Üzeyir və Məleykə
MƏKTUBLARDA YAZILAN ROMAN
Azərbaycanın XX əsr mədəniyyət və
musiqi tarixində Üzeyir Hacıbəyli (Hacıbəyov) qədər
hələ öz sağlığında geniş şöhrət
qazanaraq tanınan və sonralar da adı və xatirəsi daim əziz
tutulan ikinci bir şəxs təsəvvür etmək çətindir.
İlahi istedad, böyük zəhmət, təhsil və qiraətlə
daim artırılan bilik, yeniliyə açıqlıq, maraq,
müşahidə, ünsiyyət, xeyirxahlıq, nəhayət
qayğı və məhəbbət kimi keyfiyyətlərin təcəssümü
olan bu insan nəinki öz zamanında, bəlkə də
Zamanın fövqündə doğulmuşdu. Belə ki,
yaşadığı bütün üç fərqli siyasi
quruluş, üç dövlət - Çar Rusiyası, Azərbaycan
Cümhuriyyəti, Azərbaycan SSR - şəraitində bütün
sarsıntı və təlatümlərə, maneə və
çətinliklərə baxmayaraq, özünütəsdiqin
bütün sınaqlarından keçərək baş
vurduğu hər sahədə peşə, həyatda isə
şəxsi Kimliyini saxlaya bilmişdi: bəstəkar, dirijor,
musiqişünas, pedaqoq, jurnalist, publisist, redaktor, naşir,
dramaturq, alim, ictimai-siyasi xadim! Oğul, Qardaş, Dost, Ər,
Qohum, Müəllim, sadəcə İnsan!
Lakin hətta bu gün də - Üzeyir bəyin 140
illik yubileyinin böyük təntənələr, yeni
kitablar, elmi məclislər, konsertlər, tamaşalar ilə
qeyd etdiyimiz günlərdə belə, biz Üzeyir bəyi
"Tanıyırıq!!!" - deməyə cürət edə
bilmərik. Belə ki, hələ çox cavan vaxtlarından
daim mətbuatın, daha sonralar ən müxtəlif sahələrdə
tədqiqatların diqqət mərkəzində olan bu
insanın həyat və yaradıcılıq yolu ilə ən
kiçik təmasdan sonra onun haqqında deyilən, yazılan,
öyrənilən ... bilik və məlumatların heç də
tam və kamil olmadığı aydınlaşır.
Neçə illər əvvəl - Üzeyir bəyin
son dərəcə məzmunlu və hadisələrlə zəngin
həyatını arxiv sənədləri əsasında təsvir
etmək təklifi ilə işə başladığım
zamandan bu həqiqəti özün üçün günbəgün
təsdiq edirdim. Bəlkə də buna görə - bu suallar
cavabsız qalıb, daha nə isə tapmaq olar -
düşüncəsi ilə işi bitirə bilmirdim,
heç indi də hələ bitirməmişəm.
Çünki çox tezliklə məlum olmuşdu ki,
Üzeyir Hacıbəyov hələ yalnız Azərbaycan
arxivlərindəki sənədlərdə adı keçən
tanınmış şəxsiyyətlər arasında bəlkə
də birinci yer tutur. Bütün bu illər ərzində 1-2
cild ehtimal edilən sənədlər toplusu üçün
17 müxtəlif arxiv fondlarından artıq 4-5 cildlik materiallar yığılıb və
axtarış prosesi hələ davam edir. Lakin illər də
gedirdi, odur ki, bütün cildləri hazırlayıb birdən
nəşr etmək fikrindən daşınası oldum. Və
bir qayda olaraq bütün böyük klassiklərin əsərlərinin
(burada sənədlərin) külliyyatlarının sonuncu
cildinə daxil edilən "Məktublar" hissəsinin nəşrini
qabağa salmağa qərar verdim. Üzeyir Hacıbəyova
ünvanlanan məktubların sayının yüzlərlə,
bəlkə də daha çox olduğu faktından
çıxış edərək onların içindən
Üzeyir bəyin yalnız öz ailə üzvləri,
qohumları və yaxınları ilə
yazışmalarını ayırdım.
