İstiqlal Muzeyində
tədbir - Cəbhədən fotolarla Çanaqqala
döyüşləri
Oktyabrın 22-də Bakı Yunus Əmrə
İnstitutu və İstiqlal Muzeyinin birgə təşkilatçılığı
ilə, Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyə
Mədəniyyət və Turizm Nazirliyi, qardaş ölkənin
Bakıdakı səfirliyi və Çanaqqala
Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin dəstəyi
ilə Çanaqqala döyüşlərinin 110-cu ildönümünə
həsr olunmuş “Cəbhədən fotolarla Çanaqqala
döyüşləri” adlı sərgi və panel proqramı
keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan
və Türkiyənin Dövlət himnləri səsləndirilib,
şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Əvvəlcə qonaqlar “Cəbhədən fotolarla:
Çanaqqala döyüşləri” sərgisinə
baxıblar. Sərgidə Çanaqqala döyüşlərinin
gedişatını, əsgərlərin qəhrəmanlığını
əks etdirən arxiv fotoşəkillər nümayiş
olunub.
Azərbaycan İstiqlal Muzeyində keçirilən tədbir
iki qardaş ölkə - Azərbaycan və Türkiyənin
ortaq tarixi yaddaşını, qəhrəmanlıq ənənələrini
və milli mübarizə ruhunu bir daha xatırlatmaq məqsədi
daşıyır.
Tədbirdə Azərbaycan mədəniyyət
nazirinin müavini Murad Hüseynov, Türkiyənin Azərbaycandakı
səfiri Birol Akgün, Bakı Yunus Əmrə İnstitutunun
müdiri Gökhan Seyhan, Çanaqqala Müharibələri
Gelibolu Tarixi Ərazi İdarəsinin sədri İsmayıl
Kaşdemir, Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı
çıxış edərək Azərbaycan-Türkiyə əlaqələrindən
və Çanaqqala savaşında qazanılmış tarixi zəfərdən
bəhs ediblər.
Çıxış edənlər vurğulayıblar
ki, Çanaqqala zəfəri təkcə Türkiyə
xalqının deyil, bütün Türk dünyasının
qürur mənbəyidir. Bu döyüşlər həm
qardaşlığın, həm də birliyin sarsılmaz təcəssümüdür.
Bildirilib ki, Azərbaycan və Türkiyə tarix boyu bir-birinə
dayaq olub, bu gün də eyni amal uğrunda birgə irəliləyirlər.
Tədbirdə, həmçinin şəhidlərin
xatirəsi ehtiramla yad edilib, onların qəhrəmanlığının
gələcək nəsillər üçün örnək
olduğu diqqətə çatdırılıb.
Sonra tədbir panel hissə ilə davam edib.
Panel proqramında Türkiyədən Çanaqqala
Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin
planlaşdırma və layihə qrup sədri Yusuf Kartal, Azərbaycan
Dövlət İdarəçilik Akademiyasının Tarix
kafedrasının müdiri, tarix üzrə fəlsəfə
doktoru, dosent Firdovsiyyə Əhmədova çıxış
edərək Çanaqqala döyüşlərinin tarixi,
strateji əhəmiyyəti və Türk dünyasının
birliyində oynadığı roldan danışıblar.
Proqram çərçivəsində
iştirakçılar Çanaqqala Döyüşləri
Mobil Muzeyini də ziyarət ediblər. Mobil muzeydə
döyüşlərə dair orijinal fotoşəkillər, sənədlər
və eksponatlar nümayiş olunur.
Çanaqqala Döyüşləri Mobil Muzeyi layihəsi
2020-ci il iyulun 2-dən etibarən fəaliyyətə
başlayaraq, Türkiyənin dörd bir yanında
nümayiş etdirilməyə başlayıb.
Özünüzü sanki Çanaqqala müharibəsi
dövründə cəbhədəymiş kimi hiss etməyiniz,
o ruhu yaşamağınız və həmin günlərə
bir qədər də olsa şahidlik etməyiniz məqsədilə
gerçəyə mümkün qədər yaxın şəkildə
canlandırılmış bu layihə, müxtəlif amillər
nəzərə alınaraq hazırlanıb.
Layihə çərçivəsində müharibə
dövrünə aid müxtəlif materiallar, videolar və
döyüş obyektləri nümayiş etdirilən bu
treyler; səs effekti, ab-havası və dizaynı ilə əbədiyaşar
Çanaqqala ruhunu Türkiyənin və dünyanın
dörd bir tərəfinə daşımağı hədəfləyir.
Sərgi və Mobil muzey oktyabrın 25-dək Azərbaycan
İstiqlal Muzeyində ziyarətçilər
üçün açıq olacaq.
525-ci qəzet .- 2025.- 23 oktyabr (¹193).- S.9.