Niyə hələ
də şeir?!
16-cı İstanbul Beynəlxalq Şeir və Ədəbiyyat festivalından təəssüratlar
İlıq payız günlərində
İstanbul yenə danışmağa
hazır idi - bu dəfə sözlərlə, misralarla,
dillərlə, qəlblərlə...
İstanbulun küçələri
boz havalara rəğmən, hələ
də mənzərəsiz
deyil: daşları yaş, kölgələri
sarkıb, sularında
min bir hekayə daşıyan Boğazıyladır
İstanbul. Və mən
o günlərdə, üç
gün boyunca, bu şəhərin hər daşında, hər park küncündə,
hər kitabxana pəncərəsində poeziyanın
sirli bir dişi olduğunu gördüm.
Bu il 16-cı dəfə təşkil olunan
İstanbul Beynəlxalq Şeir
və Ədəbiyyat
Festivalı qədim şəhəri üç
gün ərzində poeziyanın, mədəniyyətin
və mənəvi dialoqun mərkəzinə
çevirdi. Bu festival bir
şeir tədbirindən
daha artıq idi - hisslərin sərhədsizliyi, dillərin
qardaşlığı və
ədəbiyyatın zamanları
aşan səsi idi.
Festivalın təsisçisi və direktoru, türk ədəbiyyatının tanınmış
siması Adnan Özerin
dəvəti ilə mən də bu möhtəşəm poeziya bayramında iştirak etdim - həm tərcüməçi,
həm ifaçı,
həm də bir şeir xiridarı
kimi. Hər gün ayrı bir məkanda, ayrı bir ruhda
və ayrı bir dildə danışan bu festivalda İstanbulun özü də sanki bir poetik
personaja çevrilmişdi.
Festival Gülhane parkında
yerləşən Ahmet Hamdi Tanpınar Kitabxanasında
başladı. Bu məkan
təkcə tarix deyil, şeirin nəfəs aldığı
bir yerdir. Tarixin nəfəsi ilə poeziyanın səsi burada birləşdi.
İlk günün əsas
festival gündəmi - gənclərin
səhnəyə çıxması
idi. Onların səsi hələ dünyanı dəyişməyə
yeni başlamış, amma içlərində dağlar
kimi sözlər vardı. Onlar Tanpınarın ruhu ilə danışır, İstanbulun daş divarlarına içlərini
tökürdülər. Mən
də həmin səhnədə öz şeirimlə çıxış
etdim. Həmin an şeir təkcə səsləndirdiyim bəndlər
deyildi - şəhərin
özü, Gülhanenin
mənzərəsi, bir
kənardan - boğazdan
əsən sərin
meh idi. Nəfəsim,
baxışlar, parkın
yarpaqları da o misraların
bir hissəsinə çevrilmişdi. Gülhane
parkında şeir oxumaq - İstanbulun ürəyinə sözlə
toxunmaq kimi bir hiss idi.
Festivalın açılışı Tanpınar
kitabxanasında baş
tutdu. Adnan Özer gələn qonaqları təqdim edib festivala şahidlik edən hər kəsi salamladı. Fəxri qonaqlar rumıniyalı məşhur
şair Ana Blandianaya və şair, ədəbiyyatşünas Turan Koça festivalın simvolik mükafatı verildi. Tədbirdə Azərbaycanı təmsil
edən məşhur şair, Yazıçılar
Birliyinin katibi Səlim Babullaoğlu Adnan
Özerə Azərbaycan
Yazıçılar Birliyinin
fəxri üzvlük
vəsiqəsini və
Qarabağ simvollu hədiyyəni təqdim etdi. Açılış
günü şam yeməyi ilə yekunlaşdı.
İkinci gün Taksim meydanında payızın
artıq adət edəcəyi yağışının
altında İstiqlal caddəsində İstanbulun
gerçək üzünü
özüm üçün
yenidən kəşf
etməyə başladım.
Bir də elə şəhərlər var ki, oranın
gözəlliyi ancaq qışda, ya da yayda görünür. Elə şəhərlər
var ki, niqabında göz
oxşayır, bəziləri
də çılpaq.
İstanbul bu baxımdan
şarmlı şəhərdir.
İçində insan
qaynasa da, yolları yeddi-iyirmi dörd keçilməz, tünlük
olsa da, hara gedirsənsə
get, mütləq tələsəcəyin
və gecikəcəyin
yerlərin bilinməz
səmtlərində özünü
tapsan da, İstanbul hər
fəsildə gözəlliyini
qoruyub saxlaya bilir.
Dünya tarixi iki üzünü
də, iki canını da burada qoyub gedib. Sağa
baxsan şərq, sola
baxsan qərb. Sağda Anadolunun üfüqləri, solda
"Qədim Dünya"nın.
Taksimdə yüz metr yeriyəndə bir qulağın azan səsinə, o biri kilsə zənginə şəklənir. Allah birində
sözlərlə, digərində
səslərlə aqibətin
musiqisini bəstələyir.