Bu qərarımı şərtləndirən daha bir
mühüm amil vardı. Hələ 2013-cü ildə azərbaycanlıların
1918-ci il kütləvi qırğınlarına dair Fövqəladə
Təhqiqat Komissiyasının iki cildlik
"Şamaxı..." sənədlər toplusunu nəşrə
hazırlayarkən erməni quldur dəstələrinin dinc
müsəlman əhalisinə qarşı təsəvvürə
gəlməz qəddarlıqlarının
ağırlığından dərin stress keçirirdim. Bu əhvalın
ruhuma tam hakim kəsilməməsi üçün həmin sənədlərlə
paralel olaraq Üzeyir bəylə Məleykə xanımın
ülvi bir sevgi, təmizlik, səmimiyyət, qayğı dolu,
ruhu oxşayan, romantik aşiqanə məktublarını
kompüterdə yığırdım. Əslində
onları oxuduqca barmaqların özləri bu kövrək əl
yazılarını çap hərflərinə, mətnlərə
çevirirdi...
Tezliklə, bu məktubları siz də
oxuyacaqsınız...
İndi isə "Üzeyir Hacıbəyli. Şəxsiyyət.
Sənətkar. Vətəndaş. (Üzeyir Hacıbəyov
arxiv sənədlərində)" ümumi adı altında
çoxcildlik nəşrin I cildinə - "Məktublar. Xatirələr.
Teleqramlar. (Ailə üzvləri
və yaxın qohumları ilə yazışmalar)" -
yazdığım "Ön
söz"dən Üzeyir bəylə Məleykə
xanımın münasibətlərinə aid bir hissəni diqqətinizə
təqdim edirəm. Əminəm ki, çoxlarınız
özünüz üçün yeni bir Üzeyir Hacıbəyov
kəşf edəcəksiniz...
lll
300-dən artıq məktubu əhatə edən 9 fəsildən
ibarət I cildin I fəslinin materialları - Üzeyir bəylə
Məleykə xanımın yazışması, tək-tək
istisnalarla, demək olar ki, ilk dəfə nəşr
olunur.
Tarix etibarilə bu yazışma 3 dövrə
bölünür. I dövr 1909-cu ilin iyun-dekabr
aylarındakı zaman kəsiyini - Qoridə, Zaqafqaziya Müəllimlər
seminariyasında oxuduğu illərdə (1899-1904) sinif
yoldaşı Əli Terequlovun Tiflisdə yaşayan ailəsi
ilə yaxından tanış olan gənc Üzeyirin bu ailənin
6 qızından biri - Məlikə Terequlovaya ürəyini
açdıqdan və razılıq alandan sonra başlanan və
yarım il davam edərək toy ərəfəsində
başa çatan məktubları əhatə edir. Üzeyir bəyin
bu dövrə aid əldə olan 19, Məlikə
xanımın isə 13 cavab məktubu, əgər əsas qəhrəmanın
sənət bucağından baxılarsa, hələ 40 il
çalınacaq böyük "Məhəbbət
simfoniyasına" Giriş kimi dəyərləndirilə bilər.
Əslində həmin dövr bu münasibətlər
artıq özünü Şərqdə ilk operanın banisi
kimi təsdiq etmiş Üzeyir bəyin elə həmin operasının
qəhrəmanları ilə də müqayisə oluna bilərdi,
yalnız bircə fərqlə - sonluğu vüsalla bitən
"Leyli və Məcnun". Bu "həyat operası"
isə hələ 1908-ci ildən də əvvəl, Üzeyir
üçün böyük dünyaya ilk pəncərə
olan Qoridən sonra, gördüyü ilk teatr şəhəri
Tiflisdə, Volqaboyu tatarları zadəgan nəslinə məxsus
Terequlovlar ailəsi ilə ünsiyyətdən bəhrələnmişdi.
