Sükutun ictimai psixologiyası
Esse
Cəmiyyətlər, hətta hakimiyyətlər belə,
səssizliklə çökür. Tarix göstərir ki, ədalətsizlik
bir gündə yaranmır; o, insanların bir-bir sükuta qərq
olduğu, "mənlik deyil" dediyi anlarda
böyüyür. Sanki hər birimiz içimizdə
kiçik bir vicdan tribunası idarə edirik, amma bu tribunal
çox zaman iclas keçirmir. "Qoy başqası
danışsın", "mənim sözüm nəyi dəyişəcək
ki?" - bu cümlələr sükuta qərq olmuş
çoxluğun manifestidir.
Bu çoxluq səhvlərə reaksiya vermir, ədalətsizliyə
səs çıxartmır, "başını
aşağı salıb" öz işi ilə məşğul
olurmuş kimi görünsə də, əslində, ona diktə
edilənə boyun əyir. O, nə zalımdır, nə qəhrəman.
Onun tək istəyi sadəcə, rahat yaşamaqdır. Lakin
tarix də bunu sübut edir ki, ən təhlükəli
insanlar zalımlar yox, zalımlara göz yumanlardır. tarixdə
ən insanlar zalımlar yox, zalımlara göz yumanlardır.
Çünki zülmü davam etdirən yalnız zülm edən
deyil, ilk növbədə, zülmə öyrəşəndir.
Biz çox zaman "vicdan əzabı"ndan
danışırıq, amma çox az hallarda "vicdan
rahatlığı"nı analiz edirik. Halbuki bu, daha əsasdır.
Vicdan əzabı insanın içində hələ də
bir ümidin yaşadığını göstərir. Amma
rahat vicdan artıq o ümidin ölməsidir. İnsan
yanlışlığa qarşı susanda içində bir
sükut yaranır, o sükut zamanla daşlaşır və dəyişdirmək
mümkün olmayan bir rahatlığa çevrilir.
Əsl təhlükə elə bu rahatlıqdır.
Kimsə iş yerindəki ədalətsizliyi görür, amma
"birdən problem olar" deyib susur. Kimsə yalanı
eşidir, amma "hamı belə edir" deyərək
keçib gedir. Hər kəsin öz bəraəti var. Cəmiyyətin
dağılma nöqtəsi də elə buradadır - hər
kəs öz içində bir bəraət tapanda məsuliyyət
itir.
Əgər bir xalq uzun müddət "mənlik
deyil", "mənə nə var?!" cümləsini təkrarlayırsa,
bu, artıq fərdi qorxu yox, milli sindromdur. Az qala, indi
haqsızlıq qarşısında susmaq "müdriklik"
kimi təqdim olunur. Guya sakit qalmaq, qarışmamaq daha
ağıllı davranışdır. Bir baxaq, tarix boyu ən
mühüm dəyişiklikləri "qarışanlar"
etmədimi?! "Mənlik deyil" deyənlər isə həmin
dəyişikliklərdən sonra elə ən çox sevinənlər,
"əl çalanlar" olublar.
Əslində, vicdanın səsi heç vaxt itmir. O,
sadəcə, bir müddətlik susur. Müəyyən anlarda
həzin-həzin içimizdən bir səs
pıçıldayır: "niyə bunu etmədin?",
"niyə belə demədin?" İnsan isə bu səsi
boğmaq üçün özünü "mümkün
olmayan reallıq"la aldadır. "Onsuz da heç nə dəyişməz"
- bu, həm bəraət, həm də susqunluğun
manifestidir. Amma tarixdə hər şey məhz bu cümlənin
təkzibi ilə edilib: "Birdən dəyişsə?"
Cəmiyyətin səssizliyini əsas idarə edən
qüvvə qorxudur. Qorxu fiziki təhlükə deyil, sosial təzyiq
formasıdır. İnsanlar yalnız həbsdən, işdən
çıxarılmaqdan deyil, etiketdən də qorxurlar.
"Qoy desinlər ki, qarışqanı belə incitməz",
"qoy məni sakit adam bilsinlər" - bu cür arzular
insanı mənəvi passivliyə sürükləyir. Amma
unuduruq ki, ədalətsizlik qarşısında sakit qalmaq da
zülmdür.
Bəzən bir insanın susması, yüz insanın
yalan danışmasından daha ağır nəticə verir.
Çünki insan danışanda, heç olmasa, mövqe
göstərir, susmaq isə özünü gizlətmək, hər
şeyi səssizcə, qəbul etməkdir.
Bütün cəmiyyətlərdə o susanların əksinə,
1-2 danışan da tapılır. Vicdan məhz onların danışdıqlarındadır.
Tarix də məhz bu səsləri unutmur. Əslində isə
onlar nə qəhrəman olmağı düşünürlər,
nə də liderlik xəyalına qapılırlar. Sadəcə,
ədalətsizlik qarşısında susmaq onların vicdan
anlayışlarına ziddir.
Bu insanlar cəmiyyətin güzgüsüdür.
Onlar danışanda, başqalarının içində
boğulmuş vicdan da tərpənir. Çünki vicdan bulaq
kimidir - üstünü torpaqla örtmək olar, amma tam məhv
etmək mümkün deyil.
Cəmiyyət komfortu sevən olur. Bu komfort həm
fiziki, həm də mənəvi rahatlıq verir. Bu mənada,
səssizlik ən ucuz rahatlıq formasıdır. Necə deyərlər,
"az aşım, ağrımaz başım!" Axı
danışmaq cəsarət tələb edir. Bunun
üçün nələrdənsə, ən önəmlisi,
rahatlığından vaz keçməyi bacarmalısan. Ondan
vaz keçməyi könüllü şəkildə
neçə nəfər bacarar ki?! Beləcə, həmin o ucuz
dediyimiz rahatlıq əslində, bizə ən baha başa gələn
komfort olur. Çünki sükut uzandıqca, ədalətsizlik
kök atır.
Çoxları düşünür ki, susmaq
neytrallıqdır, yəni "heç bir tərəfi
tutmuram". Amma əslində, susmaq çox vaxt
güclünün tərəfində olmaqdır.
Çünki haqsızlıq qarşısında neytral qalmaq
haqsızlığı bəsləməkdir. Vicdan təkcə
danışmaq, səs çıxarmaq deyil. Bəzən bir
baxış, bir jest də etiraz əlaməti ola bilir. Biz bəzən
bunları da çox görürük. Amma
düşünmürük ki, hər sükutun bir bədəli
var. Sükut səsdən daha çox iz buraxır.
Cəmiyyətin sağlamlığı onun nə qədər
çox danışması ilə deyil, nəyə görə
danışması ilə ölçülür. Vicdan, şəxsi,
fərdi məsələ deyil. O, ictimai enerjidir. Hər
insanın kiçicik cəsarəti, bütöv bir
dövrün dönüş nöqtəsi ola bilər. Ona
görə də bəlkə indi hər birimiz
özümüzə sadə bir sual verməliyik: "Mən
susmaqla kimi qoruyuram?" Çünki bəzən ədalətə
xidmət etməyin tək yolu sükutu pozmaqdır!
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 22 oktyabr (№ 192).- S.11.