Arxitektura, insanın təbiətlə rəqabət
səhnəsidir
(Əvvəli
ötən şənbə sayımızda)
Hələ
qədim dövrlərdə arxitektorların əməyinə
yüksək qiymət verilirdi: Bunu əsas götürərək
qədim dünya özünün yeddi möcüzəsini
ayrıca qeyd etmişdi. Onlar qədim Misir piramidaları, Efesdəki
Artemida məbədi, Halikarnasdakı Mavzoley, əslində
Nabuhodonosorun saldığı, lakin səhvən adı dəyişdirilmiş
Semiramida asılı bağları, Olimpdəki Zevs heykəli
və Rodosdakı Gelios (Rodos Kolossu) heykəli və
Aleksandriyadakı Faros adasındakı Mayak daxildir. Bu abidələr
b.e.ə. III minillikdən həmin eradakı III əsrə qədər
olan dövrdə yaradılmışdır. Təəssüf
ki, onlardan yalnız Misir piramidaları bizim dövrümüzə
gəlib çıxmışdır. İndiki dövrdə bəzi
tikililərin də, məsələn, kosmosdan aydın
görünən Böyük Çin səddinin də
möcüzələr siyahısına salınması təklif
olunur.
Deməli,
insan ağlı və istedadı hələ 5 min il bundan əvvəldən
öz miqyasını göstərən süni varlıqlar
yaratmış, onlardan bəziləri qədim dünya tərəfindən
möcüzə kimi qiymətləndirilmişdir. Müasir
dünya da, məhz belə
möhkəm təməl üzərində qurulmuşdur.
Arxitektura,
onun müəlliflərinin yaradıcı istedadı
hesabına meydana gəlmiş, inkişaf etmiş, şəhərləri
ağlasığmayan tikililərlə zənginləşdirmişdir.
Ona görə də öz layihələri ilə şəhərləri
gözəlləşdirən arxitektorlara daim layiq olduqları
ehtiram bəslənməlidir. Əsərləri ideologiyaya xidmət
edən və çoxdan unudulan şairlərin,
romançıların adı hər cür əbədiləşdirildiyi
halda, onlardan daha çox inkişafa xidmət edən bu
insanların zəhməti lazımınca qiymətləndirilməmişdir.
Mexikoda böyük bir kvartaldakı küçələr
dünyanın məşhur filosoflarının və
yazıçılarının adları ilə
adlanmışdır. Təəssüf ki, arxitektorlar həmin
şərəfə nail olmamışdılar. Şəhərimizin
mərkəzi prospektləri xalqımızı tanıdan
müğənnilərin adını daşıyır,
ömrünü yaradıcılığa həsr etmiş
memarlar isə unutqanlıq dənizinin sularında
batmışlar.
Arxitektor öz ilhamı ilə
gözəllik timsalı yaratdığına görə
şair sayılmalıdır, o, öz poeziyasının
daşlarda, tikilən sənət əsərlərində
yazmış, yaradıcılığını insanların
yaşadıqları və qürur duyduqları şəhərlərə
həsr etmişlər. Memarların zəhməti,
yaratdıqları zamanın kölgəsində qala bilər,
lakin onların yaradıcılığı mükəmməllikdən
xəbər verirsə, heç vaxt gərəksiz sətirə,
makulaturaya çevrilmir, onun dəsti- xətti zaman keçsə
də, öz əhəmiyyətini itirmir. Gözəlliyi,
abadlığı qiymətləndirənlər, onlara həsr
olunmuş himn bəstələməlidirlər. Arxitektora bəlkə
də heykəl lazım deyildir, çünki o, öz əsərləri
ilə özünü abidəyə çevirmişdir.
Bakının
keçmişi və bu günü
Bakının
yaşayış məntəqəsi kimi b.e.ə. V əsrdə
meydana gəldiyi güman edilir, XVIII əsrdən isə şəhər
Bakı xanlığının paytaxtı olmuşdur. Şəhərin
ilk arxitektura incisi bizim dövrümüzə gəlib
çıxmış Qız qalasıdır. XII əsrdə
tikilmiş bu uca qala fasadının qeyri-adiliyi ilə, silindir
formalı güclü həcmi ilə seçilir. Onun tikilməsi
məqsədi barədə bir sıra versiyalar, hətta
bayağı və milli mentalitetimizə yad olan səbəblər
də irəli sürülür. Sonralar Şirvanşahlar
saray kompleksi meydana gəlmişdir. Şirvan sülaləsinin
feodal hökmranlığı titulunu alan Şirvanşahlar
799-cu ildən başlayaraq, 7,5 əsr ərzində bu əraziləri
idarə etmişdir. İçərişəhər adlanan bu
ərazidəki üç həyət Divanxana, Məscid
binası, Şərq darvazası kimi tikililərdən ibarətdir.
