Qarabağda tapılan kütləvi məzarlıqlar
Qarabağ münaqişəsi təkcə
siyasi və hərbi qarşıdurma deyil, həm də
insanlıq əleyhinə cinayətlərin baş verdiyi faciəvi
bir dövr olub
Bu günədək işğaldan azad
edilmiş ərazilərdə itkin düşmüş şəxslərin
dəfn olunduğu ehtimal edilən 28 kütləvi məzarlıq
müəyyənləşdirilərək qazıntı və
ekshumasiya işləri aparılıb. Həmin 28 kütləvi
məzarlıqdan bütövlükdə
218 şəxsə aid
olduğu ehtimal olunan meyit qalıqları
aşkarlanaraq ekshumasiya
edilib. Aparılan anatomik və molekulyar-genetik ekspertizaları
nəticəsində onlardan
60 nəfərinin şəxsiyyəti
müəyyənləşdirilərək
ailələrinə təhvil
verilib.
Vətən müharibəsində
əldə olunan böyük zəfərdən
sonra Azərbaycan Respublikası Əsir və itkin düşmüş,
girov götürülmüş
vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının
qarşısına Ermənistanın
Azərbaycana qarşı
hərbi təcavüzü
nəticəsində itkin
düşmüş vətəndaşların
taleyinin müəyyən
edilməsi kimi mühüm vəzifə qoyulub. 2021-ci ildən etibarən işğaldan azad olunan ərazilərdə
bu işin icrasına başlanılıb.
İtkin düşmüş
şəxslərə aid
məzar yerlərinin axtarışı, qazıntı
və aşkarlanmış
meyit qalıqlarının
ekshumasiyası işi
Dövlət Komissiyasının
sədri Əli Nağıyevin rəhbərliyi
və gündəlik nəzarəti altında aidiyyəti dövlət qurumlarının, o cümlədən
İşçi qrupunun
mütəxəssisləri tərəfindən həyata
keçirilir.
Dövlət Komissiyası
tərəfindən aparılan
araşdırmalarla Ermənistanın
Azərbaycana hərbi
təcavüzü nəticəsində
Birinci Qarabağ müharibəsində ölkənin
20 şəhər və
rayonu ərazisində
təxminən 31 qəbiristanlıqda
tanınmadan dəfn edilən şəhidlərə
aid 200-dən çox
məzar müəyyən
edilib. Həmin məzarlar Dövlət Komissiyasının İşçi
qrupu tərəfindən
Vətən müharibəsinədək
olan dövrdə müəyyən edilərək
qeydiyyata alınıb.
Dövlət Komissiyası
sədrinin müvafiq tapşırığı ilə
2021-ci ildən etibarən
Baş Prokurorluqla birlikdə həmin məzarların ekskumasiya işlərinə başlanılıb.
Ekshumasiya prosesində
210 nəfərə aid
meyit qalıqları aşkarlanaraq götürülmüşdür.
Naməlum məzarlıqlar
üzrə 90 itkin-şəhidin
şəxsiyyəti eyniləşdirilərək
ailələrinə təhvil
verilib.
Əsir və itkin düşmüş,
girov götürülmüş
vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının
sədri Əli Nağıyev bildirib ki oktyabrın 1-nə olan məlumata əsasən, 800-ə yaxın
itkin düşmüş
şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq
götürülüb. Bu
kontekstdə həmin ərazilərdə aparılan
qazıntılar zamanı
aşkarlanan 29 kütləvi
məzarlıqdan 218 şəxsə
aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanları nümayəndələrinin iştirakı
ilə ekshumasiya edilib: "Həmin ərazilərdə aparılan
genişmiqyaslı tikinti-quruculuq
işləri və həyata keçirilən
digər təxirəsalınmaz
tədbirlər nəticəsində
342 şəxsə aid
olduğu ehtimal edilən meyit qalıqları aşkar olunaraq ekshumasiya edilib. Bundan başqa, I Qarabağ müharibəsində həlak
olmuş və respublikanın 20 şəhər
və rayonunun ərazisində yerləşən
31 qəbiristanlıqda tanınmadan
dəfn edilən naməlum şəhid məzarlarından 210 nəfərə
aid meyit qalığı ekshumasiya
edilib".
