Yaxşılıq
sindromu - səmimiyyətin sosial maskası
Esse
Elə bir dövrdə yaşayırıq ki,
insanlıq getdikcə daxili keyfiyyətdən daha çox
sosial imicə çevrilir. Demək olar ki, hər kəs
yaxşı görünmək arzusundadır, amma az adam həqiqətən
yaxşı olmaq istəyir. "Yaxşı insan" olmaq
anlayışı bir növ reputasiya oyunudur: kim daha çox
gülümsəyir, daha empatik davranır, daha təmkinli
görünürsə, o da "nümunəvi"
sayılır. Ancaq təəssüf ki, çox zaman bu
yaxşılıq səmimiyyətdən daha çox, qorxunun
nəticəsi olur. Amandır, birdən kimsə bizi bəyənməz,
kiməsə xoş gəlmərik, sosial çevrədən
kənar qalarıq. Bütün bu qorxular bizi özümüz
olmaqdan çıxarıb, saxta "yaxşı adam"a
çevirir.
"Yaxşılıq sindromu" psixoloji baxımdan,
başqalarında asılılıq formasıdır. İnsan
öz mənəvi dəyərlərini, ruhi
ehtiyaclarını deyil, başqalarının gözündəki
imicini əsas götürür. Bu zaman o, artıq
vicdanının səsini deyil, ictimai reaksiyanı dinləyir.
"Əgər bunu etməsəm, məni pis insan hesab edərlərmi?"
- bu sual içimizdəki səmimi "doğru budurmu?"
sualını əvəzləyib.
Sosial şəbəkələrin inkişafı ilə
bu sindrom daha da artıb, fərdlərdən keçərək
bütöv cəmiyyəti əhatələyib.
Çünki orada yaxşılıq bir dəyər yox, bir məzmun
formasıdır. İnsanlar yardımı belə öz
içlərindən gələn səslə yox, sanki
kameranın gözü ilə edirlər. Onları etdikləri
yardımdan daha çox, onun kameraya necə yansıması
maraqlandırır. Bir kimsəyə kömək etmək belə
"hekayə materialı"na çevrilir. Həqiqi hisslər
sosial jestlərin altında itib gedir.
Halbuki yaxşılıq, mahiyyətcə,
görünməyə yox, gizlənməyə meyillidir.
Atalarımız da deyib axı, "sağ əlin verdiyini sol əl
bilməz". Əsl yaxşı insan bunu göstərməz,
onun üçün əsas olan öz vicdanının
rahatlığı, qəlbinin aramıdır, sosial
reputasiyası yox.
Amma müasir mədəniyyət bizə başqa dəyərlər
təlqin edir: "Səni görmürlərsə, deməli,
yoxsan". Bu düşüncə səmimiyyəti sistematik
şəkildə sıradan çıxarır. Cəmiyyət
getdikcə səni "həddən artıq yaxşı
görünməyə" məcbur edir.
Uşaqlıqdan bizə ən çox öyrədilənlərdir:
"hamı ilə yaxşı ol", "mülayim
davran", "heç kimin xətrinə dəymə",
"səsini qaldırma, filankəs nə düşünər?",
"etiraz etmə, filankəsin xətrinə dəyər"
və sair.
Zaman keçdikcə bu təlqinlər biz hiss etmədən
şəxsi sərhədləri pozur. Artıq bizim
üçün öz istəklərimizi dilə gətirmək,
ən azından "yox" demək sanki qəbahətə
çevrilir. Halbuki "yox" demək, əksər hallarda,
"bəli" deməkdən daha çox insanlıq tələb
edir.
Yaxşılıq sindromu bizi emosional yorğunluğa
aparır. Daim başqalarının gözündə
"mehriban", "empatik", "mədəni"
görünmək insanı tükəndirir. Çünki bu,
roldur. Bir rolu davamlı oynamaq, hətta gün keçdikcə,
onun üstünə nələrisə əlavə etmək
insandan daha artıq enerji istəyir. Axı heç kim sonsuz
enerji qaynağı deyil. Yaxşılıq da, pislik də, təsdiq
də, inkar da, mülayimlik də, əsəbilik də insanlar
üçündür, insan təbiətinin ən təbii
duyğularıdır. Ona görə də bəzən cəmiyyətdə
ən mehriban, ən mülayim görünən insan, əslində,
içində ən çox qəzəb
yığılmış birisi ola bilir. Yəqin ki, siz də
eşitmisiniz, hansısa cinayətkar haqqında deyilən
"çox mülayim insan idi, heç zaman ondan bunu gözləməzdik"
sözlərini. Halbuki bəlkə də onu mülayimliyə
məcbur etməyib, özü olmasına icazə verilsəydi,
içindəki qəzəbi yanlış yollarla çölə
vurmazdı. Bir növ püskürən vulkan kimi...
Əsl yaxşılıq çox zaman rahatlıq gətirmir.
Bəzi hallarda doğru söz demək
qarşındakını narahat etməkdir. Məsələn,
dostunun səhvini dürüstcəsinə üzünə demək
münasibəti riskə ata bilər. Amma bu yenə də
yaxşılıqdır - dürüstlükdür. Bu gün
cəmiyyətimizdə tərs bir tendensiya var: konflikt
yaratmamaq, münasibəti pozmamaq, kiminsə könlünü
sındırmamaq üçün yalanları qəbul edirik.
Beləcə, yaxşılıqla yaltaqlıq, empati ilə
saxtakarlıq arasındakı sərhəd silinir.
Yaxşılıq sindromu həm də sosial
rahatlığa çevrilir. İnsan düşünür ki,
"əgər hamı susursa, mən niyə
danışım?", "əgər hamı
razıdırsa, mən niyə narazı olum?" Bu zaman
"yaxşı" olmaq sistemə uyğunlaşmaq
anlamına gəlir. Halbuki tarixdəki bütün dəyişikliklər
"pis", "narahat", "uyğunsuz" görünənlərin
sayəsində baş verib.
"Yaxşı insan" obrazına aludəlik
insanın təbii duyğularını boğur. Qəzəblənmək,
inciyib küsmək, anlaşılmamaq da insani hallardır. Amma
biz indi bu vəziyyətdən utanırıq. Çünki
"pis görünmək" qorxusu "hiss etməyi"
sıradan çıxarır.
Bəlkə də bizə "yaxşı" olmaq
deyil, "düz" olmaq lazımdır. Bəli, ola bilər
ki, düz olmaq, bəzən münasibətləri pozur, hətta
başımızı ağrıdır, amma iç
dünyanı təmiz saxlayır. Düz insanın dostu az
olar, doğrudur, amma yalanı da az olar.
Yaxşılıq sindromundan azad olmağın yolu
sabitliyi bərpa etməkdir. Kimisə səmimi olmağa məcbur
etmək də olmaz. Səmimiyyət ya var, ya da yoxdur. O, "məni
bəyənin", "məni görün" demir. O, səssiz,
sadə, görünməz olur. Amma bütün
saxtalığın içində ən çox
işığı da o yayır.
Biz indi elə bir zamanda yaşayırıq ki,
dürüstlük üsyandır, səmimiyyət riskdir. Amma
bu riskə dəyər. Çünki saxta
"yaxşılıqlar"la dolu cəmiyyətdə bir nəfərin
səmimi olması, elə ən böyük
yaxşılıqdır.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 22 oktyabr (№ 192).- S.11.