Bəstəkarlar
İttifaqının fəaliyyəti - Üzeyir Hacıbəylinin 140
illiyi kontekstində
Üzeyir Hacıbəylinin dünyaya göz
açdığı gün - 18 sentyabr musiqi ictimaiyyətimiz
üçün ən əlamətdar tarixdir. Heç də
təsadüfi deyil ki, məhz 1995-ci ildən başlayaraq Ulu
öndər Heydər Əliyevin sərəncamı ilə həmin
gün bütün respublikamızda musiqi günü kimi qeyd
olunur.
18 sentyabr tarixi həm də 2009-cu ildən bu günə
kimi musiqi ictimaiyyətində böyük festivalın
başlanğıcı kimi yadda qalıb. Hər il 18-28
sentyabr tarixləri bir sıra əlamətdar tədbirlərin
həyata keçməsi ilə diqqət çəkir.
Çünki hər il festival çərçivəsində
çox sayda kollektivlər, həm yerli, həm də xarici
qonaqlar iştirak edir, maraqlı konsert proqramları, tədbirlər
ilə çıxışlar edirlər.
2025-ci il isə bu baxımdan xüsusilə diqqətəlayiqdir.
Çünki bu il dahi bəstəkarımız Üzeyir bəyin
140 illik yubileyi qeyd olunur. Yubiley ili çərçivəsində
bir sıra tədbirlərdə iştirak edən təşkilatlar
ilə yanaşı, Azərbaycan Bəstəkarlar
İttifaqının (ABİ) fəaliyyəti də çox
önəmli və diqqətəlayiqdir. Yubiley ili olduğu
üçün Azərbaycan Bəstəkarlar
İttifaqında bu məramla bir sıra tədbirlərə
ilin əvvəlindən başlanılmışdı.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri,
AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz
Əlizadənin rəhbərliyi ilə 2025-ci ilin əvvəlindən
başlayaraq bu musiqi ocağında bir sıra konsertlər,
konfranslar keçirilib. Bu tədbirlər içərisində
18 apreldə "Üzeyir Hacıbəyli "Leyli və Məcnun"dan
"Koroğlu"ya, Müslüm Maqomayev "Şah
İsmayıl"dan "Nərgiz"ə" adlı elmi
konfransı, 27 mayda Cahangir Cahangirov adına Xor kollektivinin (bədii
rəhbər və baş dirijor: sənətşünaslıq
üzrə fəlsəfə doktoru, dosent, Əməkdar
müəllim, Prezident mükafatçısı Təranə
Yusifova) konserti, 30 may tarixində "Bakının
ulduzları" instrumental ansamblın konserti və digərləri
məhz ABİ-nin Üzeyir Hacıbəyli adına konsert
zalında keçirilmişdi. Bu tədbirlərdə dahi
Üzeyir bəyin və onun davamçılarının əsrarəngiz
əsərləri səsləndirilmiş, zəngin
materialı özündə əks etdirən və Üzeyir
dünyasının bu günə qədər də
araşdırılmayan səhifələrini üzə
çıxaran məruzələr dinlənilmişdi.
Üzeyir bəyə həsr olunmuş festival çərçivəsində
isə hər il adət olunduğu kimi konfransın təşkili,
gənclərin əsərlərindən ibarət konsert
proqramının və yeni kitabın dərc olunması bu
yubiley ilində də davam edib.
Beynəlxalq festival çərçivəsində
ABİ-nin fəaliyyəti bir neçə tədbir ilə
diqqəti cəlb etdi. Festival çərçivəsində
ilk tədbir 19 sentyabr tarixində baş tutdu. Bu, ABİ-nin
konfrans zalında "Üzeyir Hacıbəylinin pedaqoji fəaliyyəti"
adlı elmi konfransın təşkili idi. Konfransı Azərbaycan
Bəstəkarlar İttifaqının sədri Firəngiz
xanım Əlizadə açdı. O, dahi bəstəkar
Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətində
ictimai xadim, bəstəkar, pedaqoq kimi fəaliyyətindən
söhbət açaraq, festivalın əhəmiyyəti, onun
özəlliyi və tutduğu mövqeyi ilə bağlı
öz fikirlərini bölüşdü və Üzeyir bəyin
əsərlərinin bütün dünyanın müxtəlif
konsert salonlarında səslənməsini, onun yüksək
alqışlarla qarşılanmasını, daha sonra festivalda,
nəinki azərbaycanlıların, eləcə də, bir
çox müxtəlif xalqların nümayəndələrinin
iştirakını, həmçinin bölgələrdə
Şuşada, Xankəndində, Gəncədə keçirilən
konsert və tamaşaları qeyd etdi.
