Yazı adamı
Bəzən insanı tanımaq üçün illər yetmir, amma bəzən
bir masa, bir redaksiya, bir iş yeri
kifayət edir. Elə insan var ki, onu
bir baxışda, bir sükutda, bir davranışda anlayırsan və bilirsən ki, bu adam kimdir,
nə düşünür,
necə yaşayır...
Bu insanlar arasında elmin belə izah edə bilmədiyi ruh bağlılığı
var. Haqqında danışacağım Nəzirməmməd
bəylə belə bir ruh bağlılığını
onu tanıdığım
ilk gündən gördüm.
Mən Nəzirməmməd
Zöhrablı ilə
"Vətəndaş Həmrəyliyi"
qəzetində bir yerdə işləmişəm.
Elə o mühitdə
gördüm ki, sadəliyin, səmimiyyətin
və peşə məsuliyyətinin nadir bir vəhdətini özündə daşıyır.
Yazıya oturanda sanki son dəfə
yazırmış kimi,
bütün varlığı
ilə mətndə yaşayır, yazdığı
sözü duyur, yazını hiss edir.
Hər dövrün
öz adamı, hər peşənin öz daşıyıcısı
olur. Amma "yazı adamı" anlayışı bu çərçivələrin heç birinə sığmır. "Yazı
adamı" həyatla
üz-üzə qalır,
cəmiyyətin ağrısını,
sevincini, vicdanını
öz sözünə
daşıyır. Nəzirməmməd
Zöhrablı da həmin adamlardandır, səs-küysüz, nümayişsiz,
amma sözün içində yaşayan
YAZI ADAMI.
O, sakit danışır, amma düşündürür.
Səsi yüksəlmir,
amma fikri uzağa gedir. O, həm sözə, həm insana, həm də məsuliyyətə münasibəti
ilə seçilir. Jurnalistliyi peşə kimi deyil, daxili
nizam, əxlaq və borc kimi dərk
edir.
Onunla birgə işləyən
hər kəs eyni fikirdədir: Nəzirməmməd bəy
insanlara diqqətli, işinə vicdanla yanaşan, yaxşı yol yoldaşı və etibarlı dostdur. Onunla söhbət həm redaktorun tələbkarlığını,
həm də dostun anlayışını
yaşadır.
Əslində, Nəzirməmməd bəyin
həyat yolu elə bir tale
seçimidir. Ailəsi
onun həkim olmasını istəyib. Uşaqlıqdan kitablara, yazıya meyli güclü olsa da, valideynləri oğullarını ağ
xalatda görmək arzusunda idilər. Zaman keçdi və bu ailə
arzusu başqa bir şəkildə gerçəkləşdi. Bu
gün Nəzirməmməd
bəyin qızı atasının əvəzindən
babasının yarımçıq
qalan arzusunu gerçəkləşdirib - o, Tibb Universitetini bitirib, həkimdir.
Beləcə, ailə bir tərəfdən
söz, bir tərəfdən şəfa
ilə insanlara xidmət edir. Nəzirməmməd bəy
isə insanlara təskinlik verəcək yerin xəstəxana deyil, yazı masası olduğuna inandı. Qələmi onun üçün həm şəfa idi, həm də
ümid. Elə bu inam onu
jurnalistikaya gətirdi.
1993-cü ildə M.Ə.Rəsulzadə adına
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirən
Nəzirməmməd bəy
elə həmin ildən etibarən ölkə miqyaslı
"Odlar Yurdu",
"Respublika", "Panorama",
"Yeni Zaman",
"Vətəndaş Həmrəyliyi",
"Xəzər" qəzetlərində,
AzTV və ANS TV telekanallarında müxbir,
şöbə müdiri,
redaktor vəzifələrində
çalışıb. Sabiq
özəl "Loğman"
Tibb Texnikumunun mətbuat xidmətinin rəhbəri, Söz Azadlığını Müdafiəsi
Fondunda (SAMF) layihələr
üzrə koordinator,
Mədəniyyət Nazirliyi
"Xatirə" kitabı
redaksiyasında redaktor,
"Qaynar TV"də
redaktor kimi fəaliyyət göstərib.
Yüzlərlə publisistik məqalənin,
"Üçrəngli bayrağa
bürünmüş şairə",
"Hər yarpaq bir sözümüz",
"Gözlər yoldan
yığılarmı..." və "İgid ömrü" kitablarının
müəllifi, "Həsən
bəy Zərdabi və "Əkinçi",
"Şuşa və
Ağdamın Turizm Potensialı", "Qarabağ
muzeyləri" ensiklopedik-məlumat
kitabının həmmüəllifidir.
Amma bütün
bu statistik məlumatlar son 30 ildə Azərbaycan jurnalistikasında, söz və haqq davasında
Nəzirməmməd Zöhrablı
məqamının yalnız
bir görüntüsüdür.
Yazılarının birində
özü deyir ki, "Jurnalistlik təkcə yazmaq deyil, yazdıqlarının
məsuliyyətini daşımaqdır".
Bu, onun həyat fəlsəfəsidir.
Hər yazısında
bir məsuliyyət, bir vicdan nəfəsi
duyulur. Onun qələmi ucadan danışmaz, amma dediyini yadda saxladar.
Bu gün
Nəzirməmməd bəy
60 yaşına çatır.
Amma o, bu yaşa titullarla, təltiflərlə, təmtəraqla
yox, halallıq və mənəvi zənginliklə gəlib.
Onun üçün
"peşə" dolanışıq
deyil, mövqe və düşüncədir.
Nəzirməmməd bəyin yazılarında pafos yoxdur, amma
inam var, ülvilik var və sükutun içində sədaqət
var.
Həm yaradıcılığında,
həm həyat tərzində bir prinsip dəyişməzdir:
ləyaqət, dürüstlük,
mənəviyyat. Bu üç dəyər onun xarakterini də, münasibətini də, qələmini də formalaşdırıb.
O, əqidə adamıdır - və bu gün, bəlkə
də, ən çox azaldığımız
keyfiyyət məhz budur. Əqidə insanı səs-küydən,
yalanlardan qoruyur. Əqidə sabitlik deməkdir - hər fəsildə eyni qalmaq bacarığıdır.
Nəzirməmməd Zöhrablı yazı adamıdır, amma yazını sənət deyil, mənəvi borc sayır. Yazmaq onun üçün
həm düşünməkdir,
həm Vətənə
xidmət, həm də öz vicdanı ilə hesablaşmaqdır.
Ona görə
də onun yazıları nə zaman oxunsa, orada
bir cümlə deyil, bir nəfəs,
bir həyat duyulur.
Bu gün
onun yubileyidir. Amma bu yazı
tərif deyil, bir müşahidə, bir minnətdarlıqdır
- sözə, düşüncəyə,
əqidəyə sadiq
qalmaq cəsarətinə
görə.
Çünki o, yazı adamıdır - və yazı adamı ömrünü illərlə deyil, sözün doğruluğu
ilə ölçür.
Samir
ƏSƏDLİ
525-ci qəzet 2025.- 31 oktyabr
(№ 199).-S.14.