Ömrü
çoxdan bitmişlərin yenidən qayıtmaq imkanı
Cavanlar bilməz, yaşlıların - sovet dövründə
"xarici səslər"ə qulaq asmağın həvəskarı
olanların yadına gələr: qısa dalğalardan
yayılan "Amerikanın səsi"nin, BBC-nin, "Azadlıq"ın,
"Alman dalğası"nın verilişlərini yaxşı
eşidilməsin deyə xüsusi qurğularla vurardılar. Səs
gah itər, gah xışıltılara bürünər, gah
da müəyyən anlarda aydınca eşidilərdi. Radio adamı
Hüseyn Natiqin illərin o tayında qalmış ömür
hekayəsi də o üzə çıxıb-itən dalğalara
bənzəyir. O yerdə ki özünün hansısa əlyazmaları,
gündəlik qeydləri, məktubları var, "səslər"
aydın eşidilir. Əlimizin altında bel bağlanası sənədlər
olmayanda, ümid gümanlara, ehtimallara qalanda "xışıltılar"
artır.
Azərbaycan Radiosunun təşəkkül çağlarında
çiynində əsas ağırlığı
daşıyanlardan olmuş Hüseyn Natiq - Hüseyn Mir Abdulla
oğlu 1912-ci il aprelin 3-də doğulmuşdu. Atası - Mir
Abdulla Mir Əli oğlu, anası - Ümbül Həmzəli
qızı. Bu haqda Bakı quberniyası Lenin rayonu Sabunçu
kəndindən ona artıq 1929-cu ildə verilmiş 206
saylı doğum şəhadətnaməsi var. Adının sənədlərdə
"Mir Hüseyn Mir Abdullazadə" yazıldığı
da olub.
Bu isə can yiyəsinin - Hüseyn Natiqin
özünün 1939-cu il iyunun 2-də yazdığı ömürlüyü
- tərcümeyi-halı: "1912-ci ildə Bakının
Sabunçu kəndində doğulmuşam. Atam 1921-ci ildə
vəfat edib. Anamın himayəsində qalmışam. 1920-ci
ildə İkinci dərəcəli məktəbi bitirmişəm,
daha sonra Bakıda Pedinstituta daxil olmuşam və oranı da
1932-ci ildə başa vurmuşam".
Bu, Hüseynin radioyadək olan yolu idi və həyatının
bu parçasında o, dövrün qəzet-jurnalları ilə
sıx əlaqədə idi, bu əməkdaşlığı
sonacan da davam etdirdi.
"Qırmızı pambıqçı",
"Sosializm yolu", "Kaspi bolşeviki" və daha neçə
qəzet ki haçansa çıxıblar, oxunublar, indi də
arxivlərdədir və onların hər birində Hüseyn
Natiqin imzası qalır.
1932-ci il avqustun 29-u. Müasirlərimizin adını
eşitmədiyi, onillər qabaq çıxmış və çoxdan
da varlığını dayandırmış qəzetlərdən
birinin - "Azərbaycan kolxozçusu"nun məsul redaktoru
Məhəmmədli xahiş məktubu ilə Hüseyn Natiqə
müraciət edir.
İş ondadır ki, ilk nömrəsi 1923-cü il
oktyabrın 11-də "Kəndli qəzetəsi" adı
ilə buraxılmış həmin qəzetin sentyabrın 15-də
1000-ci nömrəsi çıxacaqdı.
Redaktor yazırdı ki, indi qəzetin 25 min oxucusu, 1200-ə
yaxın müxbir kütləsi var. "Azərbaycan kolxozçusu"nun
1000-ci nömrəsinin hazırlanması ilə əlaqədar
Hüseyn Natiqdən xahiş edilirdi ki, o da həmin xüsusi
buraxılış üçün təbrikini yazıb göndərsin.
Elə bunun özü də Hüseyn Natiqin o çağlar
respublikanın jurnalistika həyatında və ədəbi mühitində
seçkin yer tutmasının göstəricisidir.
1935-ci il fevralın 19-da Hüseyn Natiqə SSRİ
Yazıçılar İttifaqının Yazıçılar
Universitetindən verilmiş bu arayış deyir ki, o, gənc
yazıçıların Komsomolun Mərkəzi Komitəsi və
Yazıçılar İttifaqı tərəfindən 1934-cü
il dekabrın 19-dan 1935-ci il fevralın 20-dək Serafimoviç
adına Yaradıcılıq Evində təşkil edilən
ikiaylıq kurslarında dinləyici olub. Bu iki ay ərzində
onlara XX əsr rus və Qərbi Avropa ədəbiyyatı, müasir
ədəbiyyat, folklor, ədəbiyyat tarixindən, dialektik və
tarixi materializmdən mühazirələr oxunmuş, eləcə
də yaradıcılıq seminarları keçirilmişdi.
Bu iki aylıq kurs həm də yeni ədəbi qüvvələrlə
bilavasitə təmas, dostluq münasibətləri qurulması
üçün vasitə idi. Sonra aralarında dostluq münasibətləri
yaranıb, mütəmadi məktublaşıblar, bir-birlərini
tərcümə ediblər.
Yəni Hüseyn Natiq radioya yetişmiş, Azərbaycanda
və SSRİ-nin müxtəlif guşələrindəki ədəbi
qüvvələrlə əlaqələri olan seçkin
yaradıcı kimi gəlmişdi. Səviyyəsini, ictimai fəallığını
nəzərə alaraq ondan radio illərində komsomol işində
də istifadə etməyə çalışırdılar.