Tanınmış maarifçi, qardaşı ilə bərabər
Tiflisdə ilk dəfə oğlanlar və qızların birgə
oxuduğu məktəb açan, Tiflis sünni məscidinin rəhbəri
olan Həsən Terequlovun böyük ailəsində hökm
sürən kübar həyat tərzi, yüksək əxlaqi-mədəni
dəyərlər, təhsil, poeziya, musiqiyə maraq və eyni
zamanda sadəlik, səmimilik və qayğı dolu bir
mühitin cazibəsinə düşməmək mümkün
deyildi. Terequlovlar ailəsinin gənc Üzeyirin
dünyagörüşünün və zövqünün
formalaşmasında oynadığı rol onun öz məktublarının
və Məlikə xanımın xatirələrinin sətiraltı
mənalarından çox aydın nəzərə
çarpır. Sonralar Üzeyir bəy bu ailə ilə
ünsiyyətdən "aldıqlarını" qat-qat
artıqlaması ilə "qaytaracaq" və bəlkə də
yalnız öz dairələrində geniş tanınan
Terequlovlar da məhz Üzeyir bəylə qohumluqları ilə
daha geniş müstəvidə şöhrət tapacaqlar.
"Terequlova" soyadını "Hacıbəyova" ilə
əvəz edən Məlikə xanım isə daxil olduğu
yeni ailəsində Məleykə adlanacaq və
ömrünün sonuna qədər həqiqətən
Üzeyir bəyi dərindən sevən, anlayan və qoruyan
bir mələk olacaq.
Əslində bu iki gəncin qarşıdakı
böyük həyatın bütün sınaqlarından -
kasıblıqdan tutmuş, dözülməz məişət
çətinlikləri, xəstəliklər, ictimai-mənəvi
sarsıntılar, itkilər, fiziki təhlükələr və
nəhayət, övladsızlığa qədər -
çıxacaq qarşılıqlı sevgisinin ilk
qığılcımları haqqında məktublardan da
çox, Məleykə xanımın 3 ayrı-ayrı mətnlərdən
ibarət "Xatirə dəftərində" bəhs edilir.
Terequlovların evində toplaşan gənclərin Tiflisin ətrafında
təbiət qoynuna etdikləri gəzintilər zamanı
seminarist Üzeyirin dağ çiçəklərindən
toplayıb bağladığı gül dəstələrini
hələ yeniyetmə Məleykəyə verməsi ilə
başlayan ilk "xəbərdarlıqlar" və neçə
illər sonra Bakı bulvarında gəzinti zamanı artıq
müəllim və qəzetçi Üzeyirin bu şəhərdə
yaşayan qardaşlarına qonaq gəlmiş gənc qıza
birdən-birə həyəcan dolu - "Məleykə
xanım, siz məni bəyənirsiniz?" sualı ilə
"nöqtəsi qoyulan" eşq etirafı Məleykə
xanımın son dərəcə dolğun, şirin,
canlı, gözəl dillə qələmə
alınmış xatirələrinin ən parlaq səhifələridir.
Hətta bu etirafdan və "gərək ailəmlə məsləhətləşim"
kimi əslində "razılıq" bildirişindən
sonra da hələ Üzeyir bəyə "siz" deyə
müraciət edən ağıllı, tərbiyəli,
xeyirxah və incəqəlbli Məleykənin
özünün də müdrik qadın, nəcib insan və
məsləkdaş ömür yoldaşı kimi gələcək
bitkin obrazı artıq onun ilk məktubları və xatirələrində
özünü büruzə verir.
Üzeyirlə Məleykənin bu dövr "mənim
əzizim, sevgilim, sevincim" başlıqlı məktublarının
poetikasını və səssiz musiqisini - qarşılıqlı
məhəbbət etirafları, həsrət və
ayrılığın iztirabları, gecikən məktubların
doğurduğu kədər və qüssə və s. və
s. - yalnız bu yazışmanı oxumaqla duymaq
mümkündür. Sevgililər arasında "inciklik"
yalnız "ehtiyatsız" verilən sualdan (Üzeyirin Məleykəyə):
"Mənim məktublarımı saxlayırsanmı?" -
yaranırdı. Hər gün təkrar-təkrar oxunan bu məktubları
saxlamamaq olardımı? Ah, Üzeyir!!!