Daha sonra səslənən məruzələr
Üzeyir bəyin məhz pedaqoji fəaliyyətinə yönəlmişdi,
bu mövzuda məruzəçilərin, konfrans
iştirakçılarının
çıxışları səsləndirildi. Bu baxımdan
Əməkdar incəsənət xadimi, sənətşünaslıq
üzrə elmlər doktoru, professor İmruz Əfəndiyevanın
"Dahi Üzeyir Hacıbəylinin tələbələri
haqqında musiqi düşüncələri", Əməkdar
incəsənət xadimi, fəlsəfə üzrə elmlər
doktoru, professor Gülnaz Abdullazadənin "Üzeyir Hacıbəylinin
pedaqoji fəaliyyətində çoxşaxəlilik", Azərbaycan
Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq
üzrə elmlər doktoru, dosent Leyla Zöhrabovanın
"Üzeyir Hacıbəylinin Azərbaycan musiqi təhsilinin
təşəkkülündə rolu", musiqişünas-bəstəkar
Aysel Kərimin "Üzeyir Hacıbəyli irsinin təbliğində
Azərbaycan Bəstəkarlar İttifaqının rolu"
adlı mövzular əsasında məruzələrini misal
göstərə bilərik. Təqdim olunan məruzələr
Üzeyir bəy yaradıcılığının nə qədər
zəngin olmasını və eyni zamanda bu gün də
araşdırmaya ehtiyac duymasını nümayiş etdirdi.
Konfransın bədii hissəsində Üzeyir bəyin
Nizami Gəncəvinin sözlərinə yazdığı
"Sevgili canan" qəzəl-romansını və
"Firuzə" operasından Firuzənin ariyasını
Ü.Hacıbəyli adına BMA-nın tələbələri
İsmayıl Əsədli və Nuray İsmayılova
(konsertmeyster Dilarə Kərimova) səsləndirdi.
Müasir Azərbaycan bəstəkarlarının əsərlərindən
ibarət kamera musiqisi konserti isə festivalın 7-ci
günündə, yəni sentyabrın 24-də keçirildi.
Ümumiyyətlə, müasir bəstəkarların əsərlərindən
ibarət konsertin hər il festival çərçivəsində
həyata keçirilməsi Firəngiz xanımın
uzaqgörənliyinin bariz göstəricisidir desək, düz
olar. Çünki Üzeyir bəyin yaratdığı bəstəkarlıq
sənətinin möhkəm bünövrəsi bu günə
qədər davam edir və o özül nəticəsində
bir sıra davamçılar yetişir. Bu da təsadüfi
deyil. Üzeyir bəyin musiqi mədəniyyətimiz
qarşısında açdığı "qapılar"
bu sənətin müxtəlif səpkidə
inkişafını təmin edir. Bu həm milli üslubun
müasir düşüncə tərzi ilə həmahəngləşməsi,
həm estrada sənətində Azərbaycan etnosu ilə zənginləşməsi,
həm də şifahi ənənəli professional musiqi sənətinin
bu sənətdə inkişafı ilə bağlıdır.
Bu səbəbdən yaşadığımız dövrdə
gənc, müasir bəstəkarlarımızın fəaliyyəti
zəngin özülün əsasında qurulub. Məhz bu
baxımdan Firəngiz xanım uzun illərdir ki, gənclərin
kamera əsərlərindən ibarət konsertin daim zəruri
olmasını vurğulayır və bu konserti sanki geniş
dinləyici kütləsi qarşısında hesabatı kimi
qiymətləndirir.
Festival çərçivəsində Musiqi forumunda
dünya şöhrətli bəstəkarımız Firəngiz
xanımın çıxışını xüsusi olaraq
qeyd etməliyik. 26 sentyabr tarixində çox böyük
vüsət ilə "Gülüstan" sarayında musiqi
forumu oldu. İki paneldən ibarət forumun giriş hissəsində
Azərbaycan Respublikasının mədəniyyət nazirinin
müavini Murad Hüseynov, Türk Mədəniyyəti və
İrsi Fondunun Prezidenti Aktotı Raumkulova, Xalq artisti Firəngiz
Əlizadə, Xalq artisti Fərhad Bədəlbəyli,
İSESKO-nun Bakı Regional ofisinin direktoru Abdulhakeem Farhad
Alsenan çıxış etdilər.
Firəngiz xanım nitqində öncə diqqətimizi
konfransın "Üzeyir Hacıbəylinin irsi:
Keçmişdən bu günə" kimi
adlandırılmasına yönəltdi. O, Üzeyir bəyi
keçmiş ilə deyil, öz dövrünün
prizmasından gələcəyi görməsi ilə ön
plana çəkilməsi ideyasını irəli
sürdü. Bu fikirdə böyük həqiqət və
dürüstlük var. Tarixdə yaşayan dahilərin əsas
missiyası da məhz budur. Firəngiz xanımın
çıxışında da Üzeyir irsinə nə qədər
həssaslıqla, incəliklə yanaşmasının
şahidi olduq. Buna bir bariz nümunə də illər öncə
"Üzeyir irsi" layihəsi çərçivəsində
Üzeyir bəyin bir sıra əsərlərinin yenidən bərpa
olunmasıdır. Bu səpkidə "Əsli və Kərəm"
operası maraqlı nümunə ola bilər. Bu işə Firəngiz
xanım böyük sevgi ilə yanaşmış, uzun
zamanın ayrılması və ayrı-ayrılıqda
operanın notlarının yığılması onun
toplanılması işi aparılmışdı.