Ancaq çatdırmaq çətin idi. Hüseyn radiodakı
işlərini görə-görə komsomol iclaslarında da
mütəmadi iştirak etməli idi. Radioda isə Hüseyn
Natiqin işi yalnız diktorluqdan, veriliş mətnləri hazırlamaqdan
ibarət deyildi. O, ilk növbədə diktor olduğundan ən
əvvəl radionun efir saatları və dəqiqələrinin
tabeliyində idi. Komsomol iclaslarına getməməyə görə
isə Natiq cəzalandırıla da bilərdi. Ona görə
də Azərbaycan Radio Verilişləri Komitəsinin müdiri
adından Leyla Terequlova Azərbaycan Ali Pedaqoji İnstitutunun
komsomol kollektivinə belə məzmunda bir məlumat-məktub
göndərir: "Azərbaycan Radio Verilişləri Komitəsinin
fənni təhsil sektoru sizə məlum edir ki, yoldaş Hüseyn
Natiq radioda qaibanə kommunist darülfünununun və qaibanə
Şura firqə məktəbinin radio mühazirələrini
oxuduğu üçün saat 5-dən 7-yə kimi bu işlə
məşğul olur. Odur ki, komsomol iclaslarında iştirak
etmədiyi üzrlü hesab olunsun".
Ancaq radio illərində Hüseyn Natiqin qarşısında
dayandığı yalnız studiyadakı mikrofonlar deyildi.
Onu müxtəlif səhnələr və meydanlarda
qurulan başqa mikrofonlar qarşısına da tez-tez dəvət
edirdilər.
1936-cı il avqustun 3-də Azərbaycan Şura Yazıçıları
İttifaqından göndərilən məktubda Hüseyn
Natiqə bildirilir ki, ona bu sətirləri Süleyman Rüstəmin
tapşırığına əsasən yazırlar: avqustun
4-də Kirov adına parkda Qorkinin xatirəsinə həsr edilən
axşamda iştirak etməli və şeirlər oxumalıdır.
Bu məktubsa "Azərbaycan pioneri" qəzetinin
blankında yazılıb - 1939-cu il aprelin 3-də. Məktubu
yazan sadəcə soyadını göstərib:
"Novruzov".
Rica edir ki, Süleyman Dadaşov yoldaşın musiqi əsərini
dinlə, ona bir yaxşı şeir yaz, çap edəcəyik".
Hüseyn Natiq diqqət mərkəzində idi, ona ən
müxtəlif istiqamətlərdə ehtiyac vardı. Lakin Mir
Mehdi Seyidzadənin imzası ilə "Azərbaycan Radio Komitəsinə,
Hüseyn Natiqə" ünvanlanan bu məktub mahiyyəti ilə
bir tərəfdən Hüseyn Natiqin ədəbi-mədəni
mühitdə artıq nüfuz yiyəsi olmasına dəlalət
edirsə, o biri yandan da radionun Azərbaycanın ədəbi həyatındakı
aparıcı yerinin daha bir təsdiqi deməkdir.
Mir Mehdi Seyidzadə o zaman Uşaq və Gənclər Ədəbiyyatı
Nəşriyyatında işləyirmiş.
Məktubun anlatdığı həqiqət ondan ibarətdir
ki, növbəti il üçün nəşriyyat planı tərtib
edilərkən ədəbi həyatla bilavasitə bağlı
Yazıçılar İttifaqı ilə yanaşı Azərbaycan
Radiosunun da təkcə ictimai-siyasi gerçəklikdə
deyil, ədəbi həyatda aparıcı rolunu nəzərə
alaraq planlaşdırılan nəşrlərə rəyini
bilmək istəyirdilər. Məktubun birbaşa Hüseyn
Natiqə göndərilməsi isə radioda həmin dövrdə
başlıca ədəbiyyat mütəxəssisi kimi məhz
onun görüldüyü qənaətini yaradır.
Məktubda deyilir: "Hörmətli yoldaş Hüseyn
Natiq! Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi
Komitəsinin Uşaq və Gənclər Ədəbiyyatı
Nəşriyyatının Bədii ədəbiyyat şöbəsi
1939-cu ildə çap olunacaq orijinal əsərlər üçün
plan düzəldir. Sizin bu işdə iştirakınız
vacib olduğundan oktyabrın 4-də axşam saat 8-də bu məsələ
haqqında çağırılacaq müşavirədə
iştirak etmənizi xahiş edirik. Müşavirə "Azərnəşr"in
binasında ikinci mərtəbədə olacaqdır.
Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi
Komitəsi Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatının
direktoru Qaryağdı Həsənov, bədii ədəbiyyat şöbəsinin
müdiri Mir Mehdi Seyidzadə".
Dalğalar uçub gedib və dalğa-dalğa
yayılan verilişlərə, konsertlərə, radiosəhnələşdirmələrə
qulaq asanlar da ömrünü yaşayaraq, elə həmin
cazibədar səslər efir boşluqlarında əriyib itən
sayaq, ömürlərini başa vurub yoxluğa qovuşublar.
1920-1930-cu illərdəki radiomuz haqqında canlı xatirələrini
daşıyanlar, həmin radionun ən gənc dinləyiciləri
də qaldılar keçən əsrdə. Ola bilsin, o çağın
adamlarından tək-tək kimsə həyatda olmuş ola.