Redaktoru olduğu "Tərəqqi" qəzetinə
gələn zərflər arasında Məleykədən
gözlədiyi məktubun olmadığına Üzeyirin
reaksiyası isə bədii obrazlığına görə ədəbi
uğur sayıla bilərdi: "Mən əlində bir
yığın əskinaz tutan, amma bunların onun pulu
olmadığına təəssüflə baxan xəzinədara
bənzəyirdim..."
Qoridəki müəllimlər seminariyasının tədris
proqramında şagirdlərin ən ciddi şəkildə
musiqi ilə məşğul olmaları, bir, ya iki musiqi alətində
çalmaqları icbari xarakter daşıyırdı.
Üzeyir Hacıbəyov, eləcə də onunla eyni ildə,
eyni gündə anadan olmuş, eyni sinifdə oxuyan və
sonralar onunla həm də bacanaq olacaq Müslüm Maqomayev
ilkin musiqi təhsillərini məhz bu ocaqda alsalar da,
böyük musiqi dünyası ilə
tanışlıqları Terequlovların daimi qonaqları
olduqları zamanlarda, Tiflis opera teatrının
tamaşaları ilə başlayır. Məleykə
xanımın Üzeyir bəyin Qori dövrü həyatı
ilə bağlı xatirələrindən parçalar bu
baxımdan böyük maraq kəsb edir:
"Bizim seminaristlər artıq
üçüncü və dördüncü kursda olanda biz
artıq dəstə ilə opera teatrına getməyə
başladıq... Yadımdadır, italyan sənətçilərinin
ifasında "Sevilya bərbəri" komik operasını
Üzeyir necə şövqlə
qarşılamışdı. Diqqətlə dinlədikdən
sonra o, fasilə zamanı bu əsəri çox həvəslə
şərh etdi və dedi ki, növbəti dəfə gələndə
əgər bu gözəl opera ifa olunarsa, mütləq gedib
yenidən dinləyərik. Xatırladığım qədər,
Üzeyir "Sevilya bərbəri"nə üç dəfə
baxmışdı.
Çaykovskinin əsərləri, xüsusən də
müxtəlif vaxtlarda gördüyü "Yevgeni Onegin"
və "Qaratoxmaq qadın"ı çox bəyənirdi
və mən anladım ki, Çaykovski onun kumiridir".
Hər belə tamaşadan sonra Üzeyirin cuşa gələrək
Terequlovların evində saatlarla pianoda çalması və
bu zaman ona mane olmamaq üçün hamının sakitcə
otağı tərk etməsi kimi ayrı-ayrı epizodlarla
yanaşı, Məleykə xanım xatirələrində
Üzeyir bəyin artıq musiqi dünyasına qərq
olduğunu göstərən digər məqamlar da
açıqlanır. Qori seminariyasında təhsilini başa
vurduqdan sonra müəllim təyin olunduğu Qarabağın
Hadrut kəndinə yola düşməzdən əvvəl
Üzeyir Tiflisdə Terequlovlarla birlikdə bir daha
"Qaratoxmaq qadın" tamaşasına baxır və dostu
"Əliyə xitabən deyir ki, opera tamaşalarında
iştirak etmək onun çox şeyə gözünü
açıb və o, indi hansı məqsədə doğru
getməli olduğunu başa düşüb".
Lakin Üzeyir bəyin yalnız musiqi deyil, qələm
sahibi kimi istedadı da məhz bu illərdə üzə
çıxır. Oxuduğu seminariyada şahidi olduğu məzəli
hadisəni qələmə alıb hekayə-felyeton şəklində
Terequlovlar ailəsində oxuyan gənc qonağına evin
ağsaqqalı Həsən ağa bu yazını Tiflisdə
Azərbaycan dilində nəşrə başlayan "Şərqi
Rus" qəzetinin redaktoru, öz dostu Məhəmməd
Ağa Şahtaxtinskiyə göstərməyi məsləhət
görür. "Şahtaxtinski sonralar atama
danışmışdı ki, bu felyeton onun çox xoşuna
gəlib, Üzeyirə "sən qələmi əlindən
buraxma" deyib, ona bəzi tapşırıqlar, tərcümələr
verib. Beləliklə, Üzeyir tədricən bu qəzetin fəal
yazarına çevrildi".
