Adı qəlbimizdə,
ruhu zirvələrdə
İkinci Qarabağ müharibəsində qeyrətli Vətən
övladlarının qanı və canı bahasına Azərbaycan
Ordusu düşmən üzərində şanlı qələbə
qazandı. Beləliklə, 30 il ərzində işğal
altında qalan torpaqlarımız azad edildi,
xalqımızın həsrətlə gözlədiyi xoşbəxt
günlər başladı.
Bu tarixi Zəfərdə Vətən və torpaq
uğrunda canından keçən igidlərdən biri də
1995-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində
dünyaya gəlmiş Vüsal İlkin oğlu Qənbərli
idi. O, son damla qanına qədər döyüş
meydanını tərk etmədi. Polad iradəsi və mərd
sinəsi ilə düşmən gülləsinin
qarşısında dayandı və "Təki Vətən
yaşasın!" deyərək gözlərini əbədi
yumdu.
Vüsal Qənbərlinin göstərdiyi igidlik və
qorxmazlıq gənclərimiz üçün örnəyə,
xalqımız üçün isə qürur mənbəyinə
çevrildi. Düşmənin 23 saat 43 dəqiqəlik
müqaviməti məhz belə qəhrəman oğulların
fədakarlığı sayəsində puç oldu. Bu fədakarlıqla
Azərbaycanın yeni tarixi yazıldı, Vüsal
ölümsüzlüyə qovuşdu.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları
ilə Vüsal Qəmbərli ölümündən sonra
"Vətən uğrunda" və "Xocavəndin azad
olunmasına görə" medalları ilə təltif
edildi. O, xalqının qəlbində əbədi yaşayacaq
şəhidlər sırasında yer aldı.
Vüsal Qənbərli cismən aramızda olmasa da,
onu sevənlərin, Vətəni və milləti ürəkdən
sevənlərin qəlbində daim yaşamaqdadır.
Azərbaycan xalqının iftixar mənbəyi olan
şəhid Vüsal Qənbərli yeriməyə
başladıqdan sonra ailəsi ilə birlikdə Qaradağ
rayonuna köçmüşdü. Uşaqlıqdan qanında
Vətən eşqi, el sevdası axan Vüsal, orta məktəbi
bitirəndə artıq cəmiyyətdə sevilən və
hörmət edilən gənclərdən biri idi. Əsgərlik
çağı çatanda böyük sevgi və məsuliyyət
hissi ilə ordu sıralarına qoşuldu. Füzuli istiqamətində
xidmət edən Vüsal, müqəddəs bildiyi
torpaqları göz bəbəyi kimi qoruyur, komandirlərin
tapşırıqlarını dəqiqliklə yerinə
yetirirdi. O, Vətən uğrunda döyüşəcəyinə
and içmişdi və bu andına sadiq qaldı.
Ordudan tərxis olunduqdan sonra belə, düşmənin
törətdiyi ədalətsizliklər Vüsalın
içində bir alov kimi yanmağa davam edirdi. Qəlbində
daim mübarizə ruhunu daşıyan bu igid, 27 sentyabr 2020-ci
il tarixində başlanan Vətən müharibəsinə ilk
qoşulan könüllülərdən biri oldu. Qorxmadan, tərəddüdsüz
silaha sarılıb Vətənin müdafiəsinə
qalxdı.
Müharibə başladığı andan etibarən
erməni işğalçıları üçün əsl
kabusa çevrilən Vüsal, döyüş meydanlarında
onlara layiqli cavab verdi. Xüsusilə Qubadlı istiqamətində
düşmənə vurduğu sarsıdıcı zərbələr
yadda qaldı. Erməni silahlıları ağır itkilər
verərək geri çəkilməyə məcbur oldular.
Onun qəhrəmanlığı dillər əzbərinə
çevrildi.
Təəssüf ki, bu igid oğul Xocavənd istiqamətində
gedən ağır döyüşlərin birində -
düşmənin hücumunu dəf edərkən qəhrəmancasına
şəhid oldu. Vüsal Qənbərli 20 dekabr 2020-ci ildə
doğulduğu Günəşli kəndində torpağa
tapşırıldı.
Lakin Vüsalın ruhu göylərə yüksəldi,
adı isə tarixə və ürəklərə həkk
olundu. Onun həyat yolu - Vətənə bağlılıq, fədakarlıq
və qəhrəmanlıq nümunəsidir. Vüsal Qənbərli
- Azərbaycan gəncliyi üçün bir rəmz,
xalqımız üçün əbədiyaşar qəhrəmandır.
Zəfər ORUCOĞLU
525-ci qəzet .- 2025.- 23 oktyabr (№193).- S.14.