Ancaq bu vaxtacan yaddaşda o köhnə radionun sədaları
qalmaz ki!
Səs yazıları yoxdur, çünki hələ o
illərdə radioda verilişləri, çıxışları,
oxuları lentə almaq ənənəsi yaranmamışdı.
İşin tərsliyindən nə teleradioda, nə də digər
arxivlərdə keçmiş onillərin, xüsusən də
1920-30-40-cı illərin verilişlərinin əlyazmalarından
əsər-əlamət var. Nisbətən yeni dövrün,
1960-70-ci illərin bir para əlyazmaları, ayrı-ayrı
verilişlərinin mətnlərindən müəyyən parçalar
qorunub saxlansa da, radionun quruculuq illərinin, ənənələrinin
yaranaraq oturuşması çağlarının
yazıları gözə dəymir. Hüseyn Natiqin arxivi bu
baxımdan yeganə qaynaqdır. O həm özünün, həm
də, yəqin ki, redaktoru olduğu verilişlər və çeşidli
səsləndirmələrin mətnlərindən nüsxələri
saxlayıb. İş ondadır ki, lap əvvəldən belə
olub, indi də həmin təhərdir - radioda, televiziyada gedən
verilişlərin hər biri üçün ayrıca qovluq
hazırlanır, əlyazmanın da müəllifin imzaladığı
bir nüsxəsi ora qoyulur. Vaxtilə o mətnlər makinada çap
olunardı və adətən də azı iki nüsxə
olardı: biri mühasibata göndəriləcək həmin
qovluğa əlavə edilən, digəri də iş
gedişatında, yazılış əsnasında istifadə
olunan nüsxə.
Hüseyn Natiq də həmin ikinci - işçi nüsxələri
özündə saxlayırmış və həmin səliqənin
sayəsində biz radiomuzun başlanğıc dövrünün
bir çox verilişlərini yenidən "dinləyə"
bilirik.
1935-ci ilin 18 avqustudur, ovaxtkı təqvimdə həmin vərəqdə
"Aviasiya Günü" yazılıb. Azərbaycan
radiosunda veriliş gedir. Bu "radio-montaj"ı
hazırlayan da, səsləndirən də Hüseyn Natiq
özüdür.
"Son zamanlarda Moskvada gedən ölkə paraşütçülərinin
toplantısında Zaqafqaziya paraşütçüləri
birinci mükafatı almışlar. Onların içində
ordenli ölkəmizin gənc təyyarəçi qızı
Seyidməmmədova yoldaş da vardır. Bu gün Şura göylərində
yeni türk qızları uçmağa
başlamışdır. Onlar əski cəhalət sisteminə
zərbələr endirərək erkəklərlə bərabər
uçuş sənətini öyrənib şanlı ölkəmizin
keşiyində dururlar. Bu gün bizim ölkəmiz təyyarəçi
qadınları ilə fəxr edir. Məmmədova, Sona Nuriyeva
və Seyidməmmədova (Təyyarəçi qadınlarımızın
adlarını mətndə göstərildiyi kimi veririk. Ancaq əslində
burada məşhur təyyarəçi qadınlarımız
Leyla Məmmədbəyova (1909-1989), Sona Nuriyeva (1915-1986), Züleyxa
Seyidməmmədova (1919-1994) nəzərdə tutulur - R.H.)
kimi gənc türk qızları bugünkü Aviasiya
Gününün şanlı bayramının birər fəxridirlər.
Yoldaşlar, qulaq asınız, Sona Nuriyevanın həyatından
bəhs edən "Təyyarəçi Sona" adlı
şeiri oxuyaq".
O çağlar idi ki, əsrlərcə örtünmüş,
çadraya bürünmüş, ömrünü elə
evdar qadın kimi keçirməyi təqribən ilahi hökm
kimi qəbul edərək bu tale ilə barışmış
Azərbaycan qadınının həyatında büsbütün
yeni mərhələ başlanmışdı və təyyarəçilik
peşəsinə yiyələnən xanımlarımız
qadın azadlığı və sərbəstliyinin çərçivəsini
daha da genişləndirir, dünənəcən yuxu kimi belə
ağla gəlməyəni genişləndirirdilər. Nəinki
sadəcə təyyarəçilik edir, paraşütdən
atılırdılar, hətta bu sahəyə aid yarışlarda
qalib çıxırdılar. Və bu radio verilişinin mətnində
təyyarəçi-paraşütçü qadınlarımızın
dönə-dönə "türk qızları" deyə
təqdim olunması diqqət çəkir.
Hələ 1935-ci ildir. Vur-tut 2 il ötüncə Kremlin
siyasətində korrektələr baş verəcək. Azərbaycanı
Türkiyədən uzaq salmaq, türk dünyasından aralamaq
səmtində qəti addımlar atılacaq, millətimizin də,
dilimizin də adı dəyişdiriləcək: daha orta məktəblərdəki
dərsliklərin üstündə "Türk dili" deyil,
"Azərbaycan dili" yazılacaq, doğum şəhadətnamələrində,
pasportlarda bizlərin milliyyəti "türk" yox, "azərbaycanlı"
kimi göstəriləcək.
"Pioner və məktəblilərə" ünvanlanan
bu verilişdə isə 1938-ci ilin 6 sentyabrıdır. Həmin
mətni də Hüseyn Natiq özü qələmə alıb.
