Yaradıcı azadlıq
və məsuliyyət:
sərhəd haradadır?
Azadlıq insanın ruhunun ən böyük
imtiyazı, eyni zamanda ən çətin sınağıdır.
Yaradıcılıq
isə o azadlığın
nəfəs aldığı,
formaya düşdüyü
sahədir. Sənətkar
üçün azadlıq
təkcə hüquq deyil, həm də varlıq səbəbidir. Çünki
yaradıcı insanın
işi məhz sərhədləri aşmaq,
qadağaları sorğulamaq,
cəmiyyətin "belə
olmalıdır" deyə
diktə etməyə
çalışdığı qaydaların altına sual işarəsi qoymaqdır. Amma burada incə bir nüans
var: sənətkar sərhədi
keçdikdə, o, artıq
yalnız özünü
deyil, başqalarını
da təmsil edir. Və bu nöqtədə
azadlıq məsuliyyətlə
üz-üzə gəlir.
Yaradıcılıq
azadlıqdan qidalanır.
Mütləq itaət
mühitində nə
fikir doğular, nə ideya yetişər.
Tarix göstərir
ki, böyük sənət
nümunələri hər
zaman azad düşüncənin
məhsulu olub. Renessans dövrü sənəti, Avropa maarifçiliyinin fəlsəfəsi,
XX əsrin modernist ədəbiyyatı
- hamısı azadlıq
duyğusunun sənətdəki
təcəssümüdür.
Azadlıq sənətkar üçün
sadəcə mövzu
seçimi deyil, həm də düşüncə formasıdır.
O, gerçəyi başqalarının
gözlədiyi kimi yox, öz gördüyü,
duyduğu kimi ifadə etmək istəyir. Məhz bu istək yaradıcının
daxili dürüstlüyünün
əsasını təşkil
edir. Əgər yaradıcı insan öz gördüklərini,
duyduqlarını, ya
da görmək istədiklərini
bir kənara qoyub, cəmiyyətin diktəsinə boyun əyirsə, o, artıq sənətkar deyil, sadə bir sifarişçidir.
Əlbəttə, məsələ bununla da bitmir. Yaradıcı azadlıq, bir növ, güc kimidir, kimin əlində olmağından
asılı olaraq, xeyir də gətirə
bilər, zərər
də.
Hər azadlıq bir nəticə doğurur. O nəticənin kimlərə
necə təsir etdiyini isə çox vaxt yaradıcının özü
düşünmür, nəzərə
almır. Halbuki yaradıcılıq təkcə
fərdi akt deyil, sosial hadisədir.
Yazıçı yazır,
oxucu oxuyur, rəssam çəkir, tamaşaçı seyr edir, bütün bunların sonunda isə cəmiyyət müzakirə edir. Beləcə, bir fikrin dalğası onlarla, yüzlərlə insanın düşüncəsinə
toxunur.
Məsuliyyət isə məhz burada başlayır: sən dediyinə nə qədər cavabdehsən?
Əgər sənət adı ilə bir dəyəri
aşağılamaq, bir
xalqı təhqir etmək, bir dini məsxərəyə
qoymağın "azadlıq"
olduğu düşünülürsə,
bu, kökündən
yanlışdır. Çünki
bütün bunlar azadlıq yox, nihilizmdir. Azad sənət
dəyərləri sorğulaya
bilər, amma onları
təhqir etmək azadlığın deyil, məsuliyyətsizliyin nəticəsidir.
XX əsrin sonlarından
bəri dünyada
"sərhədsiz sənət"
ideyası gücləndi.
Müasir performanslar, küçə sənəti,
sosial eksperimentlər iddia edildiyi kimi "yaradıcılığın
inkişafına mane olan,
onu boğan sərhəd" anlayışını
dağıtmaq məqsədi
daşıyırdı. Bəli,
bu sayədə dünya mədəniyyət,
incəsənət tarixinə
bir-birindən maraqlı,
əvəzsiz əsərlər
daxil oldu, xeyli sənətkarlar yetişdi. Nəzəri baxımdan da sənətşünaslıq
yeni metodlara, cərəyanlara,
istiqamətlərə "qucaq açdı". Ancaq hər şey kimi, bu prosesin də
bir mənfi tərəfi oldu. Belə ki, zaman keçdikcə
azadlıqla anarxiya arasındakı xətt nazilir, hətta yox olmaq təhlükəsi
ilə qarşı-qarşıyadır.
