Ərazilərin
minalardan təmizlənməsi
MİNATƏMİZLƏMƏ SAHƏSİNDƏ
BÖYÜK İŞLƏR GÖRÜLÜR
Azad olunan ərazilərdə sentyabrın 29-dan
oktyabrın 5-dək 74 tank əleyhinə mina, 82 piyada əleyhinə
mina, 517 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və
zərərsizləşdirilib. Azərbaycan Minatəmizləmə
Agentliyinin (ANAMA) məlumatına əsasən, 1 432.8 hektar ərazi
minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını
ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi
(FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və
dörd özəl şirkət Tərtər, Ağdərə,
Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi,
Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl,
Qubadlı və Zəngilan ərazilərində, o cümlədən
Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs
Ayrım, Aşağı Əskipara, Xeyrımlı,
Qızılhacılı kəndlərində həyata
keçirib.
Azərbaycan dünyada mina ilə ən çox
çirklənmiş ölkələr sırasındadır.
Mənfur ermənilər 30 il ərzində işğalda
saxladıqları əraziləri xarabalığa çevirməklə,
infrastrukturu məhv etməklə yanaşı, şəhər,
kənd və qəsəbələrə aparan yolları,
tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristanlıqları,
əkin sahələrini qarış-qarış
minalayıblar. Qarabağ işğaldan azad olunduqdan sonra ilk
iş bu ərazilərin minalardan təmizlənməsi olub.
Qarabağa Böyük Qayıdışın yolu
kommunikasiyaların bərpasından və işğaldan azad
edilən ərazilərdə genişmiqyaslı
tikinti-quruculuq, təmir-bərpa işlərinin
aparılmasından keçir. Bütün bu işlərin həyata
keçirilməsi üçün də ilk öncə bu ərazilərdə
mina və partlamamış döyüş sursatlarının
aşkar olunaraq zərərsizləşdirilməsi işlərinə
başlanılıb. Yaşayış məntəqələrinin
salınacağı ərazilər, əkin sahələri,
yollar və s. minalardan təmizlənib. Hazırda da təmizləmə
işləri davam etdirilir. İlkin qiymətləndirmələrə
görə, Ermənistan işğal dövründə
torpaqlarımıza 1,5 milyon mina basdırıb. Ərazilərdə
icra edilən qeyri-texniki tədqiqat və texniki tədqiqat əməliyyatları
nəticəsində təkcə keçmiş təmas xətti
boyu ərazilərin deyil, eləcə də mülki təyinatlı
ərazilərin də mina və müharibənin digər
partlayıcı qalıqları ilə ciddi şəkildə
çirkləndiyi müəyyən olunub.
Millət vəkili Fatma Yıldırım deyir ki, Ermənistanın
30 il ərzində törətdiyi cinayətlər
sırasında ərazilərimizin kütləvi minalanması
hələ də ən böyük təhdidlərdən
biridir. Vətən müharibəsi başa çatdıqdan
sonra da çox vətəndaşımızın mina
terrorunun qurbanı olması bizi çox üzür: "Ermənistan
ölkəmizə minalanmış ərazilərin qeyri-dəqiq
xəritəsini verib, bu xəritələrin dəqiqliyi cəmi
25 faizdir. Dövlət tərəfindən minatəmizləmə
sahəsində böyük işlər görülür. Bu
işlərlə məşğul olan şəxslər həqiqətən
də qəhrəman, fədakar və qorxmaz insanlardır.
Çünki onlar doğma Qarabağımızı və
Şərqi Zəngəzuru mina terrorundan təmizləmək
üçün öz canlarını təhlükəyə
atıblar".
Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanda
minatəmizləmə fəaliyyəti dünyada mövcud olan
ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə
həyata keçirilir: "Minatəmizləmə fəaliyyətimizin
mütləq hissəsi ölkəmizin daxili resursları
hesabına aparılır, xaricdən gələn dəstəyin
həcmi isə hələ ki, çox məhduddur. Biz ərazilərimizin
minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan
daha fəal dəstək gözləyirik. Eyni zamanda, beynəlxalq
təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri,
insan haqlarının müdafiəsi ilə məşğul
olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina
terroruna biganə qalmamalı, Ermənistanın bu cinayətkar
əməllərini pisləməlidirlər. Bütün
silahların, o cümlədən, minaların tərkibindəki
toksidlər illərlə torpağı və suyu zəhərləyir.
Yəni mina problemi təkcə bu günümüz
üçün deyil, gələcəyimiz üçün də
təhdiddir".
Politoloq Tofiq Abbasovun sözlərinə görə, mənfur
düşmən ölkəmizin böyük ərazilərində
milyondan artıq mina və partlayıcı qurğu yerləşdirib.
Demək olar ki, müharibə bitsə də, Ermənistanın
mina terroru Azərbaycan xalqına qarşı hələ də
qüvvəsini saxlayır. O bildirib ki, bu, tamamilə yolverilməz
bir haldır və Azərbaycan bu məsələ ilə
bağlı dəfələrlə beynəlxalq təşkilatlara,
aidiyyəti qurumlara müraciət edib: "Təəssüf
ki, necə ki, işğal dövründə beynəlxalq
ictimaiyyətdən ciddi reaksiya və təzyiq görmədik,
eləcə də mina məsələsində də eyni vəziyyət
müşahidə olunur. Cüzi yardımlar olsa da, əsas
yük yenə Azərbaycanın üzərinə
düşür. Mina təmizləmə prosesi olduqca çətin
və məsuliyyətli bir işdir. Bu prosesdə xüsusi
texnika və sursatlardan istifadə olunur. Həmin avadanlıqlar
həm baha, həm də çətin əldə ediləndir.
Bundan əlavə, bu texnikanı idarə edəcək peşəkar
kadrların hazırlanması da həm vaxt, həm də maddi
resurs tələb edir. Buna baxmayaraq, Azərbaycan bu işi
öz gücü ilə həyata keçirir və bu sahədə
də dünya birliyinin ikili standartlarının şahidi
oluruq. Halbuki Azərbaycan həm müharibədən zərərçəkmiş
ölkədir, həm də 20 faiz ərazisi
dağıdılmış vəziyyətdə geri
qaytarılıb. Bu torpaqların bərpası isə
yalnız minalardan tam təmizlənməsi ilə
mümkündür. Burada vətəndaş məsuliyyəti
xüsusilə önəmlidir. İnsanlar təmizlənməmiş
ərazilərə daxil olmamalıdırlar, çünki
minalı zonalara girmək ölümlə nəticələnə
bilər. Təəssüf ki, bəzi hallarda xəbərdarlıqlara
baxmayaraq, insanlar özbaşına bu ərazilərə daxil
olur və nəticədə həyatlarını və ya
sağlamlıqlarını itirirlər. Ən böyük dəstək
və yardım vətəndaşların təmkinli və məsuliyyətli
davranmasıdır. Belə olarsa, minatəmizləmə
işlərini aparan mütəxəssislər öz vəzifələrini
daha rahat və təhlükəsiz şəkildə həyata
keçirə bilərlər. Çünki bu, son dərəcə
dəqiqlik və diqqət tələb edən bir prosesdir və
hər bir ehtiyatsızlıq faciəyə səbəb ola bilər.
Eyni zamanda, qardaş türk dövlətlərinin də bu məsələdə
Azərbaycana dəstək verəcəyinə böyük
ümid bəslənilir. Onlar bu
çağırışları eşidiblər və Azərbaycanın
hansı çətinliklərlə üzləşdiyini
yaxşı bilirlər. Bu birliyimiz və həmrəyliyimiz,
şübhəsiz ki, ölkəmizin mina bəlasından
tezliklə xilas olmasına töhfə verəcək".