"Gənc mübarizlər" adlandırılmış bu
radio-kompozisiya "Dünya Gənclərinin Mübarizə və
Çağırış Günü"nə həsr
edilib. Azərbaycan Radiosunun həssas əlləri daim vaxtın
aramsız çırpınan nəbzində idi, oçağkı
dünya və sovet siyasətinin bir ucu da Azərbaycan
Radiosundan keçirdi. Bu verilişin böyük hissəsi
1936-cı ilin 18 iyulunda İspaniyada baş vermiş
"faşist qiyamı"nın ilk günündən başlayaraq
bu ölkənin gənclərinin "vahid bir cəbhə kimi
respublikanın müdafiəsinə qalxmasından" bəhs
edirdi.
O dövrdə Sovet İttifaqına xeyli ispan inqilabçısı
siyasi mühacirətə gəlmişdi, əksəri burada həmişəlik
qaldı, bəziləri azərbaycanlılarla ailə quraraq
daha artıq buralılaşdılar. "Azərbaycan ispanları"
ədəbiyyatımızın da surətlərinə çevrilərək
söz tariximizdə yerlərini tutdular. Hüseyn Natiqin bu
verilişi həmin dalğanın radiomuzdakı izlərindəndir.
O verilişdə Hüseyn Natiq "İspaniya gənclərinin
mübariz döyüşçüsü, xalqın şair
tribunu" Rafael Albertinin (1902-1999) həlak olmuş
silahdaşlarının xatirəsinə ithaf etdiyi şeiri də
dilimizə çevirərək oxumuşdu. İndi həmin şeir
nə hansısa kitabda qalıb, nə də bir köhnə qəzetin
səhifələrində. Amma bu verilişin Hüseyn Natiqin
arxivində hifz olunmuş mətnində həmin şeir də
yaşayır və günlərin birində ispan-Azərbaycan
ədəbi əlaqələri ilə bağlı
araşdırmalar aparacaq bir alimin diqqətini çəkər
deyə həmin unudulmuş parçanı da iqtibas edirəm.
Bir də ona görə bu yadigar sətirlərdən yan keçmirəm
ki, bir ispan şairi onu öz döyüşkən soydaşlarına
həsr etsə də, bir azərbaycanlı şair onu dilimizə
çevrirərkən əslində həmin yenilməz ruh
ifadəsi olan misraların onun öz yurddaşlarına da
birbaşa aidliyini düşünməmiş deyildi:
Siz ölməmisiniz, ey mərd oğullar,
Sakit yatdığınız o qərib məzar
Örtülmüş olsa da şehlə, yağışla,
Dərələr, təpələr bir ağlayışla
Qoy təkrar etsinlər o qan səsini,
Döyüşlərdən doğan vulkan səsini.
Əkilmiş torpağa neçə gənc bədən.
Dünyanın, həyatın şur-nəşəsindən
O cani əlləri sizləri aldı,
Vüqarlı cisminiz yerlərdə qaldı.
Toplayıb əzmlə qüdrətinizi,
Bu yerdə tapdınız qismətinizi.
Qanlı vuruşların kotanlarından,
Sizi toxum kimi səpdilər haman.
Yerdən eşidirəm ilk səsinizi,
Bəsləyib qoynunda bu torpaq sizi.
İndi nəzər salır tarlaya, bara,
Salamlar yenidən doğulanlara.
...Kim dedi sizlərə "Ölülərdir, bax",
Burax baş daşından,
məzardan uzaq.
Güllə tufanının coşqun nəfəsi
Oxusun sizlərə şərəf nəğməsi.
Qanlını, qardaşı unutmuruq biz,
Göylərə səs salsın qoy təranəmiz.
Ey ölü dirilər, qoşulun bizə,
Güc verin yüksələn bu nəğməmizə.
Ey atəşdən doğan, oddan çıxanlar,
Qaranlıq zülməti vurub yıxanlar,
Adınız nə ölüm, nə fəlakətdir,
Gələcək günlərə böyük qüvvətdir.
Bu veriliş efirə gedəndə isə 1937-ci ilin 19
mayıdır. Qarşıdan müdhiş günlər, illər
gəlir. Lap azacıq keçəcək, ikicə həftə
sonra tuthatutlar başlanacaq, Azərbaycanın ən qiymətli
oğulları həbsə alınacaq, güllələnəcək,
sürgünlərə göndəriləcək və tək-tək
adamların deyil, bütöv nəsillərin taleyini şikəst
edən bu dövrdə, təbii ki, radio işləməyində
davam edəcək, amma o müsibətlərdən efirdən
bircə kəlmə də eşidilməyəcək. Əksinə,
dünənəcən radio mikrofonlarından adları hər
gün çəkilənlərin, səsləri gələnlərin,
şeirləri oxunanların neçəsi "xalq düşməni"
elan ediləcək və bu tərəfə yolları
bağlanacaq, adları, imzaları, salamat qalanların səsləri
radioya bir də 20 ildən çox vaxt ötəndən sonra
qayıda biləcək.
Hələliksə 1937-nin ağır döyüşqabağı
sükuta qərq olmuş güllü-çiçəkli may
günlərindən biridir, hələ vaxtsız döyülən
qapılar insanlarda vahimə, gecə evlərinin yanında
eşidilən maşın gurultusu dəhşət oyatmır.