Bəzən sənətçilər "mən
kiməsə borclu deyiləm", "yalnız
özüm üçün
yazıram (çəkirəm,
bəstələyirəm)" deyirlər. Bu fikir azadlıq baxımından
cazibədar səslənə
bilər, gəl gör ki, reallıq heç də belə deyil. Əgər sənətçi
yaratdığı hər
hansı sənət məhsulunu bu və ya digər
şəkildə cəmiyyətə
təqdim edirsə, hətta heç yerdə yox, özünün sosial şəbəkə hesablarında
belə paylaşırsa,
artıq bu, "özüm üçün
yazıram" ola bilməz.
Əgər o məhsulu
oxuyan, izləyən müəyyən kütlə
varsa, deməli, sənətçi də kiməsə borcludur - onu dinləyənə, oxuyana, izləyənə.
Çünki onun sözü artıq şəxsi ifadəlilikdən
çıxaraq ictimai
təsirə çevrilir.
Məsələn, bir
rejissor ailə münasibətlərini təhqir
üzərindən göstərirsə,
bir yazıçı
sevgi anlayışını
bayağılaşdırırsa, bir rəssam dəyər simvollarını
məsxərəyə qoyursa,
bu, artıq estetik təcrübə deyil, sosial məsuliyyətsizlikdir.
Cəmiyyətin incə, həssas nöqtələri var: din, ailə,
milli kimlik, mənəviyyat.
Sənət bu mövzulara toxuna bilər, amma hörmətlə,
sərhədlərini qoruyaraq.
Bəlkə də kimlərsə, bu yazını oxuyanda, yazıdakı fikirlərə
qarşı olaraq
"senzura" anlayışını
irəli sürəcək,
"axı sənətə
senzura olmaz" - deyəcək. Bəli, bu fikirlə biz də razıyıq. Elə ona görə
də "hörmət"
anlayışını işlətdik.
Çünki hörmət
senzura deyil, etik çərçivədir.
Bəziləri düşünür ki, məsuliyyət
tələbi senzuranın
başqa adıdır.
Xeyr.
Senzura kənardan gələn qadağadır, məsuliyyət
isə daxilimizdəki
əyləcdir. Senzura
sənətə "bunu
demə" deyir, məsuliyyət isə
"bunu necə demək lazımdır?"
sualını verir.
Əsl sənətkar senzurasız
yaşamaq istəyir,
amma məsuliyyətsiz deyil.
Çünki sənətkar
öz azadlığını
qorumağın yeganə
yolunun onun mənəvi ölçüsünü
dərk etmək olduğunu yaxşı bilir.
Salman Rüşdinin "The Satanic
Verses" ("Şeytan ayələri")
romanı dünyada
"yaradıcı azadlığın
sınağı" kimi
qəbul olundu. Bir tərəf dedi ki, bu kitab azad fikrin
ifadəsidir, digər
tərəf isə onu müqəddəs dəyərlərə hörmətsizlik
kimi qəbul etdi. Nəticədə yaranan gərginlik göstərdi ki, sözün
sərhədi insanın
inancında başlayır.
***
Azərbaycan cəmiyyətində isə
yaradıcı azadlıq
bəzən yanlış
başa düşülür.
Ya onu tam qadağa ilə susdurmaq istəyirlər, ya da onu həddən artıq sərbəst buraxmaqla dəyərsizlik səviyyəsinə endirirlər.
Halbuki həqiqət ikisinin arasındakı ölçüdədir.
Azərbaycan ədəbiyyatı və
incəsənəti tarixən
həm azad, həm də məsuliyyətli, hətta
"çərçivəli" olub. Mirzə Fətəli Axundzadə dini fanatizmi tənqid edirdi, amma bunu xalqının tərəqqisi üçün
edirdi. Üzeyir Hacıbəyov
"O olmasın, bu olsun"da sosial stereotipləri lağa qoyurdu, amma qadın azadlığını və
ailə dəyərlərini
qoruyurdu. Cəfər Cabbarlı öz əsərlərində cahilliyi,
gerifikirliliyi, nadanlığı
tənqid edirdi, amma bunu sırf cəmiyyətin gələcək
rifahı üçün
edirdi. Cəlil Məmmədquluzadə, Mirzə
Ələkbər Sabir, o cümlədən,
"Molla Nəsrəddin"çilər
cəmiyyətin müəyyən
etalonlarını məsxərəyə
qoyurdular, onlara gülə-gülə insanları
düşündürməyə çalışırdılar. Bu insanların hamısı ruhən, fikrən azad idilər, amma məsuliyyətli azad.
Bu gün isə
bəzən "sərhədsizlik"
azadlıq kimi təqdim olunur, kiminsə inancına gülmək, ailə anlayışını dağıtmaq,
milli dəyərləri ironiyaya
çevirmək yaradıcı
azadlıq kimi xalqa sırınmağa çalışır. Halbuki
bu, azadlığın
yox, boşluğun göstəricisidir.
