Utanc

 

 

Elə utanıram, gələsən, gülüm,

Sənin ayağına dura bilməyim!

 

Gəlməyə yol saxlamadılar... Əbədiyyətə yolu Xırdalan qəbiristanlığından keçən dəyərli şairimiz, görkəmli ziyalımız, böyük ustadımız Şahmar Əkbərzadənin ziyarətinə aparan yol bağlanıb. Daha doğrusu, Xırdalan bələdiyyəsi həmin yolun keçdiyi torpaq sahəsini məzar yeri kimi başqa bir ailəyə satıb.

Xırdalan qəbiristanlığında əbədi uyuyanların hamısının ruhu şad olsun! Məkanları onsuz da Cənnətdir - Şahmar Əkbərzadənin bütün varlığıyla, ilahi bir sevgidən daha güclü duyğu ilə sevdiyi Azərbaycanımızın hər qarışı Cənnətdir, özü də bu cənnət məkanın əbədiyyət ziyarətgahında  Şahmar Əkbərzadə ilə qonşu olmaq da haqq dünyası üçün insana bir Tanrı hədiyyəsidir.

Düzdür, deyirəm ki, Azərbaycanımızın hər qarışı Cənnətdir... Burası belədir... Di gəl ki, onu bizə Cəhənnəm eləməyə çalışanlar olmaya...

Bir neçə gün əvvəl Şahmar Əkbərzadənin oğlu Elşən Əkbərzadə Xırdalan qəbiristanlığında böyük şairimizin məzarına gedən yolun bağlandığını əks etdirən video paylaşıb, bununla bağlı ölkənin ziyalılarına müraciət eləmişdi... Düzü, bilmirəm kim necə reaksiya verdi bu çağırışa, amma onu bilirəm ki, Şahmar Əkbərzadə sağ olsaydı və onun tanıdığı şairlərdən, yazıçılardan, elm adamlarından hansınınsa övladı, ya elə sadə bir vətəndaşın balası ictimaiyyətə belə bir müraciət eləsəydi, hamıdan əvvəl Şahmar Əkbərzadə irəli durub, problemin həllinə çalışardı...

Elşən Əkbərzadənin paylaşdığı videonu görəndə, gözlərim önünə ilk gələn böyük şairimizin "Yollar" şeiri oldu:

 

Gəlimli-gedimli yol nəsillərin

Ölməz abidəsi, əmanətdir.

Tapdanmaq - insanın şərəfsizliyi,

Tapdanmaq - yolların ləyaqətidir.

 

"Tapdanmaq - insanın şərəfsizliyi..." Çox təəssüf ki, tapdanmadan rahatlıq tapa bilməyənlərlə bir cəmiyyətdə yaşamaq yazılıb taleyimizə... Yol ola bilməyən adamlar indi yol cızmağa... yol göstərməyə... yol kəsməyə çalışır... Özü də əbədiyyətə yollanmışların ziyarətinə aparan yolu...

 

İnsan qədəminə tamarzı qalmaq,

Yolların bağrına çəkilən dağdır.

Dünyada ayaqlar altda yaşamaq,

Bircə yollar üçün alçalmamaqdır.

 

Yolların alçalmağına qısqanclıq edib alçalmaq üçün əldən-ayaqdan gedənlərin, yol kəsənlərin, ziyarətgah yolunu satanların əhatəsində yaşamaq çox ağırdır. İnsana, insanlığa tamarzı qalıb bağrı dağlanmağın ağrısı isə insan qədəminə tamarzı qalan yolların bağrına çəkilən dağdan qat-qat ağırdır, ağrılıdır...

 

Sitəm görəcəksən ulduzlar sanı,

Bir azdan başına od ələnəcək.

Dodaqlar öpəcək qara zurnanı,

Səninsə sifətin sillələnəcək.