Hüseyn Natiq mikrofon qarşısındadır və ruh
yüksəkliyi ilə, öz sözü - "gözəlliyini
yalnız Rafael (1483-1520 - R.H.), Mikelancelo (1474-1564 - R.H.) kimi
ustadların təsvirə çəkə biləcəyi"
Əhmədbəyli kəndinin açılan səhərini tərənnüm
edir, ardınca da həmin kənddəki Stalin sovxozunun pambıqçısı,
Bəsti Bağırovanın iki əllə pambıq
yığmaq üsulunu mənimsəyərək xariqələr
yaradan, 1935-ci il mövsümündə gündə 280 kiloqram
pambıq toplamaqla adı dillərə düşən, bu sahədə
ilk staxanovçu adlanmaq haqqı qazanan Almas adlı
qızın gündəlik həyatını təsvir edir.
Almasa bir gün Bakıdan teleqram gəlir ki, respublikanın
sovetləşməsinin 15 illiyi münasibətilə Azərbaycandan
Moskvaya, Stalinlə görüşə bir nümayəndə
heyəti yola düşəcək, sən də həmin tərkibə
daxil edilmisən.
Almas Moskvaya gedir, Stalinlə görüşür, Azərbaycana,
öz kəndinə sinəsində Lenin ordeni və rəhbərin
hədiyyəsi olan patefonla qayıdır və savadını
artırmaqçün Azərbaycan Kənd Təsərrüfatı
İnstitutunun tələbələri sırasına
qoşulmağa hazırlaşır.
Bu radio-kompozisiyanın mətni 15 səhifədir. Hər
səhifənin oxunuşunu 2 dəqiqədən götürsək
və arada müşayiət musiqisi verilməsini də nəzərə
alsaq, demək, veriliş yarım saatdan çox çəkib.
Sovet onillərində əmək qəhrəmanlarını
ucaldan verilişlər, yazılar, filmlər, nəğmələr
gündəlik həyatın bir parçası idi. Əməyin
romantikası, adi fabrik-zavod, kolxoz-sovxoz həyatı elə şairanə
təsvir edilir, ayrı-ayrı fəal, çalışqan
insanlar dövlət tərəfindən elə şöhrətləndirilir,
ucaldılırdı ki, digərlərində də işləməyə,
çalışmağa həvəs artırdı. Azərbaycanlı
sadə kənd qızı Moskvaya aparılırdısa,
adı insanlara o dövrdə nağıl kimi gələn
Stalinlə görüşürdüsə, bu sadə kəndçi
balası SSRİ-nin ən ali ordenlərindən birinə layiq
görülürdüsə və uyğun olaraq həyatı
da birdən-birə yaxşıya doğru kəskin şəkildə
dəyişirdisə, bütün bunlar yalnız çəkilən
əməyə hökumətin ədalətli qiymət vermək
məsələsi deyildi. Dövlət ayrı-ayrı
insanları qaldırmaqla örnək yaradırdı, cəmiyyətə,
insanlara "siz də səy göstərsəniz, bu ucalığa
yetişəcəksiniz" ismarışını ötürürdü.
Bu təbliğatı kütlələrə ötürməkçün
də 1920-30-40-cı illərdə əsas və ən münasib
silahı radio idi. Əlbəttə, qəzetlər də vardı.
Ancaq radiodakı yeyinlik mətbuatda yox idi. Bəs səbəbsiz
deyildi axı Sovet hökuməti radiolaşdırmanı xüsusi
əhəmiyyətli siyasətə döndərmişdi, Sovet
İttifaqı boyu gün ərzində səslənən
radionu hər evə çəkməyi qarşıya məqsəd
qoymuş və bu niyyəti gerçəkləşdirmişdi
də. Sonra - 1950-ci illərin ortalarından etibarən
televiziya da bu sıraya qoşuldu, amma dalğaları tezcə
hər ünvana çata bilən radio axıracan dövlətin
ən xüsusi diqqət ayırdığı siyasət ötürücüsü
məqamında qaldı.
Həmin Əbmədbəylidən olan Almas Kremldə,
Stalinlə görüşdə söz veribmiş ki, indiyədək
gündə 280 kiloqram pambıq toplayırdım, bundan sonra həmin
rəqəmi 300-ə çatdıracağam.
İndi Azərbaycan Radiosu dinləyicini cəlb edən
bir tərzdə taleyini nağıl etdiyi qəhrəman Almasın
Moskvadan qayıdandan sonrakı mövsümdə 20 hektar sahədən
40 sentner məhsul əldə etdiyini, 1 gündə vəd
etdiyindən də xeyli çox - 462 kilo pambıq
yığmaqla "dahi Stalin qarşısında götürdüyü
öhdəliyə" artıqlaması ilə əməl
etdiyini car çəkirdi.
Bir insan bir günə bu qədər pambıq
yığa bilərmi? Vaxt var idi, sovet dönəmində pambıqçılıq
Azərbaycanın da həyatında vacib yer tuturdu, mövsüm
gələndə yalnız kolxozçular deyil, rayonların, kəndlərin
əhalisi, orta və ali məktəblərin şagird və tələbələri
də icbari qaydada yığıma cəlb edilirdi. Elə mənim
özümü də orta məktəbdə oxuyanda da,
universitetdə təhsil alarkən də pambığa
aparıblar. Odur ki, təfərrüatlardan xəbərdar idim
və qohumlarımız arasında, o çağların ifadəsiylə
söyləsək, "zərbəçi pambıqçılar"
olduğundan, bilirdim ki, çox zaman təkcə gündüz
deyil, gecə ay işığında da tarladan çıxmırlar,
bununla belə, topladıqları pambıq 90-100 kiloqramdan o yana
keçmir.
