ölmüsən?!
Saçın çiçək açıb,
alışıb yanır,
Gözlərin Tanrıya dikilib, bəlkə?
Göy otlar qırmızı rəngə boyanıb,
Göylərdən ulduzlar tökülüb, bəlkə?
Saçın çiçək açıb,
alışıb yanır.
Bəlkə də o, mənəm, gör neçə
vaxtdır,
Gözlərim yumulmur, sakitcə öləm?!
Nə bilim, bəlkə heç ruhum da yoxdur,
Ayrılmır canımdan yanına gələm?!
Bəlkə də torpaqdır elə can verən,
Yarası qırmızı çiçək bitirir?!
Torpağın üstündə kəfənsiz ölən,
Şəhidə Tanrı da iman gətirir...
Bəlkə də torpaqdır elə can verən?!
Gözü görə-görə ölən
torpağım!
Gözü görə-görə ölən şəhidim!
Şuşam, Kəlbəcərim, yaşıl yarpağım!
Üç oğlum, Turanım, Türküm,
İgidim!
Gözü görə-görə ölən
torpağım!
...Gözün görə-görə necə
ölmüsən?!
Ədəbi-mədəni və ictimai həyatda fəallığı,
sözün gücünə və qələmin təsirinə
olan inamı, milli mübarizə yolundakı
ardıcıllığı ona həm şair, həm
ziyalı, həm də vətəndaş kimi hər zaman sevgi
və inam qazandırıb. O, yalnız poeziya ilə deyil, həm
də açıq sözlü çıxışları,
milli mövqeyi və prinsipiallığı ilə
tanınırdı. Onun əqidə
bütövlüyünün mərkəzində millətinə
olan sonsuz sevgi, dövlətinin bütövlüyünə və
suverenliyinə sarsılmaz inam dururdu. O, sadəcə bir
şair deyildi - o, həm də milli düşüncənin,
azadlıq ruhunun, milli birlik ideyasının canlı təcəssümü
idi. Həsən Merac sözün vicdanı, ruhun səsi, millətin
kövrək yaddaşı idi.
Mən bu odlar diyarının oğluyam,
Gözlərim heç dikilməyib yad ələ...
Dönük çıxsam babaların
qılıncı,
Ürəyimi ya doğraya, ya dələ.
Tapdım haqqın həmişəlik yolunu,
Babəkimin bir cüt kəsik qolunu.
Bu torpağın bircə çimdik qumunu,
Dəyişmərəm milyon-milyon yad elə.
Əcdadımın tarixi od, yaşı od,
Bu torpağın qayası od, daşı od.
Bacarırsan kipriyinlə daşı od,
Od həyatdır... vermə odu yad ələ.
Yaşasaydı, bu gün Həsən Meracın 72
yaşı tamam olacaqdı. O, bu dünyadan köçsə
də, səsi, ruhu və misraları hələ də Azərbaycan
ədəbiyyatının səmasında yaşayır.
Söz ömrü uzundur, kövrək ruhlar isə unudulmur.
Samir ƏSƏDLİ
525-ci qəzet .- 2025.- 10 oktyabr (№ 184).-S.14.