Uşaq dünyası
AĞQANADIN NAĞILI
Bala kəpənəklər yeni-yeni qanad
açırdı. Nənə kəpənək onları
yanına çağırıb öyüd-nəsihət verməyə
başladı:
- Əziz balalarım, bizim bu dünyada düşmənimiz
quşlardır. Ələlxüsus da sərçələr.
Sizə indi başa salaram, onlardan necə
qorunmalısınız: Çalışın hər biriniz
adınıza, rənginizə uyğun çiçəklərlə
dostluq edin. Bax, Ağqanad ağçiçəklərlə,
Qırmızıqanad lalələrlə, Göyqanad bənövşələrlə,
sarıqanadda qaymaqçiçəklərlə dost olsalar,
yaxşıdır.
Balalar hamısı nənənin dedikləri ilə
razılaşdı. Təkcə Ağqanad buna ağız
büzdü:
- Məni quşlar qovanda çiçəklər neyləyə
bilər ki! Onların əlindən bir iş gəlməz. Yenə
də əlac öz qanadıma qalar.
Günlər ötüb keçdi. Ağqanad yuvadan
çıxıb havada var-gəl eləyirdi. Bu zaman bir sərçə
onu görüb qovarağa götürdü. Ağqanad var
gücüylə uçub canını qurtarmaq istədi.
Havada bir az uçmuşdu ki, nəfəsi təngiməyə
başladı. Bu anlarda nənəsinin öyüd-nəsihəti
yadına düşdü. Ətrafa göz gəzdirdi.
Yaxınlıqdakı ağ çiçəkliyi
görüb özünü ora yetirdi və bu çiçəklərin
arasında gizləndi. Sərçə çiçəkliyə
qonub nə qədər axtarsa da, Ağqanadı tapmadı və
oradan uzaqlaşdı.
Sərçənin uçub getdiyinə əmin
olduqdan sonra Ağqanad çiçəklikdən
çıxdı. Ağ çiçəklərə minnətdarlığını
bildirdi və həmin gündən nənəsinin
öyüd-nəsihətlərinə əməl edib ağ
çiçəklərlə dostluq etməyə başladı.
QOÇAQ AĞAC
Bir gün Ələsgər qardaşı Turquta dedi:
- Gəl hərəmiz bir ağac əkək. Görək
kimin ağacı qoçaq çıxır...
Qardaşlar belə də etdilər. Ələsgər
bir şaftalı tingi, Turqut isə bir qələmə
çubuğu əkdi. İkinci ildə Turqutun qələməsi
boy atıb Ələsgərin şaftalı ağacını
keçdi.
Turqut elə hey öyünə-öyünə
qardaşına deyirdi ki, mənim ağacım daha
qoçaqdır, sənin əkdiyin ağacdan hündür
olub!
Aradan həftələr, aylar ötüb keçdi.
Üçüncü ilin yayında bir gün Ələsgər
bağa gəlib Turqutu yanına səslədi:
- Turqut, ağacını çox tərifləyirdin.
Barından dər gətir, yeyək.
Turqut gözlərini döyə-döyə qaldı.
Ələsgər qardaşının qolundan tutub onu
özünün əkmiş olduğu şaftalı
ağacına sarı çəkdi:
- Turqut, mənim ağacım nübar kimi iki
şaftalı gətirib. Biri mənim, biri də sənin. Amma
unutma, o ağac qoçaqdır ki, bar-bəhər verir.
ETİBARSIZ QUŞ
Turqut dən yığılmış anbardan bir
qarğa tutdu. Ona karton qutudan yuva düzəltdi. Quşa bir həftədən
də çox qayğı göstərdi, dənini, suyunu bol
elədi. Ona elə gəlirdi ki, qarğa artıq bu yuvaya
öyrəşib. Buna görə də günlərin birində
yuvanın ağzını açıb quşu bayıra
buraxdı.
Qarğa yuvadan çıxan kimi pırıldayıb
uçdu və bir anın içində gözdən itdi.
Turqut nə qədər gözləsə də, quş
qayıdıb gəlmədi.
Oğlan çox kefsizlədi. Axır dözməyib
ürəyini babasına açdı:
- Baba, mən qarğamı buraxdım ki, qonşumuz
Zaurun göyərçinləri kimi gəzib-dolansın, sonra
da yuvasına qayıtsın. Ancaq o, qayıtmadı.
Baba acı bir təbəssümlə üzünü
nəvəsinə tutub dilləndi:
- Turqut, göyərçin etibarlı quşdur.
Qarğa isə yox. Sən qarğanı göyərçinə
tay tutma. Qarğa göyərçinin bir dırnağı da
ola bilməz. Göyərçin olan yerdə əmin-amanlıq,
sülh hökm sürür. Qarğa olan yerdə isə
qarıltı aləmi başına götürür.
Qarğa harda yem tapdı, elə orda da bənd alır, yuva
heç yadına düşmür. Bu dediklərimi yadında
saxla, bala. Bir də ki, heç kefini pozma. Sənə də
göyərçin alaram. Onu bəsləyərsən!
AĞACDAN YIXILAN AYI
Boz ayı səhərdən meşəni
başdan-ayağa, ayaqdan-başa dolansa da dişinə çəkməyə
bir şey tapmamışdı. O, fikirli-fikirli gəzinərkən
yaxınlıqdakı ağacın başında bir dələnin
atılıb-düşdüyünü gördü. Hərislikdən
gözləri par-par parıldadı. Cəld həmin səmtə
yaxınlaşdı və ağaca dırmaşmağa
başladı.
Ayının ona yaxınlaşmaqda olduğunu görən
dələ yuxarı qalxdı. Ancaq ayı onu gözdən
qoymur, arxasınca düşüb tutmaq istəyirdi. Daha
onların arasında elə də məsafə
qalmamışdı.
Ürkək-ürkək arxasına göz gəzdirən
dələ ağacın lap yuxarısındakı nazik budaqdan
sallaşdı. Aclıqdan yıxılmağı belə
gözünün altına almayan ayı da həmin nazik
budaqdan sallaşmaq istədi. Bu zaman budaq ayının
ağırlığına tab gətirməyib sındı və
o, daş kimi yerə düşdü.
Dələ artıq yaxınlıqdakı
ağacın başına atılmışdı. Sakitcə
dayanıb yerdə zarıyan ayıya tamaşa edirdi.
QOPARILMIŞ GİLAS QANADI
Yaz gəlmişdi. Bağda ağaclar çiçək
açmışdı. Balaca Zaur gilas ağacının
aşağı budağından bir nazik qanad qoparıb evə
gətirdi və su dolu bir qaba qoydu.
Bunu görən baba ona hirsləndi:
- Zaur, heç utanmırsan? Bu nə işdır
tutmusan? Bu çiçəklərin hər biri az sonra gilas
olacaqdı.
Zaur dilləndi:
- Baba, bilirəm. Özüm bu qanadı gətirdim ki,
evimizdə də gilas olsun. Bir bax, suyun içinə
qoymuşam.
Baba acı bir təbəssümlə dilləndi:
- Mənim balam, ağacın bar verməsi
üçün təkcə su deyil, günəş də,
torpaq da lazımdır. Üstəlik, kökü də
olmalıdır ki, torpağın alt qatına işləyib
dad-tam yığa bilsin! Başa düşdün?
Zaur gec də olsa, səhvini başa düşüb
susdu.
Ələsgər ƏLİOĞLU
525-ci qəzet .- 2025.- 23 oktyabr (№193).- S.15.