Bir adamın gün ərzində 300 kilo pambıq
yığa bilməsi ağlasığan deyil, dörd yüz
kilonu aşması isə fantastika aləmindən olan söhbətdir.
Ancaq insanlar buna inandırılırdı. Hamı bilirdi, bu, mümkün
deyil, elə həmin ordenli Almasın həmkəndliləri də
bilirdilər ki, nə illah etsən, bu qədərini toplaya
bilməzsən. Ancaq radionun elə sehri vardı ki, camaat oradan
gələn səslərə, deyilən sözlərə
inanırdı. Radio, ardınca da televiziya belə total sovet
hipnozunu gerçəkləşdirmək gücündə
idi. Bu baxımdan Hüseyn Natiq 1930-cu illər Azərbaycan
Radiosu üçün əvəzolunmaz əməkdaşlardan
idi. Həm məhsuldar, istənilən mövzuda ləngimədən
şeir və nəsr yazmağı bacaran qələm sahibi
idi, həm yaxşı diktor idi, həm də artistliyi vardı,
radioda hazırlanan müxtəlif səhnələşdirmələrdə
özünün irəlicədən nəzərdə tutulan
rolları bir yana, üstəlik dəvət olunan aktyorlardan
hansılarısa hansı səbəblərdənsə
yubananda, yaxud gəlməyəndə "təcili yardım"
kimi onları müvəffəqiyyətlə əvəz etməyə
hazır idi.
1978-ci ildə Azərbaycan Radiosunda hazırladığım
həftəlik "Nəğməli ömürlər"
verilişi üçün 1930-cu illərin müğənnisi,
elə sənət yolu da radiomuzla sıx bağlı olmuş
Qüdrət Əmiraslanovadan müsahibə almışdım,
ömür və sənət yolu haqda açacağım söhbət
daha müfəssəl və cəlbedici olsun deyə əlavə
bir sorğuya da ehtiyac duymuşdum: qət etmişdim ki, Qüdrət
xanımın Azərbaycandan hər kəsin tanıyıb
sevdiyi həyat yoldaşı ilə görüşüm, onu
da danışdırım.
Qüdrət xanımla söhbəti radioda lentə almışdımsa
da, o çağlar gözləri artıq sözünə
baxmayan, bununçün də evdən bayıra çıxmayan
həyat yoldaşı ilə söhbətləşməkçün
evlərinə yollanmışdım. Getməzdən öncə
razılığını almağı dostumuz Valid Sənanidən
xahiş etmişdim. Düşünmüşdüm ki, hələ
şəxsən tanış olmadığım adama özüm
zəng vursam, radiodan gələcəyimi desəm də, bəlkə
də səhhətinə görə heç görüşə
razılıq verməz. Amma Valid müəllimin sözündən
çıxmayacağına əmin idim - Qüdrət xanımın
həyat yoldaşı Valid müəllimin atası, böyük
aktyorumuz Möhsün Sənani idi.
Qüdrət xanım o vaxtlar yaşlı olsa da, rica
etmişdim ki, köhnə oxularından bəzilərini zümzümə
etsin. Sözümü yerə salmamışdı. İndi düşünürəm
ki, nə yaxşı bütün bunları o vaxt etmişik.
Yalnız Qüdrət xanımı deyil, bir sıra başqa
qocaman müğənnilərimizi çalğısız da
olsa oxutdurmuşuq. İndi hamısı əvəzsiz səs
yadigarlarıdır, həmin danışıqlarında və
oxularında həmin insanlar həmişəlik canlıdırlar.
Digər tərəfdən də, həmin sənətkarların
bir qisminin o yazdıqlarımdan savayı nə lentlərdə,
nə vallarda başqa oxuları qalıb.
Qüdrət xanım vaxtilə bir "Kəklik"
mahnısı da oxumuşdu və tək onun deyil, başqa bir
sıra müğənnilərin də ifasında bu nəğmə
1930-cu illərdə radiodan da, səhnələrdən də
vaxtaşırı eşidilirmiş, çoxları bunu elə
xalq mahnısı kimi qəbul edir.
Ola bilsin, həmin melodiya elə xalqınkıdır və
mümkündür ki, daha əvvəl başqa sözlərlə
oxunurmuş. Ancaq bir gün radio rəhbərliyi Hüseyn Natiqə
tapşırır ki, o, həmin melodiyaya elə musiqisinə
uyğun, bayatı ruhuna yaraşan sözlər yazsın.
Bu, 1938-ci il martın 4-də baş verir. Dəqiq tarixi
ona görə bilirik ki, Hüseyn Natiqin əlyazmasının
altında bu mahnının efirə getməsinə icazə
verən repertuar komitəsi rəisinin imzası var. Səhifənin
başında, şeirin sərlövhəsindən yuxarıda
isə "Qüdrət Əmiraslanova" yazılıb - yəni
ifa edəcək müğənninin adı.
Kəklik, kəklik daşda nə gəzər?
Qələm, qələm qaşda nə gəzər?
Səntək, səntək yarı olanın
Ağlı, ağlı başda nə gəzər?!
A balam, başda nə gəzər?!
Kəklik, kəklik, gəl ovla məni,
Dağlara, daşlara gəl qovla məni.
Gecə, gecələr al qoynuna, yat,
Gündüz, gündüz buxovla məni,
A balam, buxovla məni.