Növbəti tədbir
Atatürk Mədəniyyət Mərkəzinin kitabxanasında
davam etdi. Burada şeir duyğudan daha artıq bir şeyə çevrildi - fəlsəfə, dil və ideya oldu.
Günün ilk tədbiri Turan Koçun şeir dünyasına həsr olunmuş panel idi. Adnan Özer, Hüseyn Akın və Eray Sarıçamın
moderatorluğu ilə
keçirilən bu görüşdə şairin
poetik dünyasına nəzər salındı.
Paneldə iştirak edən oxucular da şeir və onun yeni dünyadakı yeri ilə bağlı
fikirlər səsləndirdi.
Ardınca Turan Koç
özü "Şeir
dili" adlı konfransla çıxış
etdi. Onun nitqi yalnız bir nəzəri mühazirə deyildi - sözə, dərinliyə,
düşüncəyə çağırış idi.
Bu kitabxanada şeir
səssizlik içində
böyüyürdü. Hər
baxış bir sual, hər dinləyici bir cavab idi. Şeir,
bu dəfə hisslərin deyil, düşüncənin pıçıltısı
idi.
Festivalın üçüncü və
son günü payız
günəş və
qara buludlar arasında tərəddüddə
qalmışdı. Avrasiya
Bir Vəqfində tədbirlər
başladı. Burada
"Türk dünyası
modern şeir külliyatı"
adlı panel təşkil
olundu. Moderator Özcan
Ünlü, iştirakçılar
isə Erol Tufan, Salih Okumuş,
Səlim Babullaoğlu
və Ayşə Türkmən idi.
Bu paneldə Türk
dünyasının müxtəlif
coğrafiyalarından gəlmiş
şairlərin səsi
birləşdi. Onlar
modern şeirin bugünkü
ritmini, zənginliyini və problemlərini dilə gətirdilər.
Bu, yalnız bir ədəbi söhbət deyildi - ortaq mədəni yaddaşın
çağdaş dildə
ifadəsi idi.
Axşam isə festival öz zirvəsinə çatdı.
Əgər İstanbulun poeziyada bir ruhu varsa,
o, yəqin ki, Pera Palasın divarlarında yaşayır. Bu möhtəşəm
tarixi məkanda keçirilən "Niyə
hələ də şeir?" mövzusundakı
beynəlxalq panel - bütün
festivalın kulminasiya
nöqtəsi idi.
Tədbirin moderatoru Can Yiğit Tunçman, iştirakçılar
isə əsl poeziya səfirləri idi: Ana Blandiana (Rumıniya), Abbas Beydoun
(Livan), Oktay Taftalı
(Türkiyə), Venko Andonovski (Şimali Makedoniya), Paolo Agrati (İtaliya), Manuel Forkano (İspaniya) və Səlim Babullaoğlu (Azərbaycan).
Hər çıxış, hər
səslənən fikir
bir bənd, bir şeir parçası
idi. Fərqli dillər, fərqli həyat hekayələri -
amma bir ortaq duyğu: poeziyanın insanı yaşatdığı
inancı.
Bu gecə mənim
üçün xüsusilə
fərqli və mənalı oldu. Mən Ana Blandiananın şeirlərini Anadolu türkcəsinə
tərcümə etmişdim.
O misraların öz səsləndirilməsi şeirin
sözə tərcüməsi
deyil, həyata ədəbiyyatdan bir bəxşiş vermək
idi.
Daha sonra
Səlim Babullaoğlunun
və Oktay Taftalının şeirlərini
səhnədə ifa etdim. O an yalnız
səsləndirici deyil,
poeziyanın bir daşıyıcısı, bir
ruh halqası idim. Pera Palasın
aynalarında sözlərin
işığı əks
olunurdu. Festivalın ənənəvi şam yeməyi ilə bitən gün növbəti ilin planlarının səsləndiyi,
dünyanın şeir
ocaqlarından gələnlərin
müvəqqəti vidaları
ilə birləşdi.
Festival sona çatdı.
Amma sanki şəhərin
üzərində bir
səssiz misra qaldı.
Niyə hələ də şeir?
Çünki şeir sükutun danışdığı yerdir.
Çünki insan var olduqca - sevəcək, əzab çəkəcək, itirəcək,
tapacaq, yadlaşacaq, bağışlayacaq... və
bütün bunları
dillə deyil, şeirlə ifadə edəcək.
Çünki şeir - ruhun qeyri-rəsmi tərcüməsidir.
İstanbul bu festivalda
bir şəhər deyil, poeziyanın məkanı, sözün
qibləsi oldu.
Adnan Özerin rəhbərliyi
ilə baş tutan bu festival, yalnız ədəbiyyat deyil - mədəniyyətin,
insanlığın və
hissin birləşdiyi
bir mərasim idi.
Mənim üçün isə bu festival - tərcümə
olunmuş bir ruh, səhnəyə çıxmış bir misra, canlı bir yaddaş olaraq qalacaq.
Rəvan CAVİD
525-ci qəzet. - 2025.-
11 oktyabr (№ 185).-S.20.