Məleykə xanım məktublarında Üzeyir bəylə
bağlı daha bir görkəmli azərbaycanlı xadimin,
Qoridəki Müəllimlər seminariyasının Azərbaycan
bölməsinin müdiri və burada hüquq fənnini tədris
edən böyük maarifçi, ədib, pedaqoq, alim Firudin bəy
Köçərlinin də adı çəkilir. Əslində
Firudin bəyi ilk olaraq Üzeyir bəy xatırladır:
"Bu gün hüquq üzrə seminariya müəllimimiz
Firudin bəy Köçərlinskidən məktub aldım. Məndən
soruşur ki, doğrudanmı Əlinin bacısı ilə evlənirəm?
Onun arvadı səni tanıyır və çox tərifləyir,
onlar bizi təbrik edirlər".
Məleykə xanım da cavabında yazır:
"Firudin bəy Köçərlinski və onun arvadı
bizdə idilər. İndi o xanımı xatırlayıram: sən
demə, öz qardaşı və gəlini ilə bizim evdə
qonaq olublar. Onun sözlərinə görə, bizdə
çox xoş vaxt keçiriblər. Onlar səni atama və
anama çox təriflədilər və bizi öz evlərinə
qonaq dəvət etdilər. Deyəsən, çox gözəl
insanlardır".
Zaqafqaziya müəllimlər seminariyasında onlarla
belə üzeyirlərə dərs, əslində həyata vəsiqə
verən Firudin bəy Köçərlinin öz şagirdinin
taleyində yaxından iştirakı və ömür-gün
yoldaşı Badisəba xanımla birlikdə gənc
Üzeyirlə Məleykənin izdivacına xeyir-dua verməsi
özündə çox böyük mənalar
daşıyırdı. Əslində, bu, Qoridə
böyük bir azərbaycanlı gəncliyin - gələcək
fədakar ziyalılar ailəsinin mövcudluğunu təsdiq
edirdi. Bu baxımdan Qori müəllimlər
seminariyasının Üzeyir Hacıbəyov da daxil yalnız
bir neçə nəsil azərbaycanlıların deyil,
ümumilikdə Azərbaycanın maarifçilik hərəkatından
başlamış ictimai-siyasi və mədəni həyatında
misilsiz rolu ilə bərabər, Üzeyir-Məleykə
münasibətləri fonunda daha bir "xidməti"
ölçüyəgəlməzdir. Beləliklə, məhz
"Qori" şəhəri və müəllimlər
seminariyası bu iki gəncin
taleyini müəyyənləşdirən, onları bir-birilə
rastlaşdıran və birgə ömür yoluna
çıxaran bir məkan-obraz olaraq çıxış
edir. Təsadüfi deyil ki, Üzeyir bəyin bu dövr məktublarında
Məleykədən başqa daha bir "səcdə"
ünvanı var - Qori! Və Məleykənin
ailəsi ilə səfərə getdiyini eşidən
Üzeyir bəy ondan bir xahiş edir: "Qoridən keçəndə
məndən bu şəhərə təzim et!"
Əslində Qori seminariyası Məleykə xanım
və ailəsi üçün də kifayət qədər
vacib bir məkandır. Onun 3 qardaşından ikisi - Hənəfi və Əli
Terequlovlar bu təhsil ocağını bitirib, Əli,
Üzeyir, Müslüm bir sinifdə oxuyublar və məhz bu zəmində
Məleykə Üzeyirlə, bacısı Badigül Camal
Müslüm Maqomayevlə, digər bacısı Əminə
Terequlova Pənah Qasımovla (1906-cı il məzunu)
tanış olub və ailə qurublar. Daha bir bacı - Məryəm Terequlova Pənah
Qasımovun qardaşı Qubad Qasımovla evlənib. Məleykə
xanımın əmisi qızı Rahilə Terequlova isə
tanınmış azərbaycanlı ictimai-siyasi xadim Mehdi bəy
Hacıbababəyovun həyat yoldaşı olub.
Qori seminariyasının məzunları ilə
çox yaxından tanış olan Məleykə xanım təbiidir
ki, öz xatirələrində bu maarif ocağından xeyli bəhs
edir, Üzeyirin, Müslümün və digər azərbaycanlı
seminaristlərin təhsili və həyatı ilə
bağlı bir sıra maraqlı təfərrüatlar gətirir.