"Minalar Əleyhinə Azərbaycan
Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanovun
sözlərinə görə, 44 günlük müharibədən
sonra Araz çayından "Ohanyan səddi"nə kimi olan
ərazilərin atəşkəs dövründə kütləvi
şəkildə minalandığı müəyyən edilib:
"Elə ərazilər var ki, 4-7 və 11 km dərinlikdə
minalanıb. Azərbaycan hökumətinin israrlı tələblərindən
sonra Ermənistan dörd mərhələdə
minalanmış ərazilərin xəritələrini bizə
verdi. Birinci mərhələdə verilən Ağdam rayonu
üzrə xəritədə 97 min minanın olduğu
bildirilirdi. Füzuli-Zəngilan regionu üzrə verilən xəritələrdə
92 min mina yerləşdirildiyi əksini tapır. Digər ərazilər
üzrə konkret adlar və rəqəmlər göstərilməmişdi".
H.Səfixanovun rəhbərlik etdiyi təşkilatın
tədqiqatlarından məlum olub ki, ümumiyyətlə, Kəlbəcər,
Goranboy və Xocavənd rayonlarına aid 71 km-lik ərazilərə
aid xəritələr Azərbaycan tərəfinə təqdim
olunmayıb: "Yoxlamalardan sonra məlum oldu ki, verilən xəritələr
də işə yaramır. Elə formulyarlar var ki, A4
kağızdır - heç nə oxunmur. Bundan başqa,
antiterror əməliyyatından sonra məlum oldu ki, 2020-ci ildən
2023-cü ilədək olan dövrdə ikinci "cəbhə
xətti" yaradıblar. Həmin ərazidə də 500 minə
qədər minanın olduğu bildirilir. Azərbaycan hökuməti
bunları nəzərə alaraq arsenalında olan bütün
qüvvələri minaların təmizlənməsinə
yönəldib. ANAMA yenidən qurulub. Maşın mexanizmləri,
minaaxtaran itlər və siçanlar gətirilib. Minatəmizləyənlərin
sayı hər il artırılır. Bütün bu işlər
üçün xərclərin 95 faizi dövlət büdcəsi
hesabına maliyyələşdirilir".
Hərbi ekspert Ramil Məmmədli deyir ki, ərazilərin
minalanması qayıdış prosesinə, vətəndaşlarımızın
öz el-obasına qayıtması prosesinə ciddi problem
yaradır, mənfi təsir göstərir. Onun sözlərinə
görə, Azərbaycan hal-hazırda iki istiqamətdə
minalardan təmizləmə işlərini həyata
keçirir. Biri mülki təyinatlıdır, digəri isə
hərbi təyinatlıdır - paralel olaraq həyata
keçirilir: "Yəni hərbi strukturlar bu istiqamətdə
fəaliyyət göstərir. Bizim Azərbaycan Ordusu,
Silahlı Qüvvələrinin bütün qoşun növləri,
demək olar ki, həmin ərazilərdə yerləşənlər
bu mina təmizləmə işlərinə cəlb olunublar. Həmçinin
ANAMA - yəni Mina Təmizləmə Milli Agentliyi bu prosesləri
həyata keçirir. Konkret hansısa hərbi texniki
avadanlıq haqqında danışmaq, hesab edirəm ki, o qədər
də vacib deyil. Lazım olan bütün tədbirlər həyata
keçirilir. Çünki minalardan təmizləmə prosesi
elədir ki, bir göz qırpımında bunu tam həyata
keçirtmək mümkün deyil və bunun
üçün elə bir universal avadanlıq da yoxdur.
Böyük bir hissəsi, xüsusən dağlıq və
meşəlik ərazilərə düşdüyü
üçün bu iş birbaşa əl əməyi ilə
aparılır. Yəni birmənalı olaraq hansısa texnoloji
vasitə bu prosesi tam həyata keçirə bilmir. Əl əməyi
bu işdə əsas rolu oynayır".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 10 oktyabr (№ 184).-S.13.