1435-ci ildən başlayaraq 150 il ərzində tikilən bu
ansamblı uca və enli daş divarlar əhatə edir,
onların oyuq tipli ucları kənardan diqqəti cəlb edir.
XIX əsrin
sonu, XX əsrin əvvəllərində Bakıda neft
istehsalının sürətlə inkişafı şəhərin
böyüməsinə də öz təsirini göstərmişdir.
1904-cü ildə polyak arxitektoru tərəfindən indiki
Bakı meriyasının inzibatı binası tikilmiş,
sonralar həmin küçədə barokko üslubundakı
İsmailiyyə binası, daha sonra isə Filarmoniya binası
meydana gəlmişdi. Cənubi-şərq tərəfdə
Hacı Zeynalabdin Tağıyevin evi də daxil olmaqla, varlı
ailələrin yaşayış kvartalı
yaranmışdı.
Sovet
dövrünün əvvəllərində Proletkultun təsiri
altında modern üslubunda Azərnəşrin iri dəyirmi pəncərələri
olan binası tikilmişdi, sonralar isə şəhəri
gözəlləşdirən eklektik üslubdakı Nizami kinoteatrı
və dəniz kənarında yerləşən və qəsri
andıran Hökumət evi binaları tikilmişdir.
Bakı
yuxarı zonadakı təpələrdə və dənizə
enən düzənliklərdə tikilərək
böyümüşdür. Təbii landşaft şəhərin
mənzərəsinə əlavə cazibədarlıq verir.
Bakının Qərblə Şərqin sintezi hesab edirlər.
Şəhər
XX əsrin 70-ci illərinə qədər əsasən
yaşıllıqdan məhrum idi. Mənzərə heç də
yaxşı deyildi. Rus klassiki Maksim Qorki əsrin əvvəlində
şəhərdəki mazutlu gölməçələri cəhənnəmin
dəhşətli mənzərəsinə bənzətmişdi.
Şair Vladimir Mayakovski isə Bakıda olarkən, burada iki
cüt bir tək yarpağın olduğunu qeyd etməklə,
şəhəri yaşıllıqsız səhra məkanı
kimi qəbul etmişdi. Onlar bir əsr sonra şəhərə
qədəm bassaydılar, gözlərinə inanmazdı,
şəhəri neqativ qaydada təsvir etdiklərinə də
hökmən peşman olardılar. Bibiheybət tərəfə
gedəndə, üfunət yayan son mazut gölməçələrinin
yerində iri Bayraq meydanı yaradılmışdır. Şəhərin
ərazisində böyük xərc çəkilməsi
hesabına mazutlu gölməçələrin hamısı
yoxa çıxmışdır.
Şəhər
artıq öz yaşıllığının nisbətən
bolluğu ilə də öyünə bilər, bəzi
rayonlar əllə salınmış meşələrə bənzəyir.
Bakı köhnə səhra libasını yeni, əsl Bahar
libasına dəyişdirmişdir. Müasir Sandro
Bottiçelli olsaydı, istedadı hesabına
Bakımızın nəcib mənzərəsini, öz
ilhamlı yaradıcılığı ilə bu dəfə
heç də mifik deyil, XXI əsrə məxsus olan real ikinci
"Promovera" kimi təsvir edərdi.
Əslində
köhnə rus ziyalıları şişirdilmiş, hiperbolzə
edilmiş şəkildə də olsa, gerçəkliyi təsvir
etməyə cəhd etmişdilər, onlarda qərəz hissi
yox idi. Xalqımız və ölkəmiz barədə
heç də neqativ deyil, yalnız öz yaxşı
münasibətlərini ifadə etməyə
çalışırdılar. Müasir rus şovinizminin təbliğatçıları
isə paytaxtımıza, bütün xalqımızın
ünvanına lənət yağdırdıqları kimi, nifrət
bəsləmələri ilə seçilirlər. Həddi
aşıb, hətta Bakını rus şəhəri
adlandırırlar. XX əsrin əvvəllərində neft
istehsalının fəvvarə şəklində
inkişafı, çoxlarını bura, yeni El Dorado kimi
özünə cəlb etmişdi. Ruslar isə əsasən
Bakıya aclıqdan xilas olmaq üçün üz
tutmuşdular. Görkəmli opera müğənnisi Fyodor
Şalyapin öz xatirələrində məhz Bakıda
aclıqla vidalaşdığını qeyd edir. Həqiqətən
də Bakı əsl "çörək şəhəri"
idi. Ac immiqrantların, şəhəri özlərininki
adlandırması yalnız gülüş doğura bilər.
