Londonda Humay
Quliyevanın xatirəsinə həsr olunmuş xeyriyyə
konserti keçirilib
Əslən Azərbaycandan olan, hazırda Londonda fəaliyyət
göstərən beynəlxalq səviyyədə
tanınmış iki musiqiçi - Dr. Səbinə
Rakçayeva (skripka) və Dr. Günel Mirzəyeva (piano) -
İngiltərə paytaxtında yaddaqalan konsert proqramı təqdim
ediblər. "Şərqdən Qərbə" adlı
konsert musiqinin və xatirələrin dili ilə Beynəlxalq
Qırmızı Xaç Komitəsinin keçmiş əməkdaşı
Humay Quliyevanın qısa, lakin parlaq ömrünə, onun
xeyirxahlıq və humanizm dolu xatirəsinə həsr olunub.
Humay Quliyevanın Londondakı dostlarının təşkilatçılığı
ilə baş tutan konsert "World Heart Beat", "Embassy
Gardens" (3 Ponton Road, Nine Elms, London, SW11 7BD) ünvanında
keçirilib. Tədbir Azərbaycan və beynəlxalq icma
üzvlərini bir araya gətirərək, Humayın mərhəməti,
zəkası və daim yaşayan xatirəsi ilə
bağlı dərin duyğularla dolu təsirli, unudulmaz bir
axşam yaşadıb. Tanınmış bəstəkarların
əsərləri səsləndirilib, video təqdimatlar
nümayiş olunub, Humayın maraqlı həyat yolu, həyatı,
təhsilə sadiqliyi və humanitar dəyərlərə
bağlılığını əks etdirən
çıxışlar dinlənilib.
Konsertin konsepsiyası, bədii rəhbərliyi və
açılış çıxışı Humayı
yaxından tanıyan görkəmli skripka ustası Dr. Səbinə
Rakçayevaya məxsusdur. Musiqi axşamı boyunca onun
baxışı Şərq və Qərb musiqi ənənələrini
birləşdirərək səmimi və dərin mənalı
bir musiqi körpüsü yaradıb.
Humayın xatirəsini yaşatmaq və işini davam
etdirmək məqsədi ilə təsis edilən Huma Quşu
Təhsilə Yardım Fondunun prezidenti, Humayın anası, Şahlə Vəzirova
öz çıxışında musiqiçilərə və
təşkilatçılara, eyni zamanda iştirakları ilə fondun fəaliyyətinin
genişlənməsinə töhfə verən bütün
donor və dəstəkçilərə səmimi minnətdarlığını
bildirib.
Azərbaycanda və xarici ölkələrdə
istedadlı gənclərin təhsilinə dəstək verən
Huma Gushu Təhsilə Yardım Fondu 2022-ci ildə Humayın
ailəsi tərəfindən təsis edilib. Fond az gəlirli
ailələrdən olan istedadlı tələbələrə
bakalavr, magistr və doktorantura təhsili üçün təqaüd
və qrantlar ayırır, mentorluq və inkişaf
proqramları ilə onların məqsədlərinə
çatmasına yardım edir. Qarabağ müharibəsi
veteranlarına informasiya texnologiyaları və digər bazar
yönümlü ixtisaslar üzrə təlimlərin təşkili
də Fondun fəaliyyətinin prioritet istiqamətlərindən
birini təşkil edir.
Fondun fəaliyyəti tam şəkildə
könüllülər tərəfindən həyata
keçirilir və onlar Humayın fədakarlıq, təhsil və
sosial təsir irsini yaşatmaqda davam edirlər.
Fondun təşəbbüsləri Humayın Beynəlxalq
Qırmızı Xaç Komitəsində yeddi illik fəaliyyəti
dövründə qazandığı şəxsi vəsaitləri,
eləcə də onun xeyirxah missiyasını dəstəkləyən
donorların ianələri hesabına maliyyələşdirilir.
Konsertdən əldə olunan bütün gəlir Huma
Gushu Təhsilə Yardım Fondunun hesabına keçirilib və
beləliklə də, yeni istedadlı gənclərə maddi
dəstək imkanlarını daha da artırıb.
"525"
525-ci qəzet .- 2025.- 22 oktyabr (№ 192).- S.10.