Gənclər Kitabxanasında Cəfər
Cabbarlının “Sevil” və “Almaz” əsərlərinin
müzakirəsi təşkil edilib
Cəfər Cabbarlı adına Respublika Gənclər
Kitabxanasında kitabxana, “Xan” nəşriyyatı və “Azərbaycan
oxucuları” Kitab klubunun birgə təşkilatçılığı
ilə görkəmli dramaturq Cəfər Cabbarlının
“Sevil” və “Almaz” əsərlərinin müzakirəsi təşkil
edilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirin fəxri
qonağı Cəfər Cabbarlının ev-muzeyinin rəhbəri,
Əməkdar mədəniyyət işçisi, Cəfər
Cabbarlının nəvəsi Qəmər Seyfəddinqızı
olub.
Cəfər Cabbarlı
yaradıcılığının gənclər arasında təbliği,
əsərlərinin müzakirəsi məqsədilə təşkil
edilən tədbirdə “Azərbaycan oxucuları” Kitab klubunun
üzvləri, müxtəlif ali təhsil ocaqlarının tələbələri
iştirak ediblər.
Kitabxananın Elmi işlər üzrə direktor
müavini Günay Həsənova 1937-ci ildən Cəfər
Cabbarlının adını daşıyan Respublika Gənclər
Kitabxanasında Azərbaycan mədəniyyətinin, ədəbiyyatının
görkəmli nümayəndələrinə həsr edilən
tədbirlərin keçirilməsi zəruriyyətini
vurğulayıb.
Cəfər Cabbarlının ev-muzeyinin rəhbəri
Qəmər Seyfəddinqızı ədibin həyat və
yaradıcılığı haqqında məlumat verərək,
onun milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü
olmasını, qadın azadlığı mövzusuna daim həssas
münasibət bəslədiyini bildirib. Ailəsinin xatirələrini
dilə gətirərək, Cəfər Cabbarlının
yaradıcılığı, ədəbi və ictimai fəaliyyəti
ilə bağlı maraqlı epizodları
bölüşüb.
“Azərbaycan oxucuları” Kitab klubunun nümayəndəsi
Əfsanə Ağayeva Cəfər Cabbarlının o
dövrdə qələmə aldığı, müraciət
etdiyi mövzuların, ön plana çəkdiyi problemlərin
bu gün də aktual olduğunu və bununla da görkəmli ədibin
zəngin irsinin bir klassika, gənclər üçün bir
örnək olduğunu qeyd edib.
“Xan” nəşriyyatının nümayəndəsi
Aysel Səfərova son illərdə nəşriyyat tərəfindən
çap olunan Sona xanım Cabbarlının xatirələri əsasında
toplanan “Xatirə ədəbiyyatı” silsiləsindən “Onu
kim unudar?” kitabı, “Sevil” və “Almaz” nəşrləri
haqqında məlumat verərək, “Milli klassika”
seriyasından çap edilən nüsxələri Qəmər
Seyfəddinqızıya hədiyyə edib.
Ədibin həyat və yaradıcılığı
ilə bağlı məlumatları diqqətə
çatdıran Qəmər Seyfəddinqızı müzakirə
olunan əsərlərlə bağlı düşüncələrini,
təhlili fikirlərini gənclərin diqqətinə
çatdırıb. Tədbirdə Cəfər
Cabbarlının ustalıqla yazılan və bir sıra məsələlərdə
hələ də aktuallığını itirməyən əsərləri,
onların mövzuları və personajları geniş
müzakirə olunub.
Müzakirələrdə yaxından iştirak edən
gənclərin Cəfər Cabbarlı
yaradıcılığı ilə bağlı fikirləri
dinlənilib və onları maraqlandıran suallar
cavablandırılıb.
Kitabın müzakirəsində kitabxana tərəfindən
hazırlanan “Sənəti ilə həyata yol göstərən
Cəfər Cabbarlı” adlı videomaterial nümayiş
olunub.
Sonda Qəmər Seyfəddinqızı Cəfər
Cabbarlının xatirəsinə həsr edilən tədbirin
təşkilinə görə kitabxanaya dərin təşəkkürünü
bildirib.
525-ci qəzet .- 2025.- 22 oktyabr (¹ 192).- S.12.