Kəklik, kəklik, nə cıq-cıq eylər,
Yağış yağar, nə palçıq eylər.
Zəhləm, zəhləm o yardan qaçar,
Gündə, gündə bir acıq eylər.
Gəl, gəl, gəl, gəl, ay mənim maralım,
Sənsiz, sənsiz, gəlməz qərarım,
A balam, gəlməz qərarım.
...Qarşıma bir mahnı mətni də çıxır:
"Ana Vətən".
Maestro Niyazi sağ olaydı, ondan soruşaydım -
yuxarı başda Hüseyn Natiqin qeydi var: "Zülfüqar
bəy üçün".
Zülfüqar bəylə də, oğlu Niyazi ilə də
Hüseyn Natiq mehriban münasibətlərdəymiş.
Yaxınlıqlarının təsdiqlərindən biri
Niyazinin onun sözlərinə silsilə mahnılar bəstələməsidir.
Maestro da ara-sıra köhnə radiodan söz açanda
ovaxtkı Fioletov küçəsindəki studiyada baş
vermiş görüşlərindən, zarafatlarından yeri düşdükcə
danışardı.
Bu məqamda Maestronun yeri o səbəbdən görünür
ki, sağ olsaydı, bu mahnı ilə bəzi dəqiqləşdirmələri
məhz tək o edə bilərdi. İş ondadır ki, bu
mahnının mətni varsa da, melodiyasından xəbərimiz
yoxdur. Bu şeiri Hüseyn Natiq xüsusi olaraq Zülfüqar bəy
üçün yazıbmışsa, demək, məhz bu ölçüdə
şeiri ona bəstəkar özü sifariş edibmiş.
Sifariş edibmişsə, yəqin, mahnı bəstələnib,
ifa da edilibmiş. Söz yox ki, Maestro bundan xəbərdar
olmaya bilməzdi. Yaxud elə o illərin radioyla, musiqiylə bağlı
insanlarından həyatda qalanı olsaydı, onlardan xəbər
alardım. Neyləmək ki, söz soruşulası
adamların hamısı artıq xatirədir.
Ya elə bu nəğmə. Onun mahnı mətni olduğunu
Hüseyn Natiq özü qeyd edir. Ancaq musiqini kim yazmışdı,
nə zaman ifa edilib, kim oxuyub, - baxılası qaynaq, xəbər
alınası şahid qalmayıb. Amma belə anlaşılır
ki, bu şeir 1938-ci il iyulun 29-dan avqustun 11-dək SSRİ ilə
Yaponiya arasında getmiş və "Xasan gölü
müharibəsi" kimi tarixə düşmüş hərbi
münaqişənin təsiri ilə yaradılıb. Belə
hadisələrin hər biri ilə əlaqədar sovet təbliğat
maşını mətbuatda, ya da radioda məqalələr
verərdi. Hüseyn Natiq ən qəliz siyasi məsələlərlə
bağlı olan radiosöhbətlərə belə hər dəfə
mövzuya uyğun bir şeir, hekayə, yaxud bu cür tezbazar
yaradılan mahnılarla belə dinləniləbilənlik, qulağayatımlıq
gətirə bilirmiş. Bunun sayəsində, tutalım,
"Kommunist" qəzetində çıxan eyni mövzulu məqaləni
oxumayıb kənara qoyanlar radioda onu maraqla, ya da ən azı
səbirlə dinləyirmişlər. Soltan Nəcəfov xatırlayırdı
ki, belə radio fəndləri tapmağın ustası
olduğuna görə rəhbərlik həmişə Hüseyni
tərifləyərdi.
Nə gözəlsən, şanlı torpaq,
Hər tərəfin gül-çiçəkdir.
Yolunda can qoyan qoçaq
Günəşdən nur içəcəkdir.
Salam verir qarlı dağlar,
Mahnı deyən gur sellərə.
Əziz Vətən, qızıl diyar,
Bir anasan şad ellərə.
Çal sazını, ana Vətən,
Oynasın şux gəlin, qızlar.
Bir quş ötməz sərhədindən,
Kiprik çalır, bax, ulduzlar.
Oğulların bir dağ kimi
Dayanmışdır sərhədində.
Tüfəngimiz çıraq kimi
İşıqlıdır hər bir yerdə.
Xasan gölü şahid oldu
Əziləndə qatı düşmən.
Can qoyarıq yolunda biz,
Ana Vətən, ana Vətən!
...Bu da 1930-cu illər radiosunda yaranmış və
unudulmuş, indi də oxunan, lent yazılarında qalan, amma müəllifləri
bilinməyən, xalq mahnısı kimi təqdim edilən daha
bir nəğmə.
Bu unudulmuş "Bahar nəğməsi"nin sözləri
Hüseyn Natiqin, musiqisi Qılman Salahovundur (1906-1974).
Güldü günəş, gəldi bahar,
Yaşıl donun geydi dağlar,
Sular coşur, sellər gülür,
Şadlıq edir, ellər gülür.
Çeşmə axır sərin-sərin,
Qızlar ötür şirin-şirin.
Ustad aşıq çalır sazı,
Sevin, ellər, bizim yazı.
Solo:
Gözəl bahar, nazlı bahar,
Gənclik səndən nəşə duyar.
Qanadlanır şən könüllər,
Bənövşələr, qızılgüllər
Hər bir yana ətir yayır,
Gül baharı alqışlayır.
...Bu saralmış proqram 1939-cu ilin yadigarıdır.
