Xoşbəxt tale, xoşbəxt yol...
Şeir duyumdu, duyğudu, poetik mükalimələşmədi.
Yaxşı şeir oxucunun düşüncələrinin səmumuna
dönür, belə şeirlərin ruhunda bayatı müqəddəsliyi
də olur, min illərin o üzündən dikələn
milli-xəlqi ruhun pıçıltıları da, şairin
ruhunun işığı da. Belə şeirlər gözə
də xoş gəlir, könülə də.
Duyumdan düşüncələrə,
düşüncələrdən şeirə
köçürülən poetik işıq misra-misra, bənd-bənd
boy göstərib bəşəri düşüncələr
sistemində "Mən də varam!" deyir, səmimiyyətlə
deyir. Bu səmimiyyət şeirin də, şairin də ruhunun
dünyası kimi tanınır. Paşa Babakərlinin
"Taleyim - yol yoldaşım" şeirlər kitabı mənə
bir gerçəkliyi təkrar yaşatdı: duyumla təfəkkürün,
təfəkkürlə poetik ruhun ünsiyyəti, obrazlı
şəkildə desək, dan yeri söküləndə əsən
mehi, çiçək üstə şehi, yaz
yağışından sonra göy üzünə sərilən
qövsi-qüzehi xatırladanda necə gözəlləşirmiş!..
Paşa Babakərlinin "Vətən" şeirinin
məntiqi vurğusunu oxuyan (oxucu) hələ səslənməyən
and bilir. Vətən haqqında minlərlə şeir
yazılıb, minlərlə duyum şeirləşdirilib,
Paşa Babakərli havası, suyu, dağı, daşı,
bayrağı bildiyi Vətəni özünün dostu,
sirdaşı bilir. Bu dostluğun sədaqətliyinin,
etibarlığının zəmanəti "Xilaskar əsgərim"
şeirindədi, özünü də döyüşən əsgərlərin
ruh qardaşı bilən şair qürurla deyir:
Səsinə qurban kəsim,
Murovdan gəlir səsin;
Sən orda Tur dağımsan,
Tur, xilaskar əsgərim!
Azərbaycanın dövlət bayrağına onlarla
şeir yazılıb. Hər birində sevgi var, qürur var,
inam var, bir də sevginin özünəməxsusluğu var.
Paşa Babakərlinin "Azərbaycan bayrağı"
şeiri ricətdi sanki: "Başımız üzərində
həmişə sən olacaqsan!" deyimi "Bir daha enməyəcəksən"
fikrinin sinonimi kimi səslənir (dərk edilir). Bu qənaət
"Oğullar döyüşlərə gedib Vətən
oldular" fikri ilə yozulmalıdır (yozulur). Ona görə
də Paşa Babakərli deyir ki:
Yaşasaq, and yerimiz,
Ölsək, kəfənimizdi
Azərbaycan bayrağı!
Azərbaycana qarşı ərazi idiası Ermənistanın
elan etmədən başladığı
işğalçılıq müharibəsinə səbəb
oldu, torpaqlarımızın 20 faizi işğal olundu.
İşğal uzun çəkdi. O illərdə
poeziyamızın hərbi ruhun andına dönən
misraları ürəklərdən dikəldi. 2020-ci ilin 27
sentyabrında əks-hücum əməliyyatı ilə
İkinci Qarabağ müharibəsi başladı. Azərbaycan
Ordusu döyüşə-döyüşə qələbələr
qazandı. Qələbələr qazana-qazana
döyüşdü. Və noyabrın 8-də
Şuşanı işğldan azad etdi. Ermənistan məğlub
oldu, 2023-cü ilin 20 sentyabrında isə Azərbaycanın ərazi
bütövlüyü tam bərpa edildi.
Bilavasitə bayrağa həsr olunmasa da, Paşa Babakərlinin
"Sənin bayrağın" şeiri bayrağa sevgi kimi
oxunacaq - vətənpərvərlik şeiridi, vətənpərvərliyin
şeiridi. Uzaq Macarıstanda zabit rütbəsində milli
heysiyyətinin əsgəri olan Ramil Səfərova həsr
olunub, ramillərin ruhunun işığı var bu şeirdə.
Ona görə bunca düşündürücüdü,
bunca mahiyyətlidi, bunca emosiyaların poetik ifadəsi kimi qətiyyətlidi:
Şərəfdir yolunda verilirsə baş,
Nə qədər uluymuş bu torpaq, Allah!
Nə qədər doğmaymış bu ağac, bu
daş,
Nə qədər ucaymış bu bayraq, Allah!
Qarabağ gündüzlər düşüncələrimizdə
olub, gecələr yuxularımızda. İllah da şairlər
üçün, illah da tanıdığım, istedadına
bələd olduğum şairlər üçün, illah da
Paşa Babakərli üçün. "Məni Qarabağa
qaytar, əsgərim!" şeirinin bədii intonasiyası
deyir ki, haqlısan, Rəşid Faxralı:
Şuşasız bir günüm, bir gecəm olmur;
Məni Qarabağa qaytar, əsgərim!
Şuşaya yazılmş şeir kimi görünən
bu şeir işğalın sonuna aparan poetik yoldu və bu
poetik yol Azərbaycan poeziyasının Azərbaycan əsgərinə
sevgisinin, sevgisinə sədaqətinin rəmzidi,
düşünürəm (və belə düşünməkdə
haqlıyam)!..