Neft mədənlərindəki iranlı dartayçılar da,
arzuladıqları çörəyi tapdıqları bu şəhəri,
şimaldan gələnlərin iyrənc təbliğat
timsalını təkrar edərək, elə həmin qaydada
özlərininki adlandıra bilərdilər. Həyasızlıq
qızışdıqda, hədd tanımır.
Paradoks
ondadır ki, dünyanın iri şəhərlərini neftlə
qan arteriyaları kimi təmin edən Bakı çoxlarını
varlandırdığı halda, özü abadlıq cəhətdən
kasıb olaraq qalırdı. 1905-ci ildə bu şəhər
dünya neftinin 50 faizini istehsal edirdi, lakin özü çox
ləng inkişaf edirdi. Hətta əsrin ortalarında əsən
sərt külək tozu, qumu adamın gözünə
doldururdu. İqlim sərbəst qaydada
yaşıllığın artmasına imkan vermirdi, su
qıtlığı isə belə xoşagəlməyən
vəziyyətin əsas səbəbi idi. Respublika rəhbərliyinin
səyi ilə 1970-ci illərdə Kürdən iri kəmərlərlə
su gətirildikdən sonra şəhərin
yaşıllaşdırılması böyük vüsət
götürdü. Əhali də yaşadıqları uca mərtəbəli
binaları yaşıllığa qərq etmək işində
yaxından iştirak etdi. XXI əsrin
başlanğıcında isə şəhərin baş
planına əsasən bir neçə park salındı,
köhnələr də əsaslı surətdə
böyüdüldü.
Həqiqətən
də, XX əsrin son rübündən başlayaraq paytaxtda
yaşıllaşdırma böyük vüsət
götürdü, əvvəlki
səhra şəhərini andıran səhnədən əsər-əlamət
qalmadı. Lakin bu xoş niyyətli proses nöqsansız da
ötüşmədi. 1990-cı illərdə restoranların
bağlara və parklara orda hücumunu xatırladan
basqını baş verdi. Toxunulmazlığı müqəddəs
hesab edilən Botanika bağında, həmçinin Zabitlər
bağında restoranlar meydana gəldi. Zeytun bağı
restoranın ağuşunda boğulmağa başladı.
Qarabağa bəslənən həsrət hissləri başqa
qəribə bir səmtə yönələrək, onun məşhur
nöqtələrinin adları altında, bağlarda və
parklarda restoranlar yarandı. Mədəni razı salmağa
yönəlmiş qayğıya istiqamətlənmiş
obyektlər Dənizkənarı bulvarın sahəsinə də
ayaq açdı. Yaxşı ki, bu zərərli fəaliyyətin
davam etdirilməsinə yol verilmədi və bəzi bağlar
öz bəkarətini qoruyub saxlaya bildi.
XXI əsrin
ilk onilliklərində Bakı təkcə
ağlasığmayan qaydada böyüməmiş,
abadlaşdırılmamışdır, həm də xeyli dərəcədə
yaşıllığa bürünmüşdür. Basin və
Sovetski küçələrindəki alçaq
hündürlükdəki evlər söküldükadən
sonra, bu böyük ərazilərdə yeni bağlar
salınmışdır. Mərkəzi park
yaşıllığı ilə keçmişin yeknəsəng
səhnəsini yaddan çıxarmışdır.
Qış bulvarı isə abad Fəvvarələr meydanı
ilə birlikdə şəhərlilərin qismən əlavə
gəzinti yerinə çevrilmişdir. Atatürk parkında
çoxlu ağaclar və kollar əkilmiş, bu geniş sahə
əsl istirahət zonası xarakterinə yiyələnmişdir.
Sahil bağı da yaşıllığı və yüksək
təmizliyi ilə diqqəti cəlb edir. Dənizkənarı
bulvar özünün hər iki qurtaracağında xeyli
genişlənmiş, əvvəlki daş bolluğundan xilas
olunaraq, böyük yaşıl vahəyə- oazisə
çevrilmişdir. Onun azarkeşləri burada idman gəzintisindən
və istirahətdən həzz alırlar. Digər bağlarda
da sadə idman avadanlıqları
quraşdırılmış, uşaqlar üçün əyləncə
mərkəzləri yaradılmışdır. Bu dəyişikliklərə
həqiqətən ürəkdən sevinmək olar.