Sentyabrın 30-da Müslüm Maqomayev adına Filarmoniyada
Stalinə həsr edilmiş əsərlərdən ibarət
konsertə səsləyir. Həmin axşam Azərbaycan dövlət
xoru, xalq çalğı alətləri orkestri və
filarmoniyanın rəqs ansamblının ifasında Süleyman
Rüstəmin sözlərinə Üzeyir bəyin bəstələdiyi
"Stalinə salam" əsəri birinci səslənir. O gün
Üzeyir bəyin "Stalin haqqında söz" adlı daha
bir əsəri də təqdim olunur: oxuyan ordenli Həqiqət
Rzayevadır (1907-1969). Əməkdar artist Hüseynağa
Hacıbababəyov (1898-1972) da o axşam "Stalinə"
adlı nəğməni ifa edir. O təntənəli konsertdə
Aşıq Əsəd (1874-1951) və Aşıq Mirzə
(1872-1937) səhnəyə qoşa çıxmış,
Stalin haqqında nəğmə oxumuşdular. Ardınca da
Niyazi və Dobruşkesin Süleyman Rüstəmin sözlərinə
bəstələdikləri "Stalin haqqında
mahnı"nı xor və simfonik orkestr ifa etmişdi. Dirijor
elə ordenli Niyazinin özü idi.
Respublika rəhbərliyinin də izlədiyi həmin
"Stalin gecəsi"ndə Niyazinin Rəsul Rzanın sözlərinə
bəstələdiyi "Stalin" adlı başqa nəğməni
simfonik orkestrin müşayiəti, yenə elə Niyazinin öz
dirijorluğu ilə SSRİ xalq artisti, ordenli Bülbül ifa
etmişdi.
O gün Səməd
Vurğun, Süleyman Rüstəm, Abdulla Faruq, Rəsul Rza rəhbərə
ithaf etdikləri şeirlərini oxumuş, bir neçə başqa
musiqi əsəri də səslənmişdi.
Həmin axşamdakı
son musiqi nömrəsi, proqramı tamamlayan Hüseyn Natiqin
sözlərinə Niyazinin bəstələdiyi "Birinci
deputat" mahnısı olmuşdu: bu dəfə də Niyazi
dirijorluğu özü etmişdi, simfonik orkestr çalmış,
xor oxumuşdu.
Axşam 09:15-də
başlanan konsert gecə yarısı tamamlanmışdı.
O dövrün
meyarları ilə xüsusi dövlət əhəmiyyətli
belə sanballı bir konsertdə Hüseyn Natiqin də imzasının
respublikanın ən aparıcı yaradıcıları ilə
yanaşı olması onun həmin dövrdəki çəki
və nüfuzunun yüksəkliyindən deyir və əlbəttə
ki, belə bir münasibətin yaranmasında onun təmsil
etdiyi radionun da təsiri danılmaz idi.
...O vaxt o konsert
birbaşa yayımla radio ilə də səslənirmiş. Səhnədən
ucalan sədalar da, radiodan gələn səslər də, həmin
axşam, həmin konsert və onun ətrafında bütün
başverənlər də qalıb dünəndə.
O konsertdə ürəyindən
çox keçsə də, proqrama salınmamış və
şeir oxuya bilməyən, bəstəsi səslənməyənlərin
narazılığı, giley-güzarı, həsədi də,
belə məsul bir tədbirin afişasında əsərləri
və adlarının olmasıyla qürrələnən sənətkarların,
o sıradan Hüseyn Natiqin sevinci də, bu əsərlərdən
çox Stalinin adına və həmin axşamda Mircəfər
Bağırovun iştirakına görə adətən olduğundan
daha şiddətlə səslənən alqışlar da
artıq uzaq, bitmiş, yalnız hansısa zəruriyyət
yarananda yada həvəssiz salınan keçmişdir.
Ancaq vaxtı ötüb
keçmiş o şeirləri, bəzisi yaşayıb, bəzisi
unudulmuş digər musiqi əsərlərini də kənara
qoyaraq Üzeyir bəyin, Niyazinin Stalin haqqında bəstələrini,
Həqiqət Rzayevanın, Hüseynağa Hacıbababəyovun
rəhbər haqqında oxuduğu mahnıları düşünürəm.
Hamısının notları da durur, o vaxt hələ lent yazılışı
yox idisə də, bu qəbil havacatın əksəri vallarda
da qalmaqdadır. Bu gün o nəğmələri diriltməyin
yeri var. Sözlərini dəyiş, mətndəki ideologiya
qalsın elə qaldığı yerdə, musiqi gəlsin bugünümüzə.
Belə edilərsə, Üzeyir bəyin, Qara Qarayevin, Səid
Rüstəmovun, Niyazinin neçə gözəl əsəriylə
musiqimiz zənginləşər, neçə incini təzədən
qazanarıq.
Beləcə, köhnə
radioçu Hüseyn Natiqin qoruyub saxladığı, özündən
də çox yaşamış əl boyda konsert proqramı
bir belə vaxt ötəndən sonra elə onun özü
kimi təşəbbüs oyada, yaxşını qorumağa, ömrünü
bitirmiş kimi sayılanı, amma siqlətcə ağır
olanı canlandırmağa, yenidən həyata qaytarmağa səsləyir.
2 oktyabr 2025
Rafael HÜSEYNOV
Akademik
525-ci qəzet. - 2025.- 11 oktyabr (№185).-
S.14-15.