Prezident Kitabxanası tərəfindən
hazırlanmış “Üzeyir Hacıbəyli” adlı layihənin
təqdimatı keçirilib
Oktyabrın 22-də Prezident Kitabxanası tərəfindən
hazırlanmış “Üzeyir Hacıbəyli” adlı layihənin
təqdimatı keçirilib. Tədbir Cahangir Cahangirov
adına Xorun ifasında Dövlət Himninin səslənməsi
ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, layihə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin “Üzeyir
Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının
icrası çərçivəsində hazırlanıb və
dahi bəstəkar, Şərqdə ilk operanın müəllifi,
görkəmli musiqişünas-alim, pedaqoq, publisist, dramaturq və
ictimai xadim Üzeyir Hacıbəylinin çoxşaxəli fəaliyyətini
və zəngin irsini əhatə edir. Azərbaycan, ingilis və
rus dillərində hazırlanmış layihə 12 bölmə
və 23 altbölmədən ibarətdir.
Tədbirin rəsmi hissəsini giriş sözü ilə
açan Prezident Kitabxanasının direktoru, professor Afət
Abbasova layihənin Azərbaycan mədəniyyətinin zənginliyini
və Üzeyir Hacıbəylinin irsinin önəmini geniş
auditoriyaya çatdırmaq baxımından böyük əhəmiyyət
kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, faktlara, tarixi sənədlərə
əsaslanan layihə milli mədəniyyətimizin qorunması
və təbliği üçün vacibdir, gənc nəsillərin
böyük bəstəkarın yaradıcılığı
ilə tanışlığına şərait yaradır.
O, həmçinin Üzeyir Hacıbəylinin əsərlərinin
ermənilər tərəfindən təhrif edilmə
halları barədə danışıb, bu cür halların
milli mədəniyyətimizin qorunması və doğru şəkildə
təqdim olunmasının vacibliyini bir daha göstərdiyini
vurğulayıb. Bildirib ki, layihə bu tip təhriflərin
qarşısını almağa, tarixi həqiqətləri
qorumağa və gənc nəslin doğru məlumat
almasına xidmət edir.
Professor Afət Abbasova layihənin çoxşaxəli
quruluşu və interaktiv imkanları sayəsində həm tədqiqatçılar,
həm də geniş oxucu kütləsi üçün qiymətli
bir resurs olduğunu diqqətə çatdırıb.
Daha sonra İncəsənət ədəbiyyatı
fondu qrupunun rəhbəri Fəridə Namazova layihənin
strukturu haqqında ətraflı məlumat verib. O, layihənin
müxtəlif bölmələrini təqdim edərək “Bəstəkar”
bölməsində Üzeyir Hacıbəylinin həyat və
yaradıcılığını, bioqrafiyasını,
xronologiyasını, haqqında xatirələri,
iqtibasları, mahnıları, notları, əlyazmaları həmçinin
musiqi və elmi fəaliyyətini sistemli şəkildə əks
etdirdiyini bildirib.
“Xatirəsinin əbədiləşdirilməsi”
bölməsində isə dahi bəstəkarın xatirəsinə
ucaldılmış abidələr, yaradılmış
ev-muzeyləri və digər xatirə məkanları
haqqında məlumatların yer aldığını
vurğulayıb.
Layihənin “Musiqili komediyalar” hissəsində
Üzeyir Hacıbəylinin Azərbaycan musiqi sənətində
yeni janr kimi formalaşdırdığı musiqili komediyalar,
onların mövzusu və səhnələşdirilməsi ilə
bağlı geniş məlumat təqdim olunub.
“Operalar” bölməsində isə bəstəkarın
Şərqdə ilk operanın müəllifi kimi operaya verdiyi
töhfələr, yaratdığı əsərlər və
onların Azərbaycan musiqi mədəniyyətindəki rolu əks
etdirilir.
Layihədə Üzeyir Hacıbəylinin dövlətçilik
tariximizdəki müstəsna roluna, o cümlədən Azərbaycan
SSR-in və müstəqil Azərbaycan Respublikasının
Dövlət Himnlərinin müəllifi kimi tarixi xidmətlərinə
xüsusi diqqət yetirilir.
Layihənin digər önəmli istiqamətlərindən
biri kimi Üzeyir Hacıbəylinin publisistika sahəsindəki
fəaliyyəti təqdim olunub; bu bölmədə məqalələrin,
məktubların, məruzə və
çıxışların, rezenziyaların, felyetonların
tam mətnləri toplanıb.
“Rəsmi sənədlər” bölməsi isə bəstəkarla
bağlı qəbul edilmiş sərəncamların tam mətnlərini
özündə birləşdirir.
“E-resurslar” bölməsində onun həyat və
yaradıcılığına həsr olunmuş kitabların
və məqalələrin elektron versiyaları, “Biblioqrafiya”
bölməsində isə əsərlərinin, ona həsr
olunmuş kitabların, avtoreferatların, məcmuələrin
və məqalələrin biblioqrafiyası təqdim edilir.
Fotoqalereya, Videoqalereya və Səsyazmalar bölmələri
dahi bəstəkarın zəngin yaradıcılıq irsini
daha dərindən tanıtmağa xidmət edir. Fotoqalereyada
Üzeyir Hacıbəylinin həyat və
yaradıcılığına dair nadir görüntülər,
videoqalereyada onun operaları və operettalarından
seçilmiş səhnələrin videoları, səsyazmalar
bölməsində isə musiqi əsərlərinin
audionümunələri yer alır.
Tədbirdə Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, Xalq artisti, professor Firəngiz
Əlizadə, mədəniyyət nazirinin müavini, Xalq
artisti Murad Hüseynov, Bakı Musiqi Akademiyasının rektoru,
SSRİ və Azərbaycan Respublikasının Xalq artisti,
professor Fərhad Bədəlbəyli, Azərbaycan Milli
Konservatoriyasının rektoru, professor Kamilə Dadaş-zadə,
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova,
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim
Tahirov, Niyazi adına Azərbaycan Dövlət Simfonik
Orkestrinin baş dirijoru, Xalq artisti, professor Yalçın
Adıgözəlov, Bakı Musiqi Akademiyasının
professoru, Xalq artisti Ülviyyə Vəliyeva-Hacıbəyli
çıxışlarında layihənin milli-mədəni
irsin qorunması və təbliğində önəmindən,
Üzeyir Hacıbəylinin Azərbaycan musiqi və mədəniyyətində
əvəzsiz rolundan bəhs ediblər.
Rəsmi hissədə çıxışlarla
yanaşı, Cahangir Cahangirov adına Xor və Sumqayıt
şəhəri Bülbül adına 2 nömrəli Uşaq
İncəsənət Məktəbinin 8-ci sinif şagirdi
Nuray Şahsuvarlının ifaları da təqdim olunub.
525-ci qəzet .- 2025.- 23 oktyabr (¹193).- S.9.