 

Ötən əsrin 80-ci illərində sovet ideoloji maşınının var gücü ilə işlədiyi dövrdə Azərbaycanın müstəqilliyi uğrunda başlamış gizli cərəyanın ön sıralarında olan Şahmar Əkbərzadə bilirdi ki, bütün varlığı ilə sevdiyi Azərbaycan bir gün azad, suveren bir ölkəyə çevriləcək. Amma nə onda, nə "Təzə nağara"nı yazanda, dünya dağılsa da inanmazdı ki, onun arzusunda olduğu müstəqil ölkədə dayaz düşüncəli, əxlaqi keyfiyyətləri nağaranın üzünə çəkilən dəridən daha "şumal" olan kimlərsə, min illərlə bu millətin qoruyub saxladığı qəbirə, qəbiristana ehtiram dəyərlərini sillələməyə çalışacaq...

Şahmar Əkbərzadə heç vaxt inanmazdı ki, nə vaxtsa, kimsə onun əbədiyyət məbədinə gedən yolu bazara çıxaracaq...

Tək olan Allah şahiddir ki, ustad onun məzarına gedən yolun bağlandığı mənzərəyə kənardan baxa bilsəydi, o yolu bağlayanlara əsəbləşənləri "Bir işdir, bilmədən səhv edib" deyə sakitləşdirərərdi...

Şahmar Əkbəradənin bu böyüklüyünün, əzəmətinin qarşısında təəssüf ki, bu gün onun məzarına gedən yolu bağlayanın nə özü utanacaq, nə onun yerinə başqaları ar edəcək...

Şairsə o vaxt bu ölkənin bəzi dərdlərinə görə hamının əvəzindən utanardı:

 

Bu da ki, min illik Türk qəbristanı,

Analar kor oldu ağı deməkdən.

Utanım yerinə, Türk yatağanı,

Gözlərin doymadı Türkü yeməkdən...

 

Bəlkə də, məzarı ilə bağlı bu kobud səhvə yol verən bələdiyyə işçisinin də yerinə utanardı Şahmar Əkbərzadə... Onun böyüklüyü, onun şahanəliyi də elə bunda idi...

Xırdalan qəbiristanlığında Şahmar Əkbərzadənin məzarı elə yerdədir ki, oradan baxanda, adamın fikri üzü Bakıya, ondan o yana isə üfiqlərin o tərəfindəki Təbrizə yol alıb gedir. Bakıdan isə Şahmar Əkbərzadənin əbədiyyət abidəsinə aparan yolu isə dəyərlərə hörmət etməyi unudan birinin tamahı bağlayıb... Şahmar Əkbərzadə özü demişkən:

 

Adamlar itirir adamlığını,

Adam təlxək olur, Allah amandır!

Kələklə gələnlər küləklə getmir,

Kələk pələng olur, Allah amandır!

 

Görünür, dəyərlərinin tapdandığına cəmiyyətin göz yumacağını düşünməkdən çəkinməyənlər hələ də var. Görünür, ustadının məzarına sayğısızlığa susan ziyalı hələ də var... Görünür, öz vətəndaşının son mənzilinə bazar predmeti kimi baxan kəslər hələ də var. Ən böyük təhlükə belələrinin ətrafımızda sürətlə çoxalmağa çalışmasıdır. Amma etiraf edək ki, cəmiyyət də təbiət kimidir, özünü çirkablardan təmizləmə xüsusiyyətindən heç vaxt imtina etmir.

Biz dünənimizə hörmət edə bilmiriksə, Allah sabahlarımızdan qorusun bizi...

 

Namərdlər birləşir, mərdlər əyişir,

İmanlar, məbədlər, pirlər dəyişir,

Məqamlar dəyişir, yerlər dəyişir,

İblis mələk olur, Allah amandır!

 

 

 

P.S. Ruhun bizi bağışlamasın, ŞAİR!

 

Teymur ZAHİDOĞLU

525-ci qəzet .- 2025.- 10 oktyabr (№ 184).-S.12.