Missiya -
yazıçı
Bu il görkəmli Azərbaycan alimi, tərcüməçi,
publisist, müəllim və yazıçı Əlibala
Hacızadənin anadan olmasının 90 illiyi tamam oldu.
Haqq dünyasına köçərkən bəzi
insanlar ürəklərdə və yaddaşlarda təkrarsız
və silinməz iz qoyurlar. Əlibala Hacızadə də məhz
belə nadir insanlardan idi. O, bir ömürdə bir neçə
ömür – yazıçı, şair, tərcüməçi,
alim, pedaqoq ömrü yaşasa da, onun bir siması var idi.
Əlibala müəllim Azərbaycan kəndlərinin
birində məktəb müəllimlərinin ailəsində
dünyaya gəlmişdi. İkinci Dünya müharibəsi,
valideyn itkisi onun erkən yaşında mənəvi
yetişməsinə, insan təbiətinin dərin
qatlarını dərk etməsinə səbəb olmuşdu.
İlk pyesini hələ 6-cı sinifdə yazmış və
sinif yoldaşları ilə birlikdə səhnələşdirmişdi.
Yazıçının “Yada düşdü” ilk hekayəsi
universitetin divar qəzetində dərc olunmuş və gənc
yazarın fitri istedadına diqqəti çəkmişdi.
İlk şeirləri isə “Azərbaycan gəncləri” qəzetində
dərc olunmuşdu.
Lakin ona əsl şöhrət gətirən və
tanıtdıran “Təyyarə kölgəsi” romanı oldu.
Roman məzmunu və özünəməxsus
yazılış üslubu ilə ənənəvi əsərlərdən
fərqlənirdi.
Bu, yaxşı mənada, səs-küy salmış
romanda Əlibala Hacızadə əxlaq, insan təbiəti,
elmi mühitdə və ümumiyyətlə, cəmiyyətdə
yer tutan konformizm məsələlərinə toxunub. Həyatın
bütün sınaqlarından keçərək
özünə xəyanət etməyən, şərəf
və ləyaqətini qoruyan insanları təsvir edib. Bu,
yaşadığımız dövrün diktə etdiyi
reallığının yeni səviyyədə dərk edilməsi
idi. Bu baxımdan, roman Azərbaycan ədəbiyyatına yeni nəfəs
gətirmiş, böyük əks-sədaya səbəb
olmuşdu. Roman haqqında sonralar da az danışmadılar.
Onun işıq üzü görməsi
özü-özlüyündə təəccüb
doğururdu. Axı yazıçı bu əsərdə
yalnız müasirlərinin həyatını qələmə
almamışdı, eyni zamanda illər sonra baş verəcək
geosiyasi proseslərin işartılarını özünəməxsus
həssaslıqla sızdıra bilmişdi.
Əlibala Hacızadənin Əfqanıstandakı
dördillik xidməti – hərbi tərcüməçi kimi
ezamiyyəti – izsiz ötüşmədi. Bu uzunmüddətli
səfərin nəticəsində məşhur “İtkin gəlin”
trilogiyası yarandı. Yazıçı oxucuları
Əfqanıstan mühitinə apararaq bu ölkənin həyatını
və mədəniyyətini tanıtdı. Əsərlərdə
emosional dərinlik heyrətamiz süjet, realistik təsvirlər
və güclü yaddaqalan obrazlarda öz əksini
tapmışdı ki, bunlar da oxucularda empatiya hissi
oyadırdı. Əlibala müəllimin nəsri daima həyatın
özü, insan xisləti, insanın yer üzündə
missiyası barədə düşüncələr idi.
Yazıçının əsərləri o qədər
oxunaqlı və məşhur idi ki, Ümummilli lider Heydər
Əliyevin şəxsi göstərişi ilə onun
kitabları bir neçə dəfə yüz min tirajla
çap olunmuş, bu da həmin dövr üçün
görülməmiş hadisə və inanılmaz uğur
idi. Milyonlarla oxucunun sevgisi və səmimi rəqbəti onun
üçün həm yazıçı, həm də təvəzökar
bir insan kimi ən ali mükafat idi. O, müxtəlif səbəblərə
görə başqalarının susduğu mövzuları
qaldırmağı bacarırdı.
Əlibala Hacızadə elə yazıçı idi
ki, hər kitabı ölkənin mədəni həyatında
hadisəyə çevrilirdi. Onun romanları özü kimi
möhtəşəm cazibə qüvvəsinə malik idi.
Bu cazibə zamanla itmirdi - əsərlərini oxuyan hər kəs
əvvəlki kimi qala bilmir, daha saf, daha səmimi olmaq istəyirdi.
Əlibala Hacızadənin həyatı heç də
asan olmayıb. O, hadisələrlə, qazanclarla, itkilərlə,
yüksəlişlərlə və enişlərlə dolu
bir həyat yaşayıb. Lakin o, heç vaxt istedad və
şərəf zirvəsindən enməyib...
Əlibala Hacızadə həm də nurlu, gülərüz,
müdrik insan, maraqlı və hazırcavab həmsöhbət
kimi xatırlanır. O, “bürünc heykələ
dönmüş klassik” kimi görünməsə də,
əsl klassik idi. Onda gənclik həvəsi vardı və bu
həvəs yaşa dolandan sonra da qorunub
saxlanılmışdı.
Müdriklik, yüksək insani keyfiyyətlər, zəka,
həssas daxili aləm və daxili azadlıq –
yazıçının bu xüsusiyyətlərini dəyərləndirməmək
mümkün deyil.
Əlibala müəllim böyük şəxsiyyət
idi və öz mənəvi zənginliyi ilə bir
dövrü zənginləşdirdi, ölkəmizin mədəniyyətinə
böyük töhfələr verdi. Belə insanlar
xalqın əsl intellektual sərvətidir!
Əlibala Hacızadənin
yaradıcılığı, zəngin parlaq həyatı təkcə
bir dövrün səsi deyil, həm də o dövrün nəslinə
həsr olunmuş bir himndir. Təəssüf ki, bu nəsil
bizdən surətlə ayrılır...
Yazıçının özü isə inanırdı ki,
fiziki ölümündən sonra da əsərlərı
ilə yaşayacaq...
Əilbala Hacızadənin fitri istedadı və insani
nuru Azərbaycan ədəbiyyatı səmasında 50 il ərzində
parladı. Bu işıq Ustadın haqq dünyaya qovuşmasından
illər keçsə də, hələ də parlayır və
uzun illər də parlayacaq!
Sevgi ilə xatırlayırıq!
Asya HACIZADƏ
Əməkdar jurnalist
525-ci qəzet .- 2025.- 22 oktyabr (¹ 192).- S.12.