Şuşaya nə qədər, nə qədər
şeir yazıldı, yazılacaq da. Paşa Babakərlinin
Şuşaya həsr etdiyi şeir bir qədər fərqli
düşüncəylə (və fərqli sevgiylə!)
yazılıb. "Filankəsin başına filankəsin
daşı düşdü" deyiminə yeni poetik
ülgü könüləyatımlıdı (müəyyən
mənada, Şuşa uğrunda döyüşənlərimizə,
bu döyüşlərdə şəhid olanlarımıza
poetik ehtiramdır):
Düşmən başına düşmüş
Daşım, xoş gördük səni.
Şuşam, xoş gördük səni!
Şuşam, xoş gördük səni!
Ruhumuzun şəhəri kimi hamı Şuşanı
ruhunun qibləsi bilirdi (elə indi də bilir).
Şuşanı görmək, Şuşaya getmək qalib
ordunu ziyarət deməkdi. Bu ziyarət Vətənə
sevginin ziyarətidi. Paşa Babakərli ruhurəvanların
ziyarətinin şəhid məzarlığında
tamamlanacağını bildirir, xatırladır ki,
"Bütün yollar bitəcək şəhid məzarlığında":
Şəhidlərin yanında özünüzə
yer seçin,
Bütün yollar bitəcək şəhid məzarlığında.
Paşa Babakərlinin ruhu Babakərdən, deməli,
Qaçağandan, deməli, Borçalıdan uzaq olmayıb.
"Yaxın qəribliyin" sızıltılarını
ruhunda hiss edən şair tarixi də qınayır, tarixin tərs
gərdişini də. Neçə yüz illər əvvəl
Suqovuşanda dikələn ağrı Borçalının
ruhunu sızlatmadadır. Ziyadoğluna görə, Nadir şah
həmin gün tarixi bir suçun boyuna "fərman həmayili"
asdı. Poeziyamız yüz illərdi bu həmayilə görə
sıxılcımlardadı.
Ağır töhmətidi Ziyadoğlunun,
İgid Cavad xanın qoludu Gəncə, -
deyən Paşa Babakərli olanların və
olacaqların şairi kimi düşüncələrini
aydınlığı ilə yazır:
Hələ öz yükünü özü tək
çəkir,
Məğrurdu, igiddi, şuxdu Borçalı.
Nakam sevgimizdi, elə bilin ki,
Başımız üstündə ruhdu
Borçalı,
Bir az Borçalıya diqqət göstərin!
Kimə yazılıb bu şeir? - mənə, sənə,
ona, hamımıza. Zaman anlamında dünənlərin
suçunu çəkməyə məhkum olanlara. Hərə
"öz yükünü götürür".
Paşanın dediyi "diqqət" mənəvi həmrəylikdi,
mənəvi əməkdaşlıqdı, mənəvi
borcödəmədi...
SSRİ dağıldı, SSRİ hökuməti rəhbərliyinin
liberallığı müstəqillik əldə edən
müttəfiq respublikaların siyasi imicinin üstündə
siyasi yellər əsdirdi, kimisinə "səmum", kimisinə
"meh", kimisinə "qasırğa". Və Avropa
kimisini qanadı altına aldı, kimisinin "qanadını
salmaq istədi". Belnəlxalq təşkilatlar da eləcə.
Paşa Babakərli heysiyyətli şair olaraq bu ikili
münasibətin - ikili standartın nəticələrini
gümandan daha çox gerçəklik müstəvisində
ifadələşdirib:
Bizim qanımızmış içinin yağı,
Yüz ölkənin gücü təkərciyində.
Sən demə, ən böyük dayanacağı
Ən böyük qaçqınlar şəhərciyində...
Bizi Avropaya aparan qatar.
"Xocalıdan qaçan körpə" poeması
ötən əsrin ən ağır faciəsinin sözlə
ifadəsidi. Faciənin ağrılarının poetik
anatomiyasıdı. Paşa Babakərli faciənin törədilməsindən
yazanda da, onun nəticələrindən danışanda da azərbaycançılığın,
milliliyin söz əsgəridi. Vaxtilə ordumuzda zabit kimi xidmət
etmiş Paşa Əmircanov (Babakərli) bu ağrılara
"bir köynək" yaxın olub. Bu yaxınlıq onun
düşüncələrinin masasına dönüb və
istedadlı şair Xocalıdan qaçan körpənin
obrazını yarada bilib: Xocalılılar Xocalıdan
qaçanda anası düşmənin əlinə keçməmək
üçün südəmər körpəsini boğur.
Amma onu atmır, özü ilə Ağdama aparmaqda qərarlı
olur. Paşa Babakərli Xocalıdan qaçan (ana
qucağında qaçan!) körpəyə xitabən
yazır ki:
Anan səni sinəsində
Dəli kimi aparırdı.
Bayaq canlı uşaq idin,
İndi isə ölü kimi aparırdı.
Ağdama çatanda... möcüzə! -
Birdən qəfil
gözlərini açırsan sən.
Nəfəs dərib
Tez ananı qucursan sən...
Poemada rəmz inamdır, sabahlara inam, həm də
poetik inam...
Şeir də, şeirlər kitabı da şairin
oxucusuyla mükalimələşməsidi, dedik. Şeir
yaxşı şeirdisə, kitab yaxşı kitabdı. Kitab
yaxşı kitabdısa, mükalimələşmə səmimi
söhbətləşmə olur. Paşa Babakərlinin
"Taleyim - yol yoldaşım" kitabı, inanırıq
ki, oxucularıyla səmimi mükalimələşməsi
olacaq...
Paşa Babakərlinin yol yoldaşı - şair taleyi
çox xoşbəxt imiş!..
Rəşid FAXRALI
525-ci qəzet .- 2025.- 23 oktyabr (№193).- S.12.