Ə.Nağıyevin sözlərinə
görə, sadalananlar
fonunda aşkarlanmış
meyit qalıqlarının
məhkəmə molekulyar-genetik
ekspertizasının nəticəsi
olaraq, I Qarabağ müharibəsində itkin
düşmüş şəxslərdən
187 nəfərin şəxsiyyəti
eyniləşdirilərək ictimaiyyətə açıqlanıb,
ailələrinə təhvil
verilib, qanunvericiliyin tələblərinə və
milli-dini ənənələrə
uyğun dəfn ediliblər. Dövlət Komissiyasının sədri
xatırladıb ki, 3 min 990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb:
"Onlardan 3 min 984 nəfəri XX əsrin
90-cı illərində, yəni
I Qarabağ müharibəsində,
6 nəfəri isə
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində
itkin düşüblər.
3 min 990 nəfərdən
3 min 211 nəfəri hərbçi, 779 nəfəri
mülki şəxslərdir.
Mülki şəxslərdən
71 nəfəri yetkinlik
yaşına çatmamış
uşaq, 284 nəfəri
qadın, 316 nəfəri
qocalardır. Eyni zamanda hazırda 3 min 800-dən çox itkin şəxslə bağlı 11 mindən artıq donordan bioloji nümunələr toplanılıb sistemləşdirilib".
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin
dediyinə görə,
2020-ci ildən bəri
aparılan araşdırmalar
nəticəsində Qarabağ
və ətraf rayonlarda bir sıra məkanlarda kütləvi məzarlıqlar
aşkar olunub. Edilli kəndində 3 metr dərinlikdə insan qalıqları tapılıb. Araşdırmalar
nəticəsində bu
şəxslərin 1990-cı illərdə itkin düşmüş azərbaycanlılara
məxsus olduğu müəyyənləşdirilib. Başlıbel kəndində
1993-cü ildə erməni
silahlı dəstələrinin
hücumu zamanı qətlə yetirilən mülki şəxslərin
qalıqları burada aşkarlanıb. Şuşa
və Xocalı ətrafı - yol tikintiləri zamanı aşkar edilən iki ayrı məzarlıqda
5-7 nəfərin sümükləri
tapılıb, bəzilərində
işgəncə izləri
müəyyən olunub.
Ağdam, Füzuli, Laçın və Zəngilan rayonları - burada da müxtəlif
sayda kütləvi məzarlıqların izləri
üzə çıxarılıb.
Bu faktlar göstərir ki, Qarabağ münaqişəsi
təkcə siyasi və hərbi qarşıdurma deyil, həm də insanlıq əleyhinə cinayətlərin baş verdiyi faciəvi bir dövr olub.
İşğaldan azad
olunan ərazilərdə
tapılan kütləvi
məzarlıqlar sübut
edir ki, ermənilər Azərbaycan
ərazilərini işğal
etdikləri dövrdə
əsir və girov götürdükləri
azərbaycanlılara, dinc
mülki insanlara qarşı əsl faşist, əsl vandallıq nümayiş etdiriblər. Əsir və girovları işgəncə ilə qətlə yetiriblər, maşınlara bağlayıb
parça-parça eləyiblər
və kütləvi şəkildə harada gəldi xəndəklər
qazıb basdırıblar:
"Azərbaycanın işğal
edilmiş bütün
ərazilərində ermənilər
bu cür cinayətləri həyata
keçiriblər. Ona
görə də hələ bundan sonra da kütləvi
məzarlıqların aşkara
çıxdığını çox görəcəyik.
İtkin hesab edilən 4 min azərbaycanlının böyük
hissəsini ermənilər
işgəncə ilə
qətlə yetiriblər
və kütləvi şəkildə basdırıblar.
Kütləvi məzarlıqların
yerini isə ermənilər bu günədək açıqlamır.
İşğaldan azad
etdiyimiz ərazilərimizdə
aşkarlanan kütləvi
məzarlıqlardan başqa,
Ermənistan ərazisində
də azərbaycanlıların
kütləvi məzarlıqları
var. Ermənistan beynəlxalq konvensiyaları
pozaraq onların yerini açıqlamır.
Bir insanın ölümünə görə
bəzən dünya dövlətləri, beynəlxalq
təşkilatlar hansısa
dövlətlərə iradlar
bildirirlər, hüquqi
addımlar atırlar.