Son 25 ildə
Bakının ümumi görkəmi də əsaslı dəyişikliklərlə
müşayiət olundu. Şəhərdə 30-40 mərtəbəli
göydələnlər ucaldı. Heydər Əliyev prospekti
müxtəlif üslublarda və formalarda tikilmiş uca
inzibati binaların sərgisinə çevrildi. Dəniz kənarında
da yeni formalı ictimai binalar, otellər meydana gəldi. Şəhərin
şərq tərəfdən girəcəyini Olimpiya stadionu bəzədi.
Dağüstü zonada isə tikilmiş üç Alov
qülləsi şəhərin köhnə simvolunu inkar etməməklə,
yeni simvola çevrildi. Şəhərin böyük miqyasda
abadlaşmasında, gözəlləşməsində,
arxitektura cəhətdən zənginləşməsində,
bu mühüm siyasətə də şəxsən
başçılıq edən respublika Prezidentinin iti
zövqü, novatorluq hissi, iradəsi və öz xəttini
davam etdirmək səyi bu ürəkaçan
metamorfozaların yaranmasında heç də az rol oynamadı.
Təəssüf
ki, son dövrlərdə tikilmiş çoxmərtəbəli
yaşayış binaları arxitektura rəngarəngliyinə
malik olmadığına görə, qəlibdən
çıxmış tikililər xarakteri daşıyır.
Hansı ki, yaradıcı iş layihəyə düzəlişlər
versəydi, şəhərin görkəmi
yaxşılığa doğru daha da dəyişərdi.
Lakin şəhər əhalisinin mənzilə olan ehtiyacı
ön plana çəkildiyindən, həm də
sifarişçilərin və podratçıların maddi
marağı arxitektura prinsiplərinin kölgədə
qoyduğundan, şəhər birtipli görünən
göydələn yaşayış binalarının toplumuna
çevrildi.
Əlbəttə,
belə nöqsanlar öz təsirini göstərsə də,
Bakı bütövlükdə son onilliklərdə xeyli
böyüdü, abadlaşdı və müasir libasa
büründü. Şəhərə gələn turistlər
onun heyrətə səbəb olan tikililərini
dünyanın məşhur şəhərlərinin yadda
qalan inciləri ilə müqayisə edirlər.
Böyüyən
və inkişaf edən Bakı problemlərlə də
üzləşməli oldu. Şəhərdə vaxtilə
faytonların hərəkəti üçün dar
küçələr salındığından, avtomobillərin
artımı və hərəkətin intensivliyi çox sayda
tıxaclar yaranmasına səbəb oldu. Bir vaxtlar tikilən
estakadalar müəyyən fayda versələr də,
bütövlükdə problemin həllini mümkün edə
bilmədi.
Bakı
son vaxtlar yalnız inkişafdan yaranan nöqsanlarla mübarizə
aparmalı olmuşdur. Sürətli inkişafın
qarşısını almaq isə qətiyyən
düzgün olmazdı, ona ancaq sevinmək lazımdır.
Bakı 2020-ci ildə düşmən üzərində
böyük qələbəni hasil edən və Zəfər
bayramını təntənə ilə qeyd edən ölkənin
və xalqın sevimli paytaxtdır. Şəhərin
böyüməsi, abadlaşması, gözəlləşməsi,
həyat üçün vacib olan yeniliklərə imza
atması hər bir azərbaycanlının qürur mənbəyi
olduğu kimi, dostlarımızı da sevindirir. Bakının
bu günü onun xoşbəxt
mövcudluğundan və gələcəkdə daha geniş
üfüqlərə çatacağından xəbər
verir. Gələcək nəsillər, heç şübhəsiz,
bu illər həmin mühüm dəyişiklikləri həyata
keçirənləri minnətdarlıq hissləri ilə yad
edəcəklər. Paytaxtımız son illərdə
çox gözəlləşmişdir, ölkəmizin gur
iqtisadi inkişafı bu prosesin davam edəcəyinə
möhkəm əminlik yaradır. Bakı mövcud sakinlər
üçün olduğu kimi, gələcək nəsillərdən
ötəri də, heç şübhəsiz, real qürur və
iftixar mənbəyi olaraq qalacaqdır. Çünki
paytaxımız, heç bir mübaliğəyə yol vermədən,
xalqımızın əvəzsiz sərvətidir.
Son
Telman
ORUCOV
11.08.2025-ci il
525-ci qəzet .- 2025.- 25 oktyabr (¹195).- S.22.