Onun bu seminariyanı daha əvvəl bitirmiş qardaşı
Hənəfi Terequlov isə Üzeyirin yalnız yaxın dostu,
məsləkdaşı və qohumu deyil, ümumən Azərbaycanın
ictimai-siyasi, maarif-mədəni həyatında xidmətləri
olan bir şəxsiyyət idi. Əli Terequlov da Üzeyirlə
dostluğunu həyatının sonuna qədər saxlayaraq ona
bütün fəaliyyətində dəstək olmuş və
Üzeyir bəy haqqında çox məzmunlu və səmimi
xatirələrini bölüşmüşdür. Hənəfi
və Əli Terequlovlar "Leyli və Məcnun"
operasının səhnəyə qoyulmasında da bilavasitə
çalışmış, Hənəfi işlədiyi
Alekseyevski şəhər məktəbinin şagirdlərindən
ibarət oğlan xorunun tamaşada iştirakını təşkil
və idarə etməklə yanaşı, özü Nofəl
rolunu oynamış, Əli Terequlov isə Üzeyir və Qori
seminariyasının digər bir neçə məzunu ilə
birlikdə orkestrdə skripka çalmışdır. Terequlovlar
demək olar ki, ailəliklə - 3 qardaş və 4 bacı
"Leyli və Məcnun"un ilk tamaşasında iştirak
etmiş, bacılar bu münasibətlə məxsusi olaraq
Tiflisdən Bakıya gəlmiş və qadınlar
üçün xüsusi pərdə ilə
ayrılmış mərkəzi lojada əyləşmişlər:
"Teatrda "çadrasız oturan 10 qadından 6-sı
bizim ailə üzvləri idi".
Məleykə xanımın xatirə və məktublarında
bu dövrə aid xeyli maraqlı epizodlar yer alsa da, onların
ikisi - Qori seminariyasında təhsil və Hadruddakı müəllimlik
fəaliyyəti ilə bağlı faktlar ümumən
Üzeyir bəyin bioqrafiyası üçün yeni
sayılmaqla xüsusi əhəmiyyət kəsb edir.
Məlum olur ki, seminariyada oxuyarkən Üzeyir
eşitdiyi və özü bəstələdiyi müxtəlif
melodiyaların notlarını xüsusi bir dəftərdə
qeyd edirmiş. Həmin qeydlər "Qori dəftəri"
adı ilə 1902-1903-cü illər məşhur Paris sərgisində
"Şagird işi" kimi nümayiş olunub.
Digər fakt: Seminariyanı bitirdikdən sonra
Qarabağın Hadrut erməni kəndində müəllim
işləməyə başlayan Üzeyir Hacıbəyov bir
il sonra - 1905-ci ildə erməni-müsəlman silahlı
münaqişəsinin Qarabağda da artıq tam gücü ilə
cövlan etdiyi hadisələrin düz mərkəzinə
düşür. Xüsusilə təhlükəli olan gecələrin
birində bir dəstə erməni kəndlisi azərbaycanlı
müəllimin qapısını döyərək onu yuxudan
oyadır və "kimsə tərəfindən ona xətər
yetirilməsini istəmədikləri üçün"
müvəqqəti də olsa Hadrutu tərk etməyi məsləhət
görür. Erməni kəndliləri Üzeyir bəyi
özləri ilə gətirdikləri ata mindirir və
yandırdıqları məşəllərlə ətrafı
işıqlandıraraq onu Bakıya gedən yola
çıxana kimi müşayiət edirlər. Bu hadisə
erməni uşaqlarına cəmi bir il dərs vermiş gənc
Üzeyirin artıq o vaxt yerli kənd əhalisi arasında
özünə nə qədər hörmət
qazandığının bariz nümunəsi olmaqla
yanaşı, həmin hadisələrin tarixi kontekstində də
əhəmiyyət daşıyır.