Hazırda bizim 3890 nəfər əsir və itkin düşmüş,
girov götürülmüş
vətəndaşımızın taleyinə beynəlxalq ictimaiyyət təəssüf
ki, hələ də biganədir. İkili standartlar mövcuddur. Beynəlxalq konvensiyalar və qanunlar bir sıra
dünya dövlətləri
və beynəlxalq təşkilatları üçün
yalnız özlərinə
sərf edəndə işə salınır. Özlərinə sərf
etməyən məsələlərdə
isə kağız parçası hesab edilir. Digər tərəfdən, ermənilərin,
erməni lobbisinin dünyada uzun illərdir apardığı
təbliğat, reallıqların
təhrifi azərbaycanlıların
kütləvi məzarlıqları
ilə bağlı faktlara dünyanın susqun yanaşmasında rol oynayır. Daha bir səbəb
isə xristian təəssübkeşliyi amilidir.
Xristian erməniləri
müsəlman türklərin
kütləvi qətlində
ittiham edib cəzalandırmaq istəmirlər.
Ona görə də həqiqətlərə
göz yummaq yolunu tuturlar. Necə ki, 30 il ərzində Azərbaycan torpaqlarının
Ermənistan tərəfindən
işğalda saxlanmasına,
talan edilməsinə göz yumurdular, Ermənistana buna görə heç bir təzyiq etmirdilər, indi də kütləvi məzarlıqlar məsələsinə
- Ermənistanın aşkara
çıxan bu cinayətlərinə göz
yumurlar, reaksiya vermirlər".
Ekspert qeyd edib ki, Azərbaycan
dövləti kütləvi
məzarlıqlar məsələsi
ilə bağlı hüquqi addımlar atır, təbliğat aparır, məsələni
dünya birliyinin gündəminə çıxarmaq
istiqamətində işlər
görür
Millət vəkili
Azər Badamov bildirib ki, Ermənistanın
azərbaycanlılara qarşı
törətdiyi vəhşiliklər
insanlığa xas deyil və hər
dəfə yeni bir məzarlıq aşkar olunanda insanlarda bu topluma
qarşı nifrət
böyüyür: "Qarabağda
kütləvi məzarlıqların
aşkar olunması insanlıq əleyhinə cinayətlərin unudulmamasını
təmin edən mühüm tarixi hadisədir. Bu məzarlıqlar, yalnız
ötən əsrin faciələrinin deyil, həm də gələcək nəsillərə
sülhün, ədalətin
və yaddaşın qorunmasının vacibliyini
xatırladan abidələrdir.
Araşdırmalar davam
edir və hər yeni tapıntı
uzun illər gizlədilmiş həqiqətləri
üzə çıxarır.
Birinci Qarabağ müharibəsindən bu günə qədər Ermənistanın əsir və girov götürdüyü
azərbaycanlıların taleyi
məlum deyil. Ermənistandan bu insanların basdırıldığı
ərazilər haqqında
məlumat dəfələrlə
sorğulansa da, təəssüf ki, hələ də bir cavabı olmayıb. İşğaldan
azad olunan ərazilərdə tikinti-qazıntı
işləri aparılanda,
belə ərazilər
zaman-zaman üzə çıxır. İndiyədək
Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndlərində,
Kəlbəcərdə, Ağdamda
və digər yaşayış məntəqələrində
kütləvi məzarlıqlar
aşkarlanıb".
A.Badamov hesab edir ki, işğaldan
azad olunmuş ərazilərdə belə
kütləvi məzarlıqlar
və insanların atıldığı quyular
müşahidə olunmaqda
davam edəcəkdir. Çünki bu gün taleyi məlum olmayan əsirlikdə və girovluqda hesab olunan 4 min azərbaycanlıya
qarşı eyni vəhşiliklər işlədilib:
"Biz bu faktları video və fotosübutlarla əsaslandırılmış şəkildə beynəlxalq
təşkilatlara, o cümlədən
ermənilərə dayaq
olan Fransa başda olmaqla, digər ölkələrin
rəsmilərinə göndərməliyik.
Laçın yolunu bağlamaqda Azərbaycanı
ittiham edənlər Ermənistanın iç üzünü yaxşı
görsünlər. Bu
dəlillər və faktlar informasiya mübarizəmizdə əsas
silahımız olmalıdır.
Biz bütün dünyaya erməni vəhşiliklərini tanıtmalı
və bu millət haqqında real fikir formalaşdırmalıyıq".
Sevinc QARAYEVA
525-ci qəzet. - 2025.- 11 oktyabr (№ 185).-
S.23.