Zaman gəlir, ya gedir?
Yaşanan, yaşanmayan hər şeyin
günahını kiminsə üstünə atmaq insana
rahatlıq gətirir çox vaxt. Bəzən o "kimsə"ni
tapmayanda, özünü müdafiə edə bilməyəcək,
bizə cavab verməyəcək "zaman"ı hədəf
alırıq. "Vaxtı deyil", "zaman göstərəcək",
"görərsən, zamanla düzələr",
"zaman hər şeyin dərmanıdır" - bu cür
ifadələr sanki bizi məsuliyyətdən azad edən
sehrli cümlələrdir. Elə bil zaman adlı
görünməz bir məxluq var, o da gec-tez gəlib
bütün səhvlərimizi düzəldəcək,
bütün haqsızlıqları aradan qaldıracaq. Halbuki
zamanın bizə qarşı nə günahı var, nə də
borcu. O, sadəcə keçib gedir - biz olsaq, olmasaq da. Biz isə
onun içində ya dəyişirik, ya da eyni yerdə
qalırıq.
İnsan çox vaxt "vaxtı deyil" deyərək
cəsarətsizliyini, tənbəlliyini, qorxusunu gizlədir. Gənclər
arzularını təxirə salanda deyirlər ki, "hələ
tezdir". Yaşlılar itirdiklərinə baxıb "belə
yazılmışdı" deyirlər, ya da ürəklərindən
keçəni reallaşdırmağa tənbəllik edəndə
"bizim zamanımız keçdi" kimi cümlələrin
arxasına gizlənirlər. Cəmiyyət dəyişiklikdən
qorxanda "zamanı gələcək" ifadəsini işlədir.
Amma bu "gələcək zaman" anlayışı
çox zaman heç gəlmir. Çünki hər kəs
onun gəlişini gözləyir, amma heç kim onu gətirmək
istəmir.
Bəzən elə bilirik ki, zaman bir müəllimdir -
səhvlərimizi düzəldəcək, bizə dərs verəcək.
Əslində isə zaman sadəcə bir lövhədir, biz
onun üzərinə nə yazırıqsa, o da onu
saxlayır. O, bizə nə öyrədir, nə də xəbərdarlıq
edir. Sadəcə nəticəni göstərir. Dünən əkmədiyimiz
toxumun bu gün cücərməməsinə görə
zamandan inciməyimiz nə qədər məntiqlidir?!
Bəlkə də bu, milli psixologiyamıza həkk
olunmuş bir tənbəllik formasıdır: gözləmək,
təxirə salmaq, "bir az da keçsin" demək.
"Zaman özü həll edəcək" düşüncəsi
bizə rahatlıq verir, yəqin. Axı onda məsuliyyəti
öz üzərimizdən atmış oluruq. Halbuki zaman
heç kimin adından qərar qəbul etmir. Hər şeyi həll
edən zamandır deyənlər, əslində, özləri
heç nə həll etmək istəməyənlərdir.
Ədəbiyyatımızda da bu anlayışın izlərini
çox görmək olar. Mirzə Cəlilin satirik qəhrəmanları
illərlə "vaxtı deyil" deyə-deyə nə dəyişirlər,
nə də dəyişməyə imkan verirlər. Zaman onlara
bir dərs vermir, çünki onlar dərsi dinləmək istəmirlər.
Həyatda da belədir: zaman kimə xidmət edir? Gözləyənə
yox, hərəkət edənə.
Zaman bir çay kimidir, axır gedir. Amma biz bəzən
sahildə oturub düşünürük ki, o su özü gəlib
bizi aparacaq. Hərçənd, axına qoşulmaq
üçün ayağa qalxmaq, addım atmaq lazımdır.
Zaman bizi aparmır, biz onun içində irəliləməyə
məcburuq. Çünki zaman keçmir, biz keçirik, biz
gedirik. Zaman min illərdir var, min illər də olacaq. Bizik onun
içindən keçdiyimiz halda onu özümüzə
tabe etməyə çalışan. Zamanı özünə
tabe etməyə çalışıb da, bunu bacaran,
başqa sözlə, zamana qalib gələn isə hələ
olmayıb.
Bu gün də çoxları "zaman dəyişəcək,
hər şey düzələcək" deyə inanır.
Amma düzəlmək üçün əvvəlcə dəyişmək
lazımdır. Zaman düzəltmir, sadəcə göstərir:
kim öz payına düşən işi görüb, kim yox.
Ona görə də bəzən "zaman göstərəcək"
demək, əslində, "mən indi heç nə etmirəm"
deməyin başqa formasıdır.
Ən maraqlısı odur ki, biz zamandan borc da istəyirik.
"Vaxt verin, düzələrəm", "bir az zaman
keçsin, öyrəşərəm", "zaman mənim
tərəfimdədir", "zamanı gəlsin, edərəm".
Amma heç kim düşünmür ki, kim kimə borcludur,
zaman bizə, ya biz zamana?
Əslində, zamanın bizə borcu yoxdur. Biz onun hər
anına borcluyuq. Çünki onun bizə verdiyi tək
şey - möhlətdir. Həyat, seçim, fürsət, səhv,
düzəliş - hamısı zamanın içində, amma
bizim əlimizdədir. Zaman nə yaxşılıq edir, nə
pislik. O, sadəcə ədalətlidir. Kim ondan istifadə etməyi
bacarırsa, o da qazanır.
Bu dünyada ən çox işlənən, amma ən
az dərk edilən cümlə budur: "Zaman göstərəcək".
Əslində, zaman heç nə göstərmir, biz
özümüzü göstəririk. Zaman yalnız
şahiddir, hakim yox. O, susur, amma hər şeyi yazır. Bəlkə
də həyatın ən böyük ədaləti də elə
bundadır - zaman danışmır, sadəcə nəticəni
bizə qaytarır.
Anlamaq lazımdır ki, zamanı gözləmək mənasızdır.
O, gəlmir, ancaq gedir. biz isə ya onunla gedirik, ya da oradaca
qalırıq.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 10 oktyabr (№ 184).-S.12.