Sosial media dövründə
yaradıcılıq demokratikləşib:
hər kəs fikir bildirir, yazır, çəkir, paylaşır. Ancaq bu, eyni zamanda
məsuliyyətin də
paylaşılması deməkdir.
Artıq "mən sadəcə dedim" bəhanəsi keçərli
deyil. Çünki hər paylaşım bir fikir doğurur,
hər fikir bir davranışı yönləndirir. Bir post, bir
şeir, bir video bəzən yüzlərlə
insanın düşüncəsini
dəyişmək gücünə
sahib olur. Deməli, söz indi heç
vaxt olmadığı
qədər güclüdür
və güc artdıqca məsuliyyət
də artır, ya da artmalıdır.
Azadlığın
məqsədi dağıtmaq
yox, göstərməkdir.
Bəli, yaradıcı
insan cəmiyyətin səhvlərini, ziddiyyətlərini,
faciələrini göstərməlidir.
Yuxarıda adlarını
sadaladığımız dahilərimiz
məhz bunu edirdilər. Amma hansı məqsədlə? Düzəltmək,
daha yaxşıya doğru dəyişmək
məqsədi ilə.
Deməli, tənqid o vaxt obyektiv və
faydalıdır ki, arxasında
düzəltmək, düşündürmək,
oyatmaq niyyəti olsun. Əgər sənətin məqsədi
sadəcə sarsıtmaqdırsa,
o zaman sənət sosial
funksiyasını itirir.
Fransız yazıçısı Alber
Kamyunun məşhur fikri var: "Sənətkarın
borcu insan vicdanını diri saxlamaqdır". Bu baxımdan
yaradıcı azadlıq
vicdanla qidalanmalıdır.
Vicdanı olmayan azadlıq istənilən formada təhlükəlidir.
Bəzən "azadlıq" və "dəyər" bir-birinə
qarşı qoyulur, sanki biri varsa,
digəri olmamalıdır.
Amma əslində, onlar
bir-birini tamamlayan məfhumlardır. Dəyərlər
azadlığa istiqamət
verir, azadlıq isə dəyərləri
yaşadır.
Məsələn, sənətkar qadın azadlığından yazırsa,
bu, dəyərlərin
əleyhinə deyil, əksinə, insan ləyaqətinin müdafiəsidir.
Yaxud sənətkar cəmiyyətdəki riyakarlığı
ifşa edirsə, bu, dəyərlərin qorunması deməkdir. Əsas məsələ niyyətin səmimiliyi və ifadənin etik formasıdır.
***
Bu sual yazının
əsas məğzi, belə desək, ürəyidir: sərhəd
haradadır?
Bu sərhəd qanunla,
senzura ilə, qadağa ilə çəkilmir. Bu sərhəd
yaradıcının daxilində
olmalıdır. Hər
sənətçinin öz
içində görünməz
bir "mizan tərəzisi" var - bir
tərəfdə azadlıq,
o biri tərəfdə
vicdan. Hansı ağır gəlirsə,
o zaman nəticə də
ona uyğun olur.
Əgər sənətçi azadlığı
vicdandan üstün tutursa, o zaman mütləq
son nöqtədə cəmiyyətə
zərər verəcək.
Əgər vicdanı
azadlıqdan üstün
tutursa, onda da sənət yarımçıq
qalacaq. Əsl peşəkar bu iki gücü tarazlıqda saxlayan insandır.
Yaradıcı azadlıq insanın Tanrıdan aldığı
ən ilahi paydır. Amma o payı düzgün istifadə etmək hər kəsin bacardığı
iş deyil. Söz, səs, rəng - bunların hər biri insan
ruhuna təsir edir. Deməli, sənətkarın işi
yalnız yaratmaq deyil, yönləndirmək,
düşündürmək, saflaşdırmaqdır.
Azadlıq sənətə nəfəs
verir, məsuliyyət
isə o nəfəsi
təmiz saxlayır.
Biri olmasa, digəri mütləq çirklənəcək.
Bəli, yaradıcı azadlıq lazımdır. Amma o azadlığın
sözünə, fikrinə,
cəmiyyətinə və
gələcəyə qarşı
bir məsuliyyət daşıdığını da bilməli, qəbul etməliyik.
Sərhəd haradadır sualının
cavabı da elə budur: Sərhəd sənətin içində
deyil, sənətkarın
vicdanındadır.
Şahanə MÜŞFİQ
525-ci qəzet. - 2025.-
11 oktyabr (№ 185).-S.19.