Uşaq ədəbiyyatı
mövzusunda müzakirə aparılıb
F.Köçərli adına Respublika Uşaq
Kitabxanasında müasir uşaq ədəbiyyatının
tanınmış simaları ilə gənclər arasında ədəbi
müzakirə təşkil olunub.
Kitabxanadan MANERA.AZ-a bildirilib ki, tədbirdə
çıxış edən direktor Şəhla Qəmbərova
uşaq ədəbiyyatının inkişafında belə
görüşlərin önəmini vurğulayıb.
Yazıçı Aygün Bağırlı uşaq ədəbiyyatının
təbliğində müəlliflərin məsuliyyətindən,
uşaqlara yönəlik əsərlərin tərbiyəvi və
mənəvi dəyərlər aşılamasından
danışıb. A.Bağırlı, həmçinin gənclərin
ideya və təkliflərinə diqqət yetirərək
müzakirəyə interaktiv ruh qatıb.
Tədbir çərçivəsində “Ədəbiyyat
və onun insan həyatında rolu nədir?” və “Ədəbiyyat
olmasaydı, həyat necə olardı?” kimi maraqlı suallar
auditoriyaya ünvanlanıb.
Azərbaycan uşaq ədəbiyyatının görkəmli
nümayəndəsi Zahid Xəlil ədəbiyyatın insan təfəkkürünün
formalaşmasında mühüm rolunu qeyd edib. Onun sözlərinə
görə, kəşfləri doğuran intuisiya,
intuisiyanı formalaşdıran isə ədəbiyyatdır.
Müzakirədə iştirak edən tələbə
gənclər ədəbiyyatın insanın mənəvi aləmini
zənginləşdirdiyini, dil və empatiya
bacarıqlarını inkişaf etdirdiyini, həmçinin təsəvvür
dünyasını genişləndirdiyini vurğulayıblar.
Tanınmış pedaqoq-şair İbrahim Yusifoğlu
çıxışında uşaq ədəbiyyatının
təbliğində dövri mətbuatın əhəmiyyətindən
danışaraq “Azərbaycan pioneri”, “Savalan”, “Göyərçin”
kimi qəzet və jurnalların rolunu qeyd edib.
Yazıçılar Mehriban Nağıyeva, Gülzar
İbrahimova və Nurlana İşıq isə uşaq ədəbiyyatı
nümunələrinin nəşri, mövcud problemlər və
bu istiqamətdə nəşriyyatların fəaliyyəti
haqqında fikirlərini bölüşüblər. Gülzar
İbrahimova çıxışında uşaq ədəbiyyatının
ilk təbliğatçılarının valideynlər
olduğunu diqqətə çatdırıb.
Müzakirə zamanı, həmçinin Respublika
Uşaq Kitabxanasının bu sahədə həyata
keçirdiyi layihələr, o cümlədən kitabların
süni intellekt texnologiyalarına əsaslanan videoicmalları
barədə məlumat təqdim olunub. Tədbirin sonunda
yazıçılar öz əsərlərindən
seçilmiş nüsxələri gənc oxuculara hədiyyə
ediblər. Tədbirin əsas məqsədi gənclərdə
ədəbiyyata marağı artırmaq, müasir uşaq ədəbiyyatının
inkişaf istiqamətlərini müzakirə etmək və
yeni nəsil oxucularla yazıçıları bir araya gətirmək
olub.
525-ci qəzet .- 2025.- 10 oktyabr (¹ 184).-S.11.