Üzeyir bəylə Məleykə xanımın
1909-cu ilə aid yazışması daha çox şəxsi
hisslər, ailələr arasında tanışlıqlar və
münasibətlər, nişan və toya hazırlıqlar kimi
mövzular ətrafında getdiyinə baxmayaraq, bu məktublarda,
xüsusilə Üzeyir bəyin yazılarında
Bakının ictimai həyatında baş verən hadisələr,
onun həmin dövr müəllim və qəzetçi kimi fəaliyyəti
və s. haqqında bəzi təfərrüatlar və yeni
faktlar da yer almışdır. Məs., 1909-cu il 5 oktyabr tarixli
məktubunda Üzeyir bəy Bakıda iki mətbu orqanın -
"İttifaq" və "Tərəqqi" qəzetlərinin
bağlandığını xəbər verir. Birincinin
hökumət, redaktoru olduğu "Tərəqqi"nin isə
öz təsisçisi (Əhməd bəy Ağayev) tərəfindən
bağlandığını bildirən Üzeyir Hacıbəyov
toy ərəfəsində mühüm gəlir mənbəyindən
məhrum olduğu üçün narahatlığını
ifadə etsə də, nişanlısını sakitləşdirərək
yazırdı: "Əzizim, qəzetimizin bağlanmasına
üzülmürəm, çünki oxucuların əksəriyyəti,
bakılılar bu qəzeti nəinki bəyənirdilər, hətta
düşmənçilik edirdilər. Bu qəzetə görə
mən çox xoşagəlməz şeylərə dözməli
oldum". Burada Üzeyir bəy "Tərəqqi" qəzeti
ilə "Zənbur" satirik jurnalı arasında mütəmadi
yaranan münaqişələri və özünün də
cəlb edildiyi ağır qalmaqalları nəzərdə
tuturdu. Başqa bir məktubunda Üzeyir bəy Bakıda
müsəlman müəllimlərinin məktəb
islahatları tələbi ilə keçirdikləri etiraz
mitinqindən sonra çar hökumətinin cəza tədbirlərindən
söz açır, cəzalandırılan tanış
müəllimlərin adlarını çəkir və
özünün də bu məsələ ilə bağlı
münasibətini qəzet vasitəsilə bildirdiyini qeyd
edirdi.
1909-cu ilin son məktublarında həmçinin gənc
bəstəkarın ikinci operası "Şeyx Sənan"
üzərində işi, gözləntiləri, tamaşaya
hazırlıqlar və d. məsələlərlə də
bağlı çox maraqlı məlumatlar vardır.
Burada daha bir mühüm məsələ ayrıca
vurğulanmalıdır. Üzeyir bəylə Məleykə
xanım rus dilində yazışırdılar və bu da o
dövr üçün tam anlaşılan idi. Lakin diqqət
və heyrət doğuran başqa bir məqamdır. Bu məktublar
hər iki gəncin öz ana dili olmayan, xüsusilə Üzeyir
bəyin ailəsində danışılmayan, yalnız təhsil
aldığı rus dilinə nə qədər dərindən,
bütün incəliklərinə qədər varid
olduğunu çox aydın əks etdirir. Qardaşları ilə
bilavasitə Azərbaycan dilində yazışan Üzeyir bəyin
tədricən Məleykə xanımı da bu dildə yazmağa
və danışmağa sövq etdiyi sonrakı dövr
yazışmalardan bəlli olacaq. Rus dilinin ünsiyyət vasitəsi
olduğu Terequlovların eyni zamanda bir ənənəvi
müsəlman ailəsi kimi həyat-tərzi
sürdüyü Məleykə xanımın məktublarında
Ramazan bayramı, özü daxil hamının oruc tutduğu və
s. kimi qeydlərindən məlum olur.
1909-cu il dekabr ayının sonlarında Tiflisdə
çalınan toy mərasimindən sonra gənc ailə
Bakıya köçür. Üzeyir bəylə Məleykə
xanımın "məktublarda ünsiyyəti" bir də
3 ildən sonra, 1912-ci ilin yayında Üzeyir bəyin təhsil
almaq üçün Moskvaya yollanması ilə başlanacaq.
(Ardı var)
Solmaz Rüstəmova-TOHİDİ
Tarix elmləri doktoru, professor
525-ci qəzet .- 2025.- 23 oktyabr (¹193).- S.10-11.