Üzeyir Hacıbəyli
irsinin tədqiqinə yeni töhfələr
BU GÜNLƏRDƏ TƏQDİM OLUNAN
NƏŞRLƏRİN HAZIRLANMASINDA ÜZEYİRŞÜNAS
ALİM SƏRDAR FƏRƏCOVUN MİSİLSİZ ROLU VAR
Oktyabrın 16-da Mədəniyyət Nazirliyinin, bp
şirkətinin, "Azərnəşr"in,
"Zərdabi-Nəşr"in dəstəyi ilə
Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr
olunmuş tədbir keçirildi. Azərbaycan Dövlət
Akademik Musiqili Komediya Teatrında bəstəkarın irsinə
dair nəşrlər və konsert proqramı təqdim edildi.
Tədbirin rəsmi hissəsində əvvəlcə
Yazıçılar Birliyinin üzvü, şair Fərid
Hüseyn çıxış etdi. Sonra bp şirkətinin rəhbəri
Ciovanni Kristofoli və Xalq artisti, bəstəkar,
üzeyirşünas alim Sərdar Fərəcova söz verildi.
Konsertin bədii hissəsində Üzeyir Hacıbəylinin
əsərləri dirijor Sevil Hacıyevanın rəhbərliyi
ilə Azərbaycan Dövlət Akademik Musiqili Komediya
Teatrının xoru və simfonik orkestrinin ifasında səsləndi
və hər kəsdə xoş hisslər yaratdı. Bu
proqramda "Leyli və Məcnun" operasından "Şəbi-hicran"
xoru, "Görüş" səhnəsi (E.Zeynalov və
G.Fərəcova), "Koroğlu" operasından
"Qızların rəqsi", "Həsən xanın
ariyası" (T.Yəhyayevin
ifasında), "Cəngi" rəqsi, "Sevgili
canan" (A.Qarayevin ifasında) romansı, "Arşın mal
alan" operettasından "Qızların xoru",
"Gülçöhrə ilə Əsgərin dueti"
(F.Əliyev və G.Hacıyeva), "Milli marş",
"Şeyx Sənan" operasından "Müqəddimə",
eləcə də Hüsniyyə Mürvətova ilə Tural
Əhmədin qiraətində Üzeyir Hacıbəyliyə
aid şeir səsləndi. Səhnə
tərtibatında Əməkdar incəsənət xadimlərindən
- Yuri Labaçev və Hafiz Quliyevin rolunu xüsusilə
vurğulamaq lazımdır.
Qeyd edək ki, kitabların ərsəyə gəlməsində
Üzeyir Hacıbəylinin Ev-muzeyinin direktoru, bəstəkar,
üzeyirşünas alim Sərdar Fərəcovun da rolu
böyükdür. S.Fərəcov ənənəvi olaraq hər
zaman bəstəkarın yubileylərinə müxtəlif layihələr, kitablar, məcmuələr
hazırlayır. Bu dəfə S.Fərəcovun ideya müəllifliyi
və tərtibçiliyi, Tamam Bayatlının tərcüməçiliyi,
eləcə də F.Hüseynin redaktorluğu ilə
"Ömür albomu", "Uşaqlara hədiyyə",
Üzeyir Hacıbəylinin Ev-muzeyi haqqında broşür,
"Unudulmaz incilər" adlı nəşrlər ərsəyə
gəlib. Lakin unutmayaq ki, bu kitabların ərsəyə gəlməsi
üçün böyük bir komanda, yaradıcı qüvvə
və Üzeyirsevər insanlar çalışıblar.
"Ömür albomu" dahi bəstəkar Üzeyir
Hacıbəylinin həyatı və yaradıcılıq
yoluna bir foto səyahətdir. Albomda bəstəkarın
uşaqlığı, gəncliyi, kamillik dövrü,
yaradıcı və sənət dostları, həmkarları,
tələbələrinin fotoları, afişalar, proqramlar və
sair yer alıb. Arxiv materillarının toplanmasında, şəkillərin
seçilməsində bəstəkar S.Fərəcovala birgə
çalışmış Üzeyir Hacıbəylinin
Ev-muzeyinin əməkdaşı Nərgiz Qədirovaya da
xüsusi təşəkkür düşür.