Nəhayət festival çərçivəsində
ABİ-nin həyata keçirdiyi son tədbir "Üzeyir
Hacıbəyli müasirlərin düşüncəsində"
(tərtibçi: sənətşünaslıq üzrə fəlsəfə
doktoru Səadət Təhmirazqızı) adlı kitabın təqdimatı
oldu. Bu, artıq kitabın ikinci cildidir. Birinci cild 2016-cı
ildə nəşr olunmuşdu. Məqalələr məcmusunun
maraqlı konsepsiyası artıq başlıqdan aydın izah
olunur. Bu bilavasitə Üzeyir bəy haqqında bəsəkarların,
musiqişünasların, ifaçıların, dövlət
xadimlərinin, eləcə də digər sənət
nümayəndələrinin fikir və düşüncələri,
sevgi və diqqəti təqdim olunur. İkinci cild də eyni
konsepsiyanı özündə qoruyur. Kitabın təqdimatı
maraqlı çıxışlar ilə diqqəti cəlb
etdi.
Üzeyir bəyin 140 illik yubileyi ərəfəsində
Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən
bir layihə də xüsusilə diqqətəlayiqdir. Bu layihə
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə
birgə musiqişünaslıq və bəstəkarlıq
üzrə respublika müsabiqələridir.
Musiqişünaslıq üzrə müsabiqə dahi bəstəkarımız
Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə
həsr olunmuş musiqi tarixi və musiqi nəzəriyyəsi
sahələrini əhatə edərək yüksək elmi
meyarlara cavab verən yeni tədqiqat işlərinin üzə
çıxarılmasına yönəlib. Maraqlıdır ki,
bəstəkarlıq müsabiqəsi də Azərbaycan
üçün çox vacib və böyük əhəmiyyətli
yubileyə - Vətən Müharibəsində Şanlı Qələbəmizin
5 illiyinə həsr olunmuş orkestr və xor əsərləri
janrında yazılmış yüksək peşəkar səviyyəni
əks etdirən, forma mükəmməlliyi və mətn
mövzusunun dərinliyi ilə seçilən, vətənpərvərlik
ideyalarına və ədəbi-bədii meyarlara cavab verən
yeni əsərlərin aşkar edilməsinə yönəldilib.
Hər iki sahə üzrə bir sıra işlər Azərbaycan
Bəstəkarlar İttifaqına daxil olub, hazırda bu işlərin
münsiflər tərəfindən qiymətləndirilməsi
mərhələsi həyata keçirilir, bu səbəbdən
bütün iştirakçılara böyük uğurlar
arzu edirik.
Diqqətəlayiqdir ki, həm bu günə qədər
yaradılan bəstəkar əsərləri, həm bu günə
qədər yazılan musiqişünas tədqiqatları, həm
də bundan sonra da yazılacaqlar onu bildirir ki, dahi sənətkara
olan sevgi sonsuz və əbədidir.
"Sənətkar üçün ümumxalq rəğbəti
və məhəbbəti qazanmaq çox çətindir. Xalq
öz qəlbini ancaq əsl böyük insanlara, böyük
qəlbli sənətkarlara, tamamilə özünü xalqa bəxş
edənlərə açır. Və əgər o, xalq məhəbbətini
qazanırsa, bu məhəbbət insanların ürəklərində
əsrlərlə yaşayır və heç vaxt
sönmür". Yazımı Üzeyir Hacıbəylinin tələbəsi,
görkəmli bəstəkar Qara Qarayevin bu sözləri ilə
bitirmək istərdim. Doğrudan da, xalqın sənətkarı
olmaq, heç zaman sönməyən sevgi ilə xalq tərəfindən
sevilmək hər kəsə nəsib olmur. Üzeyir Hacıbəyli
məhz belə sənətkarlardandır. Onu da qətiyyətlə
demək olar ki, xalqın bu məhəbbəti Üzeyir bəyin
ölməz musiqisi kimi yaşayır və daim yaşayacaq.
Leyla ZÖHRABOVA
Azərbaycan Bəstəkarlar İttifaqının
katibi, sənətşünaslıq üzrə elmlər
doktoru, dosent
525-ci qəzet .- 2025.- 22 oktyabr (№ 192).- S.15.