Milli İncəsənət
Muzeyində Əməkdar
rəssam Arif Ələsgərovun yaradıcılığına
həsr olunmuş fərdi sərgi açılıb
Azərbaycan Milli İncəsənət Muzeyində
Əməkdar rəssam,
professor Arif Ələsgərovun yaradıcılığına həsr
olunmuş “Köhnə
bakılı: həsrət
və duyğular” adlı fərdi sərgi açılıb.
Muzeydən AZƏRTAC-a
bildirilib ki, Mədəniyyət
Nazirliyi və Azərbaycan Milli İncəsənət
Muzeyinin təşkilatçılığı
ilə keçirilən
sərgidə rəssamın
müxtəlif illərdə
yaratdığı 60-dan çox
əsər nümayiş
olunur. Retrospektiv xarakter daşıyan sərgi Arif Ələsgərovun
həm klassikaya çevrilmiş, həm də son illərdə ərsəyə gətirdiyi
qrafika və rəngkarlıq əsərlərini
əhatə edir.
Sərginin açılışında Azərbaycan
Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Xalq rəssamı Arif Hüseynov, Azərbaycan Rəssamlar İttifaqı
sədrinin birinci müavini, Xalq rəssamı, professor Salhab
Məmmədov, Azərbaycan
Rəssamlıq Akademiyasının
prorektoru, Xalq rəssamı, professor Fuad Salayev,
ADMİU rektorunun müşaviri,
Əməkdar incəsənət
xadimi, professor Validə
Məmmədova, Azərbaycan
Rəssamlıq Akademiyasının
“Dizayn” kafedrasının
müdiri, dosent Faiq Dadaşov çıxış edərək,
sənətkarın çoxşaxəli
yaradıcılığının Azərbaycan təsviri sənətinə verdiyi əvəzolunmaz töhfələrdən,
onunla olan unudulmaz xatirələrindən,
təhsil sahəsində
imza atdığı ilklərdən danışıblar.
Sonda çıxış
edən Əməkdar
rəssam, professor Arif Ələsgərov
yaradıcılığı haqqında səslənən
fikirlərə və
ümumilikdə incəsənətə
verilən dəyərə
görə təşəkkürünü
bildirib.
Daha sonra
tədbir iştirakçıları
sərgi ilə yaxından tanış olublar.
Sərgidə rəssamın həm qrafika, həm də rəngkarlıq işlərində sadə
insanların həyatı,
nəsillərarası münasibətlər,
sevgi, varlığın
mənası və başlanğıcı kimi
mövzular əksini tapıb. Onun çoxsaylı tablolarında
xüsusi yer tutan İçərişəhər
rəssamın ruhuna hopmuş Bakı nostaljisini və keçmişlə bu gün arasında qurduğu poetik körpünü əks etdirir.
Qeyd edək
ki, “Köhnə bakılı:
həsrət və duyğular” sərgisi oktyabrın 26-dək ziyarətçilər
üçün açıq
olacaq.
525-ci qəzet. - 2025.-
11 oktyabr (№ 185). - S.18.