"Uşaqlara hədiyyə" səs və
fortepiano üçün yazılmış uşaq
mahnılarından ibarət məcmuədir. Bu məcmuə
"Azərbaycan Türk-El nəğmələri"
(1927) və K.Səfərəliyevanın redaktorluğu ilə
ərsəyə gəlmiş "Uşaq albomu" (1961) məcmuəsi əsasında ərsəyə
gəlib. "Azərbaycan Türk-El nəğmələri"
məcmuəsində xalq mahnıları ilə yanaşı,
"Yetim quzu", "Ninni", "Bir quş
düşdü havadan", "Biçinçiyəm",
"Çək şumla yeri", "Zəhmətin
işığı", "Səhər-səhər yaz
çağı", "Şəfəq sökülərkən",
"Çıxdı günəş", "Beşik
başında" mahnıları, bəstəkarın
özünəməxsus olsa da, el havası kimi təqdim
edilib, folklorizasiya olunub. Lakin S.Fərəcov həmin
mahnıları bir araya yığaraq "Uşaqlara hədiyyə"
adı ilə təqdim edir. Not qrafikinin yeni versiyada
yığılmasında Üzeyir Hacıbəylinin
Ev-muzeyinin əməkdaşı Vəfa Bağırzadənin
əməyi yüksək qiymətə layiqdir.
lll
"Üzeyir Hacıbəylinin Ev-muzeyi haqqında
broşür" bu muzeyi ziyarət edənlərə dəyərli
töhfədir. Bu məkanı ziyarət edənlər hər
zaman buranın aurasına heyran qalır, muzeydə əldə
etdikləri bilgiləri yadda saxlamağa
çalışırlar. Bu baxımdan nəşr edilən
broşür muzeyin ziyarətçiləri üçün nəzərdə
tutulan ən xoş hisslərin, ən nəfis təəssüratların
əksi kimi gözəl hədiyyələrdən biridir.
lll
"Unudulmaz incilər" xüsusi bir məcmuədir
desək, yanılmarıq. Çünki burada təkcə
Üzeyir Hacıbəylinin unudulmuş əsərləri
deyil, həm də bəstəkar Sərdar Fərəcovun Üzeyir
irsinə dair apardığı tədqiqatların,
araşdırmaların məhsulu var. Məcmuəyə
"Milli marş", "Şeyx Sənan" operasından
3 fraqment ("Müqəddimə", "Qızların
xoru", "Şeyx Sənanın eşq etirafı"),
Simfonik rəqslər ¹1, Simfonik rəqslər ¹2, "Bahar nəğməsi",
"Aşıqsayağı" əsərləri daxildir.
Partituranın not qrafikinin yığılmasını
istedadlı musiqiçi Yavər Nemətli həyata
keçirib.
lll
Nəşrdəki "Bahar nəğməsi"
sözləri və musiqisi Üzeyir Hacıbəyli tərəfindən
yazılan, yazın nəfəsini canına çəkən ən
gözəl mahnılardan biridir. Bu əsər Üzeyir
Hacıbəylinin Ev-muzeyinin fondunda birsəsli şəkildə,
səs və fortepiano üçün əlyazma variantında
qorunur. Əlyazma daha çox bəstəkarın ilk
yazdığı varianta - qaralamaya bənzəyir. Lakin S.Fərəcovun
yeni redaktəsi nəticəsində çoxsəsli hal alıb
(xor səsləri olan soprano, alt, tenor, bariton) və simfonik
orkestr üçün nəzərdə tutulub.
Sərdar Fərəcovun tədqiqatlarından məlum
olur ki, əsərin dəqiq yazılma tarixi məlum olmasa da,
mətnin latın hərfləri ilə yazılmasını nəzərə
alaraq nəğmənin 1920-30-cu illərə aid olduğunu təxmin
etmək mümkündür.Əsər bəstəkar S.Fərəcov
tərəfindən fortepiano və səs, fortepiano və simli
kvartet, eləcə də xor və simfonik orkestr
üçün işlənilib.
lll
Məcmuədə bəstəkarın "Simfonik rəqs
¹1", "Simfonik rəqs ¹2" adlı əsərləri də
xüsusi diqqətəlayiqdir. Həmin əsərlərə məhz S.Fərəcov "simfonik
rəqs" adı verib. Qeyd edək ki, 1990-cı illərdə
"Simfonik rəqslər"in notlarını S.Fərəcova,
qaralama halında və natamam
şəkildə,
Üzeyir Hacıbəylinin Ev-muzeyinin keçmiş
direktoru R.Xəlilov təqdim etmişdi. Onun təşəbbüsü
ilə S.Fərəcov həmin əsərləri B.S.O
üçün işləyərək partitura şəklinə salıb.
Bu gün həmin partituralar Üzeyir Hacıbəylinin
Ev-muzeyinin fondunda qorunur.
lll
"Milli marş"ı Üzeyir Hacıbəyli
1917-ci ildə bəstələyib. 1919-cu ildə yenidən
işlənən bu əsər o zaman hökumət tərəfindən
dövlət himni üçün elan olunan müsabiqəyə
təqdim edilmiş, birincilik qazanmışdı. Lakin 1920-ci
il aprel çevrilişindən sonra bir daha ifa olunmayıb, hətta
notları itirilmiş hesab olunurdu. Həmin marşın musiqi
mətni birsəsli halda türk musiqişünası Eten
Üngörün "Türk marşları" kitabında
(1996) çap olunub. 1991-ci ildə "Milli marş" bəstəkar
Sərdar Fərəcov tərəfindən yenidən redaktə
edilib, dördsəsli xor və simfonik orkestr üçün
işlənib.
Üzeyir Hacıbəylinin "Milli
marş"ının musiqisinin bərpa olunmuş mətni
2005-ci ildə bəstəkarın 120 illik yubileyi münasibətilə
"Vətən. Millət. Ordu" məcmuəsində
çap olunmuşdu. Ev-muzeyinin əməkdaşları tərəfindən,
bəstəkar S.Fərəcovun redaktəsi altında
hazırlanmış bu məcmuədə "Milli
marş"ın poetik mətnində bir sıra dəyişikliklər
özünü göstərir.
lll
Üzeyir Hacıbəylinin
"Aşıqsayağı"sı onun ən çox sevilən
və ifa olunan əsərlərindən biridir. Lakin bu məcmuəyə
daxil edilmiş
"Aşıqsayağı" əsəri bəstəkarın
tələbəsi Qara Qarayevin fərqli
baxışlarının təfsiri - simfonik orkestr
üçün işləməsidir. Əsərə dair S.Fərəcov
tədbirdəki çıxışında
bildirib:"Üzeyir Hacıbəyli hər bir bəstəkar
üçün mənəvi qidadır. Uzun və
yenilikçi axtarışlarına görə Qərb ənənələrinə
üz tutan Qara Qarayev sonda ən düzgün
yaradıcılıq yolunu, daxili suallarına dair
cavablarını və ən əsas yenə də öz mənəvi
qidasını məhz Üzeyir Hacıbəyli də
tapır!"
lll
2009-cu ildə "Şeyx Sənan"
operasının librettosu əsasında bəstəkar S.Fərəcov
öz tədqiqatlarına başlayıb və 2012-ci ildə "Şeyx Sənan"
operasına daxil olan musiqi nömrələrindən bəzilərini
aşkarlayaraq onları bərpa edib.
Bərpa olunan musiqi nömrələri bunlardır:
1) I pərdədən Xorun oxuduğu -"Xəlqi edən
məftun" adlı "Müqəddimə"
2) II pərdədən "Şeyx Sənanın
Eşq etirafı" ("İnsaf eyləyin, halıma
yanın" ariyası)
3) II pərdədən "Qızların xoru"
Məlumdur ki, "Şeyx Sənan" operasına yazılmış musiqi
nömrələri Üzeyir Haclbəylinin digər əsərlərində
başqa adlarla yaşayır. S.Fərəcov müəyyən
edib ki, "Şeyx Sənan" operasına aid olan
"Müqəddimə" sonradan Üzeyir Hacıbəyli tərəfindən
"Ər və arvad" musiqili komediyasına "Nökərlərin
xoru" (III pərdə) adı ilə daxil edilib. Bəstəkar
Sərdar Fərəcov hər üç musiqini BSO
üçün işləyib və əsərə kifayət
qədər harmonik, polifonik çalarlar daxil edib. Eləcə
də yeni redaktədə xordan əlavə solo tenor və
soprano partiyaları da verilib.
Ümumilikdə, hər 3 musiqi nömrəsinə dair
orkestrləşdirmə və
redaktə işi çox uğurlu olub.
lll
Təqdim edilən yeni nəşrlər, təbii ki,
Üzeyir Hacıbəylinin yubileyinə dəyərli töhfələr
oldu. Lakin bu gözəl tədbirin bir sevincli tərəfi də
Sərdar Fərəcovun payına düşür.
Çünki S.Fərəcov 30 ildən çoxdur ki,
Üzeyir Hacıbəyli irsinin,
yaradıcılığının tədqiqatı ilə məşğul
olur. O, dahi bəstəkarın yaradıcılıq irsinin nəinki
tədqiqatçısı, həm də təbliğatçısıdır,
Üzeyir irsinin fədakar mühafizəçisidir.
Tədbirin sonuna doğru paylanan kitablar məhz Sərdar
Fərəcovun çoxillik zəhməti əsasında bərpa olunan və Üzeyir irsindən
xalqına ötürülən növbəti incilərdir.
Humay FƏRƏCOVA
525-ci qəzet .- 2025.- 22 oktyabr